Məhkəmə qərarları › İş №2(060)-2238/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2238/2025

22.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2238/2025 22.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Quliyeva Günay Tahir qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı QSC BOKT-un Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı QSC BOKT Cavabdeh qarşı iddia qaldıraraq Cavabdeh 1536 manat məbləğində pulun və ödənilmiş 36 manat dövlət rüsumunun tutularaq İddiaçı QSC Bank Olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 nömrəli Fərmanının və Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101s saylı sərəncamının icrası ilə əlaqədar olaraq, "xxxx" ASC-nin problemli aktivləri (borcları) üzrə tələb hüququ 11 avqust 2015-ci il və 21 aprel 2017-ci il tarixli müqavilələr əsasında İddiaçı QSC BOKT-nə keçmişdir. Qeyd edilən Fərmanın və Sərəncamın icrası ilə bağlı Cavabdeh "xxxx" ASC-yə olan problemli borcu üzrə tələb hüququ da təhvil-təslim sənədləri əsasında İddiaçı QSC-yə təhvil verilmişdir. Təhvil verilmiş sənədlər araşdırılarkən məlum olmuşdur ki, Sumqayıt Şəhər Məhkəməsinin 12 avqust 2015-ci il tarixli, 2(060)-7718/2025 saylı qətnaməsi ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh iddiaçının xeyrinə 22 may 2012-ci il tarixli, 129 saylı kredit müqaviləsi üzrə ödənilməmiş 17.087 manat əsas borc, 1.978,85 manat məbləğində faiz borcu, 300 manat dəbbə pulu olmaqla cəmi 19.365.85 manat məbləğində borcun və ödənilmiş 28 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutulacaq məbləğ kreditinin təminatı kimi cavabdehə məxsus olan “Seat Exeo” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərracda satılması və onun satışından əldə edilmiş vəsaitin cavabdehin banka olan borcunun ödənilməsinə, hərracdan satılmış avtomobilin dəyəri banka olan borcu ödəmədikdə borcun qalan hissəsinin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmiş və qətnamə əsasında verilmiş icra vərəqəsinə əsasən ipoteka predmeti olmuş, borclu Cavabdeh məxsus “Seat Exeo” markalı, **-CA-*** dövlət qeydiyyat nişanlı avtomobil Sabunçu rayon icra şöbəsinin sifarişi əsasında "xxxx" MMC tərəfindən hərrac keçirilmiş və tələbkar İddiaçı QSC-yə təklif olunmuşdur. Daha sonra AR DİN Baş X4i idarəsinə sözügedən avtomobilin cəmiyyətin mülkiyyətinə keçirilməsi üçün müraciət edilmiş, lakin bildirilmişdir ki, Cavabdeh sözügedən nəqliyyat vasitəsini idarə edərkən, İnzibati Xətalar Məcəlləsinin tələblərini pozmuş və barəsində inzibati xəta haqqında protokol tərtib olunaraq cərimə olunmuşdur. Bu səbəbdən avtomobilin cəmiyyətin mülkiyyətinə keçirilməsi yalnız üzərindəki cərimələr ödənildikdən sonra mümkündür. Həmin cərimələr aşağıdakılardan ibarətdir: Əlavədə qeyd edilən protokola görə nəqliyyat vasitəsinin texniki baxışdan keçirmədən idarə etmə, icbari sığorta müqaviləsinin bağlanılmamasına görə və yolda müəyyən edilmiş hərəkət surətini 1-20 km/saat həddində aşmağa görə 1536 manat məbləğində cərimə edilmişdir. Qeyd edilən 1536 manat məbləğində cərimə 06 fevral 2023-cü il tarixində İddiaçı QSC tərəfindən ödənilmişdir. Cərimələr ödənilmədiyi təqdirdə AR DİN Baş X4i idarəsi tərəfindən Azərbaycan Respublikasının Qanunun tələbinə uyğun olaraq həmin nəqliyyat vasitəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi barədə qərar qəbul edilir. Bununla da onların hüquqları pozulur.

Tərəflərin mövqeləri:

3. İddiaçı QSC BOKT-un nümayəndəsi Nümayəndə məhkəməyə ərizə ilə müraciət edərək, işlərin çoxluğu ilə əlaqədar məhkəmə prosesinə gələ bilmədikləri üçün işə iddiaçının iştirakı olmadan baxılaraq qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahatında bildirmişdir ki, maşın hərraca qoyulmuşdur. Qaranlıq qalan hissəsi odur ki, hərrac maşını kimdən almışdır. Avtomobil onun dostunun istifadəsində olmuş, ondan sonra isə 2-3 nəfərə satılmışdır. Polisə müraciət etdikdən sonra bildirilmişdir ki, avtomobil Bərdə rayonundadır. Bərdə Rayon Polis Şöbəsinə və Məhkəməsinə müraciət etmişdir. Onlar da demişdir ki, maşın axtarışdadır. Etibarnaməni də 2014-cü il tarixdə ləğv elətdirmişdir. 2014-cü il tarixdən də maşını axtarışa vermişdir. Maşın sadəcə X1 Şəfa stadionunun yanında olmuşdur. Dəfələrlə Asanpaydan ona cərimə gəlmişdir. O da bununla bağlı dəfələrlə Yol Polisi İdarəsinə müraciət etmişdir. Sadəcə maşının axtarışda olduğunu demişlər. Xəbər də gəlir ki, maşını polis əməkdaşı sürür. Saxlayanda da vəsiqəsini göstərir və sürüb-çıxıb gedir. 1650 manat az məbləğ deyildir. Nə üçün bir yol polisi həmin maşını saxlaya bilməmişdir. Maşını alan şəxs də həmin məbləğə cavabdehdir. Maşını görməmişdir. Heç onun rəngini də bilmir. Həmin məbləğin onun adına yazılması insafsızlıqdır. Ona görə də həmin məbləğin onun adından silinməsini xahiş etdi.

Tədqiq olunan sübutlar:

5. 21 aprel 2017-ci il tarixli "xxxx" ASCnin problemli aktivləri üzrə tələb hüququnun “Aqrarkredit" QSC-yə güzəşt edilməsinə dair müqavilənin surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli, 101 s nömrəli Sərəncamının İ-ci hissəsinə əsasən, İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı, Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatası ilə razılaşdırılmış siyahı üzrə Banka məxsus problemli aktivlərin Bankdan satın alınmasını və bunun müqabilində buraxılmış 3 il müddətinə 4 faiz dərəcəsi ilə dövlət zəmanəti əsasında sadə vekselləri Banka verir, eyni zamanda Bank həmin problemli aktivlər üzrə borclu şəxslərə qarşı özünün tələb hüququnu İddiaçı QSC-yə güzəşt edir.

6. Daxili İşlər Nazirliyinin X4 İdarəsinin elektron xidmətlər portalından əldə edilmiş məlumatlara əsasən, **-CA-*** dövlət qeydiyyat nişanlı, “Seat Exeo” markalı minik avtomobilin sığortaçı ilə icbari sığorta müqaviləsi bağlanmamasına görə, nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə edilməsinə görə, yolda müəyyən edilmiş hərəkət sürətini aşdığına görə, dayanma qaydalarını pozmağa görə xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019 tarixlərdə Cavabdeh ümumilikdə 1536 manat cərimə müəyyən edilmişdir.

7. İddiaçı QSC tərəfindən təqdim edilmiş mədaxil qəbzlərinə əsasən Cavabdeh görə ümumilikdə 1536 manat cərimə iddiaçı tərəfindən ödənilmişdir.

8. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-7718/2015 saylı, 12 avqust 2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, Cavabdeh 17.087 manat əsas, 1.978,85 manat faiz, 300 manat cərimə, cəmi 19.365,85 manat və məhkəməyə iddia ərizəsi vermək üçün ödənilmiş 30 manatdan – 28 manat məbləğində dövlət rüsumunun əvəzi olaraq pulun iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, tələbin Cavabdeh məxsus “Seat Exeo” markalı, **-CA-*** markalı dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi və həmin avtomobilin açıq hərracdan satılaraq satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. "xxxx" MMC-nin 09/04-02 saylı, xx.xx.2022-ci il tarixli bildirişinə əsasən, hərrac keçirilmiş və **-CA-*** dövlət qeydiyyat nişanlı, “Seat Exeo” markalı minik avtomobil İddiaçı ASC-yə 2550 manata satılmışdır.

10. Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru X2 tərəfindən 20 noyabr 2015-ci il tarixdə qəbul olunmuş borclunun (onun əmlakının və ya uşağının) axtarılması haqqında qərardan görünür ki, borclu Cavabdeh mülkiyyətində olan “Seat Exeo” markalı, **-CA-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi barəsində axtarış elan edilməsi qərara alınmışdır.

11. Cavabdeh tərəfindən 10 fevral 2014-cü il tarixdə Bakı Şəhəri Notariat Kontoruna ünvanlanmış ərizədən görünür ki, 24 may 2012-ci il tarixdə onun tərəfindən verilmiş 7E/3/6/3 reyestrlə təsdiq olunmuş etibarnamənin ləğv edilməsi xahiş edilmişdir.

12. 11.02.2025-ci il tarixli, ********** nömrəli dövlət rüsumunun qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 36 manat məbləğində dövlət rüsumu ödəmişdir.

Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi (MM):

21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1114-cü maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmlak vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

15. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir.

16. İşin faktiki halları ilə müəyyən edilmişdir ki, “Seat Exeo” minik markalı avtomobil İddiaçı QSCyə məxsusdur. Həmin avtomobil Cavabdeh mülkiyyətində olan zaman avtomobili idarə edilərkən İnzibati Xətalar Məcəlləsinin tələbləri pozulmuş və barəsində inzibati xəta haqqında protokollar tərtib olunaraq müxtəlif vaxtlarda ümumilikdə 1536 manat məbləğində cərimə olunmuş və nəqliyyat vasitəsinin cərimələrin ödənilməməsinə görə saxlanılaraq cərimə meydançasına yerləşdirilməsinin qarşısının alınması məqsədilə həmin cərimələr mülkiyyətçi olan İddiaçı QSC tərəfindən ödənilmişdir. Bununla da İddiaçı QSC-nin cavabdehə qarşı reqres qaydada tələb hüququ yaranmış və iddiaçı məhkəməyə müraciət etməklə, ödənilmiş cərimələrin cavabdehdən onun xeyrinə tutulmasını tələb etmişdir.

17. Cavabdeh tərəfindən inzibati xətaların törədilməsi ilə əlaqədar müvafiq protokollar əsasında ona cərimələrin müəyyən edilməsi və iddiaçının yol verilmiş inzibati xətalara görə cavabdehə görə 1536 manat cəriməni ödəməsi mübahisəsiz olmaqla yanaşı, həm də bu ödənişlər yol verilmiş hüquq pozuntuları nəticəsində mülkiyyətçi kimi İddiaçı QSC-yə dəymiş zərərin aradan qaldırılması ilə bağlı olmuşdur ki, qanunvericilik bu halda zərərvuran tərəfindən zərərin əvəzinin tam ödənilməsini tələb edir. Sözügedən avtomobilin idarəedilməsi zamanı yol verilmiş pozuntulara görə həmin maşının mülkiyyətçisi olaraq Cavabdeh inzibati məsuliyyətə cəlb edilərək cərimələnmişdir. Belə olan halda həmin cərimələri ödəmək vəzifəsi də onun üzərindədir.

18. Məhkəmə iclasında cavabdeh izahatında cərimə olunmasına səbəb olan qayda pozuntularına yol verilməsi zamanı maşının onun sahibliyində və istifadəsində olmadığını, həmin avtomobilə dair verdiyi etibarnaməni ləğv etdirdiyini bildirmişdir. Məhkəmə cavabdehin həmin dəlilinə münasibətdə qeyd edir ki, cavabdeh DYPİ tərəfindən ona hesablanmış cərimələri mübahisələndirməmiş, silinməsi ilə bağlı, eyni zamanda həmin cərimələrin hesablanmasına əsas olmuş aktların ləğv edilməsi ilə bağlı müvafiq orqanlara müraciət etməmişdir. Hazırki halda yuxarıda qeyd edilən pozuntulara görə cərimənin cavabdehə hesablanması səbəbindən avtomobil mülkiyyətinə keçdikdən sonra həmin cərimələri ödəmiş iddiaçı cərimələrin məbləğini cavabdehdən tələb etməkdə haqlı olmuşdur.

19. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 1536 manat məbləğində pul ”Aqrarkredit” QSC BOKT-un xeyrinə tutulmalıdır.

Məhkəmə xərcləri:

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 36 manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

Nəticə:

21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 358-360 və 362-ci maddələrini rəhbər tutaraq,

QƏT ETDİ:

İddia təmin edilsin. Cavabdeh 1536 (bir min beş yüz otuz altı) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı ”Aqrarkredit” QSC BOKT-a ödənilsin. İddiaçı tərəfindən ödənilmiş 36 (otuz altı) manat dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı ”Aqrarkredit” QSC BOKT-a ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar