Məhkəmə qərarları › İş №2(060)-2108/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2108/2021

03.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2108/2021 03.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Allahverdili Nuranə Həmzə qızının katibliyi, İddiaçı, cavabdeh Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh1 və Cavabdeh2 (bundan sonra – cavabdehlər) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehlərdən yazılı qəbzlərə əsasən 05 mart 2018-ci ildə verilmiş 4600 manat və 5000 manat olmaqla, ümumilikdə 9600 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun müştərək qaydada iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 iddiaçının keçmiş iş yoldaşı olmuşdur. Digər Cavabdeh1 onun oğludur. Cavabdeh2 iddiaçıdan 1 ay müdətinə qaytarmaq şərti ilə 10000 manat pul istəmişdir. Həmin vaxtda iddiaçıda cavabdehlərin istədiyi qədər pul olmadığına görə onlara 5000 manat borca pul vermişdir. Bunu hər iki cavabdehin imzaladığı 05.03.2018-ci il tarixli qəbz təsdiq edir. Həmin gün axşam Cavabdeh1 iddiaçının yaşadığı ünvana gələrək əlavə olaraq ondan borca pul istəmişdir. İddiaçı həmin vaxt cavabdehə 4600 manat borca pul vermişdir. Bunu 05.03.2018-ci il tarixli qəbz təsdiq edir. Həmin qəbzi Cavabdeh1 şəxsən özü imzalamışdır.Cavabdehlər aldıqları pulu 1 ay müddətinə, yəni 05 aprel 2018-ci il tarixinə qədər qaytarmağa söz versələr də, borcu ödəməkdən yayınırlar. İddiaçı cavabdehlərə dəfələrlə borcun ödənilməsi barədə müraciət etsə də, onlar borcu ödəməkdən əsasız olaraq boyun qaçırırlar. Cavabdehlər tərəfindən borc vaxtında qaytarılmadığı üçün iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. İşin tam və obyektiv baxılması üçün məhkəmə tərəfindən iş üzrə məhkəməxətşünaslıq ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspert rəyi alınanadək dayandırılmışdır. 12.07.2021-ci il tarixində ekspert rəyi iş materialları ilə birlikdə məhkəməyə daxil olmuş və iş üzrə icraat təzələnmişdir. İddiaçı və Cavabdeh1 məhkəmə iclasında iştirak etmişlər. Digər cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185-ci maddəsinə əsasən işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və həmçnin bildirdi ki, pulu hissə-hissə verdiyi üçün cavabdehlərə iki dəfə qəbz imzalatmışdır. Pulu hər iki cavabdehə vermişdir. Bu səbəbdən hesabe dir ki, pul cavabdehlərdən müştərəkqaydada tutulmalıdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirdi ki, iddia tamamilə əsassızdır. Yalnız 5000 manat pulun verilməsinə dair qəbzdəki imza ona məxsusdur. Digər qəbzdəki imza isə ona məxsus deyildir. Qeyd edilənlər əsasından cavabdeh iddia ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1954-cü ildə, Ucar rayonu, Yuxarı Şilyan kəndində anadan olmuş, hazırda Sumqayıt şəhəri, 18-ci mikrorayon, ev 1B, mənzil 88 ünvanında qeydiyyatdadır. Cavabdeh1 09.12.1984-cü ildə, Cavabdeh2 isə 09.01.1947-ci ildə anadan olmuşlar. Cavabdehlər hazırda ünvan 2 ünvanında qeydiyyatdadırlar. İşdə olan 05.03.2018-ci il tarixli Cavabdeh1 və Cavabdeh2 adından imzalanmış yazılı qəbzdə göstərilmişdir ki, “Mən Cavabdeh1 anamın iş yoldaşı Xədicə xanımdan 5000 manat pul almışam”. 05.03.2018-ci il tarixli Cavabdeh1 adından imzalanmış digər yazılı qəbzdə göstərilmişdir ki, “Mən Cavabdeh1 anamın iş yoldaşı Xədicə xanımdan 4600 manat pul götürmüşük”. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-xətşünaslıq ekspertizasının nəticəsinə dair 30.06.2021-ci il tarixli rəyində gösətrilmişdir ki, ekspertizaya təqdim edilmiş, mülki işin 3-cü vərəqində 05.03.2018-ci il tarixli Cavabdeh1 adından olan 5000 manat pula dair borc qəbzinin mətni (“Məmmədova” yazılarının qarşısındakı “S.M” yazılarından başqa) və həmin qəbzdə “Dünyamalıyev. M” yazılarının qarşısındakı imza; 4-cü vərəqində 05.03.2018-ci il tarixli Cavabdeh1 adından olan 4600 manat pula dair borc qəbzinin mətni və həmin qəbzdə “Dünyamalıyev.M. M” yazılarının qarşısındakı imza - Cavabdeh1 tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Göründüyü kimi iddiaçı cavabdehlərə 9600 manat məbləğində borc verdiyini bildirir və həmin pulun cavabdehlərdən onun xeyrinə tutulmasını xahiş edir. İş materiallarında olan yazılı qəbzlərdə borc etiraf edildiyi üçün həmin qəbzlərə borcun etirafı haqqında müqavilə kimi yanaşılmalı və mübahisəyə Mülki Məcəllənin borcun etirafı haqqında müqavilə ilə bağlı müddəaları tətbiq edilməlidir. Mülki Məcəllədə göstərilmişdir ki, borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir (882.1.). Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz (882.2.). İşdən göründüyü kimi 05.03.2018-ci il tarixli yazılı qəbzlərdə Cavabdeh1 iddiaçıya 5000 və 4600 manat borcunun olduğunu etiraf etmişdir. Cavabdeh qəbzlərin birində olan imzanın ona məxsus olmadığını bildirsə də, iş üzrə təyin edilmiş məhkəmə-xətşünaslıq ekspertizasına dair ekspert rəyində qəbzlərin hər ikisində olan imzanın Cavabdeh1 tərəfindən ica edildiyi göstərilmişdir. MPM-də göstərilmişdir ki, Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir(101.7.). Məhkəmə hesabe dir ki, işdə olan yazılı qəbzlərdəki imzaların Cavabdeh1 məxsusluğu ekspert rəyi ilə təsdiq edildiyindən və həmin halın əksini təsdiq edən hər hansı sübut olmadığından iddia tələbi Cavabdeh1 aid hissədə təmin edilməlidir. Digər cavabdehə gəldikdə isə məhkəmə qeyd edir ki, qəbzlərin birində Cavabdeh2 imzası olsa da qəbzin mətnində həmin cavabdehin iddiaçıdan hər hansı pul məbləği alması barədə qeyd aparılmamışdır. Bu səbəbdən iddia həmin cavabdehə aid hissədə təmin edilə bilməz. İddia qismən təmin edildiyi üçün iddiaçının iddia ərizəsi verilməsi üçün ödədiyi 30 manat dövlət rüsumunun yarısı Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 9600 (doqquz min altı yüz) manat məbləğində pul və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı Cavabdeh1 tutularaq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar