Məhkəmə qərarları › İş №2(060)-2161/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2161/2022

29.04.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2161/2022 29.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Sumqayıt şəhər Məhkəməsinin 14 avqust 2020-ci il tarixli 2(060)-3161/2020 saylı qətnaməsi ilə qət edilmiş alimentin artırılmaqla onun öhdəsində olan uşaqları- 28.09.2014-cü il təvəllüdlü X3 və 16.12.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehdən hər ay hər uşağa 200 manat olmaqla 2 uşağa görə 400 manat sabit pul məbləğində alimentin və məhkəmə xərclərinin onun nəfinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhər Məhkəməsinin 14 avqust 2020-ci il tarixli 2(0601-3161/2020 saylı qətnaməsinə əsasən onun himayəsində olan uşaqları- 28.09.2014-cü il təvəllüdlü X3 və 16.12.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün cavabdehin aylıq qazancının 1/3 hissəsi miqdarında və hər uşağa 60 manat olmaqla 2 uşağa görə 120 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Onun uşaqları məktəbyaşlıdırlar. Cavabdehin aylıq əmək haqqısı dəyişkəndir. Belə ki, o, uşaqlarının saxlanılması üçün stabil aliment almır, aliment bəzi aylar olduqca az məbləğdə hesablanır və bu da uşaqlarının maddi təminatında çətinliklər yaradır, bu səbəbdən də o, alimentin sabit pul məbləğində tutulmasını məqsədəuyğun hesab edir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq göstərdi ki, cavabdehin qazancı iddia olunan məbləğdə aliment ödəməyə imkan verir. Cavabdehin etirazı əsaslı deyil. Cavabdehə əmək haqqından əlavə işlədiyi müəssisə yemək pulu verir, nəqliyyat vasitəsilə təmin edir. Bu hal cavabdehin kifayət qədər qazancının olmasını göstərir. Odur ki, iddia tələbini əsaslı hesab edir və təmin edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh öz izahatında göstərdi ki, iddianı qəbul etmir. Hər ay onun qazancından uşaqların saxlanılması üçün 262 manat məbləğində aliment tutulur. O, 470 manat əmək haqqı alır. Onun özünün də işə getmək üçün nəqliyyat və gündəlik yemək xərcləri vardır. Əmək haqqından demək olar ki, ona heç nə qalmır. Uşaqları saxlamaq həm də iddiaçının vəzifəsidir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Mülki iş materiallarında olan: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3161/2020 saylı, 14 avqust 2020-ci il tarixli qətnaməsinə əsasən, 28.09.2014-cü il təvəllüdlü X6 və 16.12.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay iddiaçının qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında və hər uşağa görə 60 manat olmaqla, cəmi 120 (yüz iyirmi) manat sabit pul məbləğində aliment iddiaçı Cavabdeh tutularaq cavabdeh X2 ödənilməsi qət edilmişdir. X4 İştirak Edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə 6 gün əvvəlcədən poçt vasitəsilə məlumatlandırılmasına baxmayaraq, X4 iştirak etməmişdir. Nümayəndə X4 iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin birgə nikahdan iki övladının olması, uşaqların ananın yanında qalması və uşaqların saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə alimentin tutulmasına dair hallar aşkar olmaqla, həmin faktların yenidən mübahisələndirilməsinə və sübut edilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəyə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın hamısını və ya bir hissəsini xarici valyuta ilə alarsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasıəsas tutularaq müəyyən edilir. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Şərh olunan hüquq normasının məzmunundan da göründüyü kimi qanunverici alimentin miqdarının müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən - Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Mülki iş materiallarına əlavə edilmiş Fövqəladə Hallar Nazirliyi “İzotop” Xüsusi Kombinatı tərəfindən verilmiş 11.03.2022-ci il tarixli № 37/39-00055 saylı arayaşın məzmunundan görünür ki, Ələsgərov X5 Hallar Nazirliyi “İzotop” Xüsusi Kombinatının Radioaktiv tullantıların toplanması, daşınması, yenidən işlənməsi, saxlanması, basdırılması mərkəzinin Yüksək aktivlikli mənbələrin uzun müddətli saxlanma anbarında müxtəlif ixtisaslar üzrə fəhlə vəzifəsində 19.10.2016-cı il tarixdən bu günə kimi işləyir. Onun 2020-2021-ci illərdə vəzifə maaşı 409 (dörd yüz doqquz) manat təşkil edirdi. 2022-ci ildə isə onun vəzifə maaşı 470 (dörd yüz yetmiş) manat təşkil edir. Məhkəmə cavabdehin əmlak vəziyyətini, məhkəmə qətnaməsinin qəbul edildiyi dövrdən sonra cavabdehin əmlak vəziyyətində dəyişiklik- artım olmasını, uşaqların üstün maraqlarını və minimum maddi təminat almaq hüququnu və uşaqların saxlanmasında tərəflərin bərabər vəzifə daşıması ilə bağlı qanunvericiliyin göstərişini nəzərə alaraq, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək uşaqların saxlanılması üçün minimum dolanışıq xərclərinə yaxın məbləğdə alimentin cavabdehdən iddiaçının xeyinə tutulmasını əsaslı və ədalətli, eləcə də valideynlərin üzərinə uşaqların saxlanılması vəzifəsinin qoyulması ilə bağlı konstitusiya prinsipinə uyğun hesab edir. Beləliklə, məhkəmə şərh olunanları nəzərə alaraq bu nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 14 avqust 2020-ci il tarixli 2(060)- 3161/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 28.09.2014-cü il təvəllüdlü X3 və 16.12.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulmalıdır. Alimentin dəyişdirilmiş məbləğdə tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. İddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İş üzrə sənədlərdən görünür ki, iddiaçı tərəfindən 50 manat mediasiya xərci ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş 50 manat dövlət rüsumu nəzərə alınmalı, MPMnin 119, 112, 113-cü maddəsinə əsasən 06 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə, 50 manat iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 112, 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin 14 avqust 2020-ci il tarixli 2(060)-3161/2020 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək 28.09.2014-cü il təvəllüdlü X3 və 16.12.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulsun. Alimentin dəyişdirilmiş məbləğdə tutulması məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablansın. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh 06 (altı) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 (əlli) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar