Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-21/2023 13.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı1, Cavabdeh "xxxx" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X4 iştirakı ilə İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Sumqayıt şəhəri 3 saylı notariat ofisi, Cavabdeh2 MMC, "xxxx" MMC, "xxxx" MMC və üçüncü şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı notariusun icra qeydinin və qiymətləndirmə hesabatının ləğv edilməsi, hərracın və onun bütün nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Sumqayıt şəhəri 3 saylı notariat ofisi, Cavabdeh2 MMC, "xxxx" MMC, "xxxx" MMC və üçüncü şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı notariusun icra qeydinin və qiymətləndirmə hesabatının ləğv edilməsi, hərracın və onun bütün nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, 3468 saylı bağ evinin və evin yerləşdiyi 0.12 ha torpaq sahəsinə tutmanın yönəldilməsinə dair Sumqayıt şəhər 3 saylı notariat ofisinin notariusu Telman Mustafazadənin verdiyi 01 noyabr 2019-cu il tarixli 8İ-7770 nömrəli icra qeydinin, evin və torpağın qiymətləndirilməsinə dair Cavabdeh2 MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 001/20 saylı ekspert rəyinin ləğv edilməsi, hərracın və bununla bağlı olan bütün hüquqi nəticələrin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, 27 iyun 2019-cu il tarixdə "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-ilə 2019/00638 saylı kredit müqaviləsi bağlayıb illik dərəcəsi 36 % olmaqla 36 ay müddəti ərzində 35.000 manat kredit götürmüşdür. İpotekanın təminatı kimi atası (hazırkı iş üzrə iddiaçı) İddiaçı2 və anası X7 (anası vəfat etmişdir) "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-ilə 27 iyun 2019-cu il tarixli 2019/00638-İP saylı ipoteka müqaviləsi bağlayıb ümumi mülkiyyətlərində olan və X20ndə yerləşən 3468 saylı evlərini və evlərinin yerləşdiyi 0,12 ha torpaq sahəsini ipotekaya qoymuşlar. O, krediti ödəyə bilmədiyinə görə Sumqayıt şəhəri, 13-cü mikrorayon, Babək küçəsi 5 ünvanda yerləşən 3 saylı notariat ofisinin notariusu X2 01 noyabr 2019-cu il tarixli 8İ-7770 saylı icra qeydi ilə torağına və evinə tutma yonəldilmiş, 2020-ci ilin avqust ayında evləri və torpaqları hərrac mərkəzi "xxxx" MMC-də hərraca çıxarılaraq "xxxx" BOKT MMC-yə satılmışdır. Bağ evlərinə notarius tərəfindən icra qeydi verilərkən, evləri qiymətləndirilərkən, hərrac keçirilərkən və ev kredit təşkilatına satılarkən qanunsuzluğa yol verilmişdir. Nəticədə hüquqları kobud şəkildə pozulmuş, qanunsuz və əsassız olaraq bağ evləri əllərindən alınmışdır. Belə ki, notarius icra qeydi, qiymətləndiricinin hesabatı və hərrac keçirilməsi zamanı qanunsuzluqlar edilmiş və qanunun tələbləri gözlənilməmişdir. Notariusun icra qeydi verilməsi hissəsində Sumqayıt 3 saylı notariat ofisinin notariusu Telman Mustafazadə "xxxx" kredit təşkilatına 47.515.98 manat borcu olduğu qənaətinə gəlmiş və bu səbəbdən ev və torpaqların tutma yönəldilməsinə dair 01 noyabr 2019-cu il tarixli icra qeydi vermişdir. Notarius icra qeydi verərkən bu barədə onlara məlumat verməmiş, ünvanlarına məktub göndərməmiş, icra qeydi verənədək mübahisənin həll edilməsi üçün qanunda nəzərdə tutulmuş xəbərdarlıq verməmiş və buna şərait yaratmamış, eləcədə kredit borcu üzrə hesablanmış faiz və dəbbə pullarının düzgün hesablanmamasına, kredit təşkilatının müqavilədə nəzərdə tutulandan daha artıq hesablama aparmasına və onunla kredit təşkilatı arasında mübahisənin olduğuna əhəmiyyət verməmişdir. Halbuki, «Notariat haqqında» Azərbaycan Respublikası qanununun 76-cı maddəsinə əsasən icra qeydi yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş müddət keçmədiyi halda aparılır. Eyni zamanda kredit təşkilatı qeyd olunan qanunda göstərilən müddət ərzində ona müraciət edib icra qeydinin aparılması haqqında məlumat verməmişdir. Notarius tərəfindən də qanunun bu tələbinə əhəmiyyət verilməmiş və dərhal icra qeydi verilmişdir. Halbuki faizlərin və dəbbə pulunun çox hesablanması barədə bankla mübahisələri vardır. Qanunun 76-cı maddəsinə əsasən tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfındən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borcclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Buna görə icra qeydi ləğv olunmalıdır. Evlərinin qiymətləndirilməsi icra şöbəsinin dəvət etdiyi qiymətləndirici Cavabdeh2 MMC tərəfindən aparılmış və xx.xx.2020-ci il tarixli rəy alınmışdır. Bu rəydə evlərinin və torpaq sahələrinin dəyəri cəmi 82.000 manat qiymətləndirilmişdir. Bu isə çox ədalətsiz qiymətdir. Məhkəmənin nəzərinə çatdırır ki, DƏDRX-nin 2 saylı ərazi idarəsi tərəfindən qiymətləndirilmiş və xx.xx.2017-ci il tarixə bağ evlərinə 125.000 manat qiymət qoyulmuşdur. Bu qiymətləndirmədən 3 il sonra isə Cavabdeh2 MMC tərəfindən evlərinə cəmi 82.000 manat qiymət qoyulmuşdur. Baxmayaraq ki, keçən 3 il ərzində daşınmaz əmlakların dəyərı əhəmiyyətli dərəcədə artmış və azərbaycan manatı infilyasiyaya uğrayıb müəyyən qədər qiymətdən düşmüşdür. Qiymətləndiricinin qoyduğu qiymət ümumiyyətlə çox az və gülüncdür. Yəqin ki, qiymətləndirici ilə kredit təşkilatı arasında bununla bağlı qanunsuz razılaşma olmuş və qiymətləndirici kredit təşkilatı üçün sərf edən qiyməti rəyinə yazmışdır. Əks təqdirdə bu kimi ədalətsizliyi başqa heç cürə başa düşmək olmur. Digər tərəfdən nəzərə alınmalıdır ki, evinə ilk qiymət qoymuş 5 saylı ərazi idarəsi dövlət idarəsidir və dövlət qarşısında verdiyi arayışlara ciddi məsuliyyət daşıyır. Cavabdeh2 MMC isə kommersiya təşkilatı olmaqla ancaq kommersiya maraqlarını güdür və ədalətli rəy verib düzgün qiymət qoymaq bu təşkilatın əsas məqsədinə ziddir. Digər tərəfdən qiymətləndirici öz rəyində yalnız mənzilin texniki sənədlərində əks olunmuş texniki göstəriciləri qeyd etməklə, istifadə metodlarını sadalamaqla, sonra isə nəticə yazmaqla kifayətlənmişdir. Qiymətləndirici evlərinin və torpaq sahələrinin nə üçün məhz 82.000 olması qənaətinə gəlməsinin təhlilini verə bilməmişdir. Digər tərəfdən qiymətdəndirici evlərinin faktiki olaraq təmirsiz kimi göstərməyə çalışmış, rəyinə ancaq evlərinin nisbətən təmirə ehtiyacı olan hissələrinin şəklini əlavə etmiş, təmiri yaxşı olan hissələrin şəkillərini isə gizlətmişdir. Eləcədə 0,12 ha torpaq sahəsinin dəyərini ümumiyyətlə qeyd etməmişdir. Halbuki, torpaqlarının Novxanı qəsəbəsi kimi qiyməti baha olan qəsəbədə və qəsəbənin nisbətən yaxşı hissəsində yerləşir. Həmçinin torpaq sahələrində bir neçə təsərrüfat tikililəri vardır və təsərrüfat tikililərinin böyük sahəsi olmaqla istifadə üçün çox yararlıdır. «Qiymətləndirmə fəaliyyəti haqqında» qanunun 8-ci maddəsinə əsasən, qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Eyni zamanda ekspert tərəfindən «Qiymətləndirmə standartları və normaları, peşəkar qiymətləndiricinin hazırlanması qaydaları haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyun 2000-ci il tarixli 107 saylı qərarının tələbləri pozulmuşdur. Buna görə də evləri yenidən qiymətləndirilməlidir. Hərracın keçirilməsi barədə onlara məlumat verilməmişdir. Nəzərə alınmalıdır ki, onlar ünvan 8-də qeydiyyatda olsalar da, ailəsi ilə birlikdə mübahisəli evdə yaşayırlar. Qeydiyyatda olduqları mənzil çoxdan satılmışdır. Evlərinə hərracın keçirilməsi ilə əlaqədar heç bir məlumat daxil olmamış və hərrac iştirakları olmadan keçirilmişdir. Onlara evin ilkin satış qiyməti barədə məlumat verilməmiş və razılıqları alınmamışdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini ipoteka saxlayan və borclu, həmçinin ipoteka verən (borclu ipoteka verən olmadıqda) qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Bu sahədə razılıq əldə edilmədikdə onlar qanunvericiliklə müəyyən edilmiş qaydada qiymətləndirmə fəaliyyəti ilə məşğul olan şəxsə müraciət edə bilərlər. Bundan başqa onlara təkrar hərraclar barədə də məlumat verilməmiş və hərrac onlara məlumat verməkdə maraqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 416-cı maddəsinə əsasən bu məcəllədə göstərilən şərtləri pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilələrin etibarsızlığına səbəb olur. Məhkəmənin nəzərinə çatdırır ki, evlərinin hərracda satılması və evlərinin kredit təşkilatının mülkiyyətinə keçməsi barədə onlara heç bir məlumat verilməmişdir. Onlar bu məlumatı İcra şöbəsindən almışdırlar. Müraciət edilsə də kredit təşkilatı onlara heç bir sənəd təqdim etməmişdir, kredit təşkilatı isə qeyri-rəsmi qaydada sənədlərin bir qismini onlara təqdim etmişdir. O, digər İddiaçı2 da iddia ərizəsi ilə razıdır və eyni tələbləri irəli sürür. Beləliklə, iddia tələbləri tam təmin olunmalı, notariusun icra qeydi və qiymətləndirmə hesabatı ləğv edilməli, hərracın və onun bütün nəticələri etibarsız hesab edilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, o, cavabdehə dəfələrlə yeni qrafik əsasında ödəniş etmək istədiyini bildirsə də, lakin heç bir nəticəsi olmamışdır. Onlar bir də xəbər tutmuşdur ki, mənzil hərrac yolu ilə cavabdehin mülkiyyətinə keçib. Məhkəmədə Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, 3468 saylı bağ evinin və evin yerləşdiyi 0.12 ha torpaq sahəsi ilə bağlı ekspertiza aparılmış və mübahisəli ev 196 min manat məbləğində qiymətləndirilmişdir. Hesab edir ki, rəy düzgündür, belə ki, onun evi həqiqətən bahalıdır. "xxxx" MMC Külək MMC ilə birlikdə isə bağ evini cəmi 80000 manat məbləğində qiymətləndiriblər. Bu qiymət keçirilən hərracın qanunsuzluğunu bir daha sübut edir. Digər tərəfdən onlar ünvanlarına göndərilən bildirişlərin heç birini qəbul etməyiblər. Belə ki, bildirişlərin göndərildiyi mənzil çoxdan satılmışdır. Hazırda 11 nəfərdən ibarət ailəsinin yaşamaq üçün başqa yaşayış yeri yoxdur. İddiaçı qərar qəbul edilərkən qeyd etdiklərinin nəzərə alınmasını və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, iş üzrə ekspertiza təyin olunmuş, qiymətləndirmə rəyinə əsasən ev 196000 min manat məbləğində dəyərləndirilmişdir. Bundan əvvəl "xxxx" MMC tərəfindən qiymətləndirilmə zamanı evinin dəyəri 80000 manat məbləğində müəyyən olunmuşdur. Cavabdeh tərəf belə ucuz qiymətlə onun evini əlindən almağa çalışır. Məhkəmənin nəzərinə çatdırır ki, onun xəbəri olmadan hərrac keçirilərək cavabdeh evi öz adına keçirmişdir. İcra qeydi barəsində də məlumatı olmamışdır. Hərrac barədə eşitdikdən sonra dəfələrlə evi barəsində keçirləcək hərracla bağlı maraqlanmış, ona hələlik hərracın həyata keçirilməyəcəyini, pandemiya ilə əlaqədar hərracın dayandırıldığını bildirmişlər. Daha sonra bir daha getdikdə evin Kəpəz MMC-nin adına keçdiyini öyrənmişdir. Onun xəbəri olmadan cavabdehin bunu necə etməsi ona maraqlıdır. Onu da məhkəmənin nəzərinə çatdırır ki, o, Banka dəfələrlə yaxınlaşıb qrafik əsasında ödəniş edəcəyini bildirmiş, lakin heç bir nəticəsi olmamışdır. Hal-hazırda da ayda 500-600 manat olmaqla ödəniş etməyə maddi cəhətdən imkanı çatır. Bildirir ki, Sumqayıt şəhəri, 9-cu mkr-da olan evlərini 10-12 il əvvəl satmışdırlar. Qeydiyyata düşməyə evləri olmadığı üçün evi alan şəxs onlara həmin mənzildə qeydiyyatda qalmaq üçün icazə vermişdirlər. Ev sahibi ona narahat olmamağı, istədiyi vaxt qeydiyyatdan çıxa biləcəyini bildirmiş, ona görə də bağ sahəsində qeydiyyata düşməmişdir. Daha sonra da bağ evi Bankın mülkiyyətinə keçmişdir. Bildirir ki, Sumqayıt şəhəri, 9-cu mkr-da olan evlərini satdıqdan sonra bağda yaşamağa başlamışdırlar. İddiaçı qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X8 iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul etmir. İş üzrə keçirilmiş qiymətləndirmə nəticəsində verilmiş rəyi ilə tanış olmuşdur. Müstəqil qiymətləndirici evin dəyərini 196000 manat məbləğində qiymət müəyyən etmişdir. O, həmin rəylə razı deyil. Belə ki, mübahisəli mənzilə aid şəkillər rəyə əlavə edilməmişdir. Rəyə əlavə edilmiş şəkillər isə internetdən götürülmüş və villalara məxsusdur, yəni başqa sözlə deyilsə, şəkildəki evlə mübahisə predmeti olan ev arasında böyük fərq var. Qeyd edir ki, mübahisəli mənzillə bağlı icra prosesi 2019-cu ildə olmuş, evin qiymətləndirilməsi isə 2020-2021-ci illərin bazar qiyməti ilə müəyyən olunmuşdur. Onu da bildirir ki, iddiaçı tərəfin keçirilən hərracdan da, icra proseslərindən də xəbəri olub. İddiaçılara göndərilən məktubun qəbzinin əslini notariusa təqdim etmişdirlər. Bu səbəbdən qəbzin əsli onlarda deyil. Onlarda olan nümunə də məhkəməyə təqdim olunan nümunə kimi yaxşı oxunmur. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə cavabdehlər Sumqayıt şəhəri 3 saylı notariat ofisi, Cavabdeh2 MMC, "xxxx" MMC, və üçüncü şəxs Sumqayıt şəhəri üzrə İcra İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbər verilməsinə baxmayaraq cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmiş, üçüncü şəxs ünvan 1 ünvanlayaraq işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, digər şəxslər isə məhkəməyə gəlməməsinin səbəbləri barədə məlumat verməmişdirlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehlərin və üçüncü şəxsin nümayəndələrinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə İddiaçı2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 2019/00638 İP saylı ipoteka müqaviləsindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 2019/00638 İP saylı kredit müqaviləsinin təminatı olaraq İddiaçı2 məxsus Sumqayıt şəhəri, X20, 3468 saylı ev ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli icra qeydindən görünür ki, ipoteka qoyan İddiaçı2 məxsus ipoteka predmeti olan ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə İddiaçı2 verilmiş **********44-11301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, Sumqayıt şəhəri, X20, 3468 ünvanında yerləşən ümumi sahəsi 289.1 kv/m olan bağ evindən və onun yerləşdiyi 0.12 ha torpaq sahəsindən ibarət əmlaka sahəsi 289.1 kv.m olan bağ evindən və onun yerləşdiyi 0.12 ha torpaq sahəsindən ibarət əmlaka 47515,98 manat məbləğində tutma yönəldilməsi barədə icra qeydi qeydə alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, № ******* saylı “çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, X20, ev 3468 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı2 adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci il tarixdə 25 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan daşınmaz əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair xx.xx.2017-ci il tarixli 02/7923 nömrəli arayışdan görünür ki, Sumqayıt şəhəri, X20, 3468 saylı evin xx.xx.2017-ci il tarixə bazar dəyəri 125000 manat təşkil edir. İş materiallarında olan "xxxx" MMC-nin hərracın yekunları haqqında xx.xx.2020-ci il tarixli 30/04 nömrəli protokoluna əsasən İddiaçı2 mülkiyyətində olan ilkin satış qiyməti 82000 manat müəyyən edilmiş, Sumqayıt şəhəri, X20, 3468 ünvanında yerləşən bağ evi 52275 manata alıcı "xxxx" BOKT MMC-yə satılmışdır. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(060)-4663/2021 saylı qətnaməsindən görünür ki, həmin qətnamə ilə X10 və X3, cavabdehlər "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin nümayəndəsi X4, İddiaçı2 iştirakı ilə, iddiaçılar X7, X10, X9, X11 və X3 cavabdehlər "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC, İddiaçı2 və İddiaçı1 qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və bu müqavilədən irəli gələn bütün hüquqi nəticələrin ləğv olunması barədə iddia tələbi təmin edilməmişdir. İşdə olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-407/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddiaçılar X10, X9, X11 və X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Şəhər Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(060)-4663/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan Cavabdeh2 MMC tərəfindən verilmiş 001/20 nömrəli, xx.xx.2020-ci il tarixli ekspert rəyindən görünür ki, Sumqayıt şəhəri, X20, 3468 saylı evin xx.xx.2020-ci il tarixə bazar dəyəri 82000 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin çıxarışının surətindən görünür ki, Sumqayıt şəhəri, X20, ev 3468 xüsusi mülkiyyət hüququ üzrə "xxxx" BOKT MMC-nin adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2019-cu il tarixdə 25 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində ********** nömrə ilə qeydiyyata alınmışdır. İşdə olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 01/22-030 nömrəli 02 fevral 2022ci il tarixli mənzilin qiymətləndirilməsi barədə hesabatından görünür ki, İddiaçı2 məxsus Sumqayıt şəhəri, X20, 3468 saylı evin xx.xx.2022-ci il tarixə olan bazar dəyəri 196.000 manat, likvid dəyəri 167.000 manat məbləğində qiymətləndirilmişdir. İşdə olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekpertizası Mərkəzinin 16 noyabr 2022-ci il tarixli, 10/4602 nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Sumqayıt şəhəri, X20ndə yerləşən 0,12 ha torpaq sahəsinin və onun üzərində yerləşən 3468 nömrəli bağ evinin hazırki orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 225.000.0 manat (281,6,2x800) məbləğində, 10% azalma əmsalı tətblq edilməklə həmin mənzilin likvid dəyəri təqribən 202.000.0 manat məbləğində müəyyən edilir. İşdə olan **********023 saylı ərizədən görünür ki,”Kəpəz” BOKT MMC 47515.98 manat borcun və ipoteka predmetinə yönəldilməsinə dair bildirişin qeydə alınması üçün çəkilən 30 manat məbləğində xərcin və 20 manat dövlət rüsumunun Kəpəz BOKT MMC-yə ödənilməsini təmin etmək üçün tutmanın İddiaçı2 məxsus olan Sumqayıt şəhəri, X20, 3468 ünvanında yerləşən ümumi sahəsi 289.1 kv/m olan bağ evindən və onun yerləşdiyi 0.12 ha torpaq sahəsindən ibarət əmlaka sahəsi 289.1 kv.m olan bağ evindən və onun yerləşdiyi 0.12 ha torpaq sahəsindən ibarət əmlaka yönəldilməsi, likvid dəyəri 120000 manat olmaqla mənzilin hərracda satılması, satıldıqdan sonra ən geci 1 ay əzrində boşaldılması barədə icra qeydinin aparılmasını xahiş etmişdir. İşdə olan Kəpəz BOKT MMC-nin 329 nömrəli. xx.xx.2019-cu il tarixli maliyyə arayışından görünür ki, İddiaçı2 həmin tarixə ümumilikdə 47515.98 manat məbləğində borcu var. İşdə olan "xxxx" MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2020-ci il tarixli 01/304 nömrəli bildirişindən görünür ki, Sumqayıt şəhəri 3 saylı notariat ofisinin 8İ-7770 saylı xx.xx.2019-cu il tarixli icra vərəqi üzrə ipoteka qoyulan Sumqayıt şəhəri, X20, 3468 ünvanında yerləşən bağ evinin satışın həyat keçirilməsi üçün açıq hərracın 10 mart 2020 tarixdə, saat 11.00-dan-17.00-dək ünvan 5 ünvanında təşkili ilə əlaqədar "xxxx" MMC-yə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinə və İddiaçı2 məlumat göndərilmişdir. İşdə olan "xxxx" MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2020-ci il tarixli 01/9572 nömrəli bildirişindən görünür ki, Sumqayıt şəhəri 3 saylı notariat ofisinin 8İ-7770 saylı xx.xx.2019-cu il tarixli icra vərəqi üzrə ipoteka qoyulan Sumqayıt şəhəri, X20, 3468 ünvanında yerləşən bağ evinin satışın həyat keçirilməsi üçün açıq hərracın 05 iyun 2020 tarixdə, saat 11.00-dan-17.00-dək ünvan 5 ünvanında təşkili ilə əlaqədar "xxxx" MMC-yə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinə və İddiaçı2 məlumat göndərilmişdir. İşdə olan "xxxx" MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2020-ci il tarixli 01/1156 nömrəli bildirişindən görünür ki, Sumqayıt şəhəri 3 saylı notariat ofisinin 8İ-7770 saylı xx.xx.2019-cu il tarixli icra vərəqi üzrə ipoteka qoyulan Sumqayıt şəhəri, X20, 3468 ünvanında yerləşən bağ evinin satışın həyat keçirilməsi üçün açıq hərracın 06 iyul 2020 tarixdə, saat 11.00-dan-17.00-dək ünvan 5 ünvanında təşkili ilə əlaqədar "xxxx" MMC-yə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinə və İddiaçı2 məlumat göndərilmişdir. İşdə olan "xxxx" MMC-nin hərracın keçirilməsinə dair xx.xx.2020-ci il tarixli 01/342 nömrəli bildirişindən görünür ki, Sumqayıt şəhəri 3 saylı notariat ofisinin 8İ-7770 saylı xx.xx.2019-cu il tarixli icra vərəqi üzrə ipoteka qoyulan Sumqayıt şəhəri, X20, 3468 ünvanında yerləşən bağ evinin satışın həyat keçirilməsi üçün açıq hərracın 01 sentyabr 2020 tarixdə, saat 11.00-dan-17.00-dək ünvan 5 ünvanında təşkili ilə əlaqədar "xxxx" MMCyə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinə və İddiaçı2 məlumat göndərilmişdir. İş materialllarına əlavə edilmiş 150021, 149722, 149457, 152234, 152313, 164096, 125568, 125598, 125179, 125187 nömrəli kuryer xidmətləri üçün mədaxil qəbzinin talonlarının surətindən surətindən görünür ki, "xxxx" MMC tərəfindən mübahisəli hərracın keçirilməsinə dair iddiaçıların adına olan bildirişlər ünvan 7 ünvanına göndərilmişdir. İş materiallarına əlavə edilmiş Birja qəzetinin 19-25 iyun 2020-ci-ci il tarixli buraxılışlarının surətindən görünür ki, Sumqayıt şəhəri, X20, 3468 ünvanında yerləşən bağ evinə dair hərracın keçirilməsi bağlı elanlar və hərracın nəticələrinə dair məlumatlar həmin qəzətdə dərc edilmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, “Notariat haqqında” Qanunun 76-cı maddəsinə əsasən notarius tərəfindən icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş iddia müddətləri keçmədiyi halda aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli və bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmalıdır. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Notarius tərəfindən icra qeydinin aparılması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə elektron qaydada təqdim edilmiş sənədlərin və ya məlumatların qanunvericiliyin tələblərinə uyğunluğu və borcun mübahisəsizliyi müəyyən edildikdən sonra informasiya sistemi vasitəsilə icra qeydi aparılmalıdır. Göründüyü kimi qanunvericilik bəzi tələblər, o cümlədən, banklar və digər kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri üzrə yaranmış borcların qaytarılması tələbləri üzrə məhkəmədən kənar sadələşdirilmiş qayda – notarius tərəfindən icra qeydi verilməklə tələbin icraya yönəldilməsi qaydasını müəyyən etsə də, borcluların hüquqlarını və qanunla qorunan mənafelərini nəzərə alaraq belə icra qeydlərinin verilməsinə bir sıra ciddi tələblər irəli sürmüş və borclulara həmin qeydləri və borcun məbləğini məhkəmədə mübahisələndirmək imkanı vermişdir. Bu cür mübahisələrə məhkəmələr tərəfindən baxılarkən icra qeydinin verilməsi zamanı tələbkarlar və notariuslar tərəfindən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə düzgün riayət edilib-edilmədiyinə, o cümlədən, borcun mübahisəsiz olduğunun notarius tərəfindən yoxlanıldığına, tələb üzrə iddia müddətinin keçdiyinə, tələbkarın müəyyən edilmiş qaydada və müddətlərdə borcluya icra qeydinin aparılacağı barədə bildiriş göndərdiyinə, əgər müqavilədə öhdəliyin hissə-hissə icrası konkret müddətlər üzrə müəyyən edilmişdirsə, öhdəliyin icrasının hansı hissədə gecikdirilməsinə xüsusi diqqət yetirilməlidir. Eyni zamanda nəzərə alınmalıdır ki, mövcud qanunvericiliyə əsasən sadalanan tələblərə riayət edildiyini yoxlamaq və icra qeydinin normativ hüquqi aktların tələblərinə uyğun verilməsini təmin etmək notariusun vəzifəsi olduğu, habelə bu sənədlər notariat orqanında saxlandığı üçün borclu tərəfindən mübahisələndirildiyi halda sadalanan məsələlərə dair sübutları məhkəməyə təqdim etmək vəzifəsi notariat orqanlarının üzərinə düşür. Məhkəmə qeyd edir ki, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli və bildiriş, onun borcluya çatdırıldığını təsdiq edən sənəd icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmalıdır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli sorğusu əsasında cavabdeh Sumqayıt şəhəri 3 saylı notariat ofisi tərəfindən məhkəməyə təqdim edilmiş 01 noyabr 2019-cu il tarixli 8İ-7770 nömrəli icra qeydinə dair notariat işində olan 143214 saylı qaimənin surətindən görünür ki, ünvan 8 ünvanına bildiriş göndərilmişdir. Lakin məhkəmə hesab edir ki, sözügedən qaimə tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəd kimi qəbul edilə bilməz. Belə ki, həmin qaimədəki məlumatların dəqiq məzmununu müəyyən etmək mümkün olmasa da, qaimədən görünür ki, iddiaçıların adına göndərilən həmin məktub ünvan 9nzilə ünvanlanmışdır. Halbuki, iş materiallarından görünür ki, iddaçılar həmin mənzildə qeydiyyatda olsalar da, bu formal xarakter daşımış, həmin mənzil xx.xx.2015-ci il tarixli AN-İ seriyalı ******* saylı alqı-satqı müqaviləsinə əsasən həmin tarixdə X1. Məhkəmə iddiaçıların 2015-ci ildən qeyd edilən ünvanda yaşamadığını və cavabdehin bunun əksinə dair məhkəməyə hər hansı sübut təqdim etmədiyini nəzərə alaraq icra qeydinin aparılacağı barədə bildirişin borcluya rəsmən çatdırılmaması qənaətinə gəlir. Məhkəmə eyni zamanda qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 2 sentyabr tarixli, 156 nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın İ hissəsinə əsasən İpoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydi almaq üçün aşağıdakılar təqdim olunur: a) ipoteka kağızının əsli və ipoteka saxlayanın hüquqlarının müvafiq reyestrdə dövlət qeydiyyatını təsdiq edən sənədin əsli və ya daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızının elektron sistemindən müvafiq çıxarış və ya ipoteka müqaviləsinin əsli və onun müvafiq reyestrdə dövlət qeydiyyatına alınması barədə müvafiq sənədin əsli; b) ipoteka saxlayanın “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2ci maddəsində nəzərdə tutulan məlumatları əks etdirən və ipoteka qoyanın və ipoteka müqaviləsində qeyd olunan digər şəxsin ünvanına göndərilmiş, habelə, müvafiq reyestrdə qeydə alınmış bildirişinin əsli; bildirişin surətinin isə ipoteka saxlayana məlum olan sonrakı ipoteka saxlayana, o cümlədən birgə ipoteka saxlayanlara, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilən yüklülük sahiblərinə sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilməsi barədə sənədin əsli. Sənədin elektron üsulla göndərilməsini təsdiq edən sənəd “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinə uyğun olaraq əldə edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdə aşağıdakı məlumatlar əks etdirilməlidir: 36.2.1. müvafiq reyestrdəki ipotekanın qeydiyyat anı və nömrəsinə istinad edərək tutma yönəldilən ipoteka predmeti; 36.2.2. icra olunmalı öhdəlik barədə məlumat; 36.2.3. ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq; 36.2.4. bildirişin tarixi, bildirişi verən şəxsin adı və imzası. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli sorğusu əsasında cavabdeh Sumqayıt şəhəri 3 saylı notariat ofisi tərəfindən məhkəməyə təqdim edilmiş 01 noyabr 2019-cu il tarixli 8İ-7770 nömrəli icra qeydinə dair notariat işinə əlavə edilmiş "xxxx" MMC tərəfindən iddiaçılara ünvanlanmış bildirişdən görünür ki, həmin bildirişdə ipoteka predmeti, icra olunmalı öhdəlik barədə məlumatlar qeyd edilsə də, ipoteka predmetinə notariusun icra qeydi əsasında tutmanın yönəldilməsi barədə xəbərdarlıq əks olunmamışdır. Əksinə iddiaçılara “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən öhdəliklərinin icrası üçün məhkəməyə müraciət ediləcəyi və ipoteka qoyana məxsus əmlaka tutmanın yönləndirilməsi prosesinə başlanılacağı xəbərdarlıq edilmişdir. Lakin "xxxx" MMC iddiaçılara öhdəliklərin icrası üçün məhkəməyə müraciət edəcəklərini bildirsə də, məhkəməyə müraciət etməmiş, ipoteka predmetinə tutma yönəldilməsi barədə notariusun icra qeydi qeydə alınmışdır. İcra qeydini qeydə alan notarius isə borclulara tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə lazımi qaydada tərtib olunmuş bildiriş təqdim olunmamasına əhəmiyyət verməmişdir. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Məhkəmə hesab edir ki, icra qeydinin ləğv edilməsi hissəsində hazırkı iş üzrə iddiaçılar iddia tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilmiş, cavabdeh isə iddiaya etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, 3468 saylı bağ evinin və evin yerləşdiyi 0.12 ha torpaq sahəsinə tutmanın yönəldilməsinə dair Sumqayıt şəhər 3 saylı notariat ofisinin notariusu Telman Mustafazadənin verdiyi 01 noyabr 2019-cu il tarixli 8İ-7770 nömrəli icra qeydi ləğv edilməlidir. Məhkəmə onu da qeyd edir ki, Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, 3468 saylı bağ evinin və evin yerləşdiyi 0.12 ha torpaq sahəsinə tutmanın yönəldilməsinə dair 01 noyabr 2019-cu il tarixli 8İ-7770 nömrəli icra qeydinin ləğv edilməsi həmin icra qeydi əsasında sifariş verilmiş qiymətləndirmə barədə ekspert rəyinin ləğv edilməsi, o cümlədən hərracın və onun hüquqi nəticələrinin də etibarsız hesab edilməsi üçün əsasdır. Məhkəmə onu da qeyd edir ki, iddia ərizəsində hərracın bütün hüquqi nəticələrinin etibarsız hesab olunması xahiş edilsə də, həmin nəticələrin nədən ibarət olduğu konkret qeyd edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Mülki Məcəllənin 416.2-ci maddəsinə əsasən hərracın etibarsız sayılması hərracı udmuş şəxslə bağlanan müqavilənin etibarsızlığına səbəb olur. Məhkəmə hesab edir ki, hərrac etibarsız hesab olunduğundan onun əsasında tərtib edilmiş hərracın yekunları barədə xx.xx.2020-ci il tarixli 30/4 saylı protokol və həmin protokol əsasında "xxxx" MMC-nin adına verilmiş ********** qeydiyyat nömrəli çıxarış da etibarsız hesab olunmalıdır. Bu səbəbdən iddia qismən təmin edilməli, Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, 3468 saylı bağ evinin və evin yerləşdiyi 0.12 ha torpaq sahəsinə tutmanın yönəldilməsinə dair Sumqayıt şəhər 3 saylı notariat ofisinin notariusu Telman Mustafazadənin verdiyi 01 noyabr 2019-cu il tarixli 8İ-7770 nömrəli icra qeydi ləğv edilməli, həmin icra qeydi əsasında sifariş verilmiş qiymətləndirmənin nəticələri barədə Cavabdeh2 MMC-nin xx.xx.2020-ci il tarixli, 001/20 saylı ekspert rəyi ləğv edilməli, sözügedən icra qeydi əsasında keçirilmiş hərrac, hərracın yekunları barədə xx.xx.2020-ci il tarixli 30/4 saylı protokol və həmin protokol əsasında "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli çıxarış etibarsız hesab edilməlidir. Azərbaycan Respublikası MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, 3468 saylı bağ evinin və evin yerləşdiyi 0.12 ha torpaq sahəsinə tutmanın yönəldilməsinə dair Sumqayıt şəhər 3 saylı notariat ofisinin notariusu Telman Mustafazadənin verdiyi 01 noyabr 2019-cu il tarixli 8İ-7770 nömrəli icra qeydi və həmin icra qeydi əsasında sifariş verilmiş qiymətləndirmənin nəticələri barədə Cavabdeh2 MMC-nin xx.xx.2020-ci il tarixli, 001/20 saylı ekspert rəyi ləğv edilsin. 01 noyabr 2019-cu il tarixli 8İ-7770 nömrəli icra qeydi əsasında keçirilmiş hərrac, hərracın yekunları barədə xx.xx.2020-ci il tarixli 30/4 saylı protokol və həmin protokol əsasında "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli çıxarış etibarsız hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-21/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-21/2023
13.02.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver