Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2084/2025 05.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq ödənilmiş rüsumun tutulması, mənəvi ziyanın ödənilməsi, ümumilikdə 1575 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2024 tarixində Yol patrul xidməti əməkdaşı Cavabdeh maşınını saxlayaraq gözüylə baxaraq lampaların normativ tələbləri pozduğunu bildirmişdir. İXP6720924 protokol yazaraq maşınını Saray postuna sürməyini bildirmişdir. Saray postunda maşınını deyilən ərazidə saxlamağını və orada qalacağını bildirib açarı ondan almışdır. Maşını Saray postunda xx.xx.2024 tarixindən xx.xx.2025 tarixinə kimi qeyri-qanuni saxlanılmışdır. Dəfələrlə maşınını Saray postundan götürmək istəsə də, maşınını ona verməmişlər. xx.xx.2025 tarixində Saray postuna maşınını çıxartmaq məqsədiylə maşınına yaxınlaşdıqda görmüşdür ki, maşınının sol qabaq qapısı sürtülərək böyük ölçüdə cızıqlar yaranmış və qapının sürtülən yerlərinin rəngi getmişdir. Maşınının bunlardan əlavə digər yerləri də sürtülüb cızılmış və cızılan yerlərin bəzilərinin rəngi də getmişdir. Maşınının sol tərəfdən padnoşkası əyilmişdir. Maşınının qabaq fara lampasının biri də işləmirdi. Maşınının qabaq fara lampaları işlək vəziyyətdə yol patrul xidməti əməkdaşı şəklini çəkərək protokol yazmışdır. Bunlarla bağlı xx.xx.2025 tarixində Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə də məlumat vermişdir. Ona həm maddi, həm də mənəvi ziyan vurulmuşdur. Maşını Saray postunda qaldığı müddət ərzində ona 1075 manat və maşınına isə 500 manat ziyan dəyib. Ümumilikdə ona 1575 manat maddi ziyan vurulub.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, inzibati tənbeh vermə haqqında qərar məhkəmə tərəfindən ləğv olunmuşdur. Yenidən araşdırılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmişdir. 2 dekabr tarixində avtomobili cərimə meydançasına daxil olmuşdur. Avtomobil təxminən 43 gün “Saray” postunda saxlanılmışdır. Avtomobil orada yerləşdirilməmişdən əvvəl fotoşəkil çəkilmişdir. Həmçinin Saray postundan çıxarıldıqdan sonra da avtomobilə baxış keçirilmişdir. 500 manat avtomobilinə dəymiş maddi ziyan, 1075 manat məbləğində pul vəsaiti isə əsəb sistemlərinin pozulmasına görə ona dəymiş ziyandır. Disk avtomobilinə dəymiş ziyanı əks etdirir. Çəkilişi avtomobili götürməzdən bir gün əvvəl 14 yanvar tarixində aparmışdır. Çəkilişi telefon vasitəsilə aparmışdır. Çəkilişin aparılma tarixi ilə bağlı telefonda məlumatlar qalmalıdır. Avtomobilin cərimə meydançasına daxil olduğu gün çəkiliş aparmamışdır. Videonu özü üçün çəkmişdir. Avtomobilin cərimə meydançasına yerləşdirilməsinin səbəbi yol nəqliyyat hadisəsi olmamışdır. Avtomobili digər avtomobillə toqquşmamışdır. Onun hissələrinin dəyişməsi əsas gətirilmişdir. Cavabdeh avtomobilinə dəyən ziyana görə məsuliyyət daşıyır.
4. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tədqiq olunan sübutlar:
5. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(060)-698/2025 saylı qərarı ilə Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin 14 mart 2025-ci il tarixli, TP ******* saylı elektron inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və İddiaçı barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilməsi qərara alınmışdır.
Tətbiq edilən hüquq:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
7. Azərbaycan Respublikası Mülki Məcəlləsinin
-21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. -560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. -1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
8. Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında
1-ci maddəsinin 8-ci hissəsinə əsasən bu Qanunun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müddəalarına əsasən Azərbaycan Respublikasının ərazisində Azərbaycan Respublikasının təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının səhvi və ya sui-istifadəsi nəticəsində şəxsin barəsində ictimai işlər, inzibati həbs və ya cərimə növündə inzibati tənbeh tətbiq edilməsi nəticəsində həmin şəxsə vurulmuş ziyan ödənilməlidir. 4-cü maddəsinin 3-cü hissəsinə əsasən vurulmuş ziyanın bu Qanunla müəyyən edilmiş hallarda, miqdarda və qaydada ödənilməsi hüququ inzibati xəta haqqında işə xitam verildikdə yaranır.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
9. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək, iddiaçını dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməməlidir.
10. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə İddiaçı **-LF-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 342.2.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törtəməsi səbəbindən həmin maddə ilə 150 manat cərimə edilmişdir. Həmin Qərar Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(060)-698/2025 saylı qərarı ilə ləğv edilmişdir. Əsas kimi isə polis əməkdaşı tərəfindən barəsində inzibati tənbeh etmə haqqında qərar qəbul edilən İddiaçı törədilmiş inzibati xətaya aidiyyətinin sübuta yetirilməməsi olmuşdur. Hazırda isə iddiaçı məhkəməyə müraciət edərək, ona məxsus avtomobilin qanunsuz olaraq cərimə meydançasında saxlanılması nəticəsində ona dəymiş zərərin əvəzinin tutulmasını xahiş edir.
11. İddiaçı iddia tələbində ona məxsus avtomobilin cərimə meydançasına yerləşdirilərkən cavabdeh tərəfindən maşınına 500 manat məbləğində maddi ziyan vurulduğunu, maşınının sol qabaq qapısı sürtülərək böyük ölçüdə cızıqlar yarandığını və qapının sürtülən yerlərinin rənginin getdiyini bildirmişdir.
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin yuxarıda məzmunu qeyd olunmuş 1096.1-ci maddəsinin tələbinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: - zərərin mövcud olması, - zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, -zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçıdan zərərin ödənilməsi tələb oluna bilməz.
13. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
14. Qanunvericiliyin tələbinə görə zərər vurulmasına gətirib çıxaran hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməl (hərəkət və ya hərəkətsizlik) təqsirdə ifadə olunur. Başqa sözlə, hüquqa zidd əməl təqsirli olaraq törədilməli, vurulmuş ziyanla hüquqa zidd əməl arasında səbəbli əlaqə olmalıdır.
15. Məhkəmə qeyd edir ki, iddia tələbli bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir.
16. Sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
17. Məhkəmə hansı halların sübuta yetirilməli olduğunu təsbit etdikdən sonra həmin halların sübut edilməsi yükünün kimin üzərinə düşdüyünü müəyyən etməlidir. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aidir.
18. Hazırki işdə iddiaçı ona məxsus avtomobilin cərimə meydançasına yerləşdirilərkən cavabdeh tərəfindən zərərə məruz qaldığını iddia etsə də, qeyd edilən halı təsdiq edən sənədləri, yəni cavabdeh tərəfindən avtomobilinə maddi ziyan vurulmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəməyə təqdim edilmiş fotoşəkilər isə avtomobilin cərimə meydançasına yerləşdirilməsindən xeyli əvvəl (iddaçının özünün deməsinə görə) və cərimə meydançasından çıxarıldıqdan sonra çəkilmiş fotoşəkillər olmaqla, həmin fotoşəkillər əsasında avtomobildə olan qüsurların məhz avtomobilin cərimə meydançasında olarkən və cavabdeh tərəfindən həyata keçirilməsinin sübutu kimi qəbul edilə bilməz.
19. Bundan başqa ə iddiaçı avtomobilin qanunsuz olaraq cərimə meydançasına yerləşdirildiyini, bununla bağlı qərarın Sumqayıt Şəhər Məhkəməsinin qərarı əsasında ləğv edildiyini və bunun nəticəsində ona mənəvi ziyan dəydiyini iddia edir.
20. Məhkəmə qeyd edir ki, iddiaçıya məxsus avtomobilin uzun müddət cərimə meydançasına yerləşdirilməsi Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin 14 mart 2025-ci il tarixli, TP ******* saylı elektron inzibati tənbeh vermə haqqında qərarı əsasında həyata keçirilmiş və yuxarıda qeyd olunduğu kimi Sumqayıt Şəhər Məhkəməsinin 09 aprel 2025-ci il tarixli qərarı ilə həmin qərar ləğv edilmiş və İddiaçı barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata onun hərkətlərində inzibati xəta tərkibi olmadığına görə xitam verilmişdir. Qeyd edilən hal isə yuxarıda adı qeyd edilən «Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tələbləri baxımından bunun üçün əsaslar olduğu halda ziyanın ödənilməsi üçün əsas ola bilər. Bu halda isə dəymiş zərərin ödənilməsi ilə bağlı birbaşa polis əməkdaşı deyil, müvafiq inzibati orqan cavabdehlik daşıyır. Çünki qeyd edilən Qanunun 6-cı maddəsinin 1-ci bəndinə əsasən, bu Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir.
21. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Əsasnaməsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır.
22. Göründüyü kimi təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi də öz növbəsində dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır və vurulmuş mənəvi ziyanın əvəzinin ödənilməsi Dövlət büdcəsinin vəsaiti hesabına (Azərbaycan Respublikası Maliyyə Nazirliyi vasitəsilə) həyata keçirilir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinin dispozisiyasına əsasən məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq deyil, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur.
24. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı irəli sürdüyü iddia tələbinə münasibətdə məhkəmə müdafiəsi hüququna malik olsa da, həmin tələb buna cavab verməli olan şəxsə qarşı yönəldilmədiyindən təmin edilə bilməz. İddianın əsaslılığı məsələsinə gəldikdə isə iddiaya cavab verməli olan subyektə qarşı tələb irəli sürüldüyü təqdirdə məhkəmə müvafiq qərar verə bilər.
25. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı Cavabdeh 1575 manat məbləğində pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir.
Nəticə:
26. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddiaçı Cavabdeh qarşı Cavabdeh 1575 manat məbləğində pulun tutularaq İddiaçı xeyrinə ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva