Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2175/2022 03.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X5 oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin 15.05.2017-ci il tarixli, 2(060)-7398/2017 saylı qətnaməsinə əsasən qət edilmiş alimentin artırılaraq cavabdehlə birgə nikahdan olan övladları 25.12.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 15 may 2017-ci il tarixli, 2(060)-7398/2017 saylı qətnaməsinə əsasən iddiaçının alimentin miqdarının artırılması tələbinə dair iddia tələbi qismən təmin edilməklə cavabdehdən birgə nikahdan olan övladları 25.12.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 136 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Hazırda Respublika üzrə 1 uşağın saxlanılması minimumu 193 manat təşkil edir, lakin qət edilmiş aliment övladının maddi məsrəflərini qarşılamaq üçün yetərli deyildir. Belə ki, oğlu məktəbdə oxuyur, onun maddi məsrəfləri durmadan artır, lakin iddiaçı bu məsrəfləri qarşılamaq imkanında deyildir, bu da övladının mənafeyinə mənfi təsir göstərir. İddiaçı uşağa baxdığı üçün işləmir. Cavabdeh 06.04.2022-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində bildirmişdir ki, onun ikinci nikahından iki azyaşlı övladı var. Azyaşlı övladı X1 üçün alimentin 193 manat miqdarında ödənilməsinə razıdır. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və həmçinin bildirdi ki, cavabdehlə rəsmi nikahları olmayıb. Məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarı hal-hazırda uşağı saxlamaq üçün kifayət etmir. O, heç bir yerdə işləmir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh izahat verərək bildirdi ki, onun ikinci nikahından iki azyaşlı övladı var. Azyaşlı övladı X1 üçün alimentin 193 manat miqdarında ödənilməsinə razıdır. Bu qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı xx.xx.1980-ci ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh isə xx.xx.1977-ci ildə Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 3 ünvanında qeydiyyatdadır. Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X3 25.12.2007-ci ildə anadan olmuşdur. Uşağın atası Cavabdeh, anası isə İddiaçıdır. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 15.05.2017-ci il tarixli, 2(060)-7398/2017 saylı qətnaməsi ilə 25.12.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 136 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, cavabdeh 25.12.2007-ci il təvəllüdlü X2 atasıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə (bundan sonra – Ailə Məcəlləsi) əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar (75.1.). Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur (75.4.). Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (78.1.). Ailə Məcəlləsində həmçinin nəzərdə tutulmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər (112.1.). Məhkəmə qeyd edir ki, qanunvericiliyə əsasən uşaqlarını saxlamaq valideynlərin vəzifəsidir. Valideynlərdən aliment uşaqların mənafeyi üçün tutulur. Alimentin tutulmasında məqsəd valideynlərin öz vəzifələrini yerinə yetirməsi və uşaqların normal həyat səviyyəsinin təmin edilməsidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28.03.2016-cı il tarixli Qərarının 8.2-ci bəndində göstərilmişdir ki, “məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 200 manat müəyyən edilsə də, bu vəsaitin ödənilməsi öhdəliyinin bunun üçün zəruri vəsaitə malik olub-olmaması aydınlaşdırılmadan yalnız bir tərəfin üzərinə qoymaq olmaz. Eyni zamanda bir uşaq üçün yüksək məbləğdə alimentin tutulması digər uşağın hüquqlarının pozulmasına səbəb olmamalıdır. İddiaçı övladı üçün 200 manat aliment tələb etsə də, cavabdehin həmin məbləğdə aliment ödəməyə malik olması barədə sübut təqdim edə bilməmişdir. Eyni zamanda iş materiallarından görünür ki, cavabdeh yeni nikaha daxil olmuşdur və həmin nikahdan iki uşağı vardır. Bu səbəbdən məhkəmə tərəflərin maddi vəziyyətləri, diqqətəlayiq hallar, yetkinlik yaşına çatmayan uşağın mənafeyi nəzərə alınmaqla uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin 15.05.2017-ci il tarixli, 2(060)-7398/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq hər ay 193 manat sabit pul məbləğində müəyyən olunmasını məqsədə uyğun hesab edir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 25.12.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün Sumqayıt Şəhər Məhkəməsinin 15.05.2017-ci il tarixli, 2(060)-7398/2017 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulmuş alimentin miqdarı artırılaraq hər ay 193 (yüz doxsan üç) manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-2175/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2175/2022
03.06.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver