Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2122/2024 09.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin dəyişdirilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:
1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-2895/2021 saylı qətnaməsi ilə təyin edilmiş alimentin artırılması və Cavabdeh uşaqları xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 250 manat olmaqla, ümumilikdə 500 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar :
2. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-2895/2021 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı iddiası təmin edilməklə, ondan uşaqları xx.xx.2011 -ci il təvəllüdlü X2 və xx.xx.2014-cü ıl təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa 175 manat olmaqla, 2 uşağa görə 350 manat məbləğində alimentin tutulması qət edilmişdir. Aralarında bağlanmış nikah məhkəmə qətnaməsinə əsassən pozulmuşdur. Qətnamədən sonra Azərbaycan Respublikası üzrə 1 uşağın saxlanılması minimumunda artımlar olmuş və cavabdehin qazanc və gəlirləri də artmışdır. O, işləmir və uşaqların maddi təminatında əziyyət çəkir. Uşaqlar böyüdükcə onların xərci də artır və bu səbəbdən uşaqların mənafeyi baxımından təyin edilmiş aliment məbləğinin artırılmasına zərurət yaranmışdır.
İddia tələbinə qarşı etirazın əsasları:
3. Cavabdeh iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, işləmir, işsiz kimi 4 ildən artıqdır ki, Sumqayıt Məşğulluq Mərkəzində qeydiyyatdadır. Təsadüfi qazanclar hesabına dolanır. Yaşlı və xəstə anası himayəsindədir. Atası dünyasını dəyişmişdir. Digər bir yerdən qazancı yoxdur. Təyin olunmuş alimenti çətinliklə ödəyir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, guya işləmir. İddiaçı Sumqayıt şəhəri, 17-ci mikrorayon ünvanında yerləşən gözəllik salonunda lazer sahəsi üzrə şəxsi fəaliyyət göstərir.
Tərəflərin mövqeləri:
4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, lazer mərkəzində gündəlik işçi kimi işləyir. Cavabdeh fəhlə kimi işlədiyini bildirsə də, hal-hazırda ticarətlə məşğuldur. Hazırda cavabdeh 350 manat məbləğində aliment ödəyir. Lakin qalıq borcu vardır. Alimenti tam ödəmirdi. 280 manat məbləğində ödənişlər edirdi. 3 il bundan əvvəl uşaqlarının yetkinlik yaşına çatana qədər saxlanması üçün aliment təyin edilmişdir. Həmin vaxt uşaqlar balaca olmuşdur. Uşaqlar böyüdükcə tələbatları da artır. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.
5. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, 380 manat məbləğində aliment ödəyir. Aliment müəyyən edilən zamandan ödəmiş və uşaqlar yetkinlik yaşına çatana qədər də ödəyəcəkdir. Günlük 12 manat məbləğində qazancı vardır. Hazırki məbləğdə, yəni 380 manat məbləğində aliment ödəyə bilər. Bəzən həmin məbləği ödəməy də gücü çatmır, anası pensiyasından verərək kömək edir.
Tədqiq olunan sübutlar:
6. AZ-İİ 772129 saylı və AZ-İİİ 462446 saylı doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, X7 xx.xx.2011-ci ildə, X5 xx.xx.2014-cü ildə anadan olmuşdur. Uşaqların atası Cavabdeh, anası isə X3r.
7. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-2895/2021 saylı qətnaməsindən görünür ki, iddiaçı A.V.Əsədovanın apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 2(060)- 2252/2021 saylı qətnaməsinin qismən ləğv edilməsi, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək hər ay hər uşağa 175 manat olmaqla, ümumilikdə 350 manat sabit pul məbləğində alimentin tutulub iddiaçı X4 verilməsi qət edilmişdir.
8. AZ-İ 415132 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X6 arasında bağlanmış nikah Sumqayıt Şəhər Məhkəməsinin 11 iyun 2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, nikaha 02 fevral 2022-ci il tarixində xitam verilmiş, bu barədə Sumqayıt şəhər qeydiyyat şöbəsində nikahın pozulması haqqında akt qeydləri kitabında 17 mart 2022-ci il tarixində 99 nömrəsi ilə qeyd edilmişdir.
9. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh və İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir.
Məhkəmə baxışının hədləri:
10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
Tətbiq edilən hüquq:
11. Azərbaycan Respublikası Ailə Məcəlləsinin :
78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı : Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir.
13. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı : 8.2-ci bəndinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.
14. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
15. “Uşaq hüquqları haqqında” Konvensiya: 27-ci maddəsinə görə, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.
16. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu : 2024-cü il uşaqlar üçün yaşayış minimumu ölkə üzrə 235 manat məbləğində müəyyən edilmişdir.
Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
17. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək, işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia qismən təmin edilməlidir.
18. Belə ki, istinad olunan qanunvericilik aktlarından göründüyü kimi həmin aktların əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir.
19. Hazırki işdə iddiaçı 2021-ci ildə hər ay uşaqlara görə təyin edilmiş 175 manat məbləğində alimentin artırılaraq hər ay hər uşağa görə 250 manat olmaqla, ümumilikdə 500 manat məbləğində pul vəsaitinin tutulmasını məhkəmədən xahiş edir.
20. Qanunverici, prinsip etibari ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur.
21. İddiaçı alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin uşaqların ehtiyaclarını ödəməyə imkan verməməsinə əsaslanmaqla tələb edir.
22. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə alimentin tutulması barədə qətnamənin qəbul edilməsindən xeyli müddət keçmiş, həmin müddətdən sonra minimum yaşayış tələbatları artmışdır. Hal-hazırda 2024-cü il uşaqlar üçün yaşayış minimumu ölkə üzrə 235 manat məbləğində müəyyən edilmişdir.
23. Qanunvericiliyin tələbinə görə aliment təyini zamanı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar da nəzərə alınmalıdır. Məhkəmə cavabdehin işləməməsi ilə bağlı, işsiz olaraq məşğulluqda qeydiyyata alınmasına dair dəlilinə münasibətdə qeyd edir ki, Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, cavabdeh vergi ödəyicisi kimi qeydiyyata alınmaqla fərdi sahibkarlıq fəaliyyətini həyata keçirir.
24. Bundan əlavə Qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar.
25. Beləliklə, məhkəmə hər iki tərəfin mənafeyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2011-ci il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 220 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya verilməlidir.
26. Bundan əlavə məhkəmə qeyd edir ki, “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddəsinə əsasən, aliment tələbi üzrə iddiaçıları dövlət rüsumu ödəməkdən azad edilsə də, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
27. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən dövlət rüsumu qismində 52 (əlli iki) manat, 80 (səksən) qəpik məbləğində pul vəsaiti tutulmalıdır.
Nəticə:
28. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia tələbi qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2(105)-2895/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün Cavabdeh hər ay hər uşağa görə 220 manat olmaqla, ümumilikdə 440 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh dövlət rüsumu qismində 52 (əlli iki) manat, 80 (səksən) qəpik məbləğində pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Vəfa Şirəliyeva