Məhkəmə qərarları › İş №2(060)-212/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-212/2021

08.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-212/2021 08.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X3 Cavabdeh2 vəkili və nümayəndəsi Vəkil Hafiz oğlunun iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasnda baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən İddiaçı ASC-nin xeyrinə 3120,96 ABŞ dolları əsas, 5323,23 ABŞ dolları faiz borcu, 2715,27 ABŞ dolları cərimə borcunun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış 23.04.2015-ci il tarixli kredit sazişi müqaviləsinə əsasən bank borcluya 30 ay müddətinə illik 24 faizlə 15251 ABŞ dolları kredit vermişdir. Hazırda cavabdeh “ödəniş cədvəlinə” əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Zamin Cavabdeh1 həmin sazişə əsasən bank qarşısında öz üzərinə öhdəlik götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu Cavabdeh2 ilə birgə məsuliyyət daşıyır və kreditin qaytarılması ilə bağlı borcluya aid bütün öhdəlikləri icra etməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq göstərdi ki, cavabdehin nümayəndəsinin izahatında göstərdikləri həqiqətə uyğun deyildir, bank tərəfindən cavabdehə 1 ABŞ dollarının AZN-ə olan məzənnəsinin 1.00 manat ekvivalenti ilə hesablanacağı barədə sms göndərilməyib. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili göstərdi ki, iddianı qəbul etmir. Cavabdeh tərəfindən öhdəlik icra edilmişdir. Cavabdehə Bank tərəfindən sms göndərilərək ABŞ dollarının AZN-ə olan məzənnəsinin 1.00 manat ekvivalenti ilə hesablanacağı ilə bağlı məlumatlandırılmışdır. Həmin hesaba uyğun olaraq borclu tərəfindən ödənişlər vaxtlı-vaxtında aparılmışdır, hazırda cavabdehin banka heç bir borcu yoxdur. Cavabdehin nümayəndəsi eyni zamanda göstərdi ki, iddiaçı tərəfindən borc düzgün hesablanmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə digər Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb, sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Mülki iş materiallarına əlavə edilmiş: İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış 23.04.2015-ci il tarixli Kredit Sazişindən görünür ki, kreditor borcalana 30 ay müddətinə illik 24 faiz ödənilməsi şərti ilə 15.251 ABŞ dolları kredit verməyi, borcalan həmin kreditdən məqsədli istifadə etməyi və müəyyən olunmuş müddətdə kredit və hesablanmış faizləri qaytarmağı öhdəsinə götürmüşdür. 23 aprel 2015-ci il tarixli Kassa Məxaric orderindən görünür ki, Cavabdeh2 15.251 ABŞ dolları məbləğində pulu nağd şəkildə bankın kassasından qəbul etmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh2 31 may 2020-ci il tarixə 23.04.2015-ci il tarixli kredit müqaviləsi üzrə 3120,96 ABŞ dolları əsas, 5323,23 ABŞ dolları faiz, 2715,27 ABŞ dolları cərimə borcu vardır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizlər hər ay ödəniş cədvəlinə uyğun olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 421, 442, 445, 448.1, 739.1, 739.2-ci maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Məhkəmə mühasibatlıq ekspertizasının 15 fevral 2021-ci il tarixli 9/5950 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə, iş materiallarında olan sənədlərə əsasən, 23.04.2015-ci il tarixli kredit sazişi üzrə saazişin şərtləri əsas götürülməklə və borclu tərəfindən aparılmış ödənişlər nəzərə alınmaqla borclunun 31.05.2018-ci il tarixə olan borcu 8.601,76 (3.308,64 ABŞ dolları əsas borc, 5.293,12 ABŞ dolları faiz borcu olmaqla) ABŞ dolları məbləğində təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə mühasibatlıq ekspertizasının 27 aprel 2021-ci il tarixli 9/1873 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə, iş materiallarında olan sənədlərə əsasən, 23.04.2015-ci il tarixli kredit sazişi üzrə saazişin şərtləri əsas götürülməklə və borclu tərəfindən aparılmış ödənişlər nəzərə alınmaqla borclunun müqavilə müddətinin bitdiyi 23.10.2017-ci il tarixə olan borcu 6.429,88 (3.067,93 ABŞ dolları əsas borc, 3.361,95 ABŞ dolları faiz borcu olmaqla) ABŞ dolları məbləğində təşkil edir. Ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76 və 88-ci maddələrinə müvafiq olaraq 27 aprel 2021-ci il tarixli 9/1873 saylı ekspert rəyini sübut növü kimi nəzərə alaraq hesab edir ki, Cavabdeh2 kredit sazişi üzə iddiaçıya yaranmış borcu kredit müqaviləsinin bitdiyi 23.10.2017-ci il tarixə qədər olan borc - 3.067,93 ABŞ dolları əsas borc, 3.361,95 ABŞ dolları faiz borcu olmaqla müəyyən edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə müddətin bitməsindən sonrakı dövrə həmin müqavilə üzrə faizlərin və cərimənin hesablanması, borcluya qarşı belə bir tələbin irəli sürülməsi qanuni və əsaslı deyildir. İddiaçı bununla Mülki Məcəllənin 425-ci maddəsində nəzərdə tutulan vicdanlılıq prinsipinə əməl etməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İfadə olunan hüquq normasının məzmununa əsaslanaraq məhkəmə hesab edir ki, borcluya qarşı tələb hüququna malik olan kreditor müqavilədən irəli gələn hüquqlarını tələb edərkən öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalı idi. Bundan başqa, Mülki qanunvericilik müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığını təmin etməklə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəaları nəzərdə tutmuşdur (MM-in 399-cu maddəsi). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli Qərarında məhkəmə qeyd etmişdir ki, «Kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və onaxitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Beləliklə, kredit münasibətləri müddətlidir və həyata kesirilmə müddəti vaxt sərsivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur». Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında formalaşan hüquqi mövqeyə, həminçinin qanunvericiliyin tələbinə görə kredit müqaviləsi müddətli olmaqla müəyyən vaxt çərçivəsi ilə məhdudlaşır. Bu hüquqi mövqeyə əsaslanaraq məhkəmə hesab edir ki, araşdırılan mülki iş üzrə öhdəliyin icrası müddətinin aydın şəkildə ifadə olunduğu kredit müqaviləsinin həmin müqavilənin bütün borclar tam ödənilənədək qüvvədə olması barədə şərti hüquqi müəyyənlik prinsipinə və mülki qanunvericiliyin müddətləri tənzimləyən müddəalarına zidd olduğu üsün etibarsızdır. Belə ki, hər bir şəxs müqavilə münasibətlərinə daxil olarkən bu hərəkətlərin onun üçün konkret hansı nəticələrə səbəb olacağını görmək imkanına malik olmalıdır. O cumlədən nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 554.4-cü maddəsinə əsasən müddətin kesməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin kesməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Mülki işin materiallarından göründüyü kimi tərəflər arasında bağlanmış 23.04.2015-ci il tarixli kredit müqaviləsinin müddəti 30 ay olmaqla, 23.10.2017-ci il tarixdə bitmişdir. İddiaçı müqavilə müddətinin bitməsindən sonrakı dövr üçün borcluya qarşı pul tələbi (faiz borcu və cərimə) irəli sürmüşdür. Məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə müddətin bitməsindən sonrakı dövr üçün həmin müqavilə üzrə davamlı olaraq faizlərin və cərimənin hesablanması, borcluya qarşı belə bir iddia tələbinin irəli sürülməsinin hüquqi əsası yoxdur. Odur ki, cavabdehə qarşı 23.04.2015-ci il tarixli kredit müqaviləsi üzrə iddia tələbi qismən, kredit müqaviləsinin bitdiyi günə mövcud olan faiz və cərimə borcu hissəsində təmin edilməlidir. Məhkəmə Mülki Məcəllənin 467-ci maddəsinə əsasən həmçinin hesab edir ki, 2.715,27 ABŞ dolları cərimə azaldılaraq 200 ABŞ dolları məbləğində müəyyən edilməklə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İş materiallarında olan Bankla Cavabdeh2 və Cavabdeh1 arasında bağlanmış 23 aprel 2015-ci il tarixli sazişdən həmçinin görünür ki, zamin Cavabdeh1 bu sazişdən irəli gələn öhdəliklərin icrası ilə bağlı üzərinə birgə məsuliyyət götürmüşdür. Məhkəmə hesab edir ki, Mülki Məcəlləsinin 477.0.4-ci maddəsinə əsasən araşdırılan mübahisə üzrə zaminliyə artıq xitam verilmişdir, bu səbəbdən də Cavabdeh1 qarşı yönəlmiş tələb əsassızdır və təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarından görünür ki, iş üzrə iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Həmçinin aparılan ekspertiza tədqiqatlarının dəyəri ümumilikdə 200 manat təşkil edir. MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 12,30 manatı iddiaçıya aid edilməli, 17,70 manat isə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə ekspertizası tədqiqatının dəyərinin əvəzi olaraq İddiaçı ASC-dən 82 manat, Cavabdeh2 118 manat tutuluraq X1 hesabına ödənilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 3067,93 ABŞ dolları əsas, 3361,95 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları cərimə olmaqla, cəmi 6629,88 ABŞ dolları(ödəniş gününə manata məzənnə ilə) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 17,70 manat İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Aslanov Cavabdeh2 3067,93 ABŞ dolları əsas, 3361,95 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları cərimə olmaqla, cəmi 6629,88 (altı min altı yüz iyirmi doqquz ABŞ dolları səksən səkkiz sent) ABŞ dolları (ödəniş gününə manata məzənnə ilə) və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 17,70 (on yeddi manat yetmiş qəpik) manat İddiaçı ASCnin xeyrinə tutulsun. Məhkəmə ekspertizası tədqiqatının dəyərinin əvəzi olaraq İddiaçı ASC-dən 82 (səksən iki) manat, Cavabdeh2 118 (bir yüz on səkkiz) manat tutuluraq X2 (Kod 210005, VÖEN **********), müxbir hesab AZ41NABZ********************, SFİFT BİK- CTREAZ22, məhkəmə ekspertiza mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar