Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2247/2024 30.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16240 (on altı min iki yüz qırx ) manatın tutulub İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh Rafıq oğlu iddiaçının tanışıdır. Cavabdeh mövcud olan bu tanışlıqdan istifadə edərək öz biznesi ilə məşğul olmaq üçün iddiaçıdan borc istəmişdir. Aralarında olan tanışlığa görə ona etimad edərək cavabdehlə 7 sentyabr 2023-cü il tarixdə Xaçmaz rayonu 1 saylı notariat ofisində kredit müqaviləsi bağlamış və ona 17000 (on yeddi min) manat borc vermişdir. Kredit müqaviləsinin şərtlərinə əsasən iddiaçı, yəni “borc verən” cavabdehə 17000 manat pul vermiş, cavabdeh, yəni “borc alan” isə həmin pulu xx.xx.2026-cı il tarixədək 35 ay hər ay 470 manat, son bir ay isə 550 manat olmaqla iddiaçıya qaytarmağı öz öhdəsinə götürmüşdür. Həmçinin kredit müqaviləsi bağlanarkən və pretenziya məktubu və iddia ərizəsi hazırlanarkən 160 manat xərc də iddiaçı tərəfindən ödənilmişdir. Cavabdeh bu günə qədər iddiaçıya olan borcundan iki dəfə 460 manat olmaqla, cəmi 920 manat ödəniş etmişdir. Cavabdehə iddiaçıya olan borcunu ödəməsi barədə dəfələrlə müraciət olunsa da, cavabdeh müxtəlif bəhanələrlə borcunu ödəməkdən boyun qaçırmışdır. Hazırda cavabdehin iddiaçıya ümumilikdə 16240 manat borcu vardır. Aralarında bağlanmış kredit müqaviləsinin 9-cu maddəsinə əsasən, tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll edilir. Bu səbəbdən də tərəfindən cavabdehə pretenziya məktubu göndərilmiş, lakin cavabdehdən mənfi və ya müsbət heç bir cavab gəlməmişdir. Odur ki, hazırki ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh X2 iddia tələbini qismən qəbul edərək bildirdi ki, o cavabdehə olan borcunu əmlakını satmaqla ödəyəcəkdir. Nəzərə alınmasını xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında bağlanan xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 17000 manat borc verməyi, Cavabdeh həmin vəsaiti xx.xx.2023-cü il tarixədək 35 ay hər ay 470 manat, son bir ay isə 550 manat olmaqla İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Xaçmaz Rayon 1 saylı Notariat Ofisi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, X-20 saylı məktubdan görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin rəsmiləşdirilməsi xərcləri İddiaçı tərəfindən ödənilmişdir. İş materiallarında olan qəbzlərdən və digər sənədlərdən görünür ki, İddiaçı tərəfindən kredit müqaviləsinin rəsmiləşdirilməsi üçün 115 manat+1 manat xidmət haqqı, kredit müqaviləsinin surəti üçün 3 manat + 1 manat xidmət haqqı, pulun bank vasitəsilə rəsmiləşdirilməsi üçün 34 manat+ 1 manat xidmət haqqı, pretenziya bildirişi üçün 3 manat+ sifarişli xəbərnaməli zərf üçün 1,80 manat olmaqla ümumilikdə 160,80 manat ödənilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanan xx.xx.2023-cü il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı Cavabdeh 17000 manat borc verməyi, Cavabdeh həmin vəsaiti xx.xx.2023-cü il tarixədək 35 ay hər ay 470 manat, son bir ay isə 550 manat olmaqla İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Həmin öhdəlik İddiaçı tərəfindən tam icra edilsə də, cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Cavabdeh hər ay iddiaçıya 470 manat ödəməsi üçün üzərinə öhdəlik götürsə də iki ay 460 manat olmaqla, cəmi 920 manat ödəniş etmişdir. Bununla yanaşı iddiaçı kredit müqaviləsi bağlanarkən müqavilənin rəmiləşdirilməsi və digər xərclər çəkmişdir. Həmin xərclər müvafiq olaraq kredit müqaviləsinin rəsmiləşdirilməsi üçün 115 manat+1 manat xidmət haqqı, pulun bank vasitəsilə rəsmiləşdirilməsi üçün 34 manat+ 1 manat xidmət haqqı, pretenziya bildirişi üçün 3 manat+ sifarişli xəbərnaməli zərf üçün 1,80 manat olmaqla ümumilikdə 160,80 manatdan ibarətdir. Göründüyü kimi cavabdehin kredit müqaviləsi üzrə ödəməli olduğu borc məbləğindən əlavə iddiaçıya 160,80 manat borcu vardır. Odur ki, iddiaçı cavabdeh tərəfindən ona ödənilməli olan 16080 manat manat kredit müqaviləsi üzrə borcu, 160 manat digər borcunu cavabdehdən tələb edir. Cavabdeh bugünədək keçirilmiş məhkəmə iclaslarında iştirak edərək iddia tələbini qismən qəbul etdiyini bildirmiş, borcunu növbəti məhkəmə iclasına qədər iddiaçıya ödəyəcəyini bildirsə də, borcunu ödəməkdən yayınmışdır. Odur ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsi mülki qanunvericiliyin prinsiplərinin mahiyyəti açıqlamasım verməklə, göstərir ki, “mülkiyyətin toxunulmazlığı”, “mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması”, “pozulmuş hüquqların bərpasının təmin edilməsi” və “mülki hüquqların məhkəmə müdafiəsi” (6.1.5, 6.1.7 və 6.1.9-cu maddələr) mülki qanunvericiliyin başlıca prinsipləri olmaqla, bu tələblərə ciddi əməl edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh 16240 manat alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası MPM-nin 112.1.1-ci maddəsinə əsasən iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda alınan məbləğlə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi həcmində dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, hazırda cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan borcun məbləği 16240 manat olduğundan qanunvericiliyin tələbinə əsasən 138,72 manat dövlət rüsumu müəyyən edilməlidir. Odur ki, Cavabdeh 138,72 manat dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yenə də həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh 16240 manat alınaraq İddiaçı verilsin. Cavabdeh 138,72 manat dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-2247/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2247/2024
30.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver