Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2185/2022 24.05.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3.900 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, onun qızı İİ qrup əlildir. O, qızına görə 2006-cı ildən güzəştli ev növbəsindədir. Onun tanışı Cavabdeh ona ev növbəsini önə çəkəcəyini yalan vəd edərək bunun müqabilində ondan 8.000 manat pul almışdır. Onun bibisi oğlu Əlimirzəyev Mətləb də 1-ci Qarabağ müharibəsi əlilidir. Bibisi oğlu da ev növbəsindədir. Cavabdeh sonuncu üçün də 6.000 manat almışdır. İddiaçı pulu ona şəxsən özü vermişdir. Lakin, cavabdeh verdiyi sözü tutmamış, vaxtı uzadıb heç bir iş görməmişdir. O və bibisi oğlu verdikləri pulu cavabdehdən geri istəmişdirlər. Cavabdeh müəyyən vaxtdan sonra puldan 10.100 manat qaytarmış, qalan 3.900 manatı qaytarmaqdan imtina edir. Sumqayıt Şəhər Baş Polis İdarəsinə 24 sentyabr 2021-ci ildə şikayət ərizəsi ilə müraciət etmişdir. Sumqayıt ŞPİ-nin müstəntiqi, polis baş leytenantı X2 işə baxmış, 05 oktyabr 2021-ci ildə cinayət işinin başlanmasının rədd edilməsi qərarını vermişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini müdafiə etdiyini və məhkəmə iclasını onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iddiaçı iddianı müdafiə etdiyini bildirərək, onun təmin olunmasını xahiş etdi. Əvvəlki məhkəmə iclasında cavabdeh iddiaçıdan 14.000 manat aldığını, lakin həmin pulu Vəli adlı şəxsə verdiyini bildirdi. O, eyni zamanda kredit götürdüyünü, övladının tələbə olduğunu, 630 manat maaş aldığını və 500 manat kredit ödədiyini bildirərək qeyd olunanların nəzərə alınmasını xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 05.10.2021-ci il tarixli Sumqayıt ŞPİ-nin müstəntiqi, polis baş leytenantı X1 qərarından görünür ki, İddiaçı şikayəti əsasında yoxlama aparılmış, şikayətdə göstərilən xüsusatlar mülki xarakter daşıdığından bununla bağlı olaraq iddiaçı aidiyyəti üzrə məhkəməyə müraciət etməsi izah olunaraq cinayət işinin başlanması rədd edilmişdir. - Həmin qərardan görünür ki, Cavabdeh izahatı alınmış, o, izahatında göstərmişdir ki, “Azkompanit" zavodunda İddiaçı ilə birlikdə işləmişdir. Onunla daim münasibətləri yaxşı olmuşdur. 2017-ci ilin yay aylarında Rasim onun mobil telefonu ilə əlaqə saxlayaraq onunla görüşmək istədiyini bildirmişdir. O, Rasimlə Sumqayıt şəhəri ərazisində yerləşən kafelərin birində görüşmüşdür. Onlar ikilikdə əyləşib yemək yemişlər. Yemək əsnasında İddiaçı ona bildirmişdir ki, qızı Kəmalə Rəsulova İ qrup əlildir və ev növbəsinə durmuşdur. Lakin, evin verilməsi çox gecikir, tanış bir adam olsaydı ev növbəsini irəli çəkərdi ki, onlar evi tez bir zamanda alsınlar. O, elə bir tanış adamının olmadığımı bildirmişdir. Bundan sonra onlar yeməklərini bitirib oradan çıxıb sağollaşmışlar. Bir neçə gün keçdikdək sonra onlar yenidən görüşmüşlər. Rasim yenidən ev məsələsini açmış və o, Rasimə həll edə bilməyəciyi məsələ ilə bağlı söz verə bilməyəcəyini demişdir. Rasim ona ev növbəsini tez bir zamanda həll etməli olduğunu demişdir. O, Rasimə qohumlarının vasitəsi ilə tanıdığı Vəli adlı şəxsin bu məsələdə köməklik edə biləcəyini, həmin şəxslə görüşüb söhbət edəndən sonra söz deyə biləcəyini demişdir. Rasim onunla razılaşmış və bu görüşlərindən bir neçə gün keçdikdən sonra o, Vəli ilə görüşmüş və o, Rasimin şəxsiyyət vəsiqəsini istəmişdir ki, növbə ilə bağlı məlumatları əldə etsin. O, Rasimdən sənədinin surətini alıb Vəliyə vermişdir. Vəli həqiqətən də Rasimin ev növbəsində olduğunu ona demiş və o, arxayın olmuşdur. Vəli ona özünü DTX-nın əməkdaşı kimi özünü təqdim etmişdir. O da Vəliyə inanırmışdır. Həmin ərəfədə Rasim bibisi oğlu Mətləbin də ev növbəsində olduğunu və onunda növbəsini qabağa çəkmək lazım olduğunu bildirmişdir. O, Vəli ilə söhbət etmiş və Vəli ümumilikdə 14.000 min manat, Rasimin işi üçün 8.000 min manat, Mətləbin işi üçün 6.000 min manat lazım olduğunu demişdir. O, Vəlinin dediyi sözləri eynisi ilə Rasimə bildirmişdir. Bir neçə gün keçdikdən sonra o, Rasimlə görüşmüş, Rasim Mətləbin 6.000 manatını ona vermişdir. O, həmin 6.000 manat pulu işdə olduğu üçün qaynanasının yaşadığı evə aparıb vermişdir. Vəli ilə əlaqə saxlayaraq Mətləbin işi ilə bağlı məsələnin həll edilməsindən ötrü 6.000 manat pulu qaynanası Şükufəgilə qoyduğunu və oradan götürə biləcəyini demişdir. Bir neçə gün keçdikdən sonra Rasim onunla görüşmək istədiyini demişdir. O, Rasimlə Sumqayıt şəhərində görüşmüş və Rasim ona ev növbəsinin önə çəkilməsi üçün Vəliyə verəcəyi 8.000 manat pulu vermişdir. O, həmin pulu da qaynanasıgilə vermişdir ki, Vəli gəlib götürsün. Bundan sonra onun heç bir məsələdən xəbəri olmamışdır. 2020-ci ildə Vəli verdiyi vədə əməl etməmişdir və onun məlumatı olmuşdur ki, Vəlinin barəsində cinayət araşdırması vardır. Rasim onun yaşadığı evə teztez gələrək onu və ailə üzvlərini narahat etdiyi üçün iki dəfəyə 5.000 manat və bir dəfə 100 manat olmaqla, ümumilikdə 10.100 manat pul ödəmişdir. O, Rasimə qarşı heç bir dələduzluq etməmişdir. Bütün pul Vəliyə çatmışdır. O, Rasimə heç bir vəd verməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh iddiaçıdan onun qızı və qohumunu ev növbəsində irəli çəkmək adı ilə 14.000 manat pul almış, sonra isə həmin məbləğdən 10.100 manat qaytarmışdır. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2- ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Həmin Məcəllənin 1092.1- ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qeyd olunan Məcəllənin 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh hüquqi əsas olmadan iddiaçının hesabına əmlak əldə etmişdir. Belə ki, cavabdehin varlanmasına, yəni iddiaçının 3.900 manat pulunu əldə etməsinə haqq qazandıran qanuni əsas və ya müqavilə əsası mövcud deyildir. Odur ki, məhkəmə iddianı əsaslı sayır və belə qənaətə gəlir ki, əsassız varlanmış şəxs-cavabdeh əldə etdiklərini məhrum olana-iddiaçıya qaytarmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 3.900 manat pul tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-2185/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2185/2022
24.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver