Məhkəmə qərarları › İş №2(060)-2006/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2006/2022

14.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2006/2022 14.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil, Cavabdeh və etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər məhkəməsinin 2(060)-960/2018 saylı 31 yanvar 2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarını dəyişərək, Cavabdeh hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutulub, birgə nikahlarından olan 21.08.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün ona verilməsi barədə qətnamə çıxarılmasını, həmçinin mediasiya üçün ödədiyi 50 manat dövlət rüsumunun da cavabdehə aid edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X7 11.03.2016-cı ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından bir övladı var: 21.08.2017-ci il təvəllüdlü X9. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-960/2018 saylı 31 yanvar 2018-ci il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikahın pozulması, birgə nikahlarından olan 21.08.2017-ci il təvəllüdlü X5 onun yanında qalmasının müəyyən olunması və həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabehdən hər ay 136 manat sabit pul məbləğində aliment tutulub ona verilməsi qət edilmişdir. Həmçinin uşaq üç yaşına çatana kimi hər ay 70 manat məbləğində alimentin tutulub ona verilməsi qərara alınmışdır. Qeyd edir ki, o, 136 manat məbləğində alimentlə oğlunu saxlamaqda çətinlik çəkir. Cavabdeh isə ona əlavə olaraq heç bir köməklik etmir. Uşağın böyüməsi ilə əlaqədar olaraq onun təlabatları da günü-gündən artır. Hesab edir ki, uşağın mənafeyi, onun normal, yəni qida rasionlarına uyğun şəkildə qidalanması, fiziki cəhətdən inkişafı, həmçinin 2022-ci il respublikamızda uşaqlar üçün yaşayış minimumunun 193 manat olması məhkəmə tərəfindən nəzərə alınmalıdır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, Sumqayıt şəhər məhkəməsinin 2(060)- 960/2018 saylı 31 yanvar 2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilməli və cavabdehdən hər ay 193 (yüz doxsan üç) manat sabit pul məbləğində aliment tutulub, birgə nikahlarından olan 21.08.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün ona verilməlidir. Həmçinin qeyd edir ki, birgə nikahlarından olan 21.08.2017-ci il təvəllüdlü X9 üç yaşına çatdığından 70 manat məbləğində alimentin verilməsi dayandırılmışdır. İddiaçı qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirdi ki, cavabdeh tərəfindən 2018-ci ildə müəyyən edilmiş aliment, yəni 206 manat həmişə vaxtında ödənilmişdir. Həmin məbləği ödəyə bilmədiyi halda cavabdeh şikayət verə bilərdi. Aliment və onun məbləği ilə bağlı cavabdeh heç vaxt şikayət etməmişdir. Sumqayıt şəhər Məhkəməsinin 2018-ci il tarixli qətnaməsi həmin il üçün uşaqlara görə ölkə üzrə müəyyən edilmiş yaşayış minimumu məbləği əsasında çıxarılmışdır. Hesab edir ki, müəyyən edilmiş 136 manat məbləğində aliment ilə uşağın maddi tələbatlarını ödəmək mümkün deyil, həmin pulla ancaq uşağın yemək tələbatını ödəmək olar. Tərəflərin birgə nikahından bir uşağı var. Ona görə də hesab edir ki, bir uşağın saxlanması üçün 193 manat məbləğində aliment müəyyən edilməsi normaldır. Bundan əlavə cavabdehin 3 il ərzində 206 manat alimenti ödəməsi onun maddi imkanının normal olduğunu və 193 manat məbləğində alimenti də ödəyə biləcəyini göstərir. Nümayəndə qeyd etdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, onun əmək haqqı aşağıdır, cəmi 330 manat maaş alır. Sumqayıt şəhər məhkəməsinin 2(060)-960/2018 saylı 31 yanvar 2018-ci il tarixli qətnaməsi qəbul edilən vaxt da o eyni yerdə işləyirdi və eyni məbləğdə əmək haqqı alırdı. Onun maddi vəziyyətində heç bir dəyişiklik, heç bir artım yoxdur. Aldığı əmək haqqı ilə tələb edilən məbləğdə aliment ödəmək onun üçün çox çətindir. Belə ki, əmək haqqı ilə o, özü də yaşamalıdır. Bundan başqa qanuna görə bir uşağın saxlanılması üçün əmək haqqının ¼ hissəsi məbləğində aliment müəyyən edilməlidir. Bu məbləğ təxminən 82-83 manat edir. O isə 136 manat aliment ödəyir. Əvvəllər uşağın 3 yaşı tamam olanadək ödəməli olduğu 206 manat alimenti isə anasının pensiyası hesabına, çox çətinliklə ödəmişdir. Cavabdeh qeyd etdiklərinə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək bildirdi ki, iddiaçı 2018-ci ilin yanvarında oğlunun xəbəri olmadan ondan boşanmışdır. Onun təqaüdü hesabına həmişə alimenti ödəmişdirlər. İddiaçı hər dəfə oğlunu həbslə hədələmişdir. Hazırda tələb olunan məbləğdə aliment ödəməyə onların maddi imkanları yoxdur. Cavabdehin nümayəndəsi qeyd etdiklərinin nəzərə alınmasını və qanunla müəyyən edilmiş məbləğdə aliment müəyyən edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur. İş materiallarında olan AZ İ-292121 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ilə Cavabdeh arasında olan nikah ləvğ edilmiş və bu bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 13.04.2018-ci ildə 136 nömrə ilə qeyd edilmişdir. Tərəflərin birgə nikahından 21.08.2017-ci il təvəllüdlü X9 adlı bir övladları doğulmuşdur. (İş materiallarına əlavə olunmuş AZ-İİİ 998444 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 31.01.2018-ci il tarixli, 2(060)- 960/2018 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə X1 Cavabdeh qarşı nikahın pozulması, aliment və maddi yardım tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh və İddiaçı arasında 11.03.2016-ci ildə 5 saylı Bakı “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində bağlanılmış nikahın pozulması, 21.08.2017-ci il tarixdə doğulmuş X5 X2 yanında qalması, Cavabdeh hər ay 136 (yüz otuz altı) manat sabit pul məbləğində alimentin 14.12.2017-ci il tarixdən başlayaraq tutulub 21.08.2017-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X3 verilməsi, Cavabdeh hər ay 70 (yetmiş) manat miqdarında alimentin 14.12.2017-ci il tarixdən başlayaraq 21.08.2020-ci il tarixədək tutulub X3 verilməsi qət edilmişdir. İşdə olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 29.12.2021-ci il tarixli arayışdan görünür ki, ilkin məcburi mediasiya sessiyası üçün 50 (əlli) manat məbləğində mediasiya xərci İddiaçı qızı tərəfindən ödənilmişdir. İş materiallarında olan "xxxx" QSC İnfrastruktur Departamenti Yol Xidmətinin 15.03.2022-ci il tarixli, 154362 nömrəli arayışından görünür ki, Cavabdeh 02.04.2019-cu il tarixdən 03.06.2021-ci il tarixdək "xxxx" QSC İnfrastruktur Departamentinin 4 nömrəli Bakı Yol Sahəsinin 8 nömrəli Suraxanı məntəqəsində keçid növbətçisi, 04.06.2021-ci il tarixdən hal-hazıradək Yol Xidmətinin 4 nömrəli Bakı Yol Sahəsinin 8 nömrəli Suraxanı məntəqəsində keçid növbətçisi vəzifəsində çalışır və onun əmək haqqı 330 manat təşkil edir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 02.11.2020-ci il tarixli, 2(060)- 5820/2020 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 02.10.2020-ci il tarixli, 2(060)- 1853/2020 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə Cavabdeh İddiaçı qarşı uşaqla görüş günlərinin müəyyən edilməsi tələbinə dair iddiası qismən təmin edilmiş, 21.08.2017-ci ildə doğulmuş X5 atası Cavabdeh ilə hər həftənin bazar günü saat 14.00dan 17.00-dək görüş vaxtının müəyyən edilməsi qərara alınmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. - 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında göstərilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 31.01.2018-ci il tarixli, 2(060)- 960/2018 saylı qətnaməsi qəbul olunduğu vaxt tərəflərin birgə nikahından olan uşaq körpə olmuşdur. Hazırda isə onun 4 yaşı var. Bu isə uşağın saxlanılması üçün zəruri olan xərclərin artmasına səbəb olmuşdur. Həmçinin həmin qətnamə ilə alimentin miqdarı müəyyən edildikdən sonra, yaşayış minimumu haqqında qanunvericiliyin tələbləri dəyişmiş və uşaqların saxlanılması üçün tələb olunan məbləğ artmışdır. Lakin məhkəmə cavabdehin maddi vəziyyətini, uşağı saxlamağın hər iki valideynin vəzifəsi olduğunu, cavabdehin əmək haqqında hər hansı artım olmadığını nəzərə alaraq hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 31.01.2018-ci il tarixli, 2(060)-960/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləği dəyişdirilərək, 150 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddiaçının nümayəndəsinin iddia tələbinin əsası kimi istinad etdiyi cavabdehin əvvəllər 206 manat aliment ödəyə bilməsi barədə dəlili ilə razılaşmır. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin 31.01.2018-ci il tarixli, 2(060)-960/2018 saylı qətnaməsi ilə 21.08.2017-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 136 manat aliment müəyyən edilmiş, qalan 70 manat isə işləmək imkanının olmaması ilə əlaqədar ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində keçmiş arvada ödənilən aliment olmuşdur. Bunun üçün ailə qanunvericiliyində (Ailə Məcəlləsi, 85-ci maddə) müəyyən edilmiş əsaslar isə artıq aradan qalxmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarında həmçinin göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iş üzrə alimentin artırılmış məbləğinin tutulmasının əvvəli qətnamə qanuni qüvvəsini aldığı gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırda iddiaçı cavabdehdən alimentin məbləğinin artırılaraq 193 manat olmaqla aliment tutulmasını xahiş etmişdir. Beləliklə iddianın qiyməti ən çoxu 684 ( (193-136) x 12 ay) manatdır. Belə iddiaya görə isə dövlət büdcəsinə 30 manat dövlət rüsumu ödənilməli idi. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə görə aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 29.12.2022-ci il tarixli arayışdan görünür ki, X8 ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. İddia qismən təmin edildiyindən və mübahisə ailə münasibətlərindən irəli gəldiyindən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinin yarısı – 25 manat Cavabdeh tutularaq iddiaçı X6 ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 31.01.2018-ci il tarixli, 2(060)-960/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 21.08.2017-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh hər ay 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh oğlundan 25 (iyirmi beş) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar