Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2001/2023 20.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X2, Cavabdeh Dəryaqulu qızının nümayəndəsi və vəkili X3 iştirakları ilə İddiaçı Cavabdeh Dəryaqulu qızına qarşı "pul tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh Dəryaqulu qızına qarşı "pul tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh Dəryaqulu qızı 2020-ci ilin oktyabr ayından 2021-ci ilin avqust ayınadək olan müddət ərzində tezliklə qaytarmaq şərti ilə iddiaçıdan hissə-hissə 14.000 (on dörd min) manat məbləğində borca pul almış, 3.000 (üç min) manat qaytarmış, 11.000 (on bir min) manatı isə bu günə kimi qaytarmamışdır. Belə ki, Cavabdeh iddiaçının qonşusudur və onlar həmişə yaxşı münasibətdə olmuşlar. 2020-ci ilin oktyabr ayında Cavabdeh iddiaçıya müraciət edərək hərbi qulluqçu olan oğlu Şahini müharibəyə aparmasınlar deyə onu saxlatdırmaq məqsədi ilə 10.000 (on min) manat məbləğində pul lazım olduğunu bildirmiş və xahiş etmişdir ki, ona kömək etsin. İddiaçı Cavabdeh kömək etmək məqsədi ilə Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev-29/27, mənzil-24 ünvanında yaşayan iş yoldaşı X1 4.000 (dörd min) manat, qonşusu - Sumqayıt şəhəri, 6-cı mikrorayon, ev-29, mənzil-69 ünvanında yaşayan Şahid2 isə 4.200 (dörd min iki yüz) manat məbləğində borca pul alıb cavabdehə vermişdir. Beləliklə, 2020-ci ilin oktyabr ayından 2021-ci ilin avqust ayınadək cavabdehə hissə-hissə 14.000 (on dörd min) manat məbləğində borca pul vermişdir. Cavabdeh ona verilən pulları qaytara bilmədiyinə görə, təklif etmişlər ki, lotereya oyununa qoşulsun və pulları hissə-hissə qaytarsın. Bundan sonra, Cavabdeh lotereya oyununa qoşulmuş və iddiaçıya cəmi 3.000 (üç min) manat pul qaytarmışdır. 11.000 manatı isə bugünə kimi qaytarmamışdır. İddiaçı faktla bağlı tədbir görülməsi üçün Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş, iddiaçının və Cavabdeh izahatları alınmış və xx.xx.2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarda Cavabdeh lotereya oyununa cəlb edilməsi və iddiaçıya 3.000 (üç min) manat pul verməsi barədə göstərilmiş, lakin iddiaçıdan 14.000 (on dörd min) manat məbləğində pul alması və 3.000 (üç min) manat pulu iddiaçıya nəyə görə verməsi barədə heç nə göstərilməmiş və araşdırılmamışdır. Göstərilənlərə əsasən Cavabdeh Dəryaqulu qızından 11.000 (on bir min) manat məbləğində pul və 124.00 (yüz iyirmi dörd) manat məbləğində ödənilmiş dövlət rüsumunun, ümumilikdə 11.124.00 (on bir min yüz iyirmi dörd) manat məbləğində pul vəsaitinin alınıb iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, Cavabdeh Dəryaqulu qızı onun qonşusudur. Onların çox yaxşı münasibətləri olmuşdur. Cavabdeh dəfələrlə ondan borca pul almış və vaxtında qaytarmamışdır. Son aldığı borcu isə qaytarmamışdır. Bununla əlaqədar hüquq-mühafizə orqanlarına müraciət edilmiş, iş düzgün araşdırılmamışdır. Sonra cavabdehlə aralarında telefon danışığı olmuş, orada cavabdeh özü borcu olduğunu qəbul edir. Cavabdehin şəxsən məhkəmə iclasında iştirak etməsi zəruridir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X5 iddia tələbini müdafiə edərək, bildirmişdir ki, hazırda tələbin əsaslı olmasını təsdiq edən sübut iş materiallarına əlavə edilmiş CD diskdir ki, orada cavabdeh borcu olduğunu etiraf edir.
5. Məhkəmə iclasında Cavabdeh Dəryaqulu qızının nümayəndəsi və vəkili X6 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddia tələbi tamamilə əsassızdır. Cavabdehin iddiaçıya heç bir borcu yoxdur. Onlar lotereya oynayıblar. Səs yazısındakı borc söhbəti lotereya ilə bağlı olmuşdur.
6. Məhkəmə tərəflərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində göstərmişdir ki, iddiaçı iş yoldaşıdır. Cavabdeh də iddiaçının qonşusudur və onların hər ikisini yaxından tanıyır. Minurə xanım ondan və digər şəxsdən pul alaraq cavabdehə vermişdir. Cavabdehin borclu olduğu məbləğdən 6000 manatını o vermişdir. Pulu borc şəklində vermişlər, ondan faiz tələb etməmişlər, həmçinin hər hansı bir müddət də təyin etməmişlər, imkanı olduqda hissə-hissə qaytara biləcəyini bildirmişlər. Lakin cavabdeh pulu ödəməkdən imtina edir. Pul yanında verilməyib, lakin Gülnarə xanım onun yanında Minurə xanıma pul verməli olduğunu etiraf etmişdir. Minurə xanımla birlikdə Gülnarə xanımın evinə getmişlər. Gülnarə xanım borcu tezliklə qaytaracağını bildirmişdir.
8. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində göstərmişdir ki, Minurə xanım qonşusudur. O, Minurə xanıma 4200 manat pul vermişdir. Pulu onunla yaxın olduqları üçün vermiş, onun həmin pulu Gülnarə xanıma verməsi barədə sonradan məlumatlı olmuşdur. O, pulu kömək məqsədilə vermişdir, heç bir faiz almamışdır. Pulu ona 2021-ci ilin yay aylarında vermiş, pulu alarkən ilk əvvəl özünə lazım olduğunu bildirdi, sonradan isə Gülnarə xanıma verdiyini bildirdi. Minurə xanımdan pulu istədikdə o, həmin pulu Gülnarə xanıma verdiyini bildirdi və onu Gülnarə xanımın evinə aparmışdır. Gülnarə xanım onun yanında Minurə xanıma pul verməli olduğunu etiraf etmişdir.
9. İş materiallarında olan Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsinin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən rədd edilməsi, İddiaçı maddi ziyanla əlaqədar mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi qərara alınmışdır.
10. Həmin qərardan görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə Sumqayıt ŞPİ-nə müraciət edərək, 2020-ci il tarixdə Gülnarə adlı qadına oğlu Şahinin müharibəyə aparılmaması üçün 14000 manat pul verdiyini, sonradan Gülnarənin onun pulunu verməyərək, ona qarşı dələduzluq etdiyini bildirirərək, Gülnarə adlı şəxsin cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir.
11. Həmin qərara əsasən Cavabdeh Dəryaqulu qızı izahatında bildirmişdir ki, Minurə onun qonşusudur. 2021-ci il tarixdə o, Minurə və qonşularla birlikdə 100 manatdan olmaqla, 20 nəfərə lotereya oynamışlar. Minurə orada onu 3 yerə salmışdır. O, ümumilikdə lotereyadan 3000 manat pul almışdır. O, lotereyanı oynayan zaman vaxtı-vaxtında yerinin pulunu ödəmişdir. X4 onun doğma oğludur. O, təxminən 10 ildən artıqdır ki, Müdafiə Nazirliyində mühafizədə işləyirmiş. O, oğluna görə Minurədən hər hansı məbləğdə pul almamışdır. Onun dedikləri yalan və böhtanmış, 2020-ci ildə Qarabağ müharibəsində onun oğlu işlədiyi yerdə olmuş və cəbhə zonasına aparılmamışdır. O, oğlunun cəbhə zonasına aparılmasına görə Minurədən pul alıb onu saxlatdırmamışdır. O, lotereya oynayan ərəfədə Minurəyə 3000 manat pul vermişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
12. Beləliklə də məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında borc pulun verilməsinə dair münasibətlər olmuşdur. Cavabdeh tərəfindən iddiaçıdan götürdüyü borc pulun qaytarılmaması səbəbindən iddiaçı hüquq-mühafizə orqanlarına müraciət etmiş, onun şikayəti əsasında Sumqayıt şəhər Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılmış, tərəflərin izahatı alınmış, mübahisə mülki xarakterli olduğundan toplanmış materialı cinayət işinin başlanması rədd edilmişdir.
13. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçıya yalnız 10000 manat məbləğində pulun qaytarılacağı etiraf olunmuşdur.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
14. Məhkəmə iddianın hüquqi əsaslılığı ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci maddəsinə görə əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
15. Həmin Məcəllənin 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
16. Qeyd olunan Məcəllənin 331.1-ci maddəsinə əsasən yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsində göstərilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
18. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
19. Eyni Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
20. Qeyd olunan Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
21. Məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş sübutları – cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərara, səs yazısı olan CD diskə və şahid ifadələrinə hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, cavabdehdən iddiaçının xeyrinə yalnız 10.000 manat məbləğində pul tutulmalıdır.
22. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə üçün) öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30).
23. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.
24. Məhkəmə qeyd edir ki, işin hərtərəfli tədqiqi dedikdə, baxılan iş üzrə mövcud olan bütün məsələlərin, onlar daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərin hər birinin həm xeyrinə, həm də mənafeyinin ziddinə olan halların müəyyən edilməsi ilə araşdırılması başa düşülməlidir. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan bütün materialların və faktların tədqiqi ilə təmin olunur. İşin obyekti və qanuni həlli üçün əhəmiyyət kəsb edən digər halların araşdırılması da əhatə olunmalıdır.
25. Qanunvericilik sübutetmə vəzifəsini tərəflərin üzərinə qoyduğu kimi, eyni zamanda tərəflərin tələb və etirazlarının əsası kimi istinad etdiyi halların sübut etmə vəzifəsini də onların üzərinə qoymuşdur. Bununla yanaşı məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.
26. Azərbaycan Respublikası MPM-nin 76.1-ci madəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir(maddə 76.2). Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir (maddə 76.3).
27. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
28. Avropa Məhkəməsinin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.
29. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
30. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2021-ci il tarixli qərarında göstərmişdir ki, «Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz».
31. Məhkəmə Konsitusiya Məhkəməsinin mövqeyini rəhbər tutaraq, hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş səs yazısı sübut qismində dəyərləndirilə bilər.
32. Məhkəmə tərəfindən tərəflərin səs yazısı olan CD diski dinlənilmiş, qeyd edilən diski dinləmə zamanı və həmin səs yazısı (02:56-03:10) ilə müəyyən edilmişdir ki, iddiaçı cavabdehə ödənilməmiş 10.000 manat borcun qaldığını, cavabdeh isə həmin borcu qaytaracağını bildirir.
33. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə təqdim edilmiş səs yazısı şəxsi həyatın toxunulmazlığına, o cümlədən şəxsi və ailə həyatının sirrinə, habelə onun şərəf və ləyaqətinə dair məlumatlarla bağlı deyildir və həmin səs yazısı tərəflər arasında olan borc münasibətləri ilə bağlı olduğundan, sübut növü kimi qəbul edilir. Məhkəmə həmin səs yazısının tərəflərə məxsusluğunu müəyyənləşdirmək üçün tərəflərin məhkəmə iclasında iştirakının təmin edilməsi üçün işi təxirə alsa da, Cavabdeh Dəryaqulu qızı məhkəmə iclasına gəlməmişdir. Digər tərəfdən, həmin səs yazısının tərəflərə aid olması şübhə doğurmamışdır.
34. Həmçinin, məhkəmə qeyd edir ki, hər bir şahidin ifadəsinin kökündə özünün gördüyü canlı hadisənin təsviri və bildiyi, eşitdiyi hallarla bağlı məqamlar dayanır. Həmçinin onlar cavabdehlə iddiaçı arasında olan pul verilib-alınması ilə bağlı bildiklərini, eşitdiklərini aydın və müfəssəl təsvir etmiş, hər birinin verdiyi ifadə bir-biri ilə uzlaşmış və hadisələr məntiqi ardıcıllıqla əks etdirilmişdir. Eyni zamanda şahidlər pulun verilməsi anını bilavasitə görməsələr də, iddiaçının onlardan pulu alaraq cavabdehə verilməsini, borcun qaytarılması ilə bağlı cavabdehin evində olduqlarını, cavabdehin iddiaçıya olan borcu qaytaracağına dair bildiklərini təsdiq etmişlər. Göstərilən hallar şahid ifadələrinin mötəbər olmasına dəlalət edir.
35. Həmçinin, Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsinin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarından da görünür ki, Cavabdeh Dəryaqulu qızı lotereya oynayan ərəfədə Minurəyə 3000 manat pul verdiyini bildirmişdir. Həmin izahat, yəni Cavabdeh Dəryaqulu qızının İddiaçı 3000 manat pul qaytarması tərəflər arasında borc münasibətlərinin mövcudluğunu bir daha təsdiq edir.
36. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia borcun tutulması hissəsində qismən, yəni cavabdehin etiraf etdiyi həcmdə təmin edilməli, cavabdehdən 10.000 (on min) manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir.
37. İddianın qalan hissəsi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin hissədə iddiaçı tələbini sübuta yetirə bilməmiş, cavabdehin ona 1000 manat məbləğində borcunun olmasını təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.
38. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-nin 89.3-cü maddəsi).
39. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
40. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh Dəryaqulu qızından 10.000 (on min) manat məbləğində pul, habelə 124 (bir yüz iyirmi dörd) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
42. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
43. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
44. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Nəticə hissəsi:
45. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh Dəryaqulu qızından 10.000 (on min) manat məbləğində pul, habelə 124 (bir yüz iyirmi dörd) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Şəbnəm Həxiyeva