Məhkəmə qərarları › İş №2(060)-2005/2022

Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-2005/2022

04.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2005/2022 04.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1000 manat məbləğində pulun və ödədiyi 30 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Sumqayıt şəhərində "xxxx" MMC adlanan müəssisədə mühafizəçi işləyir. 2014-cü ildə iş yoldaşı olan Cavabdeh Tağı oğlu ona bildirdi ki, övladı ağır xəstədir və ona pul lazımdır, təklif etdi ki, bankdan öz adına kredı götürüb ona versin, krediti isə özü ödəyəcəkdir. O, buna etiraz etmiş, Cavabdeh isə təkidlə yalvararaq ona kömək etməyini, hətta onu inandırmaq üçün maaş kartını da ona verəcyini bildirmişdir. O da bir iş yoldaşı, bir insan kimi onun övladının xəstə olmasını düşünərək onun halına acımış və 15 sentyabr 2014-cü ildə «Turan» Bankın Yasamal flialında 1000 (min manat) manat kredit götürüb Cavabdeh vermişdir. Bundan iki ay keçəndən sonra ona Turanbankdan zəng etmişdilər ki, kredit ödənişi yoxdur və o, dərhal Cavabdeh zəng vurmuş, bildirmişdir ki, bankdan ona pulu ödəməyinə görə narahat edirlər. Cavabdeh isə ona söz vermişdir ki, narahat olmasın ödəyəcək. Cavabdeh kredit pulundan cəmi 170 manat ödəmişdir və sonradan pulu ödəməkdən imtina etmişdir. Ona görə də məcburiyyət qarşısında qalaraq Cavabdeh əvəzinə 1000 manat pulu banka ödədmişdir. Pulu ödəyəndən sonra dəfələrlə Cavabdeh onun əvəzinə ödədyi 1000 manat pulu istəsə də Elxan müxtələif bəhanələrlə onun əvəzinə ödədiyi pulu qaytarmaqdan imtina etmişdir. Sonradan məlum olmuşdur ki, Cavabdeh digər iş yoldaşı X1 da eyni bəhanə ilə bankdan kredit götürdərək krediti özünün ödəyəcəyinə inandıraraq pulu almış, lakin nə pul ödəmiş, nə də pulunu qaytarmamışdır. Buna görə də iş yoldaşı Z.Tağıyev onu məhkəməyə vermiş və Sumqayıt şəhər məhkəməsinin qətnaməsi ilə həmin pulun Cavabdeh alınaraq Zaur Tağıyevə ödənilməsi barədə qətnamə çıxarılmışdır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. İddiaçı məhkəməyə ərizə təqdim edərək, işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Sumqayt Şəhər Məhkəməsinin 2(006)-2005/2022 saylı 04 may 2022-ci il tarixli qərardadı ilə mülki işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək oxşar məzmunlu izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilən Vahid Bayramov öz ifadəsində bildirdi ki, iddiaçı ilə iş yoldaşıdırlar. 2007-2008-ci illərdən birlikdə Azərenerjidə mühafizə dəstəsində mühafizəçi işləmişlər. Cavabdeh da onlarla birlikdə işləyib. Elxan orada işləyərkən ondan, o cümlədən başqa da bir neçə nəfər iş yodaşlarında da borc almışdır. 4-5 il əvvəl Elxan ona olan borcunu qaytaranda ona Vidadiyə də borcunun olduğunu demişdir və ona Vidadiyə verməsi üçün 20 manat pul vermişdir. Elxanın bildirdiklərindən ona məlum olmuşdur ki, Vidadiyə təxminən 1000 manata qədər borcu var, Vidadi kredit götürüb ona borc verib. Məhkəmə iclasında şahid qismində dindirilən Əhməd Məcidov öz ifadəsində bildirdi ki, həm iddiaçı, həm də cavabdeh iş yoldaşı olub. Bir müddət əvvəl birlikdə işləmişlər. 2013-2020-ci illərdə o, Azenerji ASC-nin hərbiləşdirilmiş mühafizə dəstəsində işləmişdir. Elxan onların bir-birlərindən xəbəri olmadan bir neçə iş yoldaşından borc pul alıb. Sonradan onlara bu barədə məlum olmuş, həmin vaxt Vidadidən eşitmişdir ki, 1000 manat kredit götürüb Elxana borc verib. Bir müddət sonra Elxanın özü də bildirimişdir ki, borc alıb və hamının borcunu qaytaracaqdır. Məhkəmə iclasında şahid qismində dindirilən Zaur Tağıyev öz ifadəsində bildirdi ki, iddiaçı və cavabdehlə birlikdə Azenerji ASC-nin hərbiləşdirilmiş mühafizə dəstəsində işləmişlər. Cavabdeh həm ondan, həm də digər iş yoldaşlarından borc götürmüş, aldığı borcları vaxtı vaxtında onlara qaytarmamışdır. Təxminən 2012-2013-cü illərdə cavabdeh ondan, o cümlədən Vidadi də daxil olmaqla 5 nəfərdən borc pul almışdır. Vidadi bankdan 1000 manat kredit götürüb Elxana vermiş, sonuncu ödənişləri ödəmədiyi üçün məcbur olub özü pulu ödəmişdir. Qeyd etmək istəyir ki, təxminən üç il əvvəl o, Elxan və Vahid çayxanada əyləşərkən Elxan ona və Vahidə borcun əvəzi olaraq hər birinə 50 manat pul vermiş, 20 manatı isə Vahidə Vidadiyə çatdırması üçün vermişdir. Məhkəmə iddiaçının izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Beləliklə, məhkəmədə müəyyən olundu ki, tərəflər arasında borc müqaviləsi bağlanmasa da borc münasibətlərindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Göründüyü kimi tərəflər arasında mübahisə doğuran hal götürülmüş borcun qaytarılması ilə bağlıdır. Belə ki, iddiaçı cavabdehə 1000 manat borc pul vermiş, həmin borcu cavabdeh hazırkı vaxtadək qaytarmamışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 740, 385, 442, 448-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 1000 manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat İddiaçı xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 241, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1000 (bir min) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat İddiaçı xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Sumqayıt Şəhər Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar