Məhkəmə qərarları › İş №2(060)-2078/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2078/2022

23.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2078/2022 23.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, İbrahimova Nuranə Əjdər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 25000 (iyirmi beç min) manat məbləğində pulun və ödədiyi 30 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçıya verilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının tanışıdır. 1 il bundan öncə iddiaçıdan borc pul istəmiş, xx.xx.20200-ci il tarixdə digər tanışları olan X4 və X2 şahidliyi ilə cavabdehə 25000 (iyirmi beş min) manat məbləğində borc pul verilmişdir. Cavabdeh həmin pulu iki ay müddətində geri qaytaracağına dair üzərinə şifahi öhdəlik götürmüş, hətta bununla bağlı öz aralarında akt tipli yazı tərtib edilmişdir. İddiaçı da cavabdeh də, şahidlər də bu akta imza etmişlər. Hətta cavabdeh öz xətti ilə iddiaçıdan 25000 manat məbləğində pulu borc aldığını, 2021-ci ilin mart ayının 20-nə kimi ödəyəcəyini yazaraq imza etmişdir. Dəfələrlə cavabdehə pulunu geri qaytarması ilə bağlı xəbərdarlıq etsə də, pulu ödəməkdən boyun qaçırmış,nə vaxt ödəyəcəyi barədə dəqiq vaxt demir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7225/2021 saylı, xx.xx.2021-ci il tarixli qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Cavabdeh 25000 (iyirmi beş min) manat və ödənilmiş Dövlət rüsumunun əvəzi 30 manat pul alınaraq İddiaçı verilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-7225/2021 saylı qiyabi qətnaməsinin ləğv edilərək işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2078/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)- 7225/2021 saylı qiyabi qətnaməsinin ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması qərara alınmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi- vəkili Vəkil1 iddia tələbini müdafiə etdi. Bildirdi ki, ekspert rəyindən də göründüyü kimi xx.xx.2020-ci il tarixli əlyazmadakı imza cavabdehə məxsusdur. Ona görə də iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil2 iddia tələbini qəbul etmədi. Ekspert rəyində imzanın cavabdehə aid olunduğu göstərilsə də, həmin rəylə razı deyildir. Cavabdeh imzanın ona aid olmadığını təkidlə bildirir. Buna görə də iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə, iddiaçının vəkili-nümayəndəsinin və cavabdehin vəkili-nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: -xx.xx.2020-ci il tarixli əlyazmadan görünür ki, Cavabdeh, X3 və X2 şahidliyi ilə iddiaçıdan 25000 manat məbləğində pulu borc aldığını, 2021-ci ilin mart ayının 20-nə kimi ödəyəcəyini qeyd etmişdir. -Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 4/632 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 31-ci vərəqində olan xx.xx.2020-ci il tarixli aktda “Cavabdeh Fərrux” yazıların qarşısındakı imza-Cavabdeh tərəfindən icra olunmuşdur. Göründüyü kimi, məhkəmə araşdırması zamanı, müəyyən edilir ki, cavabdeh iddiaçıdan 25000 manat almış və qaytarmamışdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 882.1-ci maddəsinə əsasən - Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Həmin Məcəllənin 882.2-ci maddəsinə əsasən- Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Həmin Məcəllənin 882.4-cü maddəsinə əsasən - Bu Məcəllənin 882.1-882.3-cü maddələri öhdəliyin icrasının qəbul edilməsini, həm də bu barədə vədin öhdəliyə əsas verən şəkildə qəbul edilməsini nəzərdə tutan hər bir müqaviləyə (öhdəliyi öz üzərinə götürmək haqqında müqaviləyə) müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 882.5-ci maddəsinə əsasən - Əgər borc hesablaşmaya (ödənişə) əsasən və ya razılaşma yolu ilə etiraf olunmuşsa, formaya riayət edilməsi məcburi deyildir. Məhkəmə hesab edir ki, cavabdeh borclu olduğu pulu ödəməyinə dair öhdəlik götürmüşdür, lakin nəzərdə tutulan öhdəlik cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Ona görə də iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh 25000 manat borc tutularaq İddiaçı verilməlidir . Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi təmin edildiyindən dövlət rüsumu ilə bağlı tələb də təmin edilməli cavabdehdən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin ekspertiza tədqiqatının dəyəri olan 125 manat pul cavabdehdən tutularaq X1 (Müxbir hesab: AZ41NABZ********************, kod: 210005,VÖEN:**********) ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh İddiaçı qaytarmaq şərti ilə borc kimi aldığı 25000 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi tutularaq İddiaçı verilməlidir . Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 25000 (iyirmi beş min) manat və ödənilmiş Dövlət rüsumunun əvəzi 30 manat pul alınaraq İddiaçı verilsin. Ekspertiza tədqiqatının dəyəri olan 125 manat pul Cavabdeh tutularaq X1 (Müxbir hesab: AZ41NABZ********************, kod: 210005,VÖEN:**********) ödənil Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar