Məhkəmə qərarları › İş №2(060)-2176/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2176/2024

09.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2176/2024 09.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin məbləğinin dəyişdirilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, birgə nikahlarından anadan olmuş 23 dekabr 2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1518/2022 saylı mülki iş üzrə 11 mart 2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilərək, cavabdehdən uşağın saxlanması üçün hər ay 500 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı X2 28 mart 2019-cu il tarixdə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Birgə nikahlarından 23 dekabr 2019-cu il təvəllüdlü X11 anadan olmuşdur. Cavabdeh ilə ailə qurduqdan sonra mehriban yaşasalar da, sonradan münasibətləri pozulmuş, ailə faktiki olaraq dağılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1518/2022 saylı mülki iş üzrə 11 mart 2022-ci il tarixli qətnaməsi ilə hazırki iş üzrə cavabdehlə aralarında bağlanmış nikahın pozulması, nikah pozulduqdan sonra birgə nikahlarından anadan olmuş 23 dekabr 2019cu il təvəllüdlü X6 iddiaçı X1 yanında qalması və Cavabdeh uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsi qət edilmişdir. Bazar qiymətlərinin qalxması, eləcə də uşağın böyüməsinin onun xərclərinə əsaslı təsir göstərdiyindən hazırda 200 manat məbləğində aliment uşağın saxlanması üçün kifayət etmir. Alimentin miqdarı bu günki iqtisadi münasibətlərə uyğun gəlmir. Belə ki, uşağın qida, geyim, müalicə, istirahət və s. tələblərinin ödənilməsi nəzərdə tutulan müddəa «uşağı saxlamaq» anlayışı ilə əhatə olunur və bir qayda olaraq valideynlər tərəfindən icra edilməlidir. Valideynlərin uşağı saxlamaq vəzifəsi nə uşağın buna ehtiyacının, nə də valideynlərin imkanın olub-olmamasından asılı deyildir. İddiaçı X2 heç bir yerdə işləmir, bununla bağlı arayış iş materiallarına əlavə edilmişdir. Eyni zamanda arxasında duran nə atası, nə qardaşı, nə də başqa biri vardır. 4 yaşlı övladı ilə birlikdə iddia ərizəsində qeyd olunan ünvanda kirayədə yaşayır. Aylıq kirayə pulu kommunalsız 150 manat təşkil edir. İki aydır ki, kirayədə yaşayır, kirayəyə çıxana qədər atası ilə birlikdə yaşasa da, atası onu və övladını saxlamaqdan imtina edərək onları evdən çıxarmışdır. Heç bir gəlir yeri yoxdur, hazırda vəziyyəti olduqca acınacaqlıdır. Kirayə, yemək və digər xərcləri atası evində olarkən yığdığı az miqdarda pul ilə, eləcə də əlində olan qızılların satışından əldə edilmiş pul ilə qarşılasa da, artıq tab gətirə bilmir. Qeyd etmişdir ki, əvvəllər məhkəmə, prokurorluq, eləcə digər dövlət işlərində kargüzarlıq işlərində işləsə də, uşağa baxan biri olmadığı üçün hazırda heç bir yerdə işləyə bilmir. Belə ki, uşağını əmanət edə biləcəyi heç kimi yoxdur. Bacısı yoxdur, anası isə 2020-ci il tarixdə vəfat etmişdir. İşləyə bilmək üçün dayə tutmağa çalışsa da, ən aşağı məbləğ 300 manatdır. Hazırki vəziyyətdə isə həmin xərcləri qarşılamağı qeyri-mümkündür. Cavabdeh isə təyin olunan alimentdən kənar heç bir əlavə maddi yardım etmir. Cavabdehin əlavə maddi yardım etməsi üçün kifayət qədər imkanı vardır, lakin bunu sübut edə bilmir. Çünki cavabdehin gəlirləri qeyri-rəsmidir. Cavabdeh işindən əlavə həm də restoranlarda mahnı oxuyur. Eləcə də “Youtube” platformasında İsmayıl Ayxan adı ilə “İnan mənə”, eləcə də “Dostlarımla Görüşəndə (yenicə çıxardığı klipdir)” adlı klipləri də vardır. Əgər bu adamın imkanı yoxdursa, klipi necə çəkdirir? Hamıya aydındır ki, indiki vəziyyətdə klip çəkdirmək heç də asan və aşağı maliyyətli bir iş deyildir. Hesab edir ki, bu hallar məhkəmə tərəfindən ədalətli araşdırılaraq aliment məbləği dəyişdirilməli və cavabdehdən hər ay uşağın saxlanması üçün 500 manat sabit pul məbləğində aliment tutularaq ona ödənilməlidir.

Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, aliment məbləğinin artırılmasını istəyir. 2021-ci il tarixində faktiki olaraq ayrılmışdırlar. 2023-cü il tarixində isə uşağına görə razılaşmış və evlərinə qayıtmışdır. Cavabdeh uşağına baxmırdı. Onu evdən çıxmağa məcbur edirdi. İkinci dəfə evə qayıdanda atası onu evdən qovmuşdur. Atası və qardaşı ondan üz çevirmiş, anası isə rəhmətə getmişdir. Bir müddət dayısı oğlunun evində qalmışdır. Hal-hazırda uşağı ilə birlikdə kirayədə qalır. Uşağın 4 yaşı vardır. Zəif uşaq olduğu üçün bağçaya qoyan zaman xəstələnir. Həmçinin uşağında pnevmoniya xəstəliyi vardır. Buna görə də xəstələnən zaman müalicəsi üçün 1000 manat məbləğində pul xərcləmişdir. Heç bir maddi yardım olunmur və uşağın ehtiyaclarını qarşılaya bilmir. Uşağa baxa biləcək heç kəsi yoxdur. Buna görə də işləyə bilmir. Cavabdeh alimenti ödəmədiyi üçün hər ay icra məmuru ilə əlaqə saxlayır. Uşağın ehtiyaclarını və onun müalicə xərclərini qarşılaya bilmir. Cavabdehin maddi vəziyyəti yaxşıdır. Həmçinin o, kliplər çəkdirir. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirdi ki, ailə həyatı qurmaq istəməmiş, anasının məcburiyyəti ilə evlənmişdir. Ona qarşı heç bir şiddət göstərməmişdir. Əşyalarını yığıb atasının evinə aparmışdır. Uşağı ona göstərmir. Halhazırda işsizdir. Övladının yetkinlik yaşına çatana qədər saxlanması üçün minimum məbləğdə ödəniş edə bilər. 500 manat qazancı olmadığına görə həmin məbləğdə də aliment ödəyə bilməyəcəkdir. Cavabdehin qeyd etdiyi videolar dostu tərəfindən çəkilmişdir. 235 manat məbləğində aliment ödəyə bilər. Bundan artıq məbləğdə aliment ödəməyə imkanı yoxdur.

Tədqiq olunan sübutlar:

5. AZ-İV 449447 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2019-cu ildə anadan olmuşdur. Uşağın atası Cavabdeh, anası isə Hüseynxanlı (Vəlizadə) Nazənin Vilayət qızıdır.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)- 1518/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə X7 arasında 28 mart 2019-cu il tarixində 4 saylı Bakı “Asan Xidmət” Mərkəzinin qeydiyyat şöbəsində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 618 nömrə ilə qeydə alınmış nikahın pozulması, 23 dekabr 2019-cu il təvəllüdlü X6 anası X3 yanında qalmasının müəyyən edilməsi, 23 dekabr 2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı Cavabdeh hər ay 200 manat sabit pul məbləğində alimentin tutularaq cavabdeh X5 ödənilməsi, aliment məbləğinin 04 mart 2022-ci il tarixdən hesablanması qət edilmişdir.

7. AZ-İ 445611 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X7 arasında bağlanmış nikah Binəqədi Rayon Məhkəməsinin 11 mart 2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, nikaha 13 may 2022-ci il tarixində xitam verilmiş, bu barədə Binəqədi rayon qeydiyyat şöbəsində nikahın pozulması haqqında akt qeydləri kitabında 09 fevral 2023-cü il tarixində 84 nömrəsi ilə qeyd edilmişdir.

8. xx.xx.2024-cü il tarixli, ********** nömrəli elektron arayışdan görünür ki, İddiaçı X4 filialında işsiz kimi qeydiyyata alınmışdır.

9. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh və İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir.

Məhkəmə baxışının hədləri:

10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

11. Azərbaycan Respublikası Ailə Məcəlləsinin :

78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı : Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir.

13. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı : 8.3-cü bəndinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

14. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

15. “Uşaq hüquqları haqqında” Konvensiya: 27-ci maddəsinə görə, hər bir uşaq özünün fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Lazımi həyat səviyyəsinin təmin edilməsi üçün əsas məsuliyyəti valideynlər daşıyır. “Uşaq hüquqları haqqında” Konvensiyanın 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.

16. “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu : 2024-cü il uşaqlar üçün yaşayış minimumu ölkə üzrə 235 manat məbləğində müəyyən edilmişdir.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

17. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək, işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia qismən təmin edilməlidir.

18. Belə ki, istinad olunan qanunvericilik aktlarından göründüyü kimi həmin aktların əsas istiqaməti ona yönəlmişdir ki, heç bir əsas valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Uşaqların saxlanılması valideynlərin hər ikisinin mənəvi borcu olmaqla yanaşı, həm də vacib hüquqi vəzifələridir.

19. Hazırki işdə iddiaçı 2022-ci ildə X8 görə təyin edilmiş 200 manat məbləğində alimentin artırılaraq hər ay 500 manat məbləğində pul vəsaitinin tutulmasını məhkəmədən xahiş edir.

20. Elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlardan görünür ki, cavabdeh 500 manat məbləğində əmək haqqı alır. İddiaçı cavabdehdən 500 manat aliment tələb etməklə onun qeyri rəsmi olaraq gəlir əldə etdiyini bildirsə də, onun yüksək əmək haqqı və ya hər hansı əlavə gəlir əldə etməsini təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Qanunverici, prinsip etibari ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur.

23. İddiaçı alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin X6 ehtiyaclarını ödəməyə imkan verməməsinə, uşağının müalicəsi üçün daha çox vəsait ödənilməsinə ehtiyacı olmasına əsaslanmaqla tələb edir.

24. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə alimentin tutulması barədə qətnamənin qəbul edilməsindən müəyyən müddət keçmiş, həmin müddətdən sonra minimum yaşayış tələbatları artmışdır. Hal-hazırda 2024-cü il uşaqlar üçün yaşayış minimumu ölkə üzrə 235 manat məbləğində müəyyən edilmişdir.

25. Qanunvericiliyin tələbinə görə aliment təyini zamanı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar da nəzərə alınmalıdır.

26. Beləliklə, məhkəmə hər iki tərəfin mənafeyini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, X6 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində aliment cavabdehdən tutularaq iddiaçıya verilməlidir.

27. Bundan əlavə məhkəmə qeyd edir ki, “Dövlət rüsumu haqqında” Qanunun 8-ci maddəsinə əsasən, aliment tələbi üzrə iddiaçıları dövlət rüsumu ödəməkdən azad edilsə də, Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

28. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu səbəbdən məhkəmə hesab edir ki, cavabdehdən dövlət rüsumu qismində bir il ərzində ödənilməli olan alimentin məbləği nəzərə alınmaqla 48 (qırx səkkiz) manat, 20 (iyirmi) qəpik məbləğində pul vəsaiti tutulmalıdır. Nəticə:

29. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1518/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərək, xx.xx.2019-cu il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh dövlət rüsumu qismində 48 (qırx səkkiz) manat, 20 (iyirmi) qəpik məbləğində pul vəsaiti tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar