Məhkəmə qərarları › İş №2(060)-2067/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2067/2022

26.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2067/2022 26.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh oğluna qarşı borcun ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra - iddiaçı) Cavabdeh oğluna (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 2900 manat əsas məbləğin və ödənilmiş 50 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 28.10.2021ci il tarixli, 987 saylı nəqliyyat vasitəsinin icarə müqaviləsi bağlanılmışdır. Müqavilənin təminatı kimi, “Hyundai Sonata” markalı, **-TX-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi 28.10.2021-ci il tarixdən 30.11.2021-ci il tarixədək günlük 60 manat olmaq şərtiylə icarəyə verilmişdir. Cavabdeh tərəfindən icarə müqaviləsinə əsasən irəli gələn öhdəliklər pozulmuş və cavabdehin 400 manat cərimə və icarə müqaviləsinin 8.3-cü bəndini pozduğuna görə 2500 manat borcu yaranmışdır. 31.10.2021-ci il, saat 15:05 radələrində, Sumqayıt şəhər X2 əməkdaşları tərəfindən Cavabdeh İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə protokol tərtib olunmuşdur. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət edilsə də, cavabdeh hər dəfəsində borcun ödənilməsindən yayınmış, borcu ödəmək üçün indiyədək heç bir səy göstərməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Hyundai Sonata” markalı, **-TX-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi 3 gün cərimə meydançasında saxlanılıb. 400 manat cərimə məbləği iddiaçı tərədindən ödənilmişdir. Cavabdehdən icarə haqqı tələb edilmir. O, narkotik vasitə qəbul edərək avtomobili idarə edib, bu səbəbdən məsuliyyətə cəlb olunub. Tərəflər arasdında bağlanmış müqavilənin 8.3-cü maddəsində Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, cavabdeh xx.xx.1979-cu ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan tərəflər arasında bağlanmış 28.10.2021-ci il tarixli, avtonəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən “HYUNDAİ SONATA” markalı, **-TX- *** dövlət qeydiyyat nişanlı avtomobil 28.10.2021-ci il tarixdən 30.11.2021-ci il tarixədək 1 günü 60 manat olmaq şərtilə iddiaçı tərəfindən cavabdehə icarəyə verilmişdir. İş materiallarına əlavə edilmiş 28.10.2021-ci il tarixli yol vərəqəsinə əsasən cavabdehə “HYUNDAİ SONATA” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək səlahiyyəti verilmişdir. AP0193590 saylı protokoldan çıxarışa əsasən cavabdeh 31.10.2021-ci il tarixində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzinə əsasən 420 manat məbləğində cərimə iddiaçı tərəfindən ödənilmişdir. İşə əlavə edilmiş 06.01.2022-ci il tarixli bildirişdən görünür ki, iddiaçı cavabdehə 7 iş günü müddətində borcun ödənilməsi ilə bağlı xəbərdarlıq etmişdir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsinə görə 50 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur (700.1.). İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər (700.2.). Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir (700.3.). Göründüyü kimi tərəflər arasında icarə müqaviləsi bağlanmış və iddiaçı müqavilədə nəzərdə tutulmuş nəqliyyat vasitəsini cavabdehin istifadəsinə vermişdir. Mülki Məcəllədə həmçinin göstərilmişdir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (21.1.). Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (1096.1.). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (1096.2). Sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən cavabdehin qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Göründüyü kimi cavabdeh iddiaçının mülkiyyətində olan nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən 400 manat cərimə edilmiş, həmin cərimə məbləği isə iddiaçı tərəfindən ödənilmişdir. Yəni iddiaçıya cavabdehin qanunsuz hərəkətləri nəticəsində maddi ziyan dəymişdir. Bu səbəbdən iddia 400 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsində təmin edilməlidir. Eyni zamanda iddiaçı tərəflər arasında bağlanmış 28.10.2021-ci il tarixli icarə müqaviləsinin 8.3-cü bəndinə əsaslanaraq cavabdehdən 2500 manat pulun onun xeyrinə tutulmasını xahiş edir. Həmin bənddə göstərilmişdir ki, cavabdeh nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə 2500 manat cərimə ediləcək. Mülki Məcəlləyə əsasən Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər (390.1.). Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, ödəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Yuxarıda qeyd edilən normaların məzmunundan göründüyü kimi tərəflərin Mülki Məcəllədə nəzərdə tutulmayan müqavilələr bağlaması o halda mümkündür ki, bağlanan müqavilə həmin Məcəlləyə zidd olmasın. Tərəflər arasında bağlanmış icraə müqaviləsinin 8.3-cü bəndində avtomobilin cavabdeh tərəfindən sərxoş vəziyyətdə idarə edilməsinə görə onun 2500 manat cərimə ediləcəyi qeyd edilmişdir. Öncə qeyd edilməlidir ki, həmin bənddə nəzərdə tutulan “cərimə” anlayışı mülki qanunvericilikdə nəzərdə tutulmuş “dəbbə pulu” anlayışı ilə uyğunluq təşkil etmir. Belə ki, tərəflər arasında bağlanmış müqavilə icarə müqaviləsidir və cavabdeh icarə şərtlərini pozduğu halda iddiaçının dəbbə pulu tələb etmək hüququ yarana bilərdi. Lakin, iddiaçı birbaşa müqavilənin konkret bəndinə əsaslanaraq, əmlakın icarəyə verilməsi şərtlərinə aid olmayan səbəblə cavabdehdən cərimə tələb edir. Eyni zamanda avtomobilin sərxoş vəziyyətdə idarə edilməsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır ki, bu halda şəxsə cərimə tətbiq etmək səlahiyyəti dövlətə məxsusdur. Ayrı-ayrı fiziki və hüquqi şəxslər bu əsasla şəxsə hər hansı cərimə və digər inzibati tənbeh tədbiri tətbiq edə bilməzlər. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehdən 2500 manat pulun tutulması hissəsində təmin edilə bilməz. İddia qismən təmin edildiyi üçün iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi dövlət rüsumunun 20 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 400 (dörd yüz) manat məbləğində dəymiş ziyan məbləği və ödənilmiş 20 (iyirmi) manat məbləğində dövlət rüsumu Cavabdeh oğlundan tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar