Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2009/2022 05.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı xidmət müqavilələrinin ləğv edilməsi və pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, qiyabi icraat qaydasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 31.03.2021-ci il tarixli, 20210408 saylı xidmət müqaviləsi və 27.04.2022-ci il tarixli, 20210427 saylı xidmət müqaviləsinin ləğv edilməsi, 22315.07 manat məbləğində pul, eyni zamanda müqavilə öhdəlikləri vaxtında və lazımı qaydada yerinə yetirilmədiyindən bağlanmış müqavilələrin şərtlərinə əsasən iş üzrə nəzərdə tutulan ümumi məbləğin 1%-nin, yəni 800 manat məbləğində cərimə pulunun, bundan başqa İddiaçı tərəfindən hüquqi yardıma görə ödənilmiş 160 manat pul və dövlət rüsumu olaraq ödədiyi 160 manat pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC-nin direktoru X3 ilə İddiaçı arasında bağlanmış 31.03.2021-ci il tarixli, 20210408 saylı xidmət müqaviləsinə əsasən İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhic bağlarında ümumi sahəsi 198 kv.metr olan, 2 mərtəbəli fərdi yaşayış evinin tikinti və təmir işlərini cavabdeh öz üzərinə götürmüş, texniki çertyojlarla irəli gələn şərtlərlə tamamilə razılaşmışdır. Bundan başqa Cavabdeh MMC-nin direktoru X3 ilə İddiaçı arasında bağlanmış 27.04.2021-ci il tarixli, 20210427 saylı xidmət müqaviləsinə əsasən İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhic bağlarında ümumi sahəsi 5x3 metr ölçüdə olan sadə hovuzun tikinti, təmiri və həyətdə olacaq səkilərin hörülməsi işlərini cavabdeh öz üzərinə götürmüş, texniki çertyojlarla irəli gələn şərtlərlə tamamilə razılaşmışdır. Qeyd edilən müqavilələrə əsasən İddiaçı tərəfindən 31.03.2021-ci il tarixində 15.000 manat, 07.04.2021-ci il tarixində 10.000 manat, 10.04.2021-ci il tarixində 5.000 manat, 21,04.2021-ci il tarixində 5.000 manat, 16.06.2021-ci il tarixində 12.000 manat və 23.07.2021-ci il tarixində 3.000 manat pul MMC-yə ödənilmiş, qeyd edilən ödənişlərə dair müvafiq qəbzlər iddiaçıya verilmişdir. Ümumilikdə İddiaçı tərəfindən MMC-yə müqavilələrə əsasən 50.000 manat pul ödənilmişdir. Qeyd edilən pullar ödənilməsinə baxmayaraq, həmçinin müqavilə şərtlərinə əsasən 31.03.2021-ci il tarixli, 20210408 saylı xidmət müqaviləsinə əsasən İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhic bağlarında ümumi sahəsi 198 kv.metr olan, 2 mərtəbəli fərdi yaşayış evinin tikinti və təmir işlərini MMC tərəfindən 01.10.2021-ci il tarixində, 27.04.2021-ci il tarixli, 20210427 saylı xidmət müqaviləsinə əsasən isə Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhic bağlarında ümumi sahəsi 5x3 metr ölçüdə olan sadə hovuzun tikinti, təmiri və həyətdə olacaq səkilərin hörülməsi işləri isə 27.07.2021-ci il tarixində MMC tərəfindən yekunlaşdırılaraq təhvil verilməli olduğu halda bu günə qədər MMC tərəfindən qeyd edilən müqavilələr üzrə üzərinə götürdüyü öhdəliklər vaxtında və lazımi qaydada yerinə yetirilməmişdir. Cavabdeh MMC-nin direktoru X3 barəsində qanuni tədbir görülməsi üçün Bakı şəhəri Sabunçu RPİ-nə şikayət ərizəsi ilə müraciət edilmiş və müraciət əsasında toplanmış HK-787 saylı material üzrə 26.11.2021-ci il tarixində cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmidir. Həmin qərardan da göründüyü kimi bağlanmış müqavilələrə əsasən MMC-yə ümumilikdə 50.000 manat ödənilməsinə baxmayaraq MMC tərəfindən aparılmış ümumi təmir işlərinin dəyəri 20248.5 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh MMC tərəfindən üzərinə götürdüyü öhdəliklər vaxtında və lazımi qaydada yerinə yetirilməmişdir. Buna görə də İddiaçı tərəfindən dəfələrlə şifahi olaraq müqavilələrin ləğv edilməsi, ödədiyi pulun qalan hissəsini və müqavilə şərtlərinə əsasən ödənilməli olan cərimənin ödənilməsi xahiş edilsə də müqavilələrin ləğvindən və pulun qaytarılmasından imtina edilmişdir, Hətta buna görə məcbur qalıb polisə şikayət etmələrinə baxmayaraq Cavabdeh MMC tərəfindən öhdəlikləri yerinə yetirilməmişdir. Müqavilə ilə nəzərdə tutulmuş öhdəliklər vaxtında və lazımi formada yerinə yetirilmədiyindən nəticədə İddiaçı xeyli zərər vurulmuşdur. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddianı müdafiə etdiyini bildirərək, tələbin təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin işə qiyabi icraat qaydasında baxılmasına etiraz etməməsini nəzərə alaraq işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Pretenziya məktubundan görünür ki, cavabdeh borcun ödənilməsi barədə iddiaçı tərəfindən bildiriş göndərilərək xəbərdar olunmuşdur. - 31.03.2021-ci il tarixli, 20210408 saylı xidmət müqaviləsindən görünür ki, Cavabdeh MMC İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhic bağlarında ümumi sahəsi 198 kv.metr olan, 2 mərtəbəli fərdi yaşayış evinin tikinti və təmir işlərini öz üzərinə götürmüş, texniki çertyojlarla irəli gələn şərtlərlə tamamilə razılaşmışdır. - 31.03.2021-ci il tarixli, 20210408 saylı xidmət müqaviləsinə 01 №-li Əlavə qiymət razılaşma protokolundan görünür ki, göstərilcək xidmətin ümumi dəyəri 67.000 manat təşkil edir. - 27.04.2021-ci il tarixli, 20210427 saylı xidmət müqaviləsindən görünür ki, Cavabdeh MMC İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Ləhic bağlarında ümumi sahəsi 5x3 metr ölçüdə olan sadə hovuzun tikinti, təmiri və həyətdə olacaq səkilərin hörülməsi işlərini öz üzərinə götürmüş, texniki çertyojlarla irəli gələn şərtlərlə tamamilə razılaşmışdır. - 27.04.2021-ci il tarixli, 20210427 saylı xidmət müqaviləsinə 01 №-li Əlavə qiymət razılaşma protokolundan görünür ki, göstərilcək xidmətin ümumi dəyəri 13.000 manat təşkil edir. - 26.11.2021-ci il tarixli Bakı şəhəri, Sabunçu RPİ-nin İŞ-nin müstəntiqi polis mayoru Orxan Qnyazovun qərarından görünür ki, X1 müraciəti əsasında toplanmış material üzrə Emil adlı şəxsin əməlində cinayət tərkibi olmadığından, şikayət mülki xarakterli olduğundan Ağayev Emil barəsində cinayət işinin başlanması rədd edilmişdir. - Məhkəmə tikinti-texniki ekspertizasının 26.11.2021-ci il tarixli, 10/5429 №-li rəyindən görünür ki, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 42-ci dalanda fərdi yaşayış evi üzrə yerinə yetirilmiş tikinti-təmir işlərinin ümumi dəyəri təqribən 20248.5 manat məbləğində müəyyən edilmişdir. -"xxxx" MMC-nin 28.01.2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 42-ci dalan ünvanında yerləşən, İddiaçı məxsus həyətyanı torpaq sahəsində inşa olunmuş fərdi-yaşayış evində (yarımçıq tikilidə) aparılmış tikinti-quraşdırma işlərinin xərcinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 19647.75 manat məbləğində müəyyən olunur. İddiaçı məxsus həyətyanı torpaq sahəsində inşa olunmuş həyət qurğularının tikintisində (yarımçıq) aparılmış tikinti-quraşdırma işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 6632.99 manat məbləğində müəyyən olunur. İddiaçı məxsus həyətyanı torpaq sahəsində inşa olunmuş fərdi-yaşayış evinin (yarımçıq tikilidə) tikinti-quraşdırma işləri üçün alınmış və istifadə olunmayan tikinti materiallarının təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 1404.19 manat məbləğində müəyyən olunur. - 2069 №-li qəbzdən görünür ki, iddiaçı tərəfindən 14 saylı Vəkil Bürosunun hesabına 160 manat pul ödənilmişdir. - Kassa mədaxil qəbzlərindən görünür ki, iddiaçı tərəfindən cavabdehə təmir-tikinti işlərinin aparılması üçün ümumilikdə 50.000 manat pul ödənilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər aralarında bağlanmış müqavilələrə əsasən cavabdeh iddiaçıdan aldığı 50.000 manat pulun müqabilində üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, cəmi 19647.75 manat dəyərində tikinti işləri görülmüş, habelə 1404.19 manat qiymətində istifadə olunmamış müvafiq materiallar alınmışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 752.2-ci əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Bu Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Bu Məcəllənin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Qeyd olunan Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, tərəflər arasında razılaşma olmuş, cavabdeh iddiaçıya ondan aldığı pul müqabilində xidmətlər göstərmək barədə üzərinə öhdəlik götürmüşdür. Cavabdeh tərəfindən 22315.07 manat dəyərində xidmətin göstərilməməsi iş materialları ilə təsdiq olunur. Ona görə də iddia bu hissədə əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İşdən göründüyü kimi cavabdeh xidmət müqavilələri üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və müqavilənin şərtlərini pozmuşdur. Bu səbəbdən iddia bu hissədə də təmin olunmalı, tərəflər arasında bağlanmış 31.03.2021-ci il tarixli, 20210408 saylı və 31.03.2021-ci il tarixli, 20210408 saylı xidmət müqavilələri edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 31.03.2021-ci il tarixli, 20210408 saylı və 31.03.2021-ci il tarixli, 20210408 saylı xidmət müqavilələrinin 4.2-ci bəndinə görə bu müddətdən sonra, gecikdirilmiş hər gün üçün işin ümumi dəyərinin 0.1%-i həcmində cərimə məbləği icraçıdan tutulur. Müqavilələrdən görünür ki, tərəflər müqavilə ilə dəbbə pulunu müəyyənləşdirmişlər və tələb olunan məbləğ nəzərdə tutulan penya həcminə uyğundur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia müqavilə öhdəlikləri vaxtında və lazımı qaydada yerinə yetirilmədiyindən bağlanmış müqavilələrin şərtlərinə əsasən iş üzrə nəzərdə tutulan ümumi məbləğin 1%-nin, yəni 800 manat məbləğində cərimə pulunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissədə də əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddianın ödənilmiş hüquqi xidmətə görə 160 manat vəsaitin və 160 manat dövlət rüsumunun tutulması tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia təmin olunduğundan, iddia bu hissələrdə də təmin edilməli, cavabdehdən iddiaçı tərəfindən ödənilmiş 160 manat dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 160 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Bu Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən qiyabi icraat qaydasında işə baxarkən hakim tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 31.03.2021-ci il tarixli, 20210408 saylı və 31.03.2021-ci il tarixli, 20210408 saylı xidmət müqavilələri ləğv edilsin. Cavabdeh MMC-dən 22315.07 manat məbləğində ziyan, 800 manat məbləğində cərimə, ödənilmiş 160 manat dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 160 manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə verə bilər. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-2009/2022
Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-2009/2022
05.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver