Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2030/2023 25.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı 5 saylı mediasiya təşkilatında mediator Etibar Həsənovun iştirakı ilə aralarında bağlanmış xx.xx.2022-ci il tarixli, MŞB/5-01105 saylı barışıq sazişi ilə müəyyən edilmiş 100 manat miqdarında alimentin miqdarının dəyişdirilərək cavabdehdən xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin və mediasiya xərci olaraq ödənilmiş 51 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı dəqiqləşmə verərək, Cavabdeh faktiki nikah münasibətlərində doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 220 manat olmaqla sabit pul məbləğində alimentin və mediasiya xərci olaraq ödənilmiş 51 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o, 2016-cı ildə cavabdeh ilə faktiki nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşdur. Həmin nikahdan xx.xx.2017-ci il təvəllüdlü X2 doğulmuşdur. Cavabdeh uşağın saxlanılmasına heç bir maddi və mənəvi köməklik göstərmədiyinə görə aliment təyin edilməsi ilə bağlı mediasiya təşkilatına müraciət etmişdir. xx.xx.2022-ci il tarixində Bakı 5 saylı mediasiya təşkilatında mediator iştirakı ilə aralarında MŞB/5-01105 saylı barışıq sazişi bağlanılmışdır. Həmin barışıq sazişinin 2.2-ci bəndinə əsasən cavabdeh uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 100 manat sabit pul məbləğində alimenti ona ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Hesab edir ki, hazırda bu məbləğ indiki reallıqda uşağın saxlanılması üçün kifayət deyildir. Belə ki, təyin olunmuş məbləğ uşağın geyimi, qidalanması, təhsili və s. bu kimi işlərin görülməsi üçün faktiki olaraq kifayət etmir. Hazırda uşağın ehtiyaclarının qarşılanması üçün aliment qismində ödənilən məbləğ kifayət etmir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh ailəsinə kömək etdiyini, uşağın saxlanılması üçün yetəri qədər yardım etdiyini bildirərək, qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi və cəmi 100 manat aliment ödəyə biləcəyini bildirdi. Məhkəmə, tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2022-ci il tarixli barışıq sazişinin 2.2-ci bəndindən görünür ki, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cəmi 100 manat sabit pul məbləğində alimenti (hər ayın sonuncu günündən gec olmayaraq) İddiaçı ödəyəcəyinə dair öhdəlik götürmüşdür. - İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, tərəflər ilkin mediasiya sessiyasından sonra prosesi davam etdirmək barədə qərar qəbul etməmişlər. - Atalığın müəyyən edilməsi haqqında şəhadətnamədən görünür ki, xx.xx.2017-ci il təvəllüdlü X1 atası Cavabdehdur. - Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, cavabdeh vergi ödəyicisidir və heyvanların daşınması ilə məşğuldur. Beləliklə, araşdırma zamanı müəyyən olunmuşdur ki, tərəflər 2016-cı ildə faktiki nikah münasibətlərinə daxil olmaqla ailə qurmuşlar. Həmin nikahdan xx.xx.2017-ci il təvəllüdlü X2 doğulmuşdur. Tərəflər barışıq sazişi bağlamışlar. xx.xx.2022-ci il tarixli barışıq sazişinin 2.2-ci bəndinə görə cavabdeh uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay cəmi 100 manat sabit pul məbləğində alimenti iddiaçıya ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Lakin, tərəflər sonra aliment məbləğinin artırılması barədə razılığa gələ bilməmiş saziş bağlamağa müyəssər olmamışlar. Cavabdeh fərdi sahibkardır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir və uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən 2023-ci il uşaqlar üçün yaşayış minimumu 220 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə, hesab edir ki, iddiaçının xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilməlidir. Həmçinin tələb edilən aliment məbləği minimal standartlara uyğun olmalıdır və ona görə iddia bu hissədə təmin edilməlidir. Belə ki, aliment məbləğinin artırılması barədə yeni mediasiya prosesinin nəticəsiz qalması, tərəflərin həmin proses çərçivəsində və ya ondan kənar bu mövzuda razılığa gələ bilməmələri onlar arasında artıq müvafiq sazişin qeyri-mövcudluğu qənətinə gəlməyə əsas verir. Beləliklə, məhkəmə tərəflərin maddi və ailə vəziyyətlərini, yetkinlik yaşına çatmayan uşağın yaşını, mənafeyini, qida və digər zəruri xərclərə tələbatlarını, eləcə də diqqətəlayiq maraqlarını, onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının zəruriliyini, qanunvericiliyin tələbinə görə hər iki valideynin uşağı saxlamağa borclu olduqlarını nəzərə alaraq hesab edir ki, iddia bu hissədə təmin edilməli, xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Məhkəmə, iddianın mediasiya xərci ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə qismən təmin edilməli, cavabdehdən 25 manat mediasiya xərci iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bu Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası MPM-nin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. Məhkəmə qeyd edir ki, bir il ərzində alimentin ödənilməli məcmu məbləği 2640 manat olduğu üçün qanunvericiliyin tələbinə əsasən 46.4 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixdən etibarən xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı verilsin. Cavabdeh ödənilmiş 25 manat mediasiya xərci İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin olunmasın. İddianın verilməsinə görə 46.4 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-2030/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2030/2023
25.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver