Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4663/2021 26.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X2 Cavabdehlər Cavabdeh2, Cavabdeh3, nümayəndələri və vəkili Vəkil iştirakları ilə İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və bu müqavilədən irəli gələn bütün hüquqi nəticələrin ləğv olunması barədə» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6, Cavabdeh3 və "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə bağlanmış 27 iyun 2019-cu il tarixli 2019/00638-İP saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və bu müqavilədən irəli gələn bütün hüquqi nəticələrin ləğv olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışlar ki, onlar bir ailə olaraq Sumqayıt şəhəri, X18, ev 3468-də yaşayırlar. Bu evdən başqa yaşayış yerləri yoxdur. Bu yaxınlarda Sumqayıt şəhər icra və probasiya şöbəsindən evlərinə icra məmuru gəlmiş və onlara bildirmişdir ki, yaşadıqları 3468 saylı evi və evlərinin yerləşdiyi torpağı boşaltmalıdırlar. Belə ki, evi və torpaqları ailə üzvləri Cavabdeh2 və Cavabdeh3 ipotekaya qoyub bankdan böyük məbləğdə kredit götürmüş və sonradan krediti ödəyə bilmədiklərinə görə evlərini və torpaqlarını bankın mülkiyyətinə keçmişdir. Buna görə də evi və torpağı boşaldıb banka təhvil verməlidir. Onların başqa yaşayış yerləri olmadığına görə çox narahat olmuşlar. Belə ki, hazırda evdə cavabdehlərdə daxil olmaqla uşaqlı-böyüklü cəmi 12 nəfər yaşayırlar. Evi və torpağı boşaltsa da kirayələrdə yaşamalı olacaqlar ki, bu da ailələrinin dağılmasına gətirib çıxaracaqdır. Araşdırdıqdan sonra məlum oldu ki, ailələrinin üzvü Cavabdeh3 27 iyun 2019-cu il tarixdə "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-ilə 2019/00638 saylı kredit müqaviləsi bağlayıb faktiki illik dərəcəsi 36 % olmaqla 36 ay müddəti ərzində 35.000 manat kredit götürmüşdür. Sonradan isə ailə üzvləri Cavabdeh2 və Cavabdeh3 həmin "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-ilə 27 iyun 2019-cu il tarixli 2019/00638-İP saylı ipoteka müqaviləsi bağlayıb X18ndə yerləşən 3468 saylı evlərini və evlərinin yerləşdiyi 0,12 ha torpaq sahəsini ipotekaya qoymuşlar. Xəqani krediti ödəyə bilmədiyinə görə Sumqayıt şəhəri, 13-cü mikrorayon, Babək küçəsi 5 ünvanda yerləşən 3 saylı notariat ofisinin notariusu X1 01 noyabr 2019-cu il tarixli 8İ-7770 saylı icra qeydi ilə torpaqlarına və evlərinə tutma yönəldilmiş, 2020-ci ilin avqust ayında evləri və torpaqları hərrac mərkəzi "xxxx" MMC-də hərraca çıxarılaraq "xxxx" BOKT MMC satılmışdır. O, İddiaçı1 bildirir ki, cavabdehlər Cavabdeh2 onun əri və Cavabdeh3 isə onun oğludur. 1988-ci ildə o, və Cavabdeh2 nikaha daxil olaraq ailə qurmuşlar. Həmin vaxtdan ailə olaraq bir yerdə yaşayırlar. Birgə nikahlarından 3 övladları vardır. Nikahda olduqları dövrdə torpaq əldə edib ev tikmişlər. 2009-cu ilin sonundan ailəvi olaraq bu evdə yaşamağa başlamışlar. 2017-ci ildə evləri və torpaqları əri Cavabdeh2 adına sənədləşdirmişlər. Bu torpağı və evi o, əri Nazimlə nikah dövründə birgə əldə etdiklərinə görə onların birgə mülkiyyətidir. Lakin, ipoteka müqaviləsi bağlanarkən evin və torpağın ümumi birgə əmlaklarının olması araşdırılmamış, onun razılığı alınmamışdır. Bu da mülkiyyətinə birbaşa qəsddir. Digər tərəfdən o, və ailə üzvləri evlərində daimi olaraq yaşayırlar. İpoteka müqaviləsi bağlanarkən onun və evdə yaşayan digər ailə üzvlərinin razılığı olmamış və evdən istifadə hüquqları nəzərə alınmamışdır. Hazırda evlərində onlarla birlikdə 6 nəfər azyaşlı və yetkinlik yaşına çatmayan nəvələri yaşayırlar. Torpaq sahəsi olan həyətləri həm də onların qazanc yerləridir. Onlar torpaqda təsərrüfat qurmuş və orada mal- heyvan saxlamaqla məşğul olurlar. Torpaqda tövlə, dam və sairə təsərrüfat tikililəri tikib, onlardan təsərrüfat üçün istifadə edirlər. Bu təsərrüfatdan əldə etdikləri qazanc hesabına böyük ailələri dolanır. Evləri və torpaqları həm də onların iş yerləridir. İpoteka müqaviləsi bağlanan zaman həm də ailə təsərrüfatların olmasına əhəmiyyət verilməmişdir. O, İddiaçı2 anası İddiaçı1 sözlərini təsdiq edərək bildirir ki, cavabdehlər Cavabdeh2 onun atası və Cavabdeh3 isə onun qardaşıdır. O, uşaq yaşlarından hazırkı 3468 saylı bağ evlərində ailə üzvləri ilə birlikdə yaşamışdır. 30 aprel 2011-ci il tarixdə İddiaçı5 ilə ailə qurmuş, o bu evə gəlin gəlmişdir və hazırda himayələrində yetkinlik yaşına çatmayan oğlu və azyaşlı qızı vardır. Bu evdən başqa yaşayış yerləri yoxdur. Evlərinin qardaşı və atası tərəfindən ipotekaya qoyularkən evlərindən istifadə hüquqları nəzərə alınmamışdır. O, İddiaçı5 əri X13 oğlunun sözlərini təsdiq edərək bildirir ki, cavabdehlər Cavabdeh2 onun qaynatası və Cavabdeh3 isə onun qaynıdır. Əri Füzuli ilə nikaha daxil olduğu 2011-ci ili aprel ayından hazırkı evdə yaşayır. Bu evdən başqa yaşayış yeri yoxdur. Evlərinin qaynatası Nazim və qaynı Xəqani tərəfindən ipotekaya qoyularkən evlərindən istifadə hüquqları nəzərə alınmamışdır. O, X4 qaynanası İddiaçı1 sözlərini təsdiq edərək bildirir ki, cavabdehlər Cavabdeh2 onun qaynatası və Cavabdeh3 isə onun əridir. Əri Xəqani ilə nikaha daxil olduğu 2013-cü ilin noyabr ayından hazırkı evdə yaşayır. Hazırda himayələrində yetkinlik yaşma çatmayan oğlu və azyaşlı övladları vardır. Bu evdən başqa yaşayış yeri yoxdur. Evlərini qaynatası Nazim və qaynı Xəqani tərəfindən ipotekaya qoyularkən evlərindən istifadə hüquqları nəzərə alınmamışdır. O, İddiaçı4 anası İddiaçı1 sözlərini təsdiq edərək bildirir ki, cavabdehlər Cavabdeh2 onun atası və Cavabdeh3 isə onun qardaşıdır. O, uşaq yaşlarından hazırkı 3468 saylı bağ evlərində ailə üzvləri ilə birlikdə yaşamışdır. Hazırda tələbədir və subaydır. Bu evdən başqa yaşayış yeri yoxdur. Evlərini və torpaqlarını qardaşı və atası ipotekaya qoyularkən evlərindən istifadə hüquqları nəzərə alınmamışdır. Göründüyü kimi, ipoteka müqaviləsi bağlanarkən torpağın və evin ümumi birgə mülkiyyət olması, torpaqdan və evdən istifadə hüquqları, o cümlədən ailə təsərrüfatları nəzərə alınmamışdır. Digər tərəfdən cəmi 35 min manat kredit alındığı halda, dəyəri bundan dəfələrlə çox olan mülkün - evin, torpağın və təsərrüfatın bunun müqabilində kredit təşkilatına verilməsi, ailə üzvlərinin küçəyə atılması və təsərrüfatlarının dağıdılması ədalət prinsipinə sığmayan böyük haqsızlıqdır. Buna görə də qeyd olunmuş ipoteka müqaviləsi etibarsız hesab edilməli və bununla bağlı olan bütün hüquqi nəticələr ləğv olunmalıdır. Göstərilənləri nəzərə alaraq, X6, Cavabdeh3 və "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə bağlanmış 27 iyun 2019-cu il tarixli 2019/00638-İP saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və bu müqavilədən irəli gələn bütün hüquqi nəticələrin ləğv olunmasına dair qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh2 iddia tələbini qismən qəbul edərək göstərdi ki, oğlu Cavabdeh3 heyvan alveri üçün "xxxx" BOKT MMC-dən 35000 (otuz beş min) manat məbləğində kredit götürmüş və kredit müqaviləsinin təminatı kimi yaşadıqları və onun xüsusi mülkiyyətində olan fərdi yaşayış evini ipoteka ilə yüklü etmişdir. Sonradan heyvanlar öldüyü üçün onlar maddi ziyana düşmüş və götürdüyü krediti ödəyə bilməmişlər. Onlar hazırda kredit borcunu ödəməkdən boyun qaçırmır. Hissə-hissə kredit götürdüyü təşkilata borcunu ödəyəcəkdir. Əlavə olaraq, hazırda yaşadıqları fərdi yaşayış evinin hərracda satılmasını istəmir. Belə ki, sözügedən yaşayış evi onların yeganə evləridir. Bu səbəbdən ödəniş edilməsi üçün ona vaxt verilməsini və qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh3 və nümayəndələri və vəkili Vəkil digər Cavabdeh2 izahatına uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinin nümayəndəsi X15 məhkəmədə iştirak edən zaman iddia tələbini qəbul etməyərək göstərdi ki, 27.06.2019-cu il tarixli kredit müqaviləsinə əsasən təşkilat tərəfindən Cavabdeh3 36 ay müddətində illik 32% olmaq şərti ilə 35000 manat məbləğində kredit verilmiş və kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri, X18, 0,12 ha torpaq sahəsini və üzərində yerləşən 2 mərtəbəli bağ evini ipoteka ilə yüklü edilmişdir. Hazırda iş üzrə icra qeydi vardır. Bu səbəbdən iddiaçıların iddia qaldırması sadəcə onların xeyrinə olan icra qeydinin icrasına mane olmaqdır. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini nəzərdən keçirdib, cavabdehlər Cavabdeh2, Cavabdeh3, nümayəndələri və vəkili Vəkil və "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyətinin nümayəndəsi X11 dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsassız olduğuna görə təmin edilməməlidir. İş materiallarında olan 27.06.2019-cu il tarixli, №2019/00638 saylı “Kredit Müqaviləsi”nin surətindən görünür ki, "xxxx" Bank Olmayan Kredit X3 Cəmiyyəti tərəfindən Cavabdeh3 36 ay müddətinə illik 32% olmaqla 35000 (otuz beş min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 27 iyun 2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən "xxxx" X16 Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 27 iyun 2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri, X18, 0,12 ha torpaq sahəsini və üzərində yerləşən 2 mərtəbəli 289.10 kv.m ümumi, 97.7 kv.m yaşayış, 191.4 kv.m köməkçi sahədən ibarət olan 5 otaqlı 3468 nömrəli bağ evi ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin likvid dəyəri 120000 manat qiymətləndirilmişdir. İş materiallarında olan, İV-JQ №-468480 saylı, 16.10.1988-ci il tarixli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh2 ilə X7 arasında olan nikah Sumqayıt Nikah evində 16 oktyabr 1988-ci il tarixdə bağlanmış və 1394 nömrə ilə qeyd olunmaqla, sonuncuya “Hətəmxanova” soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, № ******* saylı “çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, X18, ev 3468 xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 22.11.2017-ci il tarixdə 25 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan AZ-İİ № 174651 saylı, 18.06.2021-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X5 04.05.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Bakı şəhəri 9 saylı Notariat ofisi tərəfindən verilmiş 3M/748 reyestr nömrəli işə əlavə edilmiş İddiaçı1 27.06.2019-cu il tarixli ərizəsinin surətindən görünür ki, o, İddiaçı1, Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, X18ndə yerləşən 0.12 ha torpaq sahəsinin və onun üzərində yerləşən 3468 nömrəli bağ evinin "xxxx" BOKT-dan götürülən kreditin təminatı kimi həmin banka ipotekaya qoyulmasına etiraz etmir. İpoteka ilə yüklü edilmiş əmlaka tutma yönəldildiyi halda öhdəsinə götürür ki, heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən həmin əmlakı qeyri-şərtsiz tərk edəcəkdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən “çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, X18, ev 3468 xüsusi mülkiyyət hüququ üzrə "xxxx" BOKT MMC-nin adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 12.11.2020ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan 01.11.2019-cu il tarixli “İcra Qeydinin surətin”dən görünür ki, ipoteka qoyan Cavabdeh2 məxsus ipoteka predmeti olan ƏMDK-nin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən 22.11.2017-ci il tarixdə Cavabdeh2 verilmiş **********44-11301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, Sumqayıt şəhəri, X18, 3468 ünvanında yerləşən ümumi sahəsi 289.1 kv/m olan bağ evindən və onun yerləşdiyi 0.12 ha torpaq sahəsindən ibarət əmlaka sahəsi 289.1 kv.m olan bağ evindən və onun yerləşdiyi 0.12 ha torpaq sahəsindən ibarət əmlaka 47515,98 manat tutma yönəldilsin. İş materiallarında olan Aze seriyalı, №******** saylı şəxsiyyət vəsiqəsinin surətindən ki, Cavabdeh2 Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 59, mənzil 28-də qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, № ******** saylı, şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 59, mənzil 28-də qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, № ******** saylı, şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı5 Bakı şəhəri, Suraxanı rayonu, Y\Suraxanı qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 9-da qeydiyyatdadır. “İpoteka Haqqında” Azərbaycan Respublikası qanununun 10-cu maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə notariat qaydasında təsdiqlənməlidir. İpoteka müqaviləsi ilə əsas öhdəliyi yaradan müqavilə arasında uyğunsuzluq olduqda ipoteka qoyan borclu olduqda əsas öhdəliyi yaradan müqavilənin, ipoteka qoyan borclu olmadığı halda isə ipoteka müqaviləsinin 10 şərtləri üstünlük təşkil edir. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Həmin Qanunun 11-ci maddəsinin 1-ci hissəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması 34.1.2-ci maddəsinə görə isə, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Həmin Qanunun 39.3 və 39.3.2-ci maddələrinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda və Mülki Məcəllənin “Əşya təminat hüququ. Girov və ipoteka hüququ” adlı 12-ci fəslində daşınmaz əmlakın ipotekaya qoyulması zamanı qeydiyyatda olan və ya istifadə hüququ olan şəxslərin razılığının alınmasını müəyyən edən müddəalar yoxdur. Bu qayda yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 49-cu bəndində nəzərdə tutulmuşdur. Lakin həmin Təlimatın 49-cu bəndinin tələblərinin pozulması ipoteka müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Çünki Mülki Məcəllənin “Əqdlərin etibarsızlığı” adlı 14-cü fəslində və ya digər müddəalarında əqdlərin bu əsasa görə etibarsız hesab edilməsi nəzərdə tutulmamışdır. Əksinə Mülki Məcəllənin 337.1-ci maddəsində təsbit olunmuşdur ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Lakin yuxarıda qeyd olunduğu kimi Mülki Məcəllənin girov və ipoteka müqaviləsinə aid müddəalarında bu hal nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 310-cu maddəsinə əsasən eyni bir əşya ipoteka ilə bir neçə dəfə yüklü edilə bilər. Yüklü edilmənin növbəliyi ipotekanın dövlət qeydiyyatı anı ilə müəyyənləşdirilir. Həmin Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Bir sözlə, tərəflər müqavilə bağlayanadək olduqları əvvəlki vəziyyətlərinə qaytarılır. “T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 4 oktyabr 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əşya hüquqlarının müdafiəsi vasitələrindən biri də mübahisəli əmlaka dair bağlanmış əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin tətbiq olunmasıdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd etibarsız olduqda isə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.5-ci maddəsi). Göründüyü kimi, həmin maddənin müddəaları əqdin etibarsızlığı zamanı tərəflərin ilkin vəziyyətə qaytarılmasını, o cümlədən alıcının ödədiyi məbləğin ona qaytarılmasını ehtiva edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı X6, Cavabdeh3 və "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə bağlanmış 27 iyun 2019-cu il tarixli 2019/00638-İP saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və bu müqavilədən irəli gələn bütün hüquqi nəticələrin ləğv olunması” barədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Məcəllənin 337, 339, 342-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-çı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia rədd edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-4663/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4663/2021
26.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver