Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2027/2023 12.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə,Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “ vurulmuş maddi ziyanın ödənilməsi ” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyənetdi: İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ona dəymiş maddi zərərin – 2144 (iki min yüz qırx dörd) manat pulun İddiaçı xeyrinə tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, ** CJ *** dövlət qeydiyyat nişanlı «Mitsubisi Pajero» markalı avtomaşın ona məxsusdur. Avtomaşını etibarnamə əsasında atası Nümayəndə idarə edir. 2021-ci ildə avtomaşını xarab olduğu üçün Sumqayıt şəhəri, Koroğlu küçəsində yerləşən «BUMER» avtoservis mərkəzinə, mühərrik/motor/ ustası olan cavabdehə müraciət etmişdir. O, avtomaşına baxış keçirmiş, ona avtomaşına keyfiyyətsiz yağ töküldüyü, mühərrikə yağ getmədiyi üçün nasazlıq yarandığı bildirmiş və yeni ehtiyat hissələri alınması üçün 1900 manat və 500 manat zəhmət haqqı müqabilində avtomaşını təmir edəcəyini bildirmişdir. Onunla razılaşmış və həmin məbləği ona vermişdir. Avtomaşını avtoservisdə saxlamış, ona mühərrikin qalovkasına, yağ nasosuna da baxmasını tapşırmış, cavabdeh də baxacağını bildirmişdir. Avtomaşın bir ay avtoservisdə qalmışdır. Avtomaşını təhvil alarkən sol arxa hissəsinin əzildiyini və xəbərdarlıq nişanının qutusu ilə birlikdə avtomaşının içindən yoxa çıxdığının şahidi olmuşdur. Cavabdeh bunları ona keçməyi və nə vaxt avtomaşınını təmirə ehtiyacı olarsa, ödənişsiz, qeyri-şərtsiz təmir edəcəyinə onu əmin etmişdir. Təmirdən sonra ondan mühərrikin qalovkasına baxıbbaxmadığını soruşmuşdur. O da baxmağa ehtiyac olmadığını bildirmişdir. Təmirdən bir ay keçməmiş, 2021-ci ilin sentyabr ayının ortalarında avtomaşını idarə etdiyi zaman mühərrikdə nasazlıq yaranmış, avtomaşını cavabdehin yanına aparmış, cavabdeh Cabbarov da mühərrikin qalovkasının dağıldığını, özünün təmir edəcəyini bildirmiş, lakin müxtəlif bəhanələrlə işi uzatdığından və özünün də avtomaşınsız qala bilməyəcəyindən, avtomaşını Sumqayıt şəhəri, Azərbaycan küçəsində işləyən mühərrik ustası Məhəmmədin yanına aparmağa məcbur olmuşdur. O da mühərrikin qalovkasının dağıldığını demiş, özü Bakı şəhərindən 850 manata onun maşını üçün qalovka ehtiyat hissəsi almış, ona pulunu ödəmişdir. 350 manat zəhmət haqqı müqabilində avtomaşını təmir etdirmişdir. Ona bildirmişlər ki, mühərriki yığan usta yağ nasosuna baxmalı idi. Baxmadığı üçün nasazlıq yaranmışdır. Bir neçə ay avtomaşını sürmüş, sonra yenidən səbəbsiz mühərrikdə yağ azaldığı üçün, mühərriki cavabdeh yığdığından yenidən avtomaşını onun yanına aparmışdır. Cavabdeh avtomaşını təmir edəcəyini bildirsə də, müxtəlif bəhanələrlə işi yubatmışdır. Buna görə də «Mitsubishi Motors» avtocservisinə müraciət etmişdir. Orada mühərrik yenidən sökülüb yığılmış, 944 manat zəhmət haqqı, 270 manat da ehtiyat hissələrinə pul ödəmişdir. Hazırki günə kimi avtomaşında heç bir problem yoxdur. Həmin servisdə də ona bildirmişlər ki, ilk dəfə mühərriki yığan ustanın səhvi səbəbindən avtomaşında bu problemlər yaranmışdır. Cavabdeh ilk dəfə mühərriki yığdığı zaman keyfiyyətsiz iş gördüyü üçün ona 2144 manat maddi ziyan dəymişdir. Belə ki, keyfiyyətsiz iş gördüyündən, nəticədə bir müddət sonra qalovka dağılmış, bir neçə ay sonra mühərrik yağ yemiş, ona görə də yeni qalovkanın alınmasına 850 manat, təmirinə 350 manat, mühərrikin yenidən yığılmasına da 944 manat pul xərcləməyə məcbur olmuşdur. Bu səbəbdən Sumqayıt şəhər Polis İdarəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nin baş təhqiqatçısının xx.xx.2022-ci il tarixli qərarı ilə mübahisə mülki xarakterli olduğundan cinayət işinin başlanılması rədd edilmiş və ona Sumqayıt şəhər məhkəməsinə müraciət etmək tövsiyyə edilmişdir. Qərardan narazı qaldığı üçün Sumqayıt şəhər prokurorluğuna şikayət etmiş və xx.xx.2023-cü il tarixdə cinayət işinin bağlanmasının rədd edilməsi haqqında qərar ləğv edilərək toplanmış material araşdırmanın davam etdirilməsi məqsədi ilə aidiyyatı üzrə yenidən Sumqayıt ŞPİ-nin 4-cü PB-nə göndərilmişdir. Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş təhqiqatçısı, polis mayoru S.Hacəhmədovun xx.xx.2023-ci il tarixli qərarı ilə yenidən cinayət işinin başlanılması rədd edilmiş və ona məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Cavabdehə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq o, dəymiş zərəri könüllü olaraq ödəməkdən imtina etmişdir. Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, İddiaçı iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə izahatında iddia tələbini müdafiə edərək bildirdi ki, bu halı təsdiq edən şahidi vardır. Onun ürəyində xəstəliyi olduğu üçün, eyni zamanda şəkəri olduğu üçün maşını davamlı olaraq qardaşı sürür. Özü də təsdiqləmişdir ki, yanına hər dəfə bərabər getmişlər. Qarşı tərəf yalan danışır. Demişdir ki, motoru o yığırsa hər şeyə cavabdehdir. Dedikləri hər şeyi almışdır. Yağ nasosu almış, demişdir ki, qaytarsın. O isə gedib, originalını almışdır. Yanına getmiş, demişdir ki, vaxtı yoxdur. Heç bir zaman olmayacaqdır. Raspidval qarşı tərəfin ucbatından olmuşdur. Məhkəmə iclasında Cavabdeh izahatında iddia tələbini qəbul etməyərək bildirdi ki, ekspert rəyindən narazıdır. Çünki, heç bir ekspert onun dəyərini müəyyən edə bilməz. Maşın sağlam vəziyyətdə ekspert onun dəyərini necə müəyyən edə bilər ? Çünki, ondan sonra maşını aparıb başqa ustada düzəltdirmişdir. Bəlkə onlar düzəltdikdə nəsə etmişlər ? Çünki, cavabdeh maşına heç bir detal almamışdır. Yararsızlığını bildirmiş, qarşı tərəf isə demişdir ki, pulu olduqda alacaqdır. Cavabdeh maşının motorunun valını dəyişmişdir. Qarşı tərəf demişdir ki, pulu yoxdur. Daha sonra gətirər, cavabdeh isə düzəldər. Qarşı tərəf demişdir ki, onun raspedvalı bir dəfə qırılmışdır. Cavabdeh isə demişdir ki, bu yenə qırıla bilər. Onun təmir etdiyi hissədə, gördüyü işdə heç bir problem olmamışdır. Maşını düzəltmiş, hər şey işləmiş, iki ay sonra isə gəlmişdir ki, raspedvalı qırılmışdır. Servisdə düzəltdirməmişdir. Məhəmməd adlı ustada düzəltdirmişdir. Ay yarım, iki ay sonra gəlmişdir ki, qaz paylayıcı qırılmışdır. O da maşına baxmış və demişdir ki, vaxtında dəyişilsə idi, belə olmazdı. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını, şahidin ifadəsini dinləyib, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, hadisə keçən il olmuşdur. Maşın qardaşı oğlunun adınadır. Özü də qazidir. Bakı-Sumqayıt yolunda motor vurulmuşdur. Oradan evakuator ilə Sumqayıt şəhərinə, həmin ustanın sexinə gətirmişlər. Qardaşı xəstə olduğuna görə, maşını çox vaxt qardaşı o, idarə etmişdir. Maşın təzə maşındır. Çox nadir hallarda sürülür. Təsadüfi olaraq həmin ustanın yanına getmişlər. Demişdir ki, motor sökülməlidir. Motor açılmış, onların yanında qalmış, dedikləri ehtiyat hissələri almışlar. Ustadan xahiş etmişlər ki, maşının qalovkasına da baxsın. O da baxacağını demişdir. Maşını onun yanından götürmüş, on-on beş gün sonra maşın yağ yeməyə başlamışdır. 2000 manata yaxın pul vermişlər. Maşını götürdükdən sonra sürülməmişdir. Bir həftə sonra rayona getmiş, maşında isə problem çıxmışdır. Sonra servisdə təmir etmişlər, demişlər ki, problem valdadır. Usta dəfələrlə demişdir ki, baxacaqdır. Sonra isə demişdir ki, vaxtı yoxdur. 28 yanvar 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən aparılmış yoxlamanın nəticələri üzrə cinayət işinin başlanılmasının rədd edilməsi, müraciət müəllifi İddiaçı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin N nömrəli, xx.xx.2022-ci il tarixli məlumatından görünür ki, İddiaçı Rafiq oğlunun “Kəlbəcərin azad olunmasına görə” medalı vardır. Veteran vəsiqəsinin verilməsi siyahısında adı vardır. Azərbaycan Respublikası DİN-in yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikası, Sumqayıt şəhərində xx.xx.1997-ci il tarixdə anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatdadır. "xxxx" MMC tərəfindən verilmiş Mİ-129092 nömrəli iş kartından görünür ki, mühərikkin sökülüb yığılmasına görə 944.12 manat vəsait hesablanmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2027/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı İddiaçı Cavabdeh qarşı “vurulmuş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyinin alınması ilə bağlı ekspertiza təyin edilmiş və həmin qərardad ilə bağlı olaraq göndərilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 9/3611 nömrəli, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2006-cı il buraxılışlı “Mitsubishi Pajero” markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 800 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 06 iyul 2023-cü il tarixli, 9/3611 nömrəli ekspert xərclərinə dair bildirişdən görünür ki, keçirilmiş məhkəmə əmtəə ekspertizası üçün aparılmış tədqiqatın dəyəri 50 manat hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinin tələbinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki,sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, «affirmanti, non neganti incumbit probation» (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə iş üzrə məhkəmə iclasında tədqiq olunan sübutları qiymətləndirərək, ekspertiza rəyinə əsaslanaraq hesab edir ki, Cavabdeh tərəfindən keyfiyyətsiz xidmət göstərilməsi nəticəsində İddiaçı məxsus avtomobilə təmir-bərpa işləri nəticəsində dəymiş zərərin aradan qaldırılmasına görə 800 manat məbləğində pul hesablanmışdır. Cavabdeh iddia tələbini qəbul etməməsinə baxmayaraq, etirazının dəlillərinin nədən ibarət olmasını sübuta yetirə bilməmişdir. Cavabdeh avtomaşının təmiri üçün öhdəlik götürməsinə baxmayaraq, təmiri həyata keçirə bilməmiş, nəticədə iddiaçıya maddi zərər vurmuşdur. Bundan əlavə məhkəmə iddia tələbinin qismən təmin edilməsi qənaətinə gələrkən qeyd olunmasını zəruri hesab edir ki, vurulmuş ziyanın 2144 manat olması iş materiallarında olan sübutlar və işin araşdırılan halllarına əsasən öz təsdiqini tapmır. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuş hallara qiymət verərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh İddiaçı xeyrinə vurulmuş maddi ziyanın əvəzi olaraq 800 manat və 30 manat ödənilmiş dövlət rüsumu tutulmalı, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, Cavabdeh ekspertiza tədqiqatının dəyəri qismində 50 manat tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə 800 (səkkiz yüz) manat vurulmuş ziyanın əvəzi və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutulsun. Cavabdeh ekspertiza tədqiqatının dəyəri qismində 50 (əlli) manat tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X1, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qalan hissədə iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-2027/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2027/2023
12.09.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver