Məhkəmə qərarları › İş №2(060)-2216/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2216/2020

12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2216/2020 12.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh və «xxxx» MMC-yə qarşı “əlavə tələbə dair” iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC cavabdehlər Cavabdeh və «xxxx» MMC-yə qarşı “əlavə tələbə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx xxxxxx 2013-cü il tarixli sm 4385 saylı kredit müqaviləsi üzrə faiz borcuna görə 1071,83 manat, cərimə borcuna görə 500 manat olmaqla, cəmi 1571,83 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh və «xxxx» MMC-dən xx xxxxxx 2013-cü il tarixli sm 4385 saylı kredit müqaviləsi üzrə faiz borcuna görə 1071,83 manat, cərimə borcuna görə 500 manat olmaqla, cəmi 1571,83 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC-nin “Sumqayıt” filialı ilə Cavabdeh arasında bağlanmış xx xxxxxx 2013-cü il tarixli sm 4385 saylı kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 42% faiz olmaqla, 12 ay müddətinə 1200 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq xx xxxxxx 2013-cü il tarixdə İddiaçı ASC-nin “Sumqayıt” filialı ilə digər cavabdeh “xxxx” MMC arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin xx xxxxxx 2013-cü il tarixli sm 4385 saylı kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. Həmin kredit müqaviləsinə əsasən müştəri əsas və kreditdən istifadəyə görə hesablanmış faiz borcunu bərabər məbləğdə hər ay ödəməli olduğu halda öhdəliklərini icra etməmişdir. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir, əgər müddət günlərlə hesablanırsa, o, sonuncu günün axınında bitir. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtmda icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi borclunun icram gecikdirməsi sayılır. İddiaçı ASC tərəfindən Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər məhkəməsinə 2011-ci ildə müraciət olunmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2011-ci il tarixli, 2(060)-4072/2011 saylı qətnaməsinə əsasən, Cavabdeh xx xxxxxx 2013-cü il tarixli sm 4385 saylı kredit müqaviləsi üzrə 173 ABŞ dolları əsas kredit borcu, 190 ABŞ dolları məbləğində faiz borcu, 50 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 413 ABŞ dolları məbləğində və 20 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Lakin cavabdeh qətnamədə göstərilən məbləği banka vaxtında ödəməmişdir. Qətnamə xx xxxxxxx 2011-ci il tarixində çıxdığından, qətnamədə yalnız həmin tarixə qədər hesablanmış əsas və faiz borcları göstərilmişdir. Lakin cavabdeh qətnamədə göstərilən məbləği hissə-hissə icra edərək xx xxxxxx 2012-cı il tarixində tam ödəmişdir. Qətnamə çıxan tarixdən, (xx xxxxxxx 2011-ci il) qətnamə üzrə borc icra olunan tarixə qədər isə (xx xxxxxx 2012-ci il) əsas məbləğə faiz hesablanmışdır. xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışına əsasən borclu Cavabdeh xx xxxxxx 2013-cü il tarixli sm 4385 saylı kredit müqaviləsi üzrə kreditdən istifadəyə görə faiz borcuna görə 1071.83 manat, cərimə borcuna görə 500 manat olmaqla, cəmi 1571.83 manat pul təşkil edir. Bundan əlavə, sübut etməyə ehtiyac yoxdur ki, Bankın pul vəsaitlərini qaytarılmasının gecikdirilməsi ona birbaşa maddi zərər vurmaqla nəticələnir. Belə ki, bank fiziki və hüquqi şəxslərdən cəlb etdiyi depozit vəsaitləri, həmçinin özünün digər maliyyə qurumlarından aldığı kreditlər üzrə fazilər ödəyir. Borclu tərəfindən kredit borcunun və faizlərin qaytarılmaması, həmçinin özgənin pul vəsaitlərindən qanunsuz istifadə halı yaradır. Məhkəmə iclasında işirak edən iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Eləcə də bildirdi ki, iddia ərizəsinin əsaslanmasında texniki səhvə yol verilərək Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxxx 2011-ci il tarixli, 2(060)-4072/2011 saylı qətnaməsinə istinad edilmişdir. İşin həqiqi halı ondan ibarətdir ki, tərəflər arasında kredit borcunun tutulması ilə bağlı iddia tələbi üzrə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən xx xxxxxx 2014-cü il tarixli, 2(060)-9137/2014 saylı qətnamə qəbul edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəyə minərək icraya yönəldilməsinə baxmayaraq, cavabdehlər tərəfindən qanunla nəzərdə tutulmuş müddətdə icra edilməmişdir. Odur ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 147-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda şərh olunanlarla əsaslandırır. Mülki iş materiallarına əlavə edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 9137/2014 saylı, xx xxxxxx 2014-cü il tarixli qətnaməsinə əsasən, İddiaçıASC-nin cavabdehlər Cavabdeh və “xxxx” MMC-yə qarşı “kredit borcunun və kredit üzrə hesablanmış fazilərin ödənilməsi” tələbinə dair iddia tələbi qismən təmin edilərək, cavabdehlər Cavabdeh və “xxxx” MMC-dən xx xxxxxx 2013-cü il tarixli sm 4385 saylı istehlak kredit müqaviləsi üzrə kredit borcuna görə 2290 manat, faiz borcuna görə 277 manat, 100 manat, cəmi 2667 manat və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış sözügedən kredit müqaviləsi üzrə yaranmış borcun tutulması qət edilmişdir. Məhkəmə qətnaməsi icraya yönəldilmiş və icra olunmuşdur. İddiaçı sözügedən məhkəmə qətnaməsi icra olunduğu vaxtadək cavabdehlərə həmin kredit müqaviləsi üzrə davamlı olaraq faiz və cərimə hesablamışdır. Məhkəmə hesab edir ki, iddiaçının tələbi əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Şərh olunan hüquq normasının məzmunundan göründüyü kimi borc müqaviləsinin predmeti olan pul məbləğinin borclu tərəfindən kreditora qaytarılması müqavilə üzrə yaranmış öhdəliklərin xitamına səbəb olur. Bu zaman öhdəliklərin xitamı borcun qaytarılmasının üsulundan asılı olmayaraq baş verir. Borcun vaxtından əvvəl borclunun təşəbbüsü ilə, kreditorun tələbi və ya məhkəmə qərarına əsasən qaytarılmasının əhəmiyyəti yoxdur. Nə qədər ki, borc müqaviləsinin predmeti hər hansı bir pul məbləğidir və razılaşdırılmış müddət ərzində həmin pul məbləğinin borc alanda qalması borc müqaviləsinin mahiyyətini təşkil edir, borcun qaytarılması (əsaslarından asılı olmayaraq) tərəflər arasında mövcud müqavilənin ləğvini şərtləndirir, müqavilənin ləğvi ilə eyni zamanda müqavilə öhdəliklərinə də xitam verilir. Borc məhkəmə qərarı əsasında tutulduqda da, məhkəmə qərarı qüvvəyə mindiyi andan öhdəliklərə xitam verilmiş sayılır (Mülki Məcəllənin 424.2-424.3-cü maddələri). Müqavilə öhdəliklərinə xitam verildikdən sonra borclu, artıq müqavilə öhdəlikləri ilə bağlı deyil, qanunda nəzərdə tutulmuş başqa əsaslara görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqdan irəli gələn məsuliyyət daşıyır (Mülki Məcəllənin 443.2, 449.1-ci maddələri). Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla, ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Klnstitutsiya Məhkəməsi Plenumunun xx xxxx 2009-cü il tarixli qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutur. Məhkəmə şərh olunan hüquq normalarının tələbinə əsaslanaraq hesab edir ki, əldən çıxmış faydaya görə maddi zərər olaraq pul tələbi ilə bağlı hissədə iddia iddiaçı tərəfindən müvafiq sübutlarla sübut yetirilmədiyindən rədd edilməlidir. İddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı ASC-nin cavabdehlər Cavabdeh və «xxxx» MMC-yə qarşı «əlavə tələbə dair» iddiası rədd edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar