Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2094/2021 15.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, iddiaçının nümayəndəsi X1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlunun iştirakı ilə, iddiaçı BOKT "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: BOKT "xxxx" MMC (bundan sonra - iddiaçı) Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərdən iddiaçının xeyrinə 1170,90 ABŞ dolları məbləğində əsas borc, 473,63 ABŞ dolları faiz borcu və 70,65 ABŞ dolları müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin əvəzi olmaqla, cəmi 1715,18 ABŞ dolları məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh1 arasında 25.04.2014-cü il tarixli, L-BK-0024368-F saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 18 ay müddətinə, aylıq 2,5 faiz, illik 30 faiz olmaqla 3900 ABŞ dolları məbləğində kredit verilmişdir. Eyni zamanda, bank ilə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında 25.04.2014-cü il tarixli, müvafiq olaraq BK-00017979, BK-00017989 saylı zaminlik müqavilələri bağlanmışdır. Borcalan öhdəliyini lazımı qaydada icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunmasına baxmayaraq, onlar banka olan borclarını ödəməmişlər. 25.04.2014-cü il tarixinə borclunun kredit müqaviləsi üzrə 1170,90 ABŞ dolları məbləğində əsas borc, 473,63 ABŞ dolları faiz borcu və müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin əvəzi 70,65 ABŞ dolları olmaqla, ümumilkdə 1715,18 ABŞ dolları məbləğində kredit borcu yaranmışdır. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iştirak edərək bildirdi ki, borcunu etiraf edir. Borcun saxlanılmasını, faizlər olan hissənin isə silinməsini xahiş edir. Hal-hazırkı vəziyyətdə borcun hamısını ödəyə bilmir.Qalan borcu hissə-hissə ödəyə bilər. Qeyd edilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh2 məhkəmə iclasında iştirak edərək bildirdi ki, iddia tələbi ilə razı deyil. Cavabdeh1 həqiqətən də iddiaçıdan kredit götürmüşdür. Cavabdeh2 da həmin müqavilədə zamin kimi çıxış etmişdir. Əgər imkan yaradılarsa ,Cavabdeh1 qalan borcunu hissə-hissə ödəyəcək. Qeyd edilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabeh Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşdən göründüyü kimi Cavabdeh1 xx.xx.1978-ci ildə, Tovuz rayonu, Əlibəyli kəndində anadan olmuş, hazırda Tovuz rayonu, Əlibəyli kəndində qeydiyyatdadır. Cavabdehlər Cavabdeh2 xx.xx.1975-ci ildə, Sumqayıt şəhərində, Cavabdeh3 isə xx.xx.1976-cı ildə Goranboy rayonunda anadan olmuşlar. Hazırda Cavabdeh2 ünvan 1 ünvanında, Cavabdeh3 isə ünvan 2anında qeydiyyatdadırlar. İş materialları ilə müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 25.04.2014-cü il tarixli, L-BK-0024368-F saylı kredit müqaviləsinə əsasən iddiaçı ona 18 ay müddətinə, aylıq 2,5 faiz, illik 30 faiz dərəcəsi ilə 3900 ABŞ dolları kredit verilmişdir. İddiaçı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 25.04.2014cü il tarixli, müvafiq olaraq BK-00017979, BK-00017989 saylı zaminlik müqavilələrinə əsasən onlar Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinə zamin olmuşlar. İşdə olan ödəniş cədvəlinə əsasən Cavabdeh1 24 ay müddətinə hər ay 275,00 manat, sonuncu ay isə 275,50 manat ödəniş etməli idi. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 25.04.2014-cü il tarixli kredit müqaviləsinə 22.08.2017-ci il tarixli razılaşma protokoluna əsasən kreditin müddəti 30.09.2020-ci il tarixinə kimi uzadılmışdır. Eyni tarixdə iddiaçı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında razılaşma protokolları imzalanmışdır. İddiaçı tərəfindən cavabdehlərə 31.05.2019-cu il tarixli borcun ödənilməsi ilə bağlı xəbərdarlıq məktubu göndərilmişdir. 01 dekabr 2020-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin həmin tarixə banka əsas borc üzrə 1170,90 ABŞ dolları, 473,63 ABŞ dolları faiz borcu və müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin əvəzi olmaqla 70,65 ABŞ dolları olmaqla, cəmi 1715,18 ABŞ dolları borcu vardır . İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi iddiaçı ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmışdır. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Göründüyü kimi Cavabdeh1 kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və 01.12.2020-ci il tarixinə onun banka əsas borc üzrə 1170,90 ABŞ dolları, faiz borcu üzrə 473,63 ABŞ dolları və müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin əvəzi 70,65 ABŞ dolları olmaqla , ümumilikdə 1715,18 ABŞ dolları qalmışdır. Həmin borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Məcəlləyə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür (470.1.). Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar (472.1.). Göründüyü kimi Cavabdeh2 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən Cavabdeh1 iddiaçı qarşısında kredit öhdəliyi üzrə zamin olmuşdur. Bu səbəbdən kredit borcu ilə bağlı iddiaçı qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyırlar. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumu cavabdehlərə aid edilməlidir. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Əsas borc üzrə 1170,90 ABŞ dolları, faiz borcu üzrə 473,63 ABŞ dolları və 70,65 ABŞ dolları müqavilə şərtlərinin pozulması nəticəsində dəymiş zərərin əvəzi olmaqla, cəmi 1715 (min yeddi yüz on beş) ABŞ dolları 18 (on səkkiz) sent məbləğində pul (ödəniş günü ABŞ dollarının Azərbaycan manatına olan ekvivalentində manatla) və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq BOKT "xxxx" MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-2094/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2094/2021
15.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver