Məhkəmə qərarları › İş №2(060)-2076/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2076/2022

20.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2076/2022 20.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1031 manat məbləğində əsas borcun və 30 (otuz) manat 31 (otuz bir) qəpik məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1061,31 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmədə iştirak edən zaman iddia tələbini müdafiə edərək göstərmişdir ki, Cavabdeh 5463 nömrəli, 14.01 2021 -ci il tarixli kredit müqaviləsinə əsasən onun fərdi sahibkar kimi fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən mağazadan ümumi dəyəri 1330 manat olan məişət avadanlıqları əldə etmişdir. Məişət avadanlıqları 14.01.2021 -ci il tarixli, SL-1007412 nömrəli satış qaimə-fakturasına əsasən Cavabdeh təhvil verilmişdir. Cavabdeh ilkin ödəniş 250 manat ödədikdən sonra 14.01.2022-ci ilədək 12 ay müddətində hər ay 90 manat olmaqla cəmi 1080 manat məbləğin ona ödəniş etməsi barədə öhdəlik götürmüşdür. Cavabdehin həmin müqavilə üzrə müəyyən ödənişlər etdikdən sonra ona 1031 manat borcu qalmışdır. Lakin cavabdeh müqavilə üzrə öhdəsinə götürdüyü öhdəliyi icra etməkdən boyun qaçırır, borc məbləğini ödəməkdən yayınır. Buna görə də borc məbləğinin cavabdehdən tutularaq ona ödənilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, Cavabdeh 1031 manat məbləğində əsas borcun və 30,31 manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq onun xeyrinə ödənilməlidir. İddia ərizəsinə əlavə etdiyi 5463 nömrəli, 14.01.2021 -cı il tarixli kredit müqaviləsindən görünür ki, onun fərdi sahibkar kimi fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən mağazadan ümumi dəyəri 1330 manat olan məişət avadanlıqları əldə etmişdir və cavabdeh ilkin ödəniş 250 manat ödəməklə 14.01.2022-ci ilədək 12 ay müddətində hər ay 90 manat olmaqla cəmi 1080 manat məbləğin ona ödəniş etməsi barədə öhdəlik götürmüşdür. İddia ərizəsinə əlavə etdiyi 14.01.2021 -cı il tarixli, SL-1007412 nömrəli satış qaimə-fakturasından görünür ki, məişət avadanlıqları Cavabdeh təhvil verilmişdir. İddia ərizəsinə əlavə etdiyi kotragentlərlə nağd hesablaşmalar barədə və borc qalığı barədə çıxarışdan görünür ki, cavabdehin həmin müqavilə üzrə müəyyən ödənişlər etdikdən sonra ona 1031 manat borcu qalmışdır. İddia ərizəsinə əlavə etdiyi e-taxes.gov.az rəsmi internet saytından onun vergi ödəyicisi olmağı barədə məlumatı özündə əks etdirən çıxarışdan görünür ki, o,, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Cavabdehlə aralarında faktiki olaraq hissə-hissə ödəmə şərtilə əşyanın nisyə alqı- satqı müqaviləsi bağlanmışdır. Buna görə hesab edir ki, mövcud mübahisənin həlli zamanı hissə-hissə ödəmə şərtilə əşyanın nisyə alqı-satqı müqaviləsinin qaydaları tətbiq edilməlidir. Odur ki, cavabdehdən 1031 manat məbləğində əsas borcun və 30,31 manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1061,31 manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh 1031 manat məbləğində əsas borcun və 30 (otuz) manat 31 (otuz bir) qəpik məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 1061,31 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Eyni zamanda teleqram ilə məhkəməyə müraciət edərək məhkəmə iclaslarını onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPMnin 185.5-ci maddəsinə əsasən məhkəmə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək belə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan 14.01.2021-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh “MAF Elektronic”dən hər ay 90 (doxsan) manat olmaqla, 12 ay müddətinə ümumi dəyəri 1330 manat olan LG markalı televizor və Samsung A21s markalı telefon almışdır. İş materiallarında olan “MAF-Elektron”un 14.01.2021-ci il tarixli satış qaimə fakturasından görünür ki, dəyəri olan 480 manat olan “Samsung A21S 32” markalı telefon və 850 manat olan “LG 43570 smart” TV Cavabdeh təhvil verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1 -ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1 -ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1 -ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının MM-nin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1 -ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında qanunvericilklə nəzərdə tutulmuş qaydada Nisyə satış müqaviləsi bağlanılmış, iddiaçı müqavilə üzrə öhdəliklərini tam yerinə yetirsə də, cavabdeh müqavilənin şərtlərinə əməl etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ona görə də iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə keçirilməlidir. Şərh edilənləri nəzərə alaraq, məhkəmə Cavabdeh 1031 (bir min otuz bir) manat məbləğində əsas borc və 30 (otuz) manat 31 (otuz bir) qəpik dövlət rüsumu, cəmi 1061 (bir min altmış bir) manat 31 (otuz bir) qəpik məbləğində pulun alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 1031 (bir min otuz bir) manat məbləğində əsas borc və 30 (otuz) manat 31 (otuz bir) qəpik dövlət rüsumu, cəmi 1061 (bir min altmış bir) manat 31 (otuz bir) qəpik məbləğində pulun alınaraq İddiaçı ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar