Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-200/2021 16.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə Sumqayıt şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 934,88 ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinə 744,19 ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 137,67 ABŞ dolları borcun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 1027,33 ABŞ dolları cərimə borcunun, cəmi 2844,07 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2015-ci il tarixli, İKM 01 saylı kredit müqaviləsinə əsasən İddiaçı ASC-nin Sumqayıt filialı Cavabdeh1 24 ay müddətinə, illik 30 faiz olmaqla, 1888 ABŞ dolları məbləğində kredit vermişdir. Bankla Cavabdeh2 arasında bağlanmış eyni tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1 bank qarşısında öhdəliklərinin icra edilməməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. Lakin Cavabdeh1 kredit öhdəliklərini vaxtında və lazımi qaydada yerinə yetirməmiş və onun kredit müqaviləsi üzrə iddia ərizəsində qeyd edilən məbləğdə borcu yaranmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirdi ki, kredit müqaviləsi onun tərəfindən imzalanmamışdır. Onun imzası saxtalaşdırılıb. Həmin hal ekspert rəyində də öz əksini tapıb. Qeyd olunanlara əsasən cavabdeh iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Sonuncu məhkəmə baxış iclasının yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq Cavabdeh2 məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Cavabdeh1 xx.xx.1989-cu ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Digər Cavabdeh2 isə xx.xx.1987-ci ildə anadan olmuş, hazırda Sumqayıt şəhəri, Nizami küçəsi 19C, məhəllə 6 ünvanında qeydiyyatdadır. İddia ərizəsinə əlavə edilmiş İddiaçı ASC-nin Sumqayıt filialı ilə Cavabdeh1 arasında bağlanmış İKM 01 saylı, xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsində iddiaçı tərəfindən cavabdehə 24 ay müddətinə, illik 30 faizlə 1888 ABŞ dolları kredit verildiyi göstərilmişdir. Həmin tarixli məxaric orderi bunu təsdiq edir. İddiaçı ASC-nin Sumqayıt filialı ilə Cavabdeh2 arasında bağlanmış eyni tarixli zaminlik müqaviləsinə əsasən Cavabdeh2 Cavabdeh1 bank qarşısında öhdəliklərinin icra edilməməsinə görə məsuliyyəti öz üzərinə götürmüşdür. İşdə olan ödəniş cədvəlindən görünür ki, İKM 01 saylı, xx xxxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka hər ay 105,56 ABŞ dolları, sonuncu ay isə 105,67 ABŞ dolları ödənilməli idi. xx xxxx 2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh1 kredit müqaviləsi üzrə banka olan borcu əsas borc üzrə 934,88 ABŞ dolları, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinə 744,19 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 137,67 ABŞ dolları borc, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 1027,33 ABŞ dolları cərimə borcu olmaqla cəmi 2844,07 ABŞ dolları təşkil edir. Cavabdehlərə borcun qaytarılması ilə bağlı xəbərdarlıq məktubları göndərilmişdir. İşdə olan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərardadı ilə lisenziyası ləğv edilmiş İddiaçı ASC-yə ləğvedici qismində Əmanətlərin Sığortalanması Fondu təyin edilmişdir. Cavabdeh1 tərəfindən iş materiallarında olan kredit və zaminlik müqavilələrində olan imzaların ona məxsus olması mübahisələndirildiyindən hazırkı işə tam və obyektiv baxılması üçün iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, mülki işin 5 və 6-cı səhifələrində olan xx xxxxx 2015-ci il tarixli, İKM 01 saylı istehlak kredit müqaviləsinin 1-ci üz və arxa tərəflərində “Borcalan”, 2ci vərəqində 7.2 “Borcalan” hissəsində “imza Cavabdeh1Ə” qrafalarındakı imzalar- Cavabdeh1 tərəfindən deyil, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsində (bundan sonra – Mülki Məcəllə) göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (386.1.). Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır (389.1.). Müqavilələrə iki və çoxtərəfli əqdlərə dair qaydalar tətbiq edilir (389.2.). İşdən göründüyü kimi Cavabdeh1 kredit müqaviləsində və iş üzrə digər sənədlərdə olan imzanın ona məxsus olmasını mübahisələndirmişdir. Bu səbəbdən iş üzrə məhkəmə xətşünaslıq ekspertizası təyin edilmişdir. Ekspert rəyində isə kredit müqaviləsi və digər sənədlərdəki imzanın cavabdeh tərəfindən icra edilmədiyi müəyyən edilmişdir. MPM-də göstərilmişdir ki, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1.). Ekspert rəyində aparılmış tədqiqatların müfəssəl təsviri, onlara əsasən çıxarılmış nəticələr və məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavablar verilməlidir. Əgər ekspert ekspertiza apararkən iş üçün əhəmiyyəti olan, haqqında sual qoyulmayan halları müəyyən edirsə, o, bu hallar barədə mülahizələrini öz rəyinə daxil etməyə haqlıdır (101.6.). Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir (101.7.). Məhkəmə hesab edir ki, ekspert rəyində kredit müqaviləsindəki imzanın Cavabdeh1 məxsus olmadığı müəyyən edildiyindən və bunun əksini təsdiq edən hər hansı sübut işdə mövcud olmadığından ekspert rəyi mötəbər sübut kimi qəbul edilməlidir. Yəni kredit müqaviləsi və iddianın əsaslandığı digər sənədlərdəki imza Cavabdeh1 məxsus olmadığı üçün iddiaçı həmin kredit müqaviləsi üzrə cavabdehə qarşı hər hansı tələb irəli sürə bilməz. Zaminliklə bağlı qeyd edilməlidir ki, Mülki Məcəlləyə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (470.1.). Zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər (470.2.). Məhkəmə hesab edir ki, hazırkı halda zaminliklə icrası təmin edilmiş əsas öhdəlik mövcud olmadığı üçün iddiaçının zaminlik müqaviləsinə əsasən də hər hansı tələb hüququ yarana bilməz. Bu səbəbdən iddia zaminə aid hissədə də təmin edilə bilməz. MPM-ə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (119.1.). İddia təmin edilmədiyi üçün 100 manat ekspert xərci də iddiaçıya aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərdən müştərək qaydada 934,88 ABŞ dolları əsas borcun, 744,19 ABŞ dolları faiz borcunun, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 137,67 ABŞ dolları borcun, müqavilə üzrə borcun gecikdirildiyinə görə hesablanmış 1027,33 ABŞ dolları cərimə borcunun, cəmi 2844,07 ABŞ dolları borcun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulması barədə iddiası təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-200/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-200/2021
16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver