Məhkəmə qərarları › İş №2(060)-211/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-211/2021

09.06.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-211/2021 09.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh STŞ-046 nömrəli video müşahidə qurğusunu yararsız hala salmaqla ona vurduğu ziyana görə 2338 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 12 fevral 2020-ci ildə saat 23.27-də Sumqayıt şəhəri, Sülh küçəsi, Dövlət Gömrük İdarəsinin yaxınlığında yerləşən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məxsus STŞ-046 nömrəli video müşahidə nöqtəsinə Cavabdeh məxsus “Vaz 21099” markalı AZ **-BF-*** dövlət nömrə nişanlı avtomobil tərəfindən yol nəqliyyat hadisəsi zamanı maddi ziyan dəymişdir. Ümumilikdə video müşahidə nöqtəsinə dəyən zərərin məbləği 2338 manatdır. Dəymiş ziyan cavabdeh tərəfindən ödənilməmişdir. Cavabdeh barəsində İXM-nin 327.6-cı və 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Ona görə də iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Ekin Texnoloji A.Ş şirkətinin verdiyi aktdan görünür ki,Sumqayıt şəhəri Sülh küçəsi, Dövlət Gömrük Komitəsinin qarşısında yerləşən STŞ-046 nömrəli VM nöqtəsi, 12.02.2020-ci il tarixində yol-nəqliyyat hadisəsi zamanı zərər görmüşdür. 1 ədəd hərəkətli kamera –təmirə yararsız olduöundan yenisi ilə əvəz olunmalı, ümumilkdə VM nöqtəsinə dəyən zərərin məbləği 2338 manat göstərilmişdir. -Cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polis şöbəsində 17.02.2020-ci il tarixli izahatından görünür ki, 12 fevral 2020-ci ildə saat 23.27 radələrində idarə etdiyi VAZ 21099 markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Sülh küçəsində hərəkətdə olduğu zaman, Dövlət Gömrük İdarəsinin yaxınlığında yerləşən qırmızı işiğı gec görmüş əyləci sıxarkən idarəetməni itirmiş, nəticədə işıq dirəyinə dəymiş və ziyan yetirmişdir. - Sumqayıt DYPŞ-nin verdiyi AP ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, 12 fevral 2020-ci ildə saat 23.27 radələrində VAZ 21099 markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomobil Sülh küçəsində TŞ kamerası üzərində quraşdırılmış video müşahidə nöqtəsinə zərər yetirmişdir. Hadisə yerini tərk etmişdir. Nəticədə Azərbaycan Respublikası İXM-nin 327.6-cı və 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. -18.02.2020-ci il tarixli İnzibati Tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Azərbaycan Respublikası İXM-nin 327.6-cı və 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, 12 fevral 2020-ci ildə saat 23.27-də Sumqayıt şəhəri, Sülh küçəsi, Dövlət Gömrük İdarəsinin yaxınlığında yerləşən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə məxsus STŞ-046 nömrəli video müşahidə nöqtəsinə Cavabdeh məxsus “Vaz 21099” markalı AZ **-BF-*** dövlət nömrə nişanlı avtomobil tərəfindən yol nəqliyyat hadisəsi zamanı maddi ziyan dəymişdir. Ümumilikdə video müşahidə nöqtəsinə dəyən zərərin məbləği 2338 manatdır. Dəymiş ziyan cavabdeh tərəfindən ödənilməmişdir. Cavabdeh barəsində İXM-nin 327.6-cı və 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 100 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. İş üzrə keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 29 aprel 2021-ci il tarixli, 9/1694 saylı rəyindən görünür ki, “Ekin” Texnoloji A.Ş şirkəti tərəfindən tərtib edilmiş 20.02.2020-ci il tarixli akta əsasən yol-nəqliyyat hadisəsi nəticəsində zədələnmiş bir ədəd videomüşahidə qurğusuna (hərəkətli kamera) dəyən zərərin məbləği 2338 manat müəyyən edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının MM-nin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçıya maddi ziyan vurulması və Cavabdeh buna gətirib çıxaran əməldə təqsiri iş materialları ilə təsdiq olunur. Dəymiş zərərin məbləği isə, ekspertin rəyi ilə müəyyən olunmuş 2338 manat həddində müəyyən edilməlidir. Odur ki, iddia təmin olunmalıdır. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan 2338 manat məbləğində pul Cavabdeh tutulub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ödənilməlidir. Eyni zamanda məhkəmə ekspertizası tədqiqatının dəyərinin əvəzi olaraq Cavabdeh 100 manat tutularaq X1 hesabına ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumundan azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 2338 manat məbləğində pul tutularaq iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə ödənilsin. Məhkəmə ekspertizası tədqiqatının dəyəri olaraq Cavabdeh 100 manat tutularaq X1 müxbir hesabına köçürülsün. (Kod:210005,VÖEN:**********,Müxbir hesab:AZ41NABZ********************) İddianın verilməsinə görə 30 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar