Məhkəmə qərarları › İş №2(060)-2225/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2225/2024

17.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2225/2024 17.04.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "alimentin artırılması və maddi yardım tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı Cavabdeh qarşı "alimentin artırılması və maddi yardım tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş və birgə nikahdan xx.xx.2011-ci il tarixdə Kərimov Hüseyn Əli oğlu adlı övladı anadan olmuşdur və nikah məhkəmə qaydasında pozulmuşdur. Kərimov Hüseyn Əli oğlu uzun zamandır ki, həm ağır epilepsiya xəstəsidir, həmçinin ağır bronxial astma xəstəsidir. Ambulator kitabçadan olan çıxarışlarla da bu xəstəliklər öz təsdiqini açıq aydın tapmışdır. Bundan əlavə, Cavabdeh əqli gerilik müalicə və qulluq tələb edən pisxopata bənzər davranış pozuntusunun da olması Şəki Rayon Psixatriya xəstəxanasından verilən arayışla da təsdiq olunur. Uzun zamandır Kərimov Hüseyn Əli oğlu xəstəlikləri ilə əlaqədar ağır müalicələr alır. Həmin müalicələrin və həmin xəstəliklərlə əlaqədar dərmanların alınması üçün maddi xərcləri iddiaçı 2-ci qrup əlil olmağı və əmək qabiliyyətsiz olmağı ilə əlaqədar heç bir halda qarşılaya bilmir. Kərimov Hüseyn Əli oğlunun həyatda yaşaması ona təyin olunan müalicələrdən və verilməli olan dərmanlardan asılıdır. Belə ki, oğlunun bu müalicələrə və verilməli olan dərmanlara çox ehtiyacı var. Həmçinin oğlu xəstəlikləri ilə əlaqədar yenə də bir çox müayinələrdən keçməlidir. Həmçinin iddiaçının oğluna qulluq tələb olunduğundan səhhətinin hər an pisləşməsi ilə əlaqədar iddiaçı bir anda olsa ondan ayrıla bilmir. Habelə iddia ərizəsinə əlavə etdiyi oğlu Kərimov Hüseyn Əli oğlunun xəstəliklərini təsdiq edən sənədlərlə də və foto şəkillərlə də bütün bu hallar aydın surətdə öz təsdiqini tapır. Oğlunun saxlanılması üçün məhkəmənin qətnaməsi ilə 100 manat məbləğində alimentin cavadehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. İddiaçının əliliyi olan tək uşağını böyüdən və heç bir yerdə işləməyən bir ana kimi heç bir maddi imkanı yoxdur. Qanunvericiliyə uyğun olaraq ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2024-ci ildə hər uşaq üçün 235 manat müəyyən edilmişdir. Ona görə də birgə nikahdan dünyaya gəlmiş Kərimov Hüseyn Əli oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün uşağa 235 manat və uşağın xəstəlikləri ilə bağlı xərclərin ödənilməsi ilə əlaqədar 300 maddi yardım, əmək qabilliyəti olmadığına görə evdə uşağa baxmağı ilə əlaqədar 100 manat anaya maddi yardım cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən Kərimov Hüseyn Əli oğlunun yetkinlik yaşına çatana qədər saxlanması üçün sabit məbləğdə 235 manat məbləğində pulun, uşağın xəstəlikləri ilə bağlı xərclərin ödənilməsi ilə əlaqədar 300 manat maddi yardım, əmək qabiliyyəti olmadığına görə evdə uşağa baxmağı ilə əlaqədar 100 manat anaya maddi yardımın, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 60 manat məbləğində pulun Cavabdeh tutularaq İddiaçı verilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

4. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək, bildirmişdir ki, uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün 235 manat aliment ödəməyə razıdır. Digər iki tələblə bağlı bildirmək istəyir ki, o tələblər tamamı ilə əsassızdır və bununla heç cür razı ola bilmir. Belə ki, iddiaçı uşağın epilepsiya xəstəsi olduğunu yazır. Bu həqiqəti əks etdirmir. Uşaq epilepsiya xəstəsi deyil. Bundan başqa, uşaq daimi olaraq 4 il Bakı şəhərində yaşayıb əvvəl onunla qaldığı müddətcə uşaqda nə məktəbdə, nə həyətdə, nə də evdə epilepsiyalar, qıc olmalar olmayıbdır. İndi anası ilə Bakı şəhərində yaşamağa davam edir. Belə olan halda iddia ərizəsində qeyd edilən arayışın Şəkidə alınması müəyyən şübhələr yaradır. Bu arayışı yanlız Bakı şəhərində verə bilərlər. İddiaçı qeyd edir ki, onkoloji xəstədir. Onkologiyaya görə arayışı ancaq Milli Onkologiya Mərkəzi verə bilər, ancaq Milli Onkologiya Mərkəzindən aldığı məlumata görə İddiaçı qeydiyyatda deyil. Bunu Milli Onkologiya Mərkəzi də təsdiqləyir və qalan xəstəxanaların və poliklinikaların arayış verməyə hüquq yoxdur. O, özü ikinci dəfə ailə həyatı qurmuşdur, Hüseyndən başqa uşağı var, əmək haqqı cəmisi 898 manat təşkil edir. Əlavə olaraq, özü şəkərli diabet tip 2 orta ağırlıqda insulindən asılı xəstədir. Gözündə isə şəkərdən irəli gələn Astekmaniya xəstəliyi yaranıb və görməsi surətlə zəifləyir. Bundan başqa, iddiaçı qeyd edir ki, onun hazırkı həyat yoldaşının və atasının Hüseyni döydükləri üçün polis orqanlarına müraciət etmişdir. Bununla bağlı Səbail Polis İdarəsində, Nərimanov Polis İdarəsində və Xətai Polis İdarəsində müvafiq araşdırılma aparılmışdır. Verilən şikayət əsassız, şər olduğundan cinayət işinin qaldırılmasından imtina edilmişdir. Yəni iddiaçının məqsədi şərlə, böhtanla ondan pul almaqdır. Qeyd olunanlara əsasən iddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

6. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 avqust 2012-ci il tarixli, 2(103)-3401/2012 saylı qətnaməsinə əsasən, apellyasiya şikayəti qismən təmin edilərək, hazırkı iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 aprel 2012-ci il tarixli qətnaməsi ləğv edilərək, 29 dekabr 2011-ci il tarixdə anadan olmuş Kərimov Hüseyn Əli oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 12 mart 2012-ci il tarixdən başlayaraq hər ay 100 manat sabit pul məbləğində alimentin alınaraq Kərimova (Musayeva) Arzu Bəxtiyar qızına verilməsi qət edilmişdir.

7. İş materiallarında olan Ali Məhkəmənin Mülki Kollegiyasının 26 dekabr 2012-ci il tarixli, 2(102)-4315/2012 saylı qərarı ilə iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3401/2012 saylı 15 avqust 2012-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

8. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Kərimov Hüseyn Əli oğlu sağlamlıq imkanları məhdud uşaqdır. Diaqnoz: Allergik komponentin üstünlüyü ilə müşahidə olunan astma, bronxit astma ağır gedişli, tez-tez residiv verən forma. Xroniki respirator çatmamazlıq, kəskin tənəffüs çatmamazlığı İİ dərəcə.

9. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı əmək qabiliyyətsizdir. Diaqnoz: Qarışıq astma, bronxial astma, infeksion allergik forma, tez-tez nəzarət olunmayan, kəskinləşmələrlə, davamlı tənəffüs pozğunluğu. Hormondan asılı vəziyyət. Emfizema, ağ ciyərlərin emfizeması. Təngənəfəslik (töyşümə), disfoniya, xroniki respirator çatmamazlıq, TÇ (tənəffüs çatmamazlığı) İİ dər. Vegetativ (avtonom) sinir sisteminin digər pozğunluqları, astenonevrotik sindrom, dəqiqləşdirilməmiş dissosiativ (konversion) pozğunluqlar, nevrotik pozğunluq. Ezofagitlə birgə müşahidə olunan qastroezofaqeal reflüks, dəmir defisitli anemiya, xroniki dəmir defisitli anemiya.

10. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Ambulator Kitabçasından çıxarışlara əsasən Kərimov Hüseyn Əli oğlunda epilepsiya nəticəsində ağıl zəifliyi, bronxial astma, atopik forma orta ağır gedişli, tez-tez təkrarlanan boğulma tutulmaları, xroniki respirator sindrom, alergik dermatit və s. xəstəliklər mövcuddur.

11. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki Rayon Psixiatriya Xəstəxanası tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1095 nömrəli məktubdan görünür ki, Qəbələ rayonu Böyük Pirəlili kəndində yaşayan 2011-ci il təvəllüdlü Kərimov Hüseyn Əli oğlu xx.xx.2023-cü il tarixdə Şəki RPX-da HPK tərəfindən müayinə olunmuşdur. Diaqnoz: Yüngül dərəcəli əqli gerilik, müalicə və qulluq tələb edən psixopata bənzər davranış pozuntusu F-70.1 İQ-əmsalı 62%.

12. İşin materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/16/2024-00183 saylı arayışdan görünür ki, İddiaçı 50 manat məbləğində mediasiya xərci və 10 manat məbləğində poçt xərci ödəmişdir.

13. İş materiallarına əlavə edilmiş «Elektron Məhkəmə» sistemindən olan çıxarışa əsasən Cavabdeh “Azərbaycan Cüdo Federasiyası” İctimai Birliyində mütəxəssis vəzifəsində çalışır və aylıq maaşı isə 1010 manatdır.

14. İş materiallarına əlavə edilmiş «Elektron Məhkəmə» sistemindən olan çıxarışa əsasən İddiaçı 571,95 manat məbləğində pensiya alır.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

15. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı ilə cavabdehin birgə nikahlarından bir övladları anadan olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 avqust 2012-ci il tarixli, 2(103)-3401/2012 saylı qətnaməsinə əsasən, apellyasiya şikayəti qismən təmin edilərək, hazırkı iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 aprel 2012-ci il tarixli qətnaməsi ləğv edilərək, 29 dekabr 2011-ci il tarixdə anadan olmuş Kərimov Hüseyn Əli oğlunun yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh 12 mart 2012-ci il tarixdən başlayaraq hər ay 100 manat sabit pul məbləğində alimentin alınaraq Kərimova (Musayeva) Arzu Bəxtiyar qızına verilməsi qət edilmişdir. Hazırda iddiaçı övladı xx.xx.2011-ci il təvəllüdlü Kərimov Hüseyn Əli oğlunun barəsində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən təyin edilmiş alimentin miqdarının artırılaraq cavabdehdən hər ay 235 manat məbləğində alimentin tutulmasını, habelə maddi yardım tələb edir. Cavabdeh iddia tələbi ilə qismən razıdır.

c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

16. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

17. Konstitusiyanın 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

18. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

19. Ailə Məcəlləsinin 78.1-ci və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancının (gəlirinin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

20. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.

21. Eyni Məcəllənin 112.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərin birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

22. Həmçinin, «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 25-ci bəndində göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.

23. Məhkəmə, hazırda uşağın saxlanılması üçün cavabdeh tərəfindən ödənilən alimentin uşağın saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının iddiasını, cavabdehin razılığını, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlir ki, iddia tələbi “235 manat alimentin tutulması” hissəsində təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü Kərimov Hüseyn Əli oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay 235 manat sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmalıdır.

24. Məhkəmə qeyd edir ki, uşaqlardan ayrı yaşayan valideynlərdən birinin üzərinə aliment öhdəliyinin qoyulması birmənalı olaraq həmin tərəfin uşağın əvvəlki təminat səviyyəsini tam təmin etməsi və yaxud digər tərəfin uşağın saxlanması üçün tələb olunan bütün xərclərdən azad edilməsi anlamına gəlmir. Çünki uşağın ləyaqətli şəraitdə yaşaması və böyüməsi üçün tələb olunan bütün digər zəruri xərclər onun himayəsində qaldığı valideyinin üzərinə düşür. Həmçinin, yetkinlik yaşına çatmayan uşaqların anasının himayəsində olması, gündəlik qayğıları ilə ananın təkbaşına məşğul olması, uşaqların atalarının diqqətindən və qayğısından kənar qalması da nəzərə alınmalıdır.

25. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir.

26. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.14-cü bəndində göstərilmişdir ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir.

27. Məhkəmə iddia tələbinin “uşağın xəstəlikləri ilə bağlı xərclərin ödənilməsi ilə əlaqədar 300 manat maddi yardımın tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir.

28. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29-cu maddəsinə görə, Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş qadın və kişinin hüquq bərabərliyinə uyğun olaraq ər və arvad ailə münasibətlərində bərabər şəxsi və əmlak hüquqlarına malikdirlər (maddə 29.1.). Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir (maddə 29.2.). Ər-arvad ailədə öz münasibətlərini qarşılıqlı yardım və hörmət hissi əsasında qurmalı, ailənin möhkəmləndirilməsi və rifahı üçün birgə fəaliyyət göstərməli, övladlarının inkişafı üçün əlverişli şərait yaratmalı və onların sağlamlığının qayğısına qalmalıdırlar (maddə 29.4.).

29. Ailə Məcəlləsinin 81.1 və 81.2-ci maddəsinin tələbinə görə alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.

30. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.

31. “Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 yanvar 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, valideynlərin aliment öhdəlikləri ilə əlavə xərclərdə iştirakları fərqləndirilir. Aliment öhdəliklərinin əsasını valideynlərin öz uşaqlarını saxlamaq vəzifəsi təşkil etdiyi halda, yetkinlik yaşına çatmış övladlarına münasibətdə valideynlərin əlavə xərclərdə iştirakının əsasını isə Ailə Məcəlləsinin 81.1-ci maddəsində müəyyən edilmiş hallar təşkil edir. Bu hallara övladın ağır xəstə, şikəst olması, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətlər və s. daxildir.

32. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd edilən normalarını, eyni zamanda 29 dekabr 2011-ci il təvəllüdlü Kərimov Hüseyn Əli oğlunun xəstəliyinin forma və xarakterini, bu kimi xəstəlikdə daimi müalicə və müayinəyə ehtiyacını nəzərə alaraq hesab edir ki, iddia tələbi əlavə xərclər hissəsində qismən təmin edilməli, Cavabdeh tərəflərin birgə nikahından anadan olmuş Kərimov Hüseyn Əli oğluna (ağıl zəifliyi, bronxial astma və s. xəstəliklərdən əziyyət çəkir) çəkilən əlavə xərclərə cəlb edilməli və əlavə xərclərə görə hər ay 100 manat Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.

33. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

34. Mülki işin materiallarından görünür ki, iddiaçı əlavə xərclərə görə alimentin tutulması tələbi ilə xx.xx.2024-cü il tarixində məhkəməyə müraciət etmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, əlavə xərclərə görə aliment həmin tarixdən başlayaraq tutulmalıdır.

35. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.

36. Məhkəmə habelə hesab edir ki, əlavə xərclərə görə alimentin tutulması hissəsində qətnamə dərhal icra edilməlidir.

37. Məhkəmə iddia tələbinin “əmək qabiliyyəti olmadığına görə evdə uşağa baxmağı ilə əlaqədar 100 manat anaya maddi yardımın tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir.

38. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.2-ci maddəsinə əsasən nikah pozulduqdan sonra 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya 18 yaşına çatanadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş ümumi uşağa qulluq edən və maddi yardıma ehtiyacı olan keçmiş ər (arvad) məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir.

39. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehin zəruri vəsaitə malik olmasına dair məhkəməyə sübut təqdim etmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir.

40. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).

41. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.

42. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

43. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

44. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.6-cı maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak tələb olunur.

45. Məhkəmə mülki mübahisələr üzrə tərəflərin çəkdiyi mediasiya xərclərinin məhz işə baxılması ilə bağlı çəkilmiş zəruri xərclər olduğunu, eyni zamanda “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən mediasiya xərclərinin dövlət rüsumunu da ehtiva etdiyini nəzərə alaraq, belə qənaətə gəlir ki, ödənilmiş mediasiya xərcinin əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

46. Beləliklə, məhkəmə tərəflərin ailə və maddi vəziyyətini, bununla yanaşı birgə nikahdan olan uşağın üstün maraqlarını və minimum maddi təminat almaq hüququnu, məhkəmə qətnaməsinin qəbul edildiyi dövrdən müəyyən müddət keçdiyini və bu müddət ərzində uşağın böyüməklə tələbatlarının da artdığını nəzərə alaraq belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2011ci il təvəllüdlü Kərimov Hüseyn Əli oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 avqust 2012-ci il tarixli, 2(103)-3401/2012 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, Cavabdeh 19 fevral 2024-cü il tarixdən başlayaraq tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü Kərimov Hüseyn Əli oğlunun xəstəliyi ilə əlaqədar əlavə xərclərə görə hər ay 100 (bir yüz) manat tutularaq İddiaçı verilməli, iddia tələbi qalan hissədə təmin edilməməli, qətnamə əlavə xərclərə görə tutulan aliment ilə bağlı dərhal icra olunmalı, ödənilmiş 60 (altmış) manat mediasiya xərcinin əvəzi Cavabdeh alınaraq İddiaçı ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. 47 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

48. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

49. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

50. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

51. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

52. Həmçinin, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

53. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.

54. Qeyd olunan Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

55. Mülki Prosessual Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir.

56. Alimentin artırılması ilə bağlı iddiaların hesablanması zamanı əvvəlki qətnamə ilə müəyyən edilmiş alimentin miqdarı nəzərə alınmalıdır.

57. Göründüyü kimi əvvəlki qətnamə ilə alimentin məbləği sabit məbləğdə 100 manat müəyyən edilmişdir. Hazırda 335 manat alimentin tutulması müəyyən edilir. Belə olan halda (335-100=235 manat. 235 manat x 12 ay = 2820 manat) iddianın qiyməti 1.000 manatdan çox olduğu üçün 48,20 manat dövlət rüsumu ödəniləcəkdir.

58. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi həddində dövlət rüsumu ödənilir.

59. Məhkəmə qeyd olunan qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti 1000 manatdan çox olduğundan, cavabdehdən 48,20 manat məbləğində dövlət rüsumu tutulmaqla dövlət gəlirlərinə alınmalıdır.

Nəticə hissəsi:

60. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü Kərimov Hüseyn Əli oğlunun yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 avqust 2012-ci il tarixli, 2(103)- 3401/2012 saylı qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablansın. Cavabdeh 19 fevral 2024-cü il tarixdən başlayaraq tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2011-ci il təvəllüdlü Kərimov Hüseyn Əli oğlunun xəstəliyi ilə əlaqədar əlavə xərclərə görə hər ay 100 (bir yüz) manat tutularaq İddiaçı verilsin. Qətnamə əlavə xərclərə görə tutulan aliment ilə bağlı dərhal icra olunsun. Ödənilmiş 60 (altmış) manat mediasiya xərcinin əvəzi Cavabdeh alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 48,20 (qırx səkkiz manat, iyirmi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar