Məhkəmə qərarları › İş №2(060)-2013/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-2013/2025

07.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-2013/2025 07.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması tələbi”nə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X1 üçün cavabdehdən tutulan alimentin miqdarını artıraraq hər ay bir uşaq üçün 246 manat olmaqla, iki uşaq üçün cəmi 738 manat sabit pul məbləğində alimentin Cavabdeh alınaraq ona ödəməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, daxil olmuş işin materiallarını araşdıraraq hesab edir ki, yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina olunmalıdır. Hazırkı iddia ərizəsinin məzmunundan görünür ki, iddia tələbi yaşayış minimumu məbləğinin artımına əsaslanır və iddianın mahiyyəti indeksasiya xarakteri daşıyır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarında qeyd edilmişdir ki, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir (8.4-3-cü bənd). Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (8.4-1-ci bənd). Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (8.4- 2-ci bənd). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia tələbi yaşayış minimumu məbləğinin artımına əsaslandığından və iddianın mahiyyəti indeksasiya xarakteri daşıdığından iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunmasından imtina olunmalı və məhkəməyə təqdim olunmuş bütün sənədlər rəsmi qaydada iddiaçıya qaytarılmalıdır. Məhkəmə onu da qeyd edir ki, iddiaçı övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün müəyyən edilmiş alimentin indeksasiyası (artırılması) üçün icra icraatı qaydasında ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Qeyd olunmalıdır ki, iş məhkəmədə baxılmalı olmadıqda iddia tələbinin tam və ya qismən yolverilməzliyini nəzərdə tutan bu institut bir sıra mühüm məqsədlərə xidmət edir. Belə ki, məhkəmədə baxılmalı olmayan iddia ərizələrinin yolverilməzliyi və ya artıq icraata qəbul edilmiş işlərə xitam verilməsi faktiki olaraq mübahisəli hüquq münasibətinin hələ yaranmadığı və məhkəmədən kənar baxılmalı olan işlərlə məhkəmələrin lüzumsuz yüklənməsinin qarşısını alır. Bu institut, eyni zamanda, tərəflərin öz aralarında olan mübahisəli məsələləri həll etmək üçün malik olduqları daha geniş imkanlardan səmərəli istifadə etməsinə şərait yaradır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 153, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin artırılması tələbi”nə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul olunmasından imtina edilsin və ərizəyə əlavə olunmuş bütün sənədlər rəsmi qaydada iddiaçıya təqdim olunsun. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətinə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar