Məhkəmə qərarları › İş №2(060)-2187/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2187/2021

04.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2187/2021 04.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, ********* saylı 28.10.2019cu il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 04.11.2020-ci il tarixinə yaranmış 919 manat əsas borc, 275 manat cərimə, ümumilikdə 1194 manat, ********* saylı 12.04.2019-cu il tarixli müqaviləsi üzrə 129 manat əsas borc, 38 manat cərimə, ümumilikdə 167 manat, ********* saylı 14.05.2019-cu il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 56 manat əsas borc, 16 manat cərimə, ümumilikdə 72 manat, ********* saylı 26.07.2019-cu il tarixli müqaviləsi üzrə 328 manat əsas borc, 98 manat cərimə, ümumilikdə 426 manat, ümumilikdə dörd müqavilə üzrə 1859 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış ********* saylı 28.10.2019-cu il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “Hotpoint Ariston” markalı soyuducuya görə 18 ay ödəniş cədvəli üzrə hər ay 52 manat olmaqla cəmi 919 manat, ********* saylı 12.04.2019-cu il tarixli müqaviləyə əsasən, aldığı “Honor 10” markalı telefona 12 ay ərzində ödəniş cədvəli üzrə hər ay 42 manat olmaqla, cəmi 499 manat, ********* saylı 14.05.2019-cu il tarixli müqaviləyə əsasən aldığı “Samsung A750” markalı telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 56 manat olmaqla cəmi 670 manat, ********* saylı 26.07.2019-cu il tarixli müqaviləyə əsasən aldığı “Honor 10” markalı telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 42 manat olmaqla cəmi 493 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin, cavabdeh müqavilələrin şərtlərini pozaraq sonuncu dəfə heç bir ödəniş etməyib və qalıq qalmış 1432 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Kredit müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə əsasən gecikdirilən aylıq borc məbləğinə hər gün üçün 1 faiz cərimə ödənilməlidir. Cərimə faizləri əşyanın dəyərini qaytarmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. Bununla da 28.10.2019-cu il tarixli müqavilə üzrə hesablanmış cərimə məbləği 275 manat, 12.04.2019-cu il tarixli müqavilə üzrə hesablanmış cərimə məbləği 38 manat, 14.05.2019-cu il tarixli müqavilə üzrə hesablanmış cərimə məbləği 16 manat, 26.07.2019-cu il tarixli müqavilə üzrə hesablanmış cərimə məbləği 98 manat təşkil edir. Beləliklə cavabdehin 04.11.2020-ci il tarixə cavabdehə olan borcu 1432 manat əsas borc, 427 manat cərimə olmaqla, cəmi 1859 manat təşkil etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə göndərilmiş məhkəmə bildirişi rabityə orqanı tərəfindən geri qaytarılmışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM) 185-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BPQMİ-nin MAPS şöbəsinin arayışına və cavabdehin şəxsiyyət vəsiqəsinə əsasən cavabdeh xx.xx.1988-ci ildə, Sumqayıt şəhərində anadan olmuş, hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. 26.07.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı “Honor 10” markalı telefonu cavabdehə satmış və cavabdeh iddiaçıdan aldığı həmin məhsulun dəyərini 12 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. 14.05.2019-cu il tarixli nisyə alqısatqı müqaviləsinə əsasən iddiaçı “Samsung A750” markalı telefonu cavabdehə satmış və cavabdeh iddiaçıdan aldığı həmin məhsulun dəyərini 12 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. 12.04.2019-cu il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı “Honor 10” markalı telefonu cavabdehə satmış və cavabdeh iddiaçıdan aldığı həmin məhsulun dəyərini 12 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. 28.10.2019-cu il tarixli nisyə alqısatqı müqaviləsinə əsasən iddiaçı “Hotpoint-Ariston” markalı soyuducunu cavabdehə satmış və cavabdeh iddiaçıdan aldığı həmin məhsulun dəyərini 18 ay ərzində ödəməyi öhdəsinə götürmüşdür. Maliyyə arayışlarından görünür ki, cavabdehin 04.11.2020-ci il tarixinə 26.07.2019cu il tarixli müqavilə üzrə 328 manat əsas borcu, 98 manat cərimə borcu, 28.10.2019-cu il tarixli müqavilə üzrə 919 manat əsas borcu, 275 manat cərimə borcu, 14.05.2019-cu il tarixli müqavilə üzrə 56 manat əsas borcu, 16 manat cərimə borcu, 12.04.2019-cu il tarixli müqavilə üzrə 129 manat əsas borcu, 38 manat cərimə borcu qalmışdır. Ödəniş cədvəllərinə əsasən cavabdeh 26.07.2019-cu il tarixli müqavilə üzrə 12 ay müddətində 11 ay ərzində hər ay 42 manat, sonuncu ay 31,70 manat, 14.05.2019-cu il tarixli müqavilə üzrə 12 ay müddətində 11 ay ərzində hər ay 56 manat, sonuncu ay 54,90 manat, 12.04.2019-cu il tarixli müqavilə üzrə 12 ay müddətində 11 ay ərzində hər ay 42 manat, sonuncu ay 37 manat, 28.10.2019-cu il tarixli müqavilə üzrə 18 ay müddətində 17 ay ərzində hər ay 52 manat, sonuncu ay 35 manat ödəməli idi. İş materiallarında olan mədaxil qəbzinə əsasən iddiaçı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu ödəmişdir. İddiaçı tərəfindən cavabdehə borcun ödənilməsi ilə bağlı olaraq bildiriş (xəbərdarlıq) göndərilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra Mülki Məcəllə ) əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (567). Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 257-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir (600.1.). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (600.2.). İşdən göründüyü kimi tərəflərin arasında nisyə alqı-satqı müqavilələri bağlanmış və iddiaçı həmin müqavilələrdə nəzərdə tutulmuş əşyaları cavabdehə vermişdir. Cavabdeh isə müqavilələrə əsasən öz üzərinə götürdüyü vəzifəni yerinə yetirməmiş, nəticədə iddiaçıya 1432 manat borcu qalmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (385.1). Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (425). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1.). Məhkəmə hesab edir ki, iddia əsas borcun tutulması hissəsində təmin edilməlidir. Dəbbə pulu ilə bağlı qeyd edilməlidir ki, Mülki Məcəlləyə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir (462.1.). Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir (467). Məhkəmə hesab edir ki, 1432 manat əsas borc məbləğinə 427 manat cərimənin hesablanaraq tələb edilməsi zamanı iddiaçı tərəfindən əsas borcla cərimə məbləği arasında tənasüb gözlənilməmişdir. Bu səbəbdən məhkəmə cərimənin 150 manat məbləğində müəyyən edilməsini daha ədalətli hesab edir. MPM-in 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 15 manatı cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 28.10.2019-cu il tarixli, 12.04.2019-cu il tarixli, 14.05.2019-cu il tarixli və 26.07.2019-cu il tarixli nisyə alqı-satqı müqavilələri üzrə 1432 manat əsas borc, 150 manat cərimə olmaqla, ümumilikdə 1582 (min beş yüz səksən iki) manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun 15 (on beş) manatı Cavabdeh tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar