Məhkəmə qərarları › İş №2(060)-2011/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2011/2021

18.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2011/2021 18.02.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(060)- 3785/2019 saylı qətnaməsi ilə təyin edilmiş hər ay 160 manat sabit pul məbləğində alimentin artırılaraq 176 manat sabit pul məbləğində müəyyən edilməsi və Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx xxxx 2005-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Rəsmi nikahdan xx xxxxxxx 2006-cı il təvəllüdlü X3 anadan olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2008-ci il tarixli, 2(060)-3009/2008 saylı qətnaməsi ilə nikahlarına xitam verilmiş, xx xxxxxxx 2006-cı il təvəllüdlü X2 nikah pozulduqdan sonra onun yanında saxlanması qət edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxxx 2008-ci il tarixli, 2(060)-2487/2008 saylı qətnaməsi ilə xx xxxxxxx 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün xx xxxx 2008-ci il tarixdən başlayaraq hər ay 100 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Həmin məbləğin 50%-i isə yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı verilməsi, 50%-i isə X2 adına açılmış bank hesabına köçürülməsi qətnamədə öz əksini tapmışdır. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(060)-3785/2019 saylı qətnaməsi ilə hər ay 160 manat sabit pul məbləğində aliment xx xxxxxxx 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün təyin edilmişdir. Qızının yaşı artdıqca tələbatı və xərcləri də artır. Belə ki, qızı məktəbdən kənar fərdi hazırlıqlara gedir. Bu da əlavə xərc tələb edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında göstərdi ki, iddia tələbini tam həcmdə qəbul edir. Bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Mülki iş materiallarına əlavə edilmiş: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3785/2019 saylı, xx xxxxx 2019-cu il tarixli qətnaməsindən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxxxx 2008-ci il tarixli, 2(060)-2487/2008 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək xx xxxxxxx 2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 160 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı Zakri qızına ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin birgə nikahdan bir övladının olması, uşağın ananın yanında qalması və uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəyə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın hamısını və ya bir hissəsini xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasıəsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Şərh olunan hüquq normasının məzmunundan da göründüyü kimi qanunverici alimentin miqdarının müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir. Bununla yanaşı məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə görə uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən - Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə həmçinin qeyd edir ki, iddia cavabdeh tərəfindən etiraf edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə şərh olunanları nəzərə alaraq bu nəticəyə gəlir ki, iddia təmin edilməli, alimentin müəyyən edilmiş məbləği dəyişdirilərək iddia tələbi həcmində müəyyən edilməlidir. Alimentin dəyişdirilmiş məbləği məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat miqdarında dövlət rüsumu ödənilir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, iş üzrə 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli, 2(060)-3785/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək Cavabdeh xx.xx.2006-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 176 (bir yüz yetmiş altı) manat sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Alimentin dəyişdirilmiş məbləği məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən hesablansın. İş üzrə 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar