Məhkəmə qərarları › İş №2(060)-21/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-21/2020

06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-21/2020 06.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Məmmədova Şəhrəbanu Rəhim qızının katibliyi, İddiaçı “xxxxxx” İKB ASC-nin (“xxxxxxxxx” ASC) nümayəndəsi X1, Cavabdeh və vəkili X4 iştirakı ilə İddiaçı «xxxxxx» İKB Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borc və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı «xxxxxx» İKB Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə 39509,91 manat əsas borc, 23079,81 manat faiz borcu və 1652,96 manat cərimə borcu olmaqla, cəmi 64242,68 manat borcun, 30 manat dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının iddiaçının xeyrinə tutulması və tutmanın kreditin təminatı kimi cavabdehə məxsus Sumqayıt şəhəri, 17-ci mikrorayon, İsmət Qayıbov küçəsində yerləşən, 210.1 kv.m ümumi sahədən ibarət 29B nömrəli qeyri-yaşayış binasına yönəldilməsi, həmin qeyri-yaşayış binasının açıq hərracdan satılması və borcun Sumqayıt şəhəri, 17-ci mikrorayon, İsmət Qayıbov küçəsində yerləşən, 210.1 kv.m ümumi sahədən ibarət 29B nömrəli qeyri-yaşayış binasının hərracdan satışdan əldə olunan vəsait hesabına “xxxxxx” İKB ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh məxsus Sumqayıt şəhəri, 17-ci mikrorayon, İsmət Qayıbov küçəsində yerləşən, 210.1 kv.m ümumi sahədən ibarət 29B nömrəli qeyri-yaşayış binasına yönəldikdə və o, satıldıqdan 1 ay sonra Cavabdeh Sumqayıt şəhəri, 17-ci mikrorayon, İsmət Qayıbov küçəsində yerləşən, 210.1 kv.m ümumi sahədən ibarət 29B nömrəli qeyri-yaşayış binasına olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, həmin qeyri-yaşayış binasının boşaldılması və banka təhvil verilməsi, Cavabdeh ilə “xxxxxx” İKB ASC arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxxxx» İKB ASC iddia tələbini onunla əsaslandırmışdır ki, 2014-cü il 28 avqust tarixli kredit müqaviləsinə əsasən Cavabdeh “xxxxxx” İKB ASC-nin “Sumqayıt” filialından illik 25%-lə 60 ay müddətinə 50000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh mülkiyyətindəki Sumqayıt şəhəri, 17-ci mikrorayon, İsmət Qayıbov küçəsində yerləşən, 210.1 kv.m ümumi sahədən ibarət 29B nömrəli qeyriyaşayış binası 2014-cü il 28 avqust tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş və dövlət reyestrində qeydə alınmışdır. 2014-cü il 28 avqust tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb etmişdir. 2018-ci il iyunun 20-dək Cavabdeh 2014-cü il 28 avqust tarixli kredit müqaviləsi üzrə banka 39509.91 manat əsas, 23079.81 manat faiz, 1652.96 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 64242.68 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirməmişdir. «İpoteka Haqqında» Azərbaycan Respublikasının Qanununun 34.1.1 və 34.1.3-cü bəndlərində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtin yerinə yetirilməməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi anı kimi nəzərdə tutulmuşdur. Tərəflər arasında imzalanmış ipoteka müqaviləsində ipoteka predmetinin dəyəri tərəflər arasında qarşılıqlı razılaşmaya əsasən müəyyən olunmuşdur. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyi üçün bu öhdəliyin icrasını təmin etmək məqsədilə ipoteka predmeti olan əmlaka tutma yönəldilməli, həmin əmlak hərracda satılmalı və onun satışından əldə edilmiş pul vəsaiti borcun əvəzinə yönəldilməlidir. Ona görə də iddiaçı, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı «xxxxxx» İKB ASC-nin (“xxxxxxxxx” ASC) nümayəndəsi X2 iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/2468 saylı rəyində qeyd olunan əsas borc məbləği üzrə razıdır, lakin faiz borcu hissəsində rəylə razı deyil. Eyni zamanda bildirdi ki, Cavabdeh «xxxxxx» İKB ASC-yə (“xxxxxxxxx” ASC) üç ayrı-ayrı kredit müqaviləsi üzrə borcu olmuşdur. Bu səbəbdən də Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/2468 saylı rəyində ekspertin cavabdehin ödənişlərinin bir hissəsinin onun banka digər kredit müqaviləsi üzrə olan borcuna silinməsi barədə qeydi həqiqətə uyğundur. Ona görə də nümayəndə məhkəməyə yeni maliyyə arayışı təqdim edərək və göstərilənlərə əsasən, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə qismən etiraz edərək bildirdi ki, o, həqiqətən «xxxxxx» İKB Açıq Səhmdar Cəmiyyətinin “Sumqayıt” filialından illik 25% olmaqla 60 ay müddətinə 50 000 manat məbləğində kredit götürmüşdür. Bundan başqa o həmin bankla 20000 manat və 10000 ABŞ dolları məbləğində daha iki kredit müqaviləsi bağlamışdır. Hazırki müqavilə üzrə borcdan 39000 manata yaxın ödəniş etmişdir. Lakin onun ödənişlərinin heç biri əsas borcdan çıxılmamışdır. Hamısı faiz və cərimə borcuna silinmişdir. Digər tərəfdən onun etdiyi ödənişlərdən 10000 manatı da bank tərəfindən nəzərə alınmamışdır. Ona görə də o, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020ci il tarixli 9/2468 saylı rəyi ilə razı deyil. Məhkəmədən qeyd edilənlərin nəzərə alınmasını xahiş etdi. Cavabdeh vəkili X5 iddia tələbinə qismən etiraz edərək bildirdi ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/2468 saylı rəyi ilə razı deyil. Belə ki, ekspert rəydə cavabdeh tərəfindən ödənilən 10691 manat məbləğində pulun başqa kredit müqaviləsi üzrə silindiyini qeyd etsə də, iş materiallarında bunu təsdiq edən başqa sübut yoxdur. Göstərilənlərə əsasən vəkil iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İş materiallarında olan xx xxxxxx 2014-cü il tarixli, 4-G-2-0-949-14 salı kredit müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətinə əsasən, Cavabdeh “xxxxxx” İKB ASC-nin “Sumqayıt” filialından illik 25% olmaqla 60 ay müddətinə 50 000 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan «xxxxxx» İKB ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli, 4-G-2-0-949-14 saylı ipoteka müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2014-cü il tarixli 4-G-2-0-949-14 saylı kredit müqaviləsinin təminatı olaraq Cavabdeh məxsus olan, Sumqayıt şəhəri, 17-ci mikrorayon, İsmət Qayıbov küçəsində yerləşən, 210.1 kv.m ümumi sahədən ibarət 29B nömrəli qeyri-yaşayış binası ipoteka ilə yüklü edilmişdir. İşdə olan RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, 17ci mikrorayon, İsmət Qayıbov küçəsində yerləşən, 210.1 kv.m ümumi sahədən ibarət 29B nömrəli qeyri-yaşayış binası xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına 5 nömrəli reyestr kitabının 33 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2014-cü il tarixdə qeydə alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX Seriyalı ******* saylı xx.xx.2015-ci il tarixli Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh tam mülkiyyətində olan Sumqayıt şəhəri, 17-ci mikrorayon, İsmət Qayıbov küçəsində yerləşən, 210.1 kv.m ümumi sahədən ibarət 29B nömrəli qeyri-yaşayış binası «xxxxxx» İKB ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. xx.xx.2014-cü il tarixli, 2***-*******8 nömrəli kassa məxaric orderinin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh 50 000 manat məbləğində pulu «xxxxxx» İKB ASC-dən qəbul etmişdir. İşdə olan “FAME PRO” Məhdud Məsuliyyətli Cəmiyyətinin 01/161 nömrəli xx xxx 2019-cu il tarixli qeyri-yaşayış binasının qiymətləndirilməsi barədə hesabatından görünür ki, Cavabdeh məxsus olan Sumqayıt şəhəri, 17-ci mikrorayon, İsmət Qayıbov küçəsində yerləşən, 210.1 kv.m ümumi sahədən ibarət 29B nömrəli qeyri-yaşayış binasının xx.xx.2019-cu il tarixə olan bazar dəyəri 250 000 (iki yüz əlli min) manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli 25700 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh ilə «xxxxxx» İKB ASC xx xxxxxx 2014-cü il tarixli 4-G-2-0-949-14 saylı kredit sazişi üzrə hesablama aparmaq mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli 15676 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında hesabdan çıxarış məlumatları və xx.xx.2014-cü il tarixli, 4-G-2-0-949-14 saylı müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh xx xxxx 2018-ci il tarixinə (sual üzrə tarixə) “xxxxxx” İKB ASC olan borcu 45.393.23 manat məbləğində müəyyən edilmişdir. O cümlədən əsas borc üzrə 32.661.41 manat, faiz borcu üzrə 12.731.82 manat. Qeyd edilmişdir ki, hazırki ekspertiza zamanı hesabdan çıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh tərəfindən xx.xx.2018-ci il tam sonra 100,00 manat məbləğində ödəniş aparılması müəyyən edilir. Lakin ekspertiza qarşısında məhkəmə tərəfindən qoyulmuş sualda borc məbləğinin hesablanma tarixi xx.xx.2018-ci il tarixə göstərildiyindən 100,00 manat məbləğində ödəniş nəzərə alınmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/139 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları və xx.xx.2014-cü il tarixli, 4-G-2-0-949-14 saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh xx xxxx 2018-ci il tarixinə (sual üzrə tarixə) “xxxxxx” İKB ASC olan borcu 54,660,71 manat məbləğində müəyyən edilmişdir. O cümlədən əsas borc üzrə 32.661,41 manat və faiz borcu üzrə 21.999,30 manat. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/2468 saylı rəyindən görünür ki, birinci sual üzrə “xxxxxxxxxx” ASC ilə Cavabdeh arasında rəsmiləşdirilmiş xx.xx.2014-cü il tarixli 4-G- 2-0-949-14 saylı kredit müqaviləsi üzrə borcalan tərəfindən xx.xx.2019-cu il tarixədək ödənilməli olan əsas borc 50.000,0 manat, faiz borcu isə 38.053,8 manat olmaqla, ümumilikdə 88.053,8 manat həcmində olmalı idi. İkinci sual üzrə isə təqdim edilmiş ödəniş qəbzləri və hesabdan çıxarış məlumatlarından göründüyü kimi borcalan tərəfindən 4- 15522-12 saylı cari hesab üzrə 39664,0 manat məbləğində ödəniş aparılmışdır. 4-15522- 12 saylı cari hesaba mədaxil edilmiş ödənişdən 28.963,0 manat məbləği xx.xx.2014-cü il tarixli, 4-G-2-0-949-14 saylı kredit müqaviləsi üzrə 4-5522-21 saylı ssuda hesabına, 10.691,0 manatı isə 4-5522-21 saylı ssuda hesabına silinmişdir. Qeyd olunmuşdur ki, 10.691,0 manat məbləğində ödəniş iş materiallarında mövcud olmayan digər kredit üzrə silinmişdir. Bu haqda iddia ərizəsində və ya məhkəmə-mühasibatlıq ekspertizasının təyin olunması barədə qərardadda heç bir məlumat öz əksini tapmamışdır. Borcalan Cavabdeh tərəfindən 4-15522-12 saylı cari hesab üzrə aparılmış 39.654,0 manat məbləğində ödənişin xx.xx.2014-cü il tarixli, 4-G-2-0-949-14 saylı kredit müqaviləsi üzrə aparıldığı məhkəmə tərəfindən nəzərə alındığı təqdirdə Cavabdeh, xx.xx.2014-cü il tarixli 4-G-2-0- 949-14 saylı kredit müqaviləsinin ödəniş cədvəli üzrə ödəmələri vaxtında həyata keçirilmədiyindən xx.xx.2019-cu il tarixə kimi banka ödəməli olub ödəmədiyi borcu 48.399,8 manat məbləğində müəyyən edilmişdir. O cümlədən əsas borc üzrə 32.661,41 manat (50.000,0-17.338,59), faiz borcu üzrə 15.738,39 manat (38053,8- 22.315,41).Borcalan Cavabdeh tərəfindən 4-15522-12 saylı cari hesab üzrə aparılmış 39.654,0 manat məbləğində ödənişdən 28.963,0 manat məbləğinin xx.xx.2014-cü il tarixli, 4-G-2-0-949-14 saylı kredit müqaviləsi üzrə aparıldığı məhkəmə tərəfindən nəzərə alındığı təqdirdə Cavabdeh, xx.xx.2014-cü il tarixli 4-G-2-0-949-14 saylı kredit müqaviləsinin ödəniş cədvəli üzrə ödəmələri vaxtında həyata keçirilmədiyindən xx.xx.2019-cu il tarixə kimi banka ödəməli olub ödəmədiyi borcu 59.090,8 manat məbləğində müəyyən edilmişdir. O cümlədən əsas borc üzrə 39.509,91 manat (50.000,0-10.490,09), faiz borcu üzrə 19.580,89 manat (38053,8-18.472,91). İş materiallarına əlavə olunmuş xx.xx.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 39509,91 manat əsas, 42972,18 manat faiz, 8879,15 manat cərimə və 5 (beş) faizlə hesablanmış 2109,2 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 91361,24 manat məbləğində borcu vardır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi və həmin müqavilədən irəli gələn öhdəliklərin təmini üsulu kimi ipoteka müqaviləsi imzalanmışdır. İddiaçı Bank sözügedən müqavilə üzrə üzərinə düşən öhdəliyini yerinə yetirsə də, borclu Cavabdeh öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş, nəticədə banka borcu yaranmışdır. Hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və onların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. İşdən görünür ki, kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi barədə Bank tərəfindən cavabdehə xx.xx.2018-ci il tarixli, 2629 nömrəli bildiriş göndərilmiş, lakin qanunda müəyyən edilmiş müddətin keçməsinə baxmayaraq cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Borc müqaviləsinin anlayışına aydınlıq gətirən Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Beləliklə, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımi qaydada icra etməməklə kredit müqaviləsinin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxxx 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, MM-in 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Göründüyü kimi, bu normanın birinci cümləsi müqavilənin qüvvədə olma müddətinin bitməsini, ikinci cümləsi isə müqavilədən yaranan öhdəliklərin qüvvədə olma müddətini tənzimləyir. Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir” (pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir. Əks təqdirdə, MM-in 399.3-cü maddəsində qeyd olunduğu kimi, belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Ona görə də məhkəmə hesab edir ki, “xxxxxx” İKB ASC ilə Cavabdeh arasında bağlanılmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi hissəsində iddia təmin edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/2468 saylı rəyində qeyd edilmişdir ki, 4-15522-12 saylı cari hesaba cavabdeh tərəfindən mədaxil edilmiş ödənişlərdən 28.963,0 manat məbləği xx.xx.2014-cü il tarixli, 4-G-2-0-949-14 saylı kredit müqaviləsi üzrə 4-5522-21 saylı ssuda hesabına, 10.691,0 manatı isə 4-5522-21 saylı ssuda hesabına silinmişdir. Məhkəmə ekspert rəyi ilə razılaşır və qeyd edir ki, cavabdeh özü də iddiaçı bankdan üç ayrı-ayrı kredit müqaviləsi üzrə borc götürdüyünü və onların hər üçü üzrə ödənişlər etdiyini bildirmişdir. İş materiallarında olan xx.xx.2016-cı il tarixli mədaxil qəbzindən də görünür ki, həmin qəbzdə cavabdeh tərəfindən ödənilən 1814 manat məbləğində ödənişin 673 manat hissəsinin 50000 manat məbləğində kredit borcuna, 1141 manatının isə 20000 manat məbləğində kredit borcuna silinəcəyi barədə qeyd edilmişdir. Eyni zamanda məhkəmə onu da qeyd edir ki, cavabdeh məhkəməyə bu halların əksini, yəni onun tərəfindən ödənilən 10.691,0 manat məbləğində pulun sırf bu kredit müqaviləsi üzrə ödənildiyini təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Göstərilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2020-ci il tarixli 9/2468 saylı rəyi ilə razılaşaraq hesab edir ki, iddia tələbi Cavabdeh kreditor “xxxxxx” İKB ASC-nin (“xxxxxxxxx” ASC) xeyrinə 39509,91 manat əsas və 19580,89 manat faiz borcunun tutulması hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehin müqavilə öhdəliklərini yerinə yetirməməsinə görə hesablanmış 1652,96 manat məbləğində cərimə tənasübsüz surətdə yüksəkdir. Bu səbəbdən iddia həmin hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə dəbbə pulu qismində 200 manat məbləğində pul tutulmalıdır. Cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliyini lazımınca yerinə yetirmədiyi üçün iddiaçının tutmanın ipoteka predmetinə yönəldilməsi və ipoteka predmeti olan mənzilin açıq hərracdan satılmasını tələb etmək hüququ da vardır. Belə ki, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan tələbin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1.1-ci maddəsinə əsasən öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.5-ci maddəsinə əsasən, girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 36.1-cı maddəsinə görə əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra edilməməsi, əsas öhdəlik üzrə faizlərin ödənilməməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnu yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. Beləliklə də, borclu tərəfindən əsas öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə iddiaçının - ipoteka saxlayanın borcun ödənilməsi üçün ipoteka predmetinə tutmanın yönəldilməsini tələb etmək hüququ yaranmışdır. Buna görə də, iddiaçı bankın ipoteka predmetinə tələbin yönəldilməsi barədə iddia tələbi əsaslıdır və tələb ipotekaya qoyulmuş Sumqayıt şəhəri, 17-ci mikrorayon, İsmət Qayıbov küçəsində yerləşən, 210.1 kv.m ümumi sahədən ibarət 29B nömrəli qeyri-yaşayış binasına yönəldilməli, həmin əmlak açıq hərracda satılmalıdır. “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Qanunun mənasına görə, məhkəmə qətnaməsində ipoteka predmeti olan əmlakın ilkin satış qiyməti yalnız tərəflərin razılaşması əsasında, yaxud müstəqil qiymətləndiricinin rəyi əsasında müəyyən edilə bilər. İpoteka predmetinin ilkin satış qiyməti ilə bağlı tərəflər razılaşmalarını təqdim etmədiklərindən məhkəmə baxışı zamanı qiymətləndirilmə təyin edilmiş və ipoteka predmetinin bazar qiymətinin 250 000 (iki yüz əlli min) manat olması müəyyən olunmuşdur. Eyni zamanda «İpoteka haqqında» Qanunun 59.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Maddənin dispozisiyasından da göründüyü kimi ipoteka predmetinə tutmanın yönəldilməsi orada qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas hesab olunmur. Həmin Qanunun 59.2-ci maddəsinə əsasən yaşayış evinin və ya mənzilin yeni mülkiyyətçisi ilə evin və ya mənzilin keçmiş mülkiyyətçisi arasında həmin evin və ya mənzilin kirayəsi barəsində müqavilə bağlanılır. Yeni mülkiyyətçi kirayə müqaviləsi bağlamaqdan imtina etdikdə keçmiş mülkiyyətçi (ipoteka qoyan) kirayə müqaviləsinin bağlanması üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilinə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Bu şərtlə ki, ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə tutma yönəldikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi Sumqayıt şəhəri, 17-ci mikrorayon, İsmət Qayıbov küçəsində yerləşən, 210.1 kv.m ümumi sahədən ibarət 29B nömrəli qeyri-yaşayış binası açıq hərracda satıldıqdan sonra Cavabdeh 1 (bir) ay ərzində ipoteka predmeti olan mənzildən çıxarılması hissəsində də təmin edilməlidir. Məhkəmə onu da qeyd edir ki, artıq satılmış əmlak barəsində hüquq münasibətləri yeni müstəviyə keçməklə, ipotekasaxlayanla ipotekaqoyan arasında deyil, köhnə və yeni mülkiyyətçi arasında yaranan münasibətləri tənzimləyir. Ona görə də məhkəmə hesab edir ki, hazırki mərhələdə bu sahədə heç bir mübahisə olmadığı halda iddia tələbi mənzildən istifadə hüququna xitam verilməsi hissəsində təmin edilə bilməz. Məhkəmə həmçinin Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, iddiaçı təşkilat tərəfindən 30 manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı da cavabdehdən alınmalı və iddiaçı təşkilata ödənilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbi qismən (təxminən 90 % həcmində) təmin olunduğundan iş üzrə keçirilmiş ekspertiza xərcləri həmin hissədə cavabdehə, qalan hissədə iddiaçıya aid edilməlidir. İş materiallarında olan ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, hazırki iş üzrə ekspertiza xərcləri 515 (200+145+150+20) manat təşkil etmişdir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. “xxxxxx” İKB ASC ilə Cavabdeh arasında bağlanılmış xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh «xxxxxx» İKB ASC-nin (“xxxxxxxxx” ASC) xeyrinə xx xxxxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə 39.509,91 (otuz doqquz min beş yüz doqquz manat doxsan bir qəpik) manat əsas borc, 19.580,89 (on doqquz min beş yüz səksən manat səksən doqquz qəpik) manat faiz borcu və 200 (iki yüz) manat cərimə olmaqla, cəmi 59290,80 (əlli doqquz min iki yüz doxsan manat səksən qəpik) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqı tutulsun. Tutma ipoteka predmeti olan Sumqayıt şəhəri, 17-ci mikrorayon, İsmət Qayıbov küçəsində yerləşən, 210.1 kv.m ümumi sahədən ibarət 29B nömrəli qeyri-yaşayış binasına yönəldilsin. Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, 17-ci mikrorayon, İsmət Qayıbov küçəsində yerləşən, 210.1 kv.m ümumi sahədən ibarət 29B nömrəli qeyri-yaşayış binası açıq hərracdan satılsın və borc mənzilin satışından əldə olunacaq vəsait hesabına «xxxxxx» İKB ASC-yə (“xxxxxxxxx” ASC) ödənilsin. Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamə qalan hissədə ümumi qaydada icra edilsin. İpoteka predmeti olan Sumqayıt şəhəri, 17-ci mikrorayon, İsmət Qayıbov küçəsində yerləşən, 210.1 kv.m ümumi sahədən ibarət 29B nömrəli qeyri-yaşayış binasının ilkin satış qiyməti 250000 (iki yüz əlli min) manat müəyyən edilsin. İpoteka predmeti olan Sumqayıt şəhəri, 17-ci mikrorayon, İsmət Qayıbov küçəsində yerləşən, 210.1 kv.m ümumi sahədən ibarət 29B nömrəli qeyri-yaşayış binası satıldıqdan sonra Cavabdeh 1 (bir) ay ərzində ipoteka predmeti olan mənzildən çıxarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının xərci olaraq Cavabdeh 460(dörd yüz altmış) manat, iddiaçı «xxxxxx» İKB ASC-dən (“xxxxxxxxx” ASC) 55 (əlli beş) manat məbləğində pul vəsaiti tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı bank hesabına köçürülsün. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar