Məhkəmə qərarları › İş №2(060)-214/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-214/2025

24.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-214/2025 24.02.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsi Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi X2 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “dəymiş ziyanın ödənilməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdehnə qarşı “dəymiş ziyanın ödənilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2021-ci il tarixli nisyə satış müqaviləsi ilə cavabdehin Sumqayıt filialından 1872 manat qiyməti olan televizor almışdır. Televizorun qarantiya müddəti 1 il olub. İddiaçı 1 il 3 ay müddətində həmin pulun 1427 manatını ödəmiş, 445 manat məbləğində borcu qalıb, lakin, 1 il 3 aydan sonra televizor göstərməyib, onda xətlər əmələ gəlib, sonra da tamamilə sönüb və bir daha göstərməyib. İddiaçı televizora heç bir müdaxilə olmadan xarab olduğunu, işləmədiyini cavabdehin Sumqayıt şəhərindəki filialına bildirmiş, filial nümayəndəsi cavabdeh təşkilatla əlaqə saxladı, iddiaçıya bildirdi ki, baş ofisdən-yəni cavabdeh təşkilatdan deyiblər ki, əgər qüsur zavod qüsuru olsa, dəyişə bilərlər və onların məsləhəti ilə evə televizoru yoxlamağa usta göndərdilər. Usta televizoru yoxlayıb bildirdi ki, televizorda istehsal xarakterli qüsur var. Satış müqaviləsi bağlananda satıcı televizorun rəngini qəsdən elə tündləşdiribmiş ki, ondakı defekt qarantiya müddəti-1 il ərzində bilinməsin. Usta iddiaçının yanında filial nümayəndəsi ilə əlaqə saxlayıb ona televizorun istehsal qüsurlu olduğunu bildirdi. İddiaçı ondan bu barədə akt tərtib etməsini xahiş etsə də, usta buna cavabdeh tərəfindən icazə verilmədiyini dedi. İddiaçı yenə dəfələrlə cavabdehin Sumqayıt filialına müraciət etmiş, lakin onlar televizoru dəyişmədilər, sonra da dedilər ki əlavə 800 manat ödəsə televizordakı qüsuru aradan qaldıra bilərlər. Bunun müqaviləyə və qanuna zidd olduğunu, iddiaçının əlavə 800 manat ödəməli olmadığını və televizordakı qüsurun istehsal qüsuru olduğunu bildirsə də, faydası olmadı, cavabdeh təşkilat nə televizoru geri götürüb ödəmiş olduğu pulu geri qaytarmaq istəmədi, nə də televizoru dəyişib yenisini verməyə razılıq vermədi. Göstərilənlərə əsasən Cavabdeh MMC-dən iddiaçıya vurulan 1427 manat məbləğində ziyanın və 24,27 manat məbləğində ödədiyi dövlət rüsumu olmaqla, ümumilikdə 1451,27 manat məbləğində pulun tutulub iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Daha sonra İddiaçı tərəfindən iddia tələbinin həcminin artırılması barədə məhkəməyə ərizə təqdim edilərək, Cavabdeh MMC-dən iddiaçıya vurulan 1427 manat məbləğində ziyanın, 150 manat ekspertiza, 35 manat icraçıya ödənən xərc və 450 manat kredit qalığının tutulması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

4. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda mütəxəssis rəyinin xərcini əvvəlcədən 150 manat məbləğində həyata keçirmişdir. Buna dair məhkəməyə qəbz təqdim edir.

5. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi X3 iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı ərizəsində qeyd edir ki, Cavabdeh MMC-nin Sumqayıt mağazasından xx.xx.2021-ci il tarixində nisyə satış müqaviləsinə əsasən əldə etdiyi “TV SAMSUNG UE50AU8000UXRU” markalı məhsulu əldə edildiyi tarixdən 1 il 3 ay sonra iddiaçının bildirdiyinə görə qüsur yaranmış və televizor göstərməyib. Qeyd olunan qüsurla bağlı cavabdeh təşkilatdan usta göndərilib və televizora baxış zamanı qüsurun istehsal qüsuru olmasını şifahi qaydada bildirmişdir. İddiaçı qeyd olunan qüsurla bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən xx.xx.2024-cü il tarixli cavab məktubunda qeyd olunan qüsuru təsdiq edən hər hansı sənəd olmaması öz əksini tapmışdır. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizə daxil olan vaxtdan işin mahiyyəti üzrə araşdırılması üçün tədbirlər görülmüşdür. Qeyd olunan televizorda yaranan qüsurla bağlı Baku Service Companiyə müraciət etdikdən sonra qeyd olunan məhsulla bağlı texniki rəyin olması barədə məlumat verilmişdir. Baku Service Company tərəfindən tərtib edilən xx.xx.2023-cü il tarixli texniki rəydə cihazın əmtəə görünüşünün pozulması, ekran açılmır və televizorun LCD panelində qüsur aşkarlanması qeyd olunmuşdur. İddiaçının iddia ərizəsində qeyd etdiyi kimi “TV SAMSUNG UE50AU8000UXRU” markalı məhsula qarantiya müddəti 1 il təyin edildiyi üçün servis tərəfindən məhsulun düzəldilməsi üçün ödənişli xidmət göstəriləcəyi bildirilmişdir. Satıcı tərəfindən hər hansı satılmış məhsula yalnız qarantiya dövründə ödənişsiz xidmət göstərilir. Qeyd olunan “TV SAMSUNG UE50AU8000UXRU” markalı məhsulda yaranan qüsur qarantiya müddətinə şamil edilmədiyi üçün ödənişsiz xidmət göstərilməsi mümkün olmamışdır. İddiaçı tərəfindən BL665386 saylı 29.122021-ci il tarixli nisyə satış müqaviləsinə əsasən əldə etdiyi “TV SAMSUNG UE50AU8000UXRU” markalı məhsul İddiaçı saz vəziyyətdə təhvil verilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. Belə ki, iş materiallarında olan Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli, BL665386 saylı nisyə satış müqaviləsinə 1 saylı əlavəyə əsasən, Cavabdeh MMC dəyəri 1849 manat olan əşyanı cavabdeh İddiaçı satmış, cavabdeh İddiaçı isə alınmış əşyanın əvəzində bu müqavilə ilə müəyyənləşdirilmiş pul məbləğini hissə-hissə 24 ay müddətinə, hər ay 78 manat, sonuncu ay 55 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.

8. İş materiallarında olan “X7” MMC tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli texniki rəyin surətindən görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixli müraciəti əsasında UE50AU8000UXRU modelli, “Samsung” markalı televizor (zamənət müddəti 1 il) diaqnostika olundu. LCD paneldə (ekranda) qüsur aşkarlandı. Qüsur istismar zamanı yaranan qüsurdu. Nəticədə televizorun LCD paneli (ekran) yenisi ilə əvəz olunmalıdı. Zəmanət müddəti bitdiyi üçün ödənişli xidmət təklif olundu.

9. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən İddiaçı ünvanlanan müraciətə baxılmasının nəticəsi haqqında xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Cavabdeh mağazasından alınan televizorun qüsurlu olması haqqında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətindən İqtisadiyyat Nazirliyinə daxil olmuş müraciətə (daxilolma qeydiyyatı: 3- 21/1-Ə-11xx-xx/2024, xx.xx.2024-cü il) İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və istehlak Bazarına Nəzarət Dövlət Xidmətində aidiyyəti üzrə baxılmışdır. Məsələnin dəqiqləşdirilməsi məqsədilə Dövlət Xidmətinin əməkdaşı tərəfindən İddiaçıla telefon əlaqəsi (070-32686-76) saxlanılan zaman (q.n: 705, xx.xx.2024-cü il) televizorda mövcud olan qüsurla əlaqədar mağazaya ilk dəfə 2023-cü ilin iyun ayında müraciət edilməsi və məhsulun müayinə edilməsi ilə bağlı ünvana ödənişli əsaslarla usta göndərildiyi bildirilmişdir. Usta tərəfindən qüsurun istehsal xarakterli olduğu barədə şifahi şəkildə məlumat verilsə də, qüsurun istehsal xarakterli olduğunu təsdiqləyən sübuta (akt, texniki rəy və s.) malik olmadığı qeyd edilmişdir. Bununla əlaqədar bildirilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 589-cu maddəsinə əsasən, əgər alqı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. Əgər əşya üçün qarantiya müddəti müəyyənləşdirilibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin qüsurları qarantiya müddəti ərzində aşkara çıxardığlı halda irəli sürə bilər. Müqavilədə nəzərdə tutulan qarantiya müddəti iki ildən az olduqda alıcı əşyanın qüsurlarını qarantiya müddəti bitəndən sonra, lakin əşyanın ona verildiyi gündən iki il ərzində aşkar etdikdə, satıcı bu şərtlə məsuliyyət daşıyır ki, alıcı əşyanın qüsurlarının əşya alıcıya verilənədək əmələ gəldiyini və ya həmin məqamadək yaranmış səbəblərdən əmələ gəldiyini sübuta yetirsin. “Vətəndaşları müraciətləri haqqında” Azərbaycan Respublikası Qanunun 14.0.8-ci maddəsinə əsasən, müraciət barədə qəbnul edilmiş qərarla razılaşmadığınız halda həmin qərardan inzibati və (və ya) məhkəmə qaydasında şikayət vermək hüququ vardır.

10. İş materiallarında olan Sumqayıt şəhər 4 saylı Notariat ofisinin xx.xx.2024-cü il tarixli, № 8İ-10081 saylı icra qeydindən görünür ki, Sumqayıt qəhəri 4 saylı notariat ofisinin xüsusi notariusu X4 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən Cavabdeh MMC-nin xeyrinə İddiaçı BL665386 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 445 manat və tələbkar tərəfindən ödənilmiş 25 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 470 manat pul tutulmalıdır.

11. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə” məlumatından görünür ki, ekspert qarşısında qoyulmuş sualın cavablandırılması, yəni televizorun işlək vəziyyətdə olub-olmaması, televizorda olan qüsurlar və onların yaranma səbəblərinin müəyyən edilməsi müvafiq istehsalçı şirkətin məhsullarına texniki xidməti həyata keçirən, qeyd edilən sahədə ixtisaslaşmış mütəxəssis tərəfindən həll edilə bilər.

12. İş materiallarında olan "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 02-11/25 nömrəli mütəxəssis rəyinə əsasən, ünvan 1 ünvanında mülkiyyətçi İddiaçı ilə birlikdə UE50AU8000UXRU modelli, “Samsung” markalı televizora baxış keçirildi. Məlumat üçün bildirildi ki, UE50AU8000UXRU modeli “Samsung”-un 50 düymlük 4K Smart TV seriyasına aiddir. İstehsal illəri 2020-2021-ci illərə aiddir. Televizorda mövcud vəziyyəti müşahidə etmək üçün ilk öncə elektrik təchizatı və əlaqələnin olduğu yoxlanıldı. Enerji axınının mövcudluğu müəyyən edildi. İkinci mərhələdə distansiyalı idarəetmə pultunun işlək olması təftiş edildi. Onun da batareya ilə təmin və işlək olduğu qeydə alındı. Nəticə olaraq televizor ekranında mavi və rəngsiz sahələr yaranmağa başladı. Dərhal yenidən qaralma baş verdi. Heç bir səs effekti müşahidə edilmədi. Müəyyən edildi ki, bu hal televizorda istehsal qüsurunun olması ilə əlaqədardır. Ümumilikdə həmin dövrlərdə UE50AU8000UXRU modelli “Samsung” markalı televizorların ekranlarında qüsurların olması teztez rast gəlinən hallara çevrilmişdir. Beləliklə, aparılan təhlillərin nəticəsi olaraq təsdiq edildi ki, ünvan 2 ünvanında mülkiyyətçi İddiaçı məxsus mənzildə mövcud olan UE50AU8000UXRU modelli, “Samsung” markalı televizorda aşkar edilmiş qüsurlar istehsal qüsurlarıdır. Mütəxəssis rəyi X1 (BQS) eləcə də, əmlakın qiymətləndirilməsi üzrə digər beynəlxalq qiymətləndirmə birliklərinin peşəkar qiymətləndirmə qaydalarına uyğun olaraq hazırlanmışdır. Tədqiqatın dəyəri 200 manat təşkil etmişdir.

b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

13. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

14. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

15. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

16. Eyni Məcəllənin 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.

17. İşdən göründüyü kimi tərəflər arasında nisyə alqı-satqı müqaviləsi bağlanmış və cavabdeh həmin müqavilədə nəzərdə tutulmuş əşyanı iddiaçıya vermişdir.

18. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

19. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin 1-ci bəndinə əsasən istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: -lazımi keyfiyyətli mala dəyişdirməyi; -satış qiymətini uyğun məbləğdə azaltmağı; -malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; -malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; -müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini.

20. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 581.1-ci, 581.2-ci maddələrinə əsasən satıcı alıcıya keyfiyyəti alğısatqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. Alqı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur.

21. Həmin Məcəllənin 587.1-ci maddəsinə əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə alış qiymətinin mütənasib azaldılmasını, əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılmasını və ya əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzinin ödənilməsi tələb etsin.

22. Eyni Məcəllənin 587.2-ci maddəsinə görə əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin.

23. Həmin Məcəllənin 587.5-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

24. Həmin Məcəllənin 588-ci maddəsinə əsasən əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin.

25. Eyni Məcəllənin 589.1-ci və 589.7-ci maddələrinə əsasən, əgər alğı-satqı müqaviləsi ilə ayrı qayda müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar bu maddədə müəyyənləşdirilmiş müddətdə aşkar edilsin. Müqavilədə nəzərdə tutulan qarantiya müddəti iki ildən az olduqda və alıcı əşyanın qüsurlarını qarantiya müddəti bitəndən sonra, lakin əşyanın ona verildiyi gündən iki il ərzində aşkar etdikdə, satıcı bu şərtlə məsuliyyət daşıyır ki, alıcı əşyanın qüsurlarının əşya alıcıya verilənədək əmələ gəldiyini və ya həmin məqamadək yaranmış səbəblərdən əmələ gəldiyini sübuta yetirsin.

26. İşin müəyyən edilmiş hallarından görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən iddiaçı “Samsung” markalı televizoru almış, həmin televizor iddiaçıya təhvil verildikdən sonra (1 il 3 ay sonra) onda müəyyən qüsurlar yaranmış, həmin əşyanın zəmanət müddəti 1 il müəyyən edilmişdir. Alıcı, yəni iddiaçı müəyyən edilmiş zəmanət müddəti bitdikdən sonra, lakin əşyanın ona verildiyi vaxtdan iki il ərzində qüsurla bağlı müraciət etmişdir.

27. Bu halda göstərilən normanın tələbinə görə iddiaçı qüsurun ona verilənədək əmələ gəldiyini və ya həmin vaxtadək yaranmış səbəblərdən əmələ gəldiyini sübuta yetirməlidir ki, cavabdehin məsuliyyəti müəyyən edilsin.

28. İstənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidirlər. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

29. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosessual qanunvericilik sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. Mülki prosessual qanunvericilik məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Məhkəmə sübutetmə vəzifəsinin bölgüsü baxımından hesab edir ki, iddiaçının tələbinin əsası bilavasitə sübutetmə ilə bağlıdır. Belə ki, satın alınmış televizorun istehsal qüsurlu olmasının sübut etmə vəzifəsini iddiaçı daşıyır.

31. Belə ki, "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, 02-11/25 nömrəli mütəxəssis rəyinə əsasən UE50AU8000UXRU modelli, “Samsung” markalı televizorda aşkar edilmiş qüsurlar istehsal qüsurlarıdır.

32. “X7” MMC texniki rəyinə əsasən UE50AU8000UXRU modelli, “Samsung” markalı televizorda yaranan qüsur istismar zamanı yaranan qüsurdur. Məhkəmə bu mütəxəssis rəyində əks olunan halların digər mötəbər sübutlarla öz təsdiqini tapmadığını əsas götürərək hesab edir ki, bu rəyin sübut qismində dəyərləndirilməsi qeyri-mümkündür.

33. Bununla əlaqədar məhkəmə qeyd etməyi zəruri sayır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə olunmalıdır. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qaydanı əsas tutmalıdır: güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalı; sübutların heç birinin güvənliyi şübhə doğurmamalıdır; bu sübutlar bir birini təsdiq etməli və tamamlamalıdır: sübutlar birlikdə dəyəndirilməlidir.

34. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282).

35. Göründüyü kimi işin məhkəmə araşdırılması ilə qüsurun əşya alıcıya verildiyi həmin məqamadək yaranmış səbəblərdən əmələ gəldiyi müəyyən edilmişdir.

36. Məhkəmə iddia tələbinin “1427 manat, 450 manat və 35 manat ödənilmiş pulun geri qaytarılması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir.

37. Belə ki, iş materiallarından göründüyü kimi sözügedən televizorun dəyəri 1849 manat olmuşdur. İcra qeydinə əsasən iddiaçının cavabdehə 445 manat borcu qalmışdır.

38. Göründüyü kimi iddiaçı tərəfindən cavabdehə 1404 manat ödəniş həyata keçirilmişdir.

39. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə 1404 manat pul tutulmalıdır.

40. Məhkəmə onu da qeyd edir ki, iddiaçı tələbini “450 manat və 35 manat” hissəsini təsdiq edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, məhkəmə iclası zamanı Elektron Məhkəmə Sistemində “digər məhkəmə və icra işləri barədə məlumatlar” bölməsinin “icra işləri” hissəsində e223540/2024-47-53 saylı icra işi üzrə (445 manat və 25 manat) “status” qrafasında “icraatdadır” qeyd olunmuşdur.

41. Məhkəmə iddia tələbinin “150 manat ekspertiza xərcinin tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməlidir.

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 117.1-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə və mütəxəssislərə verilməli məbləği və iş üzrə digər zəruri xərcləri xahiş etmiş tərəf əvvəlcədən məhkəmənin depozit hesabına keçirir. Həmin xahişi tərəflərin hər ikisi etdikdə, yaxud şahidlərin çağırılması, ekspertlərin təyin edilməsi, mütəxəssislərin cəlb edilməsi və ödənilməli olan digər hərəkətlər məhkəmənin təşəbbüsü ilə edildikdə, tələb olunan məbləği tərəflərin hər ikisi bərabər qaydada məhkəmənin depozitinə keçirirlər.

43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

44. Eyni Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

45. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir.

46. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

47. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunduğundan qanunvericiliyin tələbinə əsasən cavabdehdən 35,54 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilməlidir.

48. Beləliklə, məhkəmə iddia tələbinə qeyd olunan maddi hüquq normalarını tətbiq edərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdehndən 1404 (bir min dörd yüz dörd) manat məbləğində pul və 150 (bir yüz əlli) manat mütəxəssis xərcinin əvəzi alınaraq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

49. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

50. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

51. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

52. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

54. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

Nəticə hissəsi:

55. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdehndən 1404 (bir min dörd yüz dörd) manat məbləğində pul və 150 (bir yüz əlli) manat mütəxəssis xərcinin əvəzi alınaraq İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdehndən 35,54 (otuz beş manat, əlli dörd qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar