Məhkəmə qərarları › İş №2(060)-2174/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2174/2023

28.04.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2174/2023 28.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X10 oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi, bacısı X1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5975/2018 saylı, 25 iyun 2018-ci il tarixli qətnaməsi ilə cavabdehdən tutulan alimentin miqdarının dəyişərək, birgə nikahlarından olan 02 fevral 2011-ci il təvəllüdlü X4 və 29 avqust 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 440 manat məbləğində alimentin tutulması, həmçinin mediasiya üçün ödədiyi 50 manat məbləğin cavabdehə aid edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 29 iyun 2009-cu il tarixdə cavabdehlə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Həmin nikadan iki övladları var: xx.xx.2011-ci il təvəllüdlü X6 və xx.xx.2013-cu il təvəllüdlü X5. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5975/2018 saylı, 25 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında bağlanmış 29 iyun 2007-ci il nikah qeydinin pozulması, birgə nikahdan doğulmuş uşaqların iddiaçının yanında qalması, uşaqların yetkinlik yaşma çatana qədər saxlanması üçün hər birinə hər ay sabit pul məbləğində 154 manat, ümumilikdə 308 manat miqdarında alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsi qət olunmuşdur. İddiaçı 308 manat məbləğində alimentlə uşaqlarını saxlamaqda çətinlik çəkirə. Cavabdeh iddiaçıya əlavə olaraq heç bir köməklik etmir. Uşaqların böyüməsi ilə əlaqədar olaraq onların tələbatları da günü - gündən artır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, özü müəllimədir. Aylıq maaşı 400 manat təşkil edir. Cavabdehin iş yeri, gəlirləri barədə məlumatı yoxdur. Qeyd edilənlərə əsasən iddiaç iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi, bacısı X3 məhkəmə iclasında bildirdi ki, cavabdeh yeni nikaha daxil olmayıb. O, təqaüdə çıxmış hərbiçidir. Cavabdeh 840 manat məbləğində təqaüd alır. Onun əlavə gəlir yeri yoxdur və himayəsində xəstə valideyni var. İki uşaq üçün ümumilikdə 350 manat məbləğində aliment ödəyə bilər. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçıvə cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1987-ci ildə, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh xx.xx.1977-ci ildə, ünvan 2 ünvanında qeydiyyatdadır. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X5 xx.xx.2013-cü ildə, X6 isə xx.xx.2011-ci ildə anadan olmuşlar. Uşaqların atası Cavabdeh, anası isə İddiaçıdır. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5975/2018 saylı, 25 iyun 2018-ci il tarixli qətnaməsi ilə uşaqların yetkinlik yaşalzrına çatanadək saxlanmaları üçün cavabdehdən bir uşaq üçün 154 manat olmaqla, iki uşağa görə 308 manat sabit pul məbləğində alimentin iddiaçının xeyrinə tutulması qət edilmişdir. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışa əsasən cavabdeh 852,6 manat məbləğində pensiya alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Ailə Məcəlləsində həmçinin nəzərdə tutulmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (112.1.). Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən uşaqlarını saxlamaq valideynlərin vəzifəsidir. Valideynlərdən aliment uşaqların mənafeyi üçün tutulur. Alimentin tutulmasında məqsəd valideynlərin öz vəzifələrini yerinə yetirməsi və uşaqların normal həyat səviyyəsinin təmin edilməsidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, “məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 220 manat müəyyən edilsə də, bu vəsaitin ödənilməsi öhdəliyinin bunun üçün zəruri vəsaitə malik olub-olmaması aydınlaşdırılmadan yalnız bir tərəfin üzərinə qoymaq olmaz. İddiaçı uşaqları üçün 440 manat aliment tələb etsə də, cavabdehin həmin məbləğdə aliment ödəməyə malik olması barədə sübut təqdim edə bilməmişdir. Bu səbəbdən məhkəmə tərəflərin maddi vəziyyətləri, diqqətəlayiq hallar, yetkinlik yaşına çatmayan uşaqların mənafeləri nəzərə alınmaqla uşaqların yetkinlik yaşına çatana qədər saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5975/2018 saylı, 25 iyun 2018-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 192 manat olmaqla, ümumilikdə 384 manat məbləğində müəyyən edilməlidir. İddiaçı eyni zamanda mediasiya xərcinin ona qaytarılmasını xahiş etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsində nəzərdə tutulmuşdur ki, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə hesab edir ki, iddiaçının ödədiyi 50 manat mediasiya xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 02 fevral 2011-ci il təvəllüdlü X4 və 29 avqust 2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5975/2018 saylı, 25 iyun 2018-ci il tarixli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulmuş alimentin miqdarı artırılaraq, hər ay, hər uşaq üçün 192 manat olmaqla, hər ay cəmi 384 (üç yüz səksən dörd) manat məbləğində müəyyən edilsin. Alimentin Cavabdeh İddiaçı xeyrinə artırılmış formada tutulması hazırkı qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan başlansın. 50 (əlli) manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar