Məhkəmə qərarları › İş №2(060)-2179/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2179/2024

24.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2179/2024 24.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Sumqayıt Şəhər Məhkəməsi Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi tələbi”nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə X6 və Cavabdeh arasında bağlanılmış 28 oktyabr 2023-cü il tarixli “Birgə fəaliyyət haqqında” müqaviləyə əsasən iddiaçıya məxsus olan “Toyota Prius (Hibrid) Minik Xetçbek” markalı, **-BV-*** dövlət qeydiyyat nömrəsi olan avtonəqliyyat vasitəsi müəyyən gəlir götürmək imkanı ilə Cəlal Həsənovun müddətli istifadəsinə və idarə olunmasına verilmişdir. Həmin müqavilə əsasında avtonəqliyyat vasitəsinin idarə edilməsi Cavabdeh həvalə edilmişdir. 31 oktyabr 2023-cü il tarixdə saat 18:00 radələrində Bakı şəhərinin Nizami rayonu ərazisində R.Rüstəmov və K.Balakişiyev küçələrinin kəsişməsində Cavabdeh iddiaçıya məxsus “Toyota Prius (Hibrid) Minik Xetçbek" markalı, **-BV-*** dövlət qeydiyyat nömrəsi olan avtonəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törətmişdir ki, bunun da nəticəsində avtomobilə xeyli miqdarda maddi ziyan dəymişdir. Həmin hadisənin törədilməsində cavabdeh təqsirkar olmuş və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı 01 noyabr 2023-cü il tarixli, İXP ******* saylı “İnzibati xəta haqqında” protokol tərtib edilmişdir. Ancaq cavabdehin iddiaçıya məxsus avtomobilinə maddi ziyanın vurulmasında təqsirkar olmasına baxmayaraq, həmin ziyanın aradan qaldırılmasından yayınmışdır. Halbuki, iddiaçı ilə X6 və Cavabdeh arasında bağlanılmış 28 oktyabr 2023-cü il tarixli “Birgə fəaliyyət haqqında” müqavilənin 2.6-cı bəndinə əsasən avtonəqliyyat vasitəsinə, eləcə də digər şəxslərin əmlakına və ya səhhətinə dəymiş ziyanla bağlı məsuliyyət hüquq pozuntusunu törətmiş şəxsin üzərinə düşür. Cavabdeh öz üzərinə düşən müqavilə öhdəliklərini yerinə yetimədiyindən iddiaçı öz vəsaiti ilə avtonəqliyyat vasitəsini təmir etdirmək məcburiyyətində qalmışdır. Nəticədə, iddiaçı Cavabdeh tərəfindən törədilmiş avtonəqliyyat hadisəsi nəticəsində işlək və saz vəziyyətdə olan avtomobilinə vurulmuş maddi ziyanı öz pul vəsaiti ilə aradan qaldırmışdır ki, buna görə də iddiaçının usta pulu olaraq 770 manat, ehtiyat hissələrin alınmasına görə 345 manat, ümumilikdə 1115 manat xərci çıxmışdır. Eyni zamanda, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı 01 noyabr 2023-cü il tarixli, İXP ******* saylı “İnzibati xəta haqqında” protokol əsasında Cavabdeh yazılmış 113,60 manat cəriməni də iddiaçı ödəməli olmuşdur. Hər hansı hüquqi əsası olmadan cavabdeh iddiaçıya maddi ziyan vurmaqla yanaşı, vurduğu ziyanın məbləğini iddiaçıya ödəməkdən birdəfəlik yayınmağa çalışır. Bu səbəbdən iddiaçı müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçıya vurduğu maddi ziyan məbləğinin alınaraq verilməsini xahiş edir. Göstərilənlərə əsasən Cavabdeh iddiaçıya məxsus avtomobilə vurduğu maddi ziyana görə 1115 manat pul vəsaitinin, eləcə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı 01 noyabr 2023-cü il tarixli, İXP ******* saylı “İnzibati xəta haqqında” protokol əsasında Cavabdeh yazılmış və iddiaçı tərəfindən ödənilmiş 113,60 manat cərimə məbləğinin, ümumilikdə 1228,60 manat pul vəsaitinin və iddiaçı tərəfindən ödənilən 33 manat dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh qeydiyyatda olduğu ünvan üzrə bildiriş göndərilmiş (həmçinin məhkəmə elektron SMS vasitəsi ilə məlumatlandırılmış), lakin cavabdeh məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

7. Belə ki, iş materiallarında olan sifarişçi X6, mülkiyyətçi İddiaçı və sürücü Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli birgə fəaliyyət haqqında müqavilədən görünür ki, avtonəqliyyat vasitəsinin mülkiyyətçisi mülkiyyət hüququ ilə ona məxsus olan “Toyota Prius (Hibrid) minik” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini müəyyən gəlir götürmək imkanı ilə X4 müddətli istifadəsinə və idarə olunmasına verir, X7 hər ay avtonəqliyyat vasitəsindən sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə nəticəsində əldə olunan gəlirin müqavilə ilə müəyyən olunan hissəsini mülkiyyətçiyə və sürücüyə ödəməklə, həmin avtonəqliyyat vasitəsini istifadə və idarə olunmasına qəbul edir, sürücü və mülkiyyətçi və X4 qarşılıqlı razılığı ilə nəqliyyat vasitəsini idarə etmək üçün təyin olunur və nəqliyyat vasitəsinin sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadəsi nəticəsində hər təqvim ayı əldə olunan gəlirin müqavilə ilə müəyyən olunmuş onun payına düşəcək hissəsini tələb edir.

8. Həmin müqavilənin 2.6-cı bəndinə əsasən sürücü hər hansı üçüncü şəxsin hərəkət və ya hərəkətsizliyi nəticəsində avtonəqliyyat vasitəsinə, eləcə də digər şəxslərin əmlakına və ya səhhətinə dəymiş ziyanlı bağlı X7 və mülkiyyətçi məsuliyyət daşımır, məsuliyyət hüquq pozuntusunu törətmiş şəxsin üzərinə düşür. Mülkiyyətçi və ya sürücü tərəfindən avtonəqliyyat vasitəsinə vurulmuş ziyan aradan qaldırılmadıqda və ya vaxtında və lazımı qaydada aradan qaldırılmadıqda X7 vurulmuş ziyanı aradan qaldırmaq və çəkdiyi xərclərin əvəzini mülkiyyətçi və ya sürücüdən tələb etmək hüququna malikdir.

9. İş materiallarında olan Bakı şəhər DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* №-li inzibati xəta haqqında protokolun və xx.xx.2023-cü il tarixli, TP ******* saylı “inzibati tənbeh vermə haqqında” qərarın surətlərindən görünür ki, “Toyota Prius (Hibrid) minik” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək, 80 manat məbləğində cərimə edilmişdir.

10. İş materiallarında olan xx.xx.2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, Cavabdeh İddiaçı məxsus “Toyota Prius (Hibrid) minik” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini xx.xx.2024-cü il tarixədək idarə etmək hüququ vardır.

11. İş materiallarında olan “Prius” servis tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli hesab-fakturadan görünür ki, “Toyota Prius (Hibrid) minik” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər 1115 manat təşkil edir.

12. İş materiallarından görünür ki, “Toyota Prius (Hibrid) minik” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh barədə tərtib olunmuş xx.xx.2023-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə çıxarılmış inzibati tənbeh vermə haqqında qərara əsasən olan inzibati cərimənin (113,6 manat) ödənilməsi məlum olmuşdur.

13. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli, 9/3336 saylı ekspert rəyinə əsasən, nəzəri hesablama yolu ilə, “Prius” Service tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən 2007-ci il buraxılışlı, “Toyota Prius (Hibrid) minik” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 645 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti 345 manat, təmir bərpa işlərinin qiyməti 300 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir.

a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

14. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə etibarnamə əsasında idarə etdiyi, İddiaçı məxsus “Toyota Prius (Hibrid) minik” markalı, **- BV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törətmişdir. Nəticədə “Toyota Prius (Hibrid) minik” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan dəymişdir. Hazırda iddiaçı avtomobilə vurulmuş zərərin əvəzinin və ödənilmiş cərimə məbləğinin əvəzinin ödənilməsini tələb edir.

c)Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

15. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

16. Məhkəmə işin hallarını qiymətləndirərək qeyd edir ki, məsələnin qanuni həlli üçün ilk öncə iddia qaldırmış şəxslərin müvafiq subyektiv hüquqa malik olub-olmaması araşdırmalıdır.

17. Hüquqi nəzəriyyə görə subyektiv mənada hüquq normativ – hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə yalınz qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

18. Məhkəmə belə qənaətə gəlir ki, araşdırılan mübahisə üzrə iddiaçı mülkiyyətçi kimi məhkəmədə iddia qaldırmaq hüququna malikdir.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

20. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

21. Eyni Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

22. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

23. Həmçinin, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

24. Həmin Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

25. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 31 oktyabr 2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçıya məxsus avtomobilə ziyan dəymişdir.

26. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı avtomobilinə dəymiş zərərə görə 1115 manat pul tələb etsə də, iş üzrə obyektiv həqiqətin müəyyən olunması məqsədilə məhkəmə tərəfindən iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmişdir. Ekspert rəyindən görünür ki, 2007-ci il buraxılışlı, “Toyota Prius (Hibrid) minik” markalı, **- BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 645 manat, o cümlədən dəyişilməli hissələrin qiyməti 345 manat, təmir bərpa işlərinin qiyməti 300 manat müəyyən edilir. Həmin hal (ekspert rəyi) mübahisəsiz xarakter daşıyır.

27. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh avtomobilə vurulmuş zərərə görə 645 manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir.

28. Məhkəmə iddia tələbinin “Cavabdeh yazılmış və iddiaçı tərəfindən ödənilmiş 113,60 manat cərimə məbləğinin tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə əsaslı olduğundan təmin edilməlidir.

29. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

30. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 645 (altı yüz qırx beş) manat məbləğində vurulmuş maddi zərərin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı 01 noyabr 2023-cü il tarixli, İXP ******* saylı “İnzibati xəta haqqında protokol” əsasında ödənilmiş 113,60 (bir yüz on üç manat, altmış qəpik) cərimənin və 33 (otuz üç) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

31. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

33. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

34. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir.

Nəticə hissəsi:

37. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdeh 645 (altı yüz qırx beş) manat məbləğində vurulmuş maddi zərərin, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi ilə bağlı 01 noyabr 2023-cü il tarixli, İXP ******* saylı “İnzibati xəta haqqında protokol” əsasında ödənilmiş 113,60 (bir yüz on üç manat, altmış qəpik) cərimənin və 33 (otuz üç) manat ödənilmiş dövlət rüsumunun əvəzi alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X3, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar