Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2044/2022 17.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11060 manat məbləğində əsas borcun, ödəmiş olduğu dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla cavabdeh arasında xx.xx.2019-cu ildə bağlanmış kredit müqaviləsinə əsasən cavbadehə xx.xx.2020-ci il tarixə kimi qaytarmaq şərti ilə 1800 manat borc pul vermiş, lakin cavabdeh həmin puldan ödəniş etməmişdir. Bundan başqa, cavabdeh xx.xx.2018-ci il tarixdə də ondan 9500 manat pul almış, həmin vaxt əmək haqqı kartını ona vermiş və o, həmin kartdan 1000 manata yaxın pul çıxarmışdır. Bu pulu götürərkən cavabdeh ona yazılı qəbz də vermişdir. Cavabdeh ondan satmaq adı ilə 95 kq fındıq almış və həmin fındığın 1 kilosuna görə ona 8 manat pul ödəməli idi. Lakin o, ümumilikdə 760 manat pulu da verməmişdir. Nəticədə cavabdehin ona ümumilikdə 11060 manat borcu qalmışdır. O, bu müddət ərzində dəfələrlə cavabdehdən həmin borcu tələb etmiş, o isə hər dəfə bir bəhanə gətirərək pulu ona qaytarmamışdır. Bundan sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 10300 manat borcun, ödənilmiş dövlət rüsumunun alınaraq İddiaçı Rafiq qızına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda şərh olunanlarla əsaslandırır. Mülki iş materiallarından olan: Borc alan Cavabdeh ilə borc verən İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli notariat qaydada təsdiq edilmiş “Kredit Müqaviləsi”ndən görünür ki, borc verən borcalana 1800 manat məbləğində borc verir, borcalan krediti xx.xx.2020-ci il tarixədək hər ay 150 manat borcverənə qaytarmağı öhdəsinə götürür. xx.xx.2018-ci il tarixli Cavabdeh tərəfindən yazılıb imzalandığı göstərilmiş iltizamdan görünür ki, o, İddiaçı xx.xx.2018-ci ildə 3 ay ərzində qaytarmaq şərti ilə 9500 manat borc almışdır. 4/625 nömrəli 12 may 2022-ci il tarixli məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, 2(060)-2044/2022 saylı mülki işin 3-cü vərəqində olan xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin arxa tərəfində “Borc alan” qrafasındakı imza ilə mülki işin 7-ci vərəqində X3 adından olan xx.xx.2018-ci il tarixli borc qəbzinin aşağı hissəsində “İmza” sözünün qarşısındakı imza — eyni şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş, 2(060)-2044/2022 saylı mülki işin 3-cü vərəqində olan xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin, arxa tərəfində “Borc alan” qrafasındakı “Cavabdeh” yazıları ilə mülki işin 7-ci vərəqində X3 adından olan xx.xx.2018ci il tarixli borc qəbzinin sonundakı “Cavabdeh İ.” yazıları - müxtəlif şəxs tərəfindən icra olunmuşdur. Aparılmış tədqiqatın dəyəri 120 manat təşkil edir. Göründüyü kimi tərəflər arasında borc müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibəti yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında borc müqaviləsi ilə bağlı münasibətlər yarandığından mübahisə Mülki Məcəllədə təsbit olunmuş «Öhdəliklərin icrası», «Borc» və «Barışıq razılaşması və mövcud borcun etirafı haqqında mücərrəd müqavilə» fəslində nəzərdə tutulan müddəalar çərçivəsində həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 739.1-ci maddəsinə əsasən Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 882-ci maddəyə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. 882.5-ci əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. İddiaçı tərəf ayrı-ayrı vaxtlarda cavabdehə ümumilikdə 1800 və 9500 manat borc pul verildiyini, cavabdehin 1000 manata yaxın pulu qaytardığını, qalan məbləği qaytarmadığını iddia edir və qeyd olunan məbləğdə borc verildiyini təsdiq edən sübut növü olaraq tərəflər arasında bağlanılmış kredit müqaviləsinə və cavabdeh tərəfindən yazılmaqla imza edilmiş qəbzə istinad edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76 və 88-ci maddələrinə müvafiq olaraq həmin kredit müqaviləsi və qəbzi, ekspert rəyini sübut növü kimi qəbul edir və mülki qanunvericiliyin şərh olunan maddələrində ifadə olunmuş hüquq normalarına əsaslanaraq hesab edir ki, iddiaçının cavabdehə qarşı irəli sürdüyü tələb əsaslıdır. Cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Odur ki, iddia təmin edilməli, Cavabdeh 10300 manat pul tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Mülki iş materiallarından görünür ki, iddiaçı tərəfindən 170 manat dövlət rüsumu ödənilmişdir. İddia tələbi təmin edildiyindən cavabdehdən 170 manat tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Eyni zamanda məhkəmə ekspertizası tədqiqatının dəyərinin əvəzi olaraq Cavabdeh 120 manat tutuluraq X1 hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 10300 (on min üç yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 170 (bir yüz yetmiş) manat İddiaçı xeyrinə tutulsun. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olaraq Cavabdeh 120 (bir yüz iyirmi) manat tutuluraq X2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-2044/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2044/2022
17.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver