Məhkəmə qərarları › İş №2(060)-2104/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2104/2021

05.03.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2104/2021 05.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı Sumqayıt Şəhər Probasiya Şöbəsinin icra məmuru kiçik ədliyyə müşaviri X2 və Cavabdeh iştirakları ilə İddiaçı Sumqayıt Şəhər Probasiya Şöbəsinin Cavabdeh qarşı “vurulmuş maddi ziyan tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Probasiya Şöbəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh mobil nəzarət qurğusunun xüsui proqram təminatı ilə dəyəri, yəni 1346,03 manat məbləğində pulun cavabdehdən alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçı Sumqayıt Şəhər Probasiya Şöbəsinin icra məmuru kiçik ədliyyə müşaviri X3 iddia ərizəsini müdafiə edərək göstərdi ki, Cavabdeh Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-443/2019 saylı, 03.12.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 69.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cavabdeh üzərinə Sumqayıt Şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvanı tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq vəzifəsi qoyulmuşdur. Hökmün icrası barədə göstəriş icra olunması üçün 25.12.2019-cu il tarixdə Sumqayıt Şəhər Probasiya Şöbəsinin icraatına daxil olmuş və məhkum müvafiq qaydada qeydiyyata götürələrək onun barəsində şəxsi işi açılmışdır. Nəzarət subyekti Cavabdeh yaşadığı ünvanda 29.12.2019-cu il tarixdə elektron nəzarət vasitəsi tətbiq edilmiş, ona bir ədəd mobil nəzarət qurğusu, bir ədəd elektron qolbağ, bir ədəd elektron qolbağ üçün enerji bankı, üç ədəd ev siqnal ötürücüsü təhvil verilmişdir. Eyni zamanda, ona məhkəmə hökmünün tələbləri, cəzanın çəkilmə qaydalarının pozulmasının hüquqi nəticələri, həmçinin elektron nəzarət vasitəsini daşımalı olduğunu, həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət qaydaları hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yol verilməzliyi, habelə həmin vasitənin zədəlikdə və ya digər üsulla yararsız vəziyyətə saldıqda dəyərinin ondan tutulacağı izah edilmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Cavabdeh 29.12.2020-ci il tarixdə izahatında bildirmişdir ki, mobil qurğunun enerji toplayan hissəsinə mətbəx bıçağı ilə müdaxilə edərək onu bilərəkdən yararsız hala salmışdır. Belə olan halda hesab edilir ki, cavabdeh məsuliyyətli olmadığından elektron nəzarət qurğusunu yararsız hala salmış və maddi ziyan vurulmuşdur. Avadanlığın dəyəri 1346,03 manat təşkil edir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh mobil nəzarət qurğusunun xüsui proqram təminatı ilə dəyəri, yəni 1346,03 manat məbləğində pulun cavabdehdən alınması barədə qətnamə çıxarmağı məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh iddia tələbini qəbul edərək göstərdi ki, Sumqayıt Şəhər Probasiya Şöbəsi tərəfindən üzərinə tətbiq edilmiş elektron nəzarət vasitəsinin mobil cihazını sıradan çıxartmışdır. Həmin cihazın qiymətinin 1346 manat olduğunu bilir. Hazırda ona qarşı verilmiş iddia tələbini qəbul etdiyini bildirərək bu barədə yazılı ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iddiaçı Sumqayıt Şəhər Probasiya Şöbəsinin icra məmuru kiçik ədliyyə müşaviri X2 və Cavabdeh dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 03.12.2019-cu il tarixli, 1(060)-443/2019 saylı hökmün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-69.3-cü maddəsinə əsasən, Cavabdeh 07 avqust 2019-cu il tarixdən 09 avqust 2019-cu il tarixədək və 31 oktyabr 2019-cu il tarixdən 03 dekabr 2019-cu il tarixədək 01 (bir) ay 05 (beş) gün tutularaq həbsdə saxlandığı müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində 02 (iki) il 03 (üç) ay 20 (iyirmi) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan 02.11.2018-ci il tarixli məktubun surətindən görünür ki, mobil nəzarət qurğuları xüsusi proqram təminatı ilə 1 ədədinin qiyməti 1346,03 manat təşkil edir. İş materiallarında olan Cavabdeh 09.02.2021-ci il tarixli ərizəsindən görünür ki, Sumqayıt Şəhər Probasiya Şöbəsi tərəfindən üzərinə tətbiq edilmiş elektron nəzarət vasitəsinin mobil cihazını sıradan çıxartmışdır. Hazırda ona qarşı verilmiş iddia tələbini qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Sadalanan maddi hüquq normalarına görə hazırkı iş üzrə zərərin ödənilməsi barədə iddianın təmin olunması üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Sübuetmə yükü baxımından iddiaçı cavabdeh tərəfindən yol verilmiş təqsirli hərəkət nəticəsində ona maddi ziyan dəydiyini sübut etməlidir. Məhkəmə iclasında iş üzrə sübutlarla müəyyən edilmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 03.12.2019-cu il tarixli, 1(060)-443/2019 saylı hökmün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-69.3-cü maddəsinə əsasən, Cavabdeh 07 avqust 2019-cu il tarixdən 09 avqust 2019-cu il tarixədək və 31 oktyabr 2019-cu il tarixdən 03 dekabr 2019-cu il tarixədək 01 (bir) ay 05 (beş) gün tutularaq həbsdə saxlandığı müddət ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində 02 (iki) il 03 (üç) ay 20 (iyirmi) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. 02.11.2018-ci il tarixli məktubla müəyyən olunmuşdur ki, mobil nəzarət qurğuları xüsusi proqram təminatının dəyəri 1346, 03 manatdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Şərh edilənləri və Cavabdeh iddia tələbini qəbul etməsini nəzərə alaraq məhkəmə, Cavabdeh mobil nəzarət qurğusunun xüsusi proqram təminatının dəyəri kimi 1346 (bir min üç yüz qırx altı) manat 03 (üç) qəpik məbləğində pul vəsaitin alınaraq Ədliyyə Nazirliyinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh mobil nəzarət qurğusunun xüsusi proqram təminatının dəyəri kimi 1346 (bir min üç yüz qırx altı) manat 03 (üç) qəpik məbləğində pul vəsaitin alınaraq Ədliyyə Nazirliyinin hesabına ödənilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar