Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2165/2022 01.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yaşayan uşağının kirvəsi Cavabdeh 2019-cu ilin oktyabr ayında onlara gəlmiş və söhbət zamanı bildirmişdir ki, onun yaxın qohumu səfirlikdə işləyir və xarici ölkələrə işləməyə getmək istəyən şəxslərə viza düzəldir. Nizami ona oğlu Mirzəyev Rəşad işsiz olduğu üçün onu Kanadaya göndərməyin mümkün olduğunu, Rəşad 2-3 il orada işləyəndən sonra vətəndaşlıq ala biləcəyini bildirmişdir. Bu məqsədlə Nizami ondan 5.000 ABŞ dolları məbləğində pul istəmişdir. O isə həmin məbləğdə pulu olmadığını və Rəşadı Kanadaya göndərə biləcəyinə inanmadığını demişdir. Lakin, Nizami ona söz verib hər şeyə cavabdeh olduğuna onu əmin etmişdir. Bundan təxminən 20 gün sonra Nizami gəlib imkan yarandığını, xarici ölkəyə bir qrup miqrant getdiyini və Rəşadı da həmin qrupla birlikdə yola sala biləcəyini demişdir. Ona görə də viza açdırmaq üçün əvvəlcədən 2.500 ABŞ dolları və Rəşadın sənədlərini verməli olduqlarını, viza gələndən sonra da əlavə 2.500 ABŞ dolları verəcəklərini bildirmişdir. Nizami oğlu Rəşadın kirvəsi olduğu üçün ona inanmış və 2.500 ABŞ dolları məbləğində pul və Rəşadın sənədlərini (şəxsiyyət vəsiqəsinin surəti, ailə tərkibi haqqında arayış, 4 ədəd fotoşəkil, xarici pasport, sağlamlıq haqqında arayış və s.) Nizamiyə vermişlər. Nizami bildirmişdir ki, təxminən 3 aydan sonra viza gələcək və Rəşada bilet alıb Kanadaya yola salacaqlar. Lakin, 3 ay tamam olandan sonra Rəşada viza gəlməmiş və onlar Nizamiyə əgər alınmırsa, pulu qaytarmasını bildirmişlər. Təxminən bir ildən sonra Nizami ona 1.400 ABŞ dolları və 250 manat pul qaytarmışdır. Qalan 1.000 ABŞ dollarını isə bu günə kimi qaytarmamışdır. Nizami hər dəfə müxtəlif bəhanələr etmiş, etibarından sui-istifadə etməklə onu aldatmış, pulunu mənimsəmişdir. Onun barəsində tədbir görülməsi üçün ərizə ilə Sumqayıt şəhər Polis İdarəsinə müraciət etmiş, onun və Cavabdeh izahatları alınmış və Cavabdeh ona həqiqətən borclu olduğunu etiraf etmişdir. Lakin, buna baxmayaraq, cavabdeh yenə də ona pullarını qaytarmaq istəməmişdir. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən məhkəmədən Cavabdeh 1.000 (bir min) ABŞ dolları məbləğində pul, 100.00 (yüz) manat məbləğində hüququ xidmət haqqı və 37.00 (otuz yeddi) manat məbləğində ödənilmiş dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, pulu özü götürməmişdir. Özü Əlioğlandan pulu almış, işin həll edilməsi üçün Şükufə adlı qadına vermişdir. Əlioğlan pulu ona, o isə Şükufəyə vermişdir. Onlar bir-birlərini şəxsən tanımırlar. İddiaçının oğlu ona çayxanada yaxınlaşaraq Amerikaya getmək istədiyini bildirmiş, o isə anlayışı olmadığından iş yoldaşı Cavanşirlə maraqlanmış, Cavanşir öz oğlunu göndərdiyini bildirmişdir. Pulu Şükufəyə vermiş, daha sonra onun fırıldaqçı olması məlum olmuşdur. Şükufədən nə qədər pul geri almışdırsa, geri qaytarmışdır. Məhkəmə iş üzrə tərəflərin izahatlarını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə iclasında şahid X3 izahatında bildirdi ki, Nizamiyə onu xaricdə işlə təmin etməsi müqabilində 2500 ABŞ dolları məbləğində pul verilmiş, müəyyən məbləğdə pulu geri qaytarmış, qalanını isə qaytarmamışdır. İş materiallarında olan 16.10.2021-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış materialda cinayət hadisəsi aşkar olunmadığından, AR CPM-nin 39.1.1-ci maddəsinə uyğun olaraq toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın məzmunundan görünür ki, araşdırma zamanı izahatı alınmış Cavabdeh izahatında İddiaçı Mərzəhməd oğlunun göstərmiş olduğu xüsusatları təsdiq etmiş, lakin həmin pulu özü götürmədiyi, sözügedən 2500 ABŞ dollar pul vəsaitini Bakı şəhərində yaşayan X2 verdiyini, sonuncu işi gecikdirdiyi üçün bir müddətdən sonra pulu tələb etdikdə bir il sonra Şükufə Mirzəyevadan 1500 ABŞ dolları geri alaraq İddiaçı geri qaytardığını, geri qalan 1000 ABŞ dollarını geri qaytarmaqda bəhanələr etdiyini, bu səbəblə Bakı şəhəri Nəsimi və Yasamal rayon Polis İdarələrinə, həmçinin Yasamal Rayon Məhkəməsinə rəsmi müraciət etdiyini bildirmiş və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21.04.2021-ci il tarixli, 2(004)-2195/2021 nömrəİi qətnamənin surətini təqdim etmişdir. Vətəndaş Cavabdeh təhqiqata təqdim etdiyi 21.04.2021-ci il tarixli, 2(004)- 2195/2021 nömrəli qətnamənin tərkib hissəsindən görünür ki, həmin qətnamə əsasında cavabdeh X1 1018 ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında tərəflərin verdiyi izahatlar və iş materiallarında olan sübutlar əsasında müəyyən edildi ki, İddiaçı həqiqətən Cavabdeh oğlunun viza alaraq Kanadaya getməsi üçün 2500 ABŞ dolları məbləğində pul vermiş, Cavabdeh vədini yerinə yetirməmişdir. O, həmin puldan 1.400 ABŞ dolları və 250 manatı qaytarmış, qalan məbləği isə qaytarmamışdır. Cavabdeh Sumqayıt ŞPİ-nin 1-ci PB-də də verdiyi izahatda da iddiaçının göstərdiyi xüsusatları təsdiq etmiş, lakin pulu X2 verdiyini, sonuncu işi gecikdirdiyi üçün bir müddətdən sonra pulu tələb etdikdə bir il sonra Şükufə Mirzəyevadan 1500 ABŞ dolları geri alaraq İddiaçı geri qaytardığını, geri qalan 1000 ABŞ dollarını geri qaytarmaqda bəhanələr etdiyini, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 21.04.2021-ci il tarixli, 2(004)-2195/2021 nömrəİi qətnaməsi ilə cavabdeh X1 1018 ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq iddiaçı Cavabdeh xeyrinə ödənilməsi qət edilmişdir. Bundan əlavə məhkəməyə iddiaçı tərəfindən təqdim olunmuş sübutların iddianın əsasını sübuta yetirmək məqsədi daşıdığından, məhkəmə bu qənaətə gəlir ki, onların təqzibi ilə bağlı heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (MPMin 9.1, 9.3, 217.1 və 217.3-cü maddələri) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Brumaresku Rumıniyaya qarşı iş üzrə 28 oktyabr 1999-cu il tarixli Qərarda göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi həmçinin tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır. Avropa Məhkəməsinin digər qərarında qeyd olunmuşdur ki, hüquqi müəyyənlik prinsipi “res judicata” prinsipinə (bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyi) hörməti nəzərdə tutur. Bu prinsip onu əks etdirir ki, tərəflər yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmasını tələb edə bilməzlər. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda, bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısı alınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır. (Ryabıx Rusiyaya qarşı iş üzrə 24 iyul 2003-cü il tarixli Qərar). Məhkəmə hesab edir ki, tərəflər arasında aldığı pul müqabilində öhdəlik münasibətləri olmuş, Cavabdeh üzərinə öhdəlik götürmüş, lakin nəzərdə tutulan öhdəlik Cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Ona görə də iddia tələbi əsaslı olduğundan qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, Cavabdeh 1000 (min) ABŞ dolları məbləğində pul qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə və 37 (otuz yeddi) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinin qismən təmin edilməsi qənaətinə gələrkən qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən 100.00 (yüz) manat məbləğində hüququ xidmət haqqının ödənilməsini təsdiq edən sübutlar iddia ərizəsinə əlavə edilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 1000 (min) ABŞ dolları məbləğində pul qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə və 37 (otuz yeddi) manat məbləğində ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-2165/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2165/2022
01.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver