Məhkəmə qərarları › İş №2(060)-214/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-214/2021

08.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-214/2021 08.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 3241,55 manat əsas borc, 4078,88 manat faiz borcu, 318,27 manat cərimə borcu olmaqla, cəmi 7638,70 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2013-cü ildə imzalanmış baş sazişə əsasən iddiaçı cavabdehə illik 28% olmaqla 36 ay müddətinə 6300 manat kredit vermişdir. Hazırda cavabdeh bankın ona məxaric etdiyi məbləği və ona hesablanmış faizləri ödəməkdən yayınır. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və iş üzrə icraat ekspertin rəyi alınanadək dayandırılmışdır. xx.xx.2021-ci il tarixində iş üzrə ekspertin rəyi məhkəməyə daxil olmuş və iş üzrə icraat təzələnmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə göndərilmiş məhkəmə bildirişi rabitə orqanı tərəfindən geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən edilir ki, cavabdeh xx.xx.1985-ci ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Tərəflər arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli, BS-DK0641411/13 saylı baş sazişə əsasən iddiaçı cavabdehə illik 28% olmaqla 36 ay müddətinə 6300 manat kredit vermişdir. Eyni tarixli,R-BS-DK0641411/13 saylı razılaşmaya əsasən baş sazişlə bağlı müəyyən şərtlər razılaşdırılmışdır. Bu, xx.xx.2021-ci il tarixli arayışda göstərilmişdir. xx.xx.2020-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin xx.xx.2014-cü il tarixli müqavilə üzrə borcu əsas borc üzrə 3241,55 manat, faiz borcu üzrə 4078,88 manat, cərimə borcu üzrə 318,27 manat təşkil edir. xx.xx.2021-ci il tarixdə məhəməyə daxil olmuş Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 9/5954 saylı ekspert rəyində göstərilmişdir ki, cavabdehin xx.xx.2013-cü il tarixli müqaviləsinin müddətinin bitdiyi xx.xx.2018-ci il tarixinə borcu əsas borc üzrə 3261,74 manat, faiz borcu üzrə 1976,55 manat təşkil edir. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra - Mülki Məcəllə) əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür (739.1). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər (739.2). Göründüyü kimi iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. Mülki Məcəllədə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1). Cavabdeh kredit öhdəliklərini lazımınca icra etməmiş və banka iddia ərizəsində göstərilən məbləğdə əsas və faiz borcu qalmışdır. MPM-ə əsasən Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir (101.7.). Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (103.1.). İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyinə əsasən cavabdehin müqavilənin müddətinin bitdiyi xx.xx.2018-ci il tarixinə borcu əsas borc üzrə 3261,74 manat, faiz borcu üzrə 1976,55 manat təşkil etmişdir. İddia ərizəsində iddiaçı cavabdehdən 3241,55 manat əsas borc tələb edir ki, bu ekspert rəyində göstəriləndən azdır. Məhkəmə iddia tələbindən kənara çıxmayaraq cavabdehdən iddia ərizəsində göstərilən məbləğdə əsas borcun tutulmalı olması qənaətinə gəlir. Faiz borcuna gəldikdə isə qeyd edilməlidir ki, ekspert rəyində faiz borcu müqavilənin müddətinin bitdiyi xx.xx.2018-ci il tarixinə 1976,55 manat müəyyən edilmişdir. İddiaçı isə iddia ərizəsində 3241,55 manat əsas borc məbləğinə 4078,88 manat məbləğində faiz borcu hesablayaraq cavabdehdən tələb etmişdir. Məhkəmə hesab edir ki, ekspert rəyi nəzərə alınaraq 1976,55 manat məbləğində faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə dəbbə pulu ilə bağlı aşağıdakıları qeyd edir. Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, 3241,55 manat əsas borc məbləğinə 318,27 manat cərimənin hesablanaraq cavabdehdən tələb edilməsi məqsədə müvafiqdir. Ona görə də iddia cərimənin ödənilməsi hissəsində də təmin edilməlidir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı cavabdehə aid edilməlidir. Eyni zamanda iş üzrə təyin edilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir ki, həmin məbləğ cavabdehdən dövlət büdcəsinin xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Əsas borc üzrə 3241,55 manat, faiz borcu üzrə 1976,55 manat, cərimə üzrə 318,27 manat olmaqla, cəmi 5536 (beş min beş yüz otuz altı) manat 37 (otuz yeddi) qəpik məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumunun 15 (manatı) Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat pul Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar