Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-407/2022 25.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri: Məmmədova Lətifə Məhyəddin qızı (sədrlik edən və məruzəçi hakim), Quliyev Telman Osman oğlu və Tağızadə Gülnarə Fikrət qızından ibarət tərkibdə, məhkəmə iclas katibi Həşimova Leyla Yusub qızının katibliyi ilə, iddiaçılar İddiaçı2 və İddiaçı5, cavabdehlər "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin nümayəndəsi X2, Cavabdeh2 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı «ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və bu müqavilədən irəli gələn bütün hüquqi nəticələrin ləğv olunması barədə» mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(060)-4663/2021 saylı qətnaməsindən iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(060)-4663/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim Rəşad Qoşqarlı). Qətnamədən iddiaçılar İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 apelyasiya şikayəti verərək Sumqayıt Şəhər Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(060)-4663/2021 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. İŞİN HALLARİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X6, Cavabdeh3 və "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə bağlanmış 27 iyun 2019-cu il tarixli 2019/00638-İP saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və bu müqavilədən irəli gələn bütün hüquqi nəticələrin ləğv olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. A P E L LY A S İ Y A Ş İ K A Y Ə T İ N İ N D Ə L İ L L Ə R İ və PROSESİŞTİRAKÇİLARİNİN İZAHATLARİ: Məhkəmə kollegiyasının iclasında İddiaçı2 apellyasiya şikayətini müdafiə edərək bildirdi ailəliklə Sumqayıt şəhəri, X14, ev 3468-də yaşayırlar, bu evdən başqa yaşayış yerləri yoxdur. Bu yaxınlarda Sumqayıt şəhər İcra və Probasiya şöbəsindən icra məmuru gələrək bildirmişdir ki, evi və evin yerləşdiyi torpaq sahəsiniı boşaltmalıdırlar. Belə ki, evi və torpağı atası Cavabdeh2 və qardaşı Cavabdeh3 ipotekaya qoyub bankdan böyük məbləğdə kredit götürmüş və sonradan krediti ödəyə bilmədiklərinə görə ev və torpaq bankın mülkiyyətinə keçmişdir. Buna görə də evi və torpağı boşaldıb banka təhvil verməlidirlər. Hazırda həmin evdə cavabdehlər də daxil olmaqla uşaqlı-böyüklü cəmi 11 nəfər yaşayır. Evi və torpağı boşaltsalar kirayələrdə yaşamalı olacaqlar ki, bu da ailənin dağılmasına gətirib çıxaracaqdır. Araşdırdıqdan sonra məlum oldu ki, Cavabdeh3 27.06.2019-cu il tarixdə "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC 2019/00638 saylı kredit müqaviləsi bağlayıb, faktiki illik dərəcəsi 36 faiz olmaqla 36 ay müddəti ərzində 35.000 manat kredit götürmüş, sonradan isə Cavabdeh2 və Cavabdeh3 həmin "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə 27 iyun 2019-cu il tarixli, 2019/00638-İP saylı ipoteka müqaviləsi bağlayıb X14ndə yerləşən 3468 saylı evi və evin yerləşdiyi 0,12 ha torpaq sahəsini ipotekaya qoymuşlar. Xəqani krediti ödəyə bilmədiyinə görə Sumqayıt şəhəri, 13-cü mikrorayon, Babək küçəsi 5 ünvanda yerləşən 3 saylı notariat ofisinin notariusu X1 01 noyabr 2019-cu il tarixli, 8İ-7770 saylı icra qeydi ilə torpağa və evə tutma yönəldilmiş, 2020-ci ilin avqust ayında ev və torpaq hərrac mərkəzi "xxxx" MMC-də hərraca çıxarılaraq "xxxx" BOKT MMC-yə satılmışdır. İlk olaraq məhkəmənin nəzərinə çatdırır ki, iddiaçılardan biri İddiaçı1 məhkəmə mübahisəsi başlanan zaman ağır sürən xəstəlikdən vəfat etmişdir. Ailədə ipoteka müqaviləsi mübahisəsi başlanarkən İddiaçı1 bildirmişdir ki, o heç bir ipoteka müqaviləsinə imza etməmiş və evin girov qoyulmasına razılıq verməmişdir. Birinci instansiya məhkəməsində isə araşdırma zamanı məlum olmuşdur ki. İddiaçı1 bu barədə notarial razılığı olmuşdur. Nəzərə alınmalıdır ki, ipoteka müqaviləsinin bağlandığı 2019-cu ilin iyun ayında Elyananın səhətində ciddi problemlər olmuşdur. O, cavabdehlər - əri Cavabdeh2 və oğlu Cavabdeh3 birbaşa təsiri altında olmuşdur. Çünki onun müalicəsi ilə məhz bu cavabdehlər məşğul olmuş və səhhətində ağrılar olan Elyana onların bütün tələblərini sözsüz yerinə yetirmişdir. Məhz bu səbəbdən cavabdehlər onun köməksiz vəziyyətindən istifadə etmiş və onu notariusa aparıb ipoteka müqaviləsinə imza eməyə məcbur etmişlər. Notarius isə Elyananın açıq-aydın xəstə olduğunu gördüyü halda onun səhhətini nəzərə almadan ipoteka müqaviləsini təsdiq etmişdir. O, uşaq yaşlarından hazırkı bağ evində ailə üzvlərilə birlikdə yaşayıb. 30 aprel 2011-ci il tarixdə İddiaçı5 ilə ailə qurmuş, iki uşağı vardır. Bu evdən başqa yaşayış yerləri yoxdur, ev ipotekaya qoyularkən onların istifadə hüququ nəzərə alınmamışdır. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(060)-4663/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçı5 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Sumqayıt Şəhər Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(060)- 4663/2021 saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC-nin nümayəndəsi X4 apellyasiya şikayətini qəbul etməyərək göstərdi ki, iddiaçılar cavabdehlərin ailə üzvləridir. Kreditin götürülmə proseduru barədə məlumatlıdırlar. 2021-ci ilin fevral ayında bankla tərəflər arasında razılaşmaya dair ərizə olub. Amma ərizə üzrə öhdəliklər də nəzərdə tutulan formada icra olunmayıb. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, Sumqayıt Şəhər Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(060)- 4663/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 qeyd etdi ki, İddiaçı1 arvadı idi, onkoloji xəstəlikdən vəfat edib. Krediti digər cavabdeh olan oğlu Xəqani Həsənovla birlikdə biznes qurmaq üçün götürmüşdülər, lakin işləri alınmadı, ziyana uğradılar. Qeyd edilənlərə əsasən məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 qeyd etdi ki, İddiaçı1 onun anası idi, onkoloji xəstəlikdən vəfat ölmüşdür. Anasının kreditin götürülməsindən məlumatı olub. Onun müalicəsi ilə məşğul olduqlarından atası ilə birlikdə qurduqları işdə ziyana uğramış, bu səbəbdən borcu ödəyə bilməmişlər. Qeyd edilənlərə əsasən məsələnin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. P R O S E S S U A L M Ə S Ə L Ə L Ə R: İş üzrə iddiaçılar İddiaçı3, İddiaçı4 qızına məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verilməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə qeyd edilən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimi, proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayətəri təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(060)-4663/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 27.06.2019-cu il tarixli, №2019/00638 saylı “Kredit Müqaviləsi”nin surətindən görünür ki, Kəpəz” Bank Olmayan Kredit X3 Cəmiyyəti tərəfindən Cavabdeh3 36 ay müddətinə illik 32% olmaqla 35000 (otuz beş min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 27 iyun 2019-cu il tarixli ipoteka müqaviləsinə əsasən "xxxx" X12 Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 27 iyun 2019-cu il tarixli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan Sumqayıt şəhəri, X14, 0,12 ha torpaq sahəsini və üzərində yerləşən 2 mərtəbəli 289.10 kv.m ümumi, 97.7 kv.m yaşayış, 191.4 kv.m köməkçi sahədən ibarət olan 5 otaqlı 3468 nömrəli bağ evi ipoteka ilə yüklü edilmiş və ipoteka predmetinin likvid dəyəri 120000 manat qiymətləndirilmişdir. İş materiallarında olan, İV-JQ №-468480 saylı, 16.10.1988-ci il tarixli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, Cavabdeh2 ilə X7 arasında olan nikah Sumqayıt Nikah evində 16 oktyabr 1988ci il tarixdə bağlanmış və 1394 nömrə ilə qeyd olunmaqla, sonuncuya “Hətəmxanova” soyadı verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, № ******* saylı “çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, X14, ev 3468 xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 22.11.2017-ci il tarixdə 25 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan AZ-İİ № 174651 saylı, 18.06.2021-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X5 04.05.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Bakı şəhəri 9 saylı Notariat ofisi tərəfindən verilmiş 3M/748 reyestr nömrəli işə əlavə edilmiş İddiaçı1 27.06.2019-cu il tarixli ərizəsinin surətindən görünür ki, o, İddiaçı1, Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, X14ndə yerləşən 0.12 ha torpaq sahəsinin və onun üzərində yerləşən 3468 nömrəli bağ evinin “KəpəzBOKTdan götürülən kreditin təminatı kimi həmin banka ipotekaya qoyulmasına etiraz etmir. İpoteka ilə yüklü edilmiş əmlaka tutma yönəldildiyi halda öhdəsinə götürür ki, heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən həmin əmlakı qeyri-şərtsiz tərk edəcəkdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən “çıxarış”ın surətindən görünür ki, Sumqayıt şəhəri, X14, ev 3468 xüsusi mülkiyyət hüququ üzrə "xxxx" BOKT MMC-nin adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 12.11.2020ci il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İş materiallarında olan 01.11.2019-cu il tarixli “İcra Qeydinin surətin”dən görünür ki, ipoteka qoyan Cavabdeh2 məxsus ipoteka predmeti olan ƏMDKnin yanında DƏDRX-nin Ərazi İdarəsi tərəfindən 22.11.2017-ci il tarixdə Cavabdeh2 verilmiş **********44-11301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən, Sumqayıt şəhəri, X14, 3468 ünvanında yerləşən ümumi sahəsi 289.1 kv/m olan bağ evindən və onun yerləşdiyi 0.12 ha torpaq sahəsindən ibarət əmlaka sahəsi 289.1 kv.m olan bağ evindən və onun yerləşdiyi 0.12 ha torpaq sahəsindən ibarət əmlaka 47515,98 manat tutma yönəldilsin. İş materiallarında olan Aze seriyalı, №******** saylı şəxsiyyət vəsiqəsinin surətindən ki, Cavabdeh2 Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 59, mənzil 28-də qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, № ******** saylı, şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 59, mənzil 28-də qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, № ******** saylı, şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı5 Bakı şəhəri, Suraxanı rayonu, Y\Suraxanı qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 9-da qeydiyyatdadır. “İpoteka Haqqında” Azərbaycan Respublikası qanununun 10-cu maddəsinə əsasən ipoteka müqaviləsi müstəqil xarakter daşımır və əsas öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanır. İpoteka müqaviləsi əsas öhdəliyin qüvvədə olduğu müddət ərzində istənilən vaxt bağlanıla bilər. İpoteka müqaviləsinin etibarsızlığı əsas öhdəliyin etibarsızlığına səbəb olmur. Əsas öhdəliyin etibarsızlığı ipoteka müqaviləsinin etibarsızlığına səbəb olur. İpoteka müqaviləsi ipoteka qoyan və ipoteka saxlayan tərəfindən, habelə ipoteka qoyan borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanılır. Daşınmaz əşyanın ipotekası haqqında müqavilə notariat qaydasında təsdiqlənməlidir. İpoteka müqaviləsi ilə əsas öhdəliyi yaradan müqavilə arasında uyğunsuzluq olduqda ipoteka qoyan borclu olduqda əsas öhdəliyi yaradan müqavilənin, ipoteka qoyan borclu olmadığı halda isə ipoteka müqaviləsinin 10 şərtləri üstünlük təşkil edir. İpoteka müqaviləsi dövlət qeydiyyatına alınmalıdır. İpoteka müqaviləsi dövlət qeydiyyatına alındığı andan qüvvəyə minir. Həmin Qanunun 11-ci maddəsinin 1-ci hissəsinə əsasən daşınmaz əşyanın ipotekası haqqında müqavilə daşınmaz əmlakın dövlət reyestrində, daşınar əşyanın ipotekası haqqında müqavilə isə daşınar əmlakın rəsmi reyestrində qeydə alınmalıdır. Həmin Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması 34.1.2-ci maddəsinə görə isə, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Həmin Qanunun 39.3 və 39.3.2-ci maddələrinə görə məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. Həmin Qanunun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununda və Mülki Məcəllənin “Əşya təminat hüququ. Girov və ipoteka hüququ” adlı 12-ci fəslində daşınmaz əmlakın ipotekaya qoyulması zamanı qeydiyyatda olan və ya istifadə hüququ olan şəxslərin razılığının alınmasını müəyyən edən müddəalar yoxdur. Bu qayda yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında» Təlimatın 49-cu bəndində nəzərdə tutulmuşdur. Lakin həmin Təlimatın 49-cu bəndinin tələblərinin pozulması ipoteka müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməz. Çünki Mülki Məcəllənin “Əqdlərin etibarsızlığı” adlı 14-cü fəslində və ya digər müddəalarında əqdlərin bu əsasa görə etibarsız hesab edilməsi nəzərdə tutulmamışdır. Əksinə Mülki Məcəllənin 337.1-ci maddəsində təsbit olunmuşdur ki, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Lakin yuxarıda qeyd olunduğu kimi Mülki Məcəllənin girov və ipoteka müqaviləsinə aid müddəalarında bu hal nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 310-cu maddəsinə əsasən eyni bir əşya ipoteka ilə bir neçə dəfə yüklü edilə bilər. Yüklü edilmənin növbəliyi ipotekanın dövlət qeydiyyatı anı ilə müəyyənləşdirilir. Həmin Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Bir sözlə, tərəflər müqavilə bağlayanadək olduqları əvvəlki vəziyyətlərinə qaytarılır. “T.Mənsurovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 4 oktyabr 2010-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, əşya hüquqlarının müdafiəsi vasitələrindən biri də mübahisəli əmlaka dair bağlanmış əqdin etibarsız hesab edilməsi və onun nəticələrinin tətbiq olunmasıdır. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd etibarsız olduqda isə tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir (Mülki Məcəllənin 337.5-ci maddəsi). Göründüyü kimi, həmin maddənin müddəaları əqdin etibarsızlığı zamanı tərəflərin ilkin vəziyyətə qaytarılmasını, o cümlədən alıcının ödədiyi məbləğin ona qaytarılmasını ehtiva edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdehlər "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC, Cavabdeh2 və Cavabdeh3 qarşı X6, Cavabdeh3 və "xxxx" Bank Olmayan Kredit Təşkilatı MMC ilə bağlanmış 27 iyun 2019-cu il tarixli 2019/00638-İP saylı ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və bu müqavilədən irəli gələn bütün hüquqi nəticələrin ləğv olunması” barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməmsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıların apellyasiya şikayəti əsassız olduğu üçün təmin olunmamalıdır. Belə ki, apellyasiya şikayətində ipoteka müqaviləsinin qanunsuz və əsassız olduğu qeyd olunsa da bu, iş materialları ilə təkzib olunur, iddiaçılar buna dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. İş materiallarında olan Bakı şəhəri 9 saylı Notariat ofisi tərəfindən verilmiş 3M/748 reyestr nömrəli işə əlavə edilmiş İddiaçı1 27.06.2019-cu il tarixli ərizəsinin surətindən görünür ki, o, Cavabdeh2 məxsus olan Sumqayıt şəhəri, X14ndə yerləşən 0.12 ha torpaq sahəsinin və onun üzərində yerləşən 3468 nömrəli bağ evinin “KəpəzBOKTdan götürülən kreditin təminatı kimi həmin banka ipotekaya qoyulmasına etiraz etmir. İpoteka ilə yüklü edilmiş əmlaka tutma yönəldildiyi halda öhdəsinə götürür ki, heç bir məhkəmə qətnaməsi tələb etmədən və məhkəməyə müraciət etmədən həmin əmlakı qeyri-şərtsiz tərk edəcəkdir. Bu hal da bir daha iporteka müqaviləsinin qanunvericiliyin tələblərinə uyğun tərtib olunmasını sübut edir. Bundan başqa iddiaçıların başqa yaşayış yerinin olmamasına dair dəlilini də məhkəmə kollegiyası əsassız hesab edir. Belə ki, həmin ev götürülmüş kreditin müqabilində girov qoyulmuşdr. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə gəldiyi nəticə və tətbiq etdiyi qanunvericilik normaları işin hallarına uyğun olmaqla qanuni və əsaslıdır. Məhkəmə kollegiyası apelyasiya şikayətlərində göstərilən dəlilləri ümümi ifadələr olduğu üçün formal mülahizələr kimi qiymətləndirir və qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutlmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni vəəsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmi Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və Sumqayıt Şəhər Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(060)-4663/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin 26 iyul 2021-ci il tarixli, 2(060)-4663/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gundən 2 (iki) ay muddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayətiverilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gundən 2 (iki) ay kecdikdən sonra qanuni quvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-407/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-407/2022
25.01.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver