Məhkəmə qərarları › İş №2(060)-2049/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2049/2023

25.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2049/2023 25.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Masallı rayonu ərazisində olan öz yaşadığı evin yaxınlığında torpaq sahəsi satılırdı. İddiaçı həmin torpağı almaq üçün sənədlərinin olub-olmaması barədə 2018-ci ildən etibarən Mahmudavar kənd nümayəndəsi kimi tanıdığı Cavabdeh işlədiyi nümayəndəliyə yaxınlaşaraq onunla həmin torpağın dövlət qeydiyyatına alınıb-alınmaması barədə məlumat əldə etdikdə cavabdeh onu aldadaraq həmin torpağın sənədinin (Çıxarışının) alınması üçün ondan 1 bir ay müddətində torpağa dair sənədin alınmasını üçün 1500 manat pul almışdır. İddiaçı sənədlərin hazırlanmadığını və aldadıldığını bildikdə bununla bağlı özünə dəfələrlə müraciət etmiş, lakin heç bir nəticə əldə olunmamışdır. Bundan sonra, Daxili İşlər Nazirliyinin 102 xidmətinə, Masallı rayon Polis İdarəsinə və Masallı rayon Prokurorluğuna müraciət etsə də, həmin şəxsin barəsində “cinayət işinin başlanılmasının rədd edilməsi” qərarı qəbul edilmişdir. İddiaçı həmin qərardan Masallı rayon Prokurorluğuna dəfələrlə müraciət etsə də, qərar əsaslı hesab edilərək qüvvədə saxlanılmışdır. İddiaçıya sonuncu dəfə 2022-ci il sonlarında hüquqlarının mülki qaydada müdafiəsi üçün məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İddiaçı həmin vəsaiti müxtəlif yerlərdə fəhləlik edərək öz zəhməti ilə qazanmış, həmin pulun əlindən çıxması səbəbindən indiyədək özünə torpaq sahəsi ala bilməmişdir. Bununla da iddiaçıya həm maddi, həm də mənəvi ziyan dəymişdir. Tərəfindən bir sıra sənədlər əldə olunsa da, həmin şəxsin Masallı rayon Polis İdarəsində verdiyi izahatın surətini almağı üçün məhkəmə sorğusunun verilməsi bildirilmişdir. Bu səbəbdən toplanılmış sənədlər arasında cavabdehin iddiaçıdan pul almasını etiraf edən izahatını almaq mümkün olmamışdır. Lakin məhkəmə tərəfindən sorğu əsasında onun barəsində araşdırma materiallarının alınması qanunvericiliklə mümkündür. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə Cavabdeh qeydiyyatda olduğu ünvana yazılı pretenziya məktubu göndərilsə də, evdə yaşamaması səbəbindən məktubu qəbul etməmişdir. Göstərilənlərə əsasən Cavabdeh 1500 manat pulun tutulması, dəymiş mənəvi zərərin qarşılanması üçün 1000 manat və ödənilmiş 45 manat dövlət rüsumunun iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, bildirmişdir ki, cavabdehə verdiyi pul məbləği 1500 manat təşkil edir. Pul verilən zaman yanlarında heç kim olmamışdır. Borcu təsdiq edən əlyazma və şahidlər olmasa da, cavabdehlə olan telefon danışıqlarında borc öz təsdiqini tapmışdır. Hazırda cavabdehin 900 manat borcu var. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək, bildirmişdir ki, iddiaçının iddia ərizəsində qeyd etdikləri həqiqəti əks etdirmir. Hətta onun qeyd etdiklərinin əksinə olaraq o, xalası oğlu Məhərrəm Lələyev adlı şəxslə birləşərək ondan işə düzəltmək bəhanəsi ilə 3500 manat pul almışdır. Bununla bağlı da o müvafiq orqanlara müraciət edəcəkdir. İddiaçının onun barəsində göstərdikləri heç bir həqiqətə sığmır və bununla bağlı onun heç bir sübutu yoxdur. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə proses iştirakçılarının izahatlarını, şahidin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində bildirmişdir ki, o, Cavabdeh bələdiyyə sədri işlədiyi dövrdən tanıyır. İddiaçı bir dəfə görmüşdür. Bir dəfə çayxanada Farizlə oturmuşdurlar. Bu zaman İddiaçı zəng gəldi. Həmin zaman görüş təyin edildi və onlar görüşdülər. İddiaçı Cavabdeh torpağın sənədləşdirilməsini xahiş etdi. Fariz də sənədləşdirilmə ilə bağlı rüsumları soruşdu. O da cavabında rüsumun 1700-1750 manat civarında olduğunu bildirmişdir. Bir müddət keçdikdən sonra Elvinin ailəsində narazılıq olduğu üçün bu məsələ alınmamışdır. Elvinin Farizə pul verdiyini görməmişdir.

7. İş materiallarında olan Masallı RPŞ-nın TB-nin baş təhqiqatçısı, polis baş leytenantı Anar Cəfərov tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli «cinayət işinin başlanılmasının rədd edilməsi barədə» qərara əsasən vətəndaş İddiaçı müraciəti əsasında Boradigah PB-də toplanmış xx.xx.2022-ci il tarixli, HK-1/02 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.

8. Həmin qərardan görünür ki, Cavabdeh oğlu izahatında bildirmişdir ki, o, Elvindən heç bir pul almamışdır. Onun müraciətində qeyd etdikləri şər və böhtan xarakterlidir. Elvinin onun barəsində şikayət etməsi qərəzli xarakter daşıyır. Çünki o, onun xala oğlu Məhərrəmdən 2021-ci ilin dekabr ayında onu işə düzəltmək adı ilə pul aldığı üçün şikayət etdiyinə görə Elvin qərəzli olaraq ondan şikayət etmişdir.

9. İş materiallarında olan Cavabdeh Masallı rayon Polis şöbəsinin rəisinə ünvanlanan xx.xx.2022ci il tarixli izahatından görünür ki, o, 2013-cü il tarixdən 2019-cu il tarixədək Masallı rayonu, Mahmudavar kəndində ərazi nümayəndəsi vəzifəsində işləmişdir. İddiaçı o ərazinin sakini olub. İddiaçı evinin yanında boş torpaq sahəsi var idi. Elvin 2018-ci il tarixdə ona həmin torpaq sahəsini onun adına sənədləşdirməyə kömək etməyi xahiş etmişdir. O, ona yalnız alqı satqıya görə 1500- 2000 manat pulun lazım olacağını bildirmişdir. Həmin vaxt Elvin onunla razılaşmışdır. Lakin o, ora elektron kadastra gətirməyinə baxmayaraq, Elvin pulu vermədiyi üçün sənədləşmə qalmışdır. 2019-cu il tarixdə o, işdən çıxmışdır. 2020-ci ili yay aylarında o, yenidən Elvinlə görüşmüşdür. O yenidən ona həmin torpaq sahəsini sənədləşdirməyə kömək etməyini istəmişdir. O, ona həminki kimi 1500-2000 manat pul lazım olduğunu bildirmişdir. O, yenə razılıq verərək anasının vəsiqəsini ona verərək getmişdir. O, ona 1500 manat pul verəcəyini bildirərək oradan getsə də, həmin günün sabahı o torpağı istəmədiyini bildirmişdir. Bundan sonra məsələ olduğu kimi qalmışdır. Bildirir ki, o, Elvindən heç bir pul almamışdır. Onun müraciətində qeyd etdikləri şər və böhtan xarakterlidir. Elvinin onun barəsində şikayət etməsi qərəzli xarakter daşıyır. Çünki o, onun xala oğlu Mərhəmətdən 2021-ci ilin dekabr ayında onu işə düzəltmək adı ilə pul aldığı üçün şikayət etdiyinə görə Elvin qərəzli olaraq ondan şikayət edir.

b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

10. Məhkəmə qeyd edir ki, iddiaçı tələbini əsaslandıra biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir.

11. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).

12. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.

13. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

14. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

15. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

16. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.

17. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

18. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəmə sorğusuna cavab olaraq "xxxx" MMC-nin məhkəməyə göndərdiyi 1 ədəd CD diskə baxış keçirilmiş, yazışmalar arasında İddiaçı (***-***-**-**) ilə Cavabdeh (***-***-**-** və ***-***-**-**) arasında olmuş hər-hansı yazışmaya rast gəlinməmişdir.

19. Mənəvi zərərin tələbi ilə əlaqədar məhkəmə qeyd etməyi zəruri hesab edir ki, «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 8-ci bəndində izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkənin hansı mənəvi sarsıntı və istirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddı formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

20. İddiaçı isə ona məhz cavabdeh tərəfindən mənəvi zərərin vurulduğunu bildirsə də, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan qərarının müddəalarına və Azərbaycan Respublikası MPM-in 89-cu maddəsinə uyğun qaydada bunu sübuta yetirə bilməmişdir.

21. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, irəli sürülmüş iddia tələbi yalnız iddiaçının formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan İddiaçı Cavabdeh qarşı “pul tələbi"nə dair iddiası qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilə bilməz.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

24. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

25. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

26. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Nəticə hissəsi:

28. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı “pul tələbi"nə dair iddia ərizəsi rədd edilsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar