Məhkəmə qərarları › İş №2(060)-2058/2025

Sumqayıt Şəhər Məhkəməsi Qiyabi qətnamə — İş №2(060)-2058/2025

29.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2058/2025 29.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh tərəfindən “Toyota Prius” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomaşına dəyən 2120 manat zərərin və məhrum olduğu 1350 manat qazancın, ümumilikdə 3470 manat pulun ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə aralarında bağlanılmış xx.xx.2024-cü il tarixli müqaviləyə uyğun olaraq mülkiyyətində olan “Toyota Prius” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomaşını etibarnamə əsasında Cavabdeh istifadəsinə vermişdir. Müqaviləyə əsasən Cavabdeh avtomobildən taksi kimi istifadə etdiyi üçün ona günlük 30 manat ödəməli idi. Cavabdeh mülkiyyətində olan “Toyota Prius” markalı, **-EY- *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhərində qəza törətmişdir. Qəza nəticəsində mülkiyyətində olan “Toyota Prius” markalı, **- EY-*** dövlət qeydiyyat nişanlı avtomobilə “X5” tərəfindən tərtib edilmiş qüsur aktına əsasən 2120 manat dəyərində zərər vurulmuşdur. Avtomobilin təmiri və ya dəyən zərərin ödənilməsi barədə Cavabdeh dəfələrlə müraciət olunsa da, heç bir əhəmiyyəti olmamış, dəyən zərər ödənilməmişdir. Eyni zamanda xx.xx.2024-cü il tarixdən etibarən 1 ay 15 gün müddəti ərzində əldə edəcəyi qazancdan da məhrum olmuşdur. Qəza ilə əlaqədar Sumqayıt şəhər Polis İdarəsində tədqiqat başlanılmış və xx.xx.2024-cü il tarixli, “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” Qərar qəbul edilmişdir. Aralarında bağlanılmış xx.xx.2024-cü il tarixli müqavilənin 6-cı bəndinə əsasən “Maşın qəzaya uğrayarsa günahkar sürücü təyin edildikdən sonra dəyən zərər sahibkar tərəfindən hesablanır və sürücü bu zərəri ödəməlidir”. Həmin müqavilənin 7-ci bəndinə əsasən maşını götürdüyü gün və saatdan sonra maşına dəyən hər bir zərərdən ötrü sürücü məsuliyyət daşıyır. Cavabdeh aralarında bağlanılmış müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir və bunun nəticəsində ona ciddi ziyan dəymişdir. Belə ki, avtomobilə 2120 manat ziyan dəymiş və xx.xx.2024-cü il tarixdən etibarən avtomobilin təmirinin başa çatdığı günədək keçən 1 ay 15 gün müddətində məhrum olduğu gündəlik 30 manat qazanc 1350 manat təşkil edir.

Tərəflərin mövqeləri:

3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

5. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilədən görünür ki, **-EY-*** nömrəli avtomobili götürən şəxsə günlük 30 manat ödəmək şərti ilə icarəyə verilmişdir.

6. Sumqayıt şəhər Polis İdarəsinin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X1 tərəfindən qəbul edilmiş 26 avqust 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.

Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

8. Azərbaycan Respublikası Mülki Məcəlləsi:

21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir;

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir;

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək, iddiaçını dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

10. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İddiaçı ilə Cavabdeh **-EY- *** nömrəli avtomobili Cavabdeh günlük 30 manat ödəmək şərti ilə icarəyə verilməsi ilə bağlı razılaşmışlar. xx.xx.2024-cü il tarixdə cavabdehin idarə etdiyi “Toyota Prius” markalı, **-EY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Nizami küçəsi ilə hərəkətdə olan zaman idarəetməni itirərək yolun sağ kənarında dayanmış X2 məxsus **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və hadisə ilə bağlı toplanmış material Sumqayıt şəhəri Pİ-nin TŞ-nə göndərilmişdir. Sumqayıt şəhəri Pİ-nin TŞ-nin 26 avqust 2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Məhkəməyə təqdim edilmiş baş vermiş yol nəqliyyat hadisəsi zamanı İddiaçı mülkiyyətində olan avtomobilə dəymiş zərər rəsmi servis tərəfindən qüsur aktı tərtib edilməklə 2120 manat həcmində müəyyən edilmişdir.

11. Hal-hazırda iddiaçı məhkəməyə müraciət edərək cavabdeh tərəfindən avtomobilinə dəymiş ziyanın və məhrum olduğu qazancın ödənilməsini məhkəmədən xahiş edir.

12. Məhkəmə iddiaçının tələbinin dəymiş ziyanın ödənilməsi hissəsinə münasibətdə qeyd edir ki, mülki qanunvericilik mülki hüquq pozuntusunu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaraq təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməli (hərərəti və ya hərəkətsizliyi) tanıyır. Hüquq pozuntusu üçün şəxsin (və ya şəxslərin) təqsirli davranışı olmalıdır. Yalnız təqsirli davranış hüquq pozuntusu kimi ola bilər. Əgər şəxs təqsirli davranışa yol verməmişdirsə, onda hüquq pozuntusunun yaranmasından söhbət gedə bilməz. Başqa sözlə, hüquqa zidd hərəkətin edilməsində şəxsin yalnız təqsirli olduqda həmin hərəkət hüquq pozuntusu sayılır. Bundan əlavə, hüquq pozuntusu hüquqi məsuliyyətə səbəb olmalıdır. Hüquqi məsuliyyətə səbəb olmayan hüquqa zidd davranış, hüquqa zidd əməl hüquqla qadağa edilmiş hərəkət və hərəkətsizlik formasında ola bilər. Vacib amillərdən biri sayılan hüquq pozuntsunun obyektiv cəhəti hüquqla tənzimlənən və mühafizə olunan ictimai münasibətlərə ziyan vuran, hüquqa zidd əməl (hərəkət və ya hərəkətsizlik), habelə zidd əməllə onun ictimai-təhlükəli nəticəsinin müəyyən edilməsi səbəbli əlaqə təşkil edir. Hüquq pozuntusunun tərkibini təşkil edən elementlərdən hər hansı birinin (məsələn təqsirin) mövcud olması onun hüquq pozuntusu hesab edilməsinə gətirib çıxarır və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olmur.

13. Mülki Məcəllənin yuxarıda adı qeyd edilən maddələrinin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz.

14. Məhkəmə qeyd edir ki, Sumqayıt şəhər Polis İdarəsinin TŞ-nin baş təhqiqatçısı, polis mayoru X1 tərəfindən qəbul edilmiş 26 avqust 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərarı ilə ““Toyota Prius” markalı, **-EY-*** qeydiyyat nişanlı avtomobilə zərər dəyməsi, zərərin Cavabdeh qanunsuz hərəkəti nəticəsində vurulması, hadisədə cavabdehin təqsirli bilinməsi sübuta yetirildiyindən sözügedən avtomobilə dəymiş zərər ödənilməlidir.

15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

16. Məhkəmə ödənilməli olan zərər məbləği ilə bağlı qeyd edir ki, məhkəməyə təqdim edilmiş baş vermiş yol nəqliyyat hadisəsi zamanı İddiaçı mülkiyyətində olan avtomobilə dəymiş zərər rəsmi servis tərəfindən qüsur aktı tərtib edilməklə 2120 manat həcmində müəyyən edilmişdir.

17. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilməsinə və eyni zamanda iddia tələbinə qarşı etirazını məhkəməyə təqdim etmək hüququnun ona izah olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş və iddiaya qarşı münasibətini məhkəməyə təqdim etməmişdir.

18. Məhkəmə qeyd edir ki, mülki mühakimə icraatı qaydasında baxılan işlərdə tərəflərin iştirakı dispozitivlik prinsipinə söykənir, dispozitivlik prinsipi isə formal həqiqət prinsipinə əsaslanır. Belə ki, MPM-in 14.2-ci maddəsi məhkəməyə öz təşəbbüsü ilə hər hansı sübutu işə əlavə etməyi və araşdırmağı qadağan etmişdir. Eyni Məcəllənin 77.1-ci maddəsində sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən şəxslərin üzərinə qoyulması mülki mühakimə icraatının çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Tərəflərin hər biri bu qaydadan istifadə edərək öz tələb və etirazlarının əsaslılığını sübut etməlidir. Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür.

19. Sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

20. Məhkəmə “X5” MMC tərəfindən tərtib edilmiş qüsur aktı və qeyd edilən “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərara əsasən hesab edir ki, cavabdehin təqsirli hərəkət və ya hərəkətsizliyi nəticəsində iddiaçıya maddi ziyan vurulması və vurulmuş ziyanla cavabdehin hərəkətləri arasında səbəbli əlaqənin olması halı sübut edilmişdir. Bununla da, hazırkı mülki iş üzrə cavabdeh tərəfindən iddiaçıya ziyan vurulması halı müəyyən edilmişdir.

21. Məhkəmə iddiaçının iddiasının 1350 manat qazancın ödənilməsi hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı qeyd olunan məbləği 1 ay 15 gün müddətində icarəyə vermək və gəlir əldə etmək imkanından məhrum olduğunu bildirərək tələb edir.

22. Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 29-cu maddəsinin İ, İİ və İİİ hissələri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2025-ci il tarixli Qərarında qeyd edilmişdir ki, əmlakın bir şəxsə aid pulla qiymətləndirilə bilən bütün haqq (subyektiv hüquq) və öhdəliklərin məcmusu olduğu nəzərə alınarsa şəxsin əmlakında onun iradəsindən kənar istənilən azalma zərəri ifadə edir. Faktiki (real) zərər əmlakın dəyərində birbaşa pulla ölçülə bilən azalmada ifadə olunmaqla əmlak aktivinin faktiki azalması, passivinin isə artması şəklində təzahür olunur. Əldən çıxmış fayda isə əmlakın aktivinin (əmlak haqlarının dəyərinin) artması imkanının, həmçinin passivlərinin (öhdəliklərin dəyərinin) azalması imkanının aradan qalxması şəklində baş verir.

23. Hazırki işdə də iddiaçı sözügedən avtomobili cavabdehə icarəyə verməklə, onlar günlük 30 manat məbləğində icarə haqqı məbləğinin örənilməsi ilə bağlı razılığa gəlmişlər. İddiaçının avtomobilinə zərər dəyməsi səbəbindən o, həmin əmlakı icarəyə verməklə gəlir əldə etmək hüququndan məhrum olmuşdur.

24. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclaslarına gəlməmiş, qeyd olunan halları təkzib edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmiş, eyni zamanda iddiaya qarşı hər hansı etirazını bildirməmişdir.

25. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh 1350 manat icarə haqqı, avtomobilə vurulmuş maddi ziyanın əvəzi olaraq 2120 manat olmaqla, cəmi 3470 (üç min dörd yüz yetmiş) manat məbləğində pul vəsaiti və 54 (əlli dörd) manat, 70 (yetmiş) qəpik dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilməlidir.

Nəticə:

26. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi təmin edilsin. Cavabdeh 1350 manat icarə haqqı, avtomobilə vurulmuş maddi ziyanın əvəzi olaraq 2120 manat olmaqla, cəmi 3470 (üç min dörd yüz yetmiş) manat məbləğində pul vəsaiti və 54 (əlli dörd) manat, 70 (yetmiş) qəpik dövlət rüsumunun əvəzi tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdehlər qiyabi qətnaməni rəsmi qaydada aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğv edilməsi üçün Sumqayıt Şəhər Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar