Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2264/2023 22.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X7 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Cavabdeh1, Cavabdeh2, onun vəkili X1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, birinci cavabdehlə xx.xx.2017-ci il tarixdə hüquq xidmətləri göstərilməsinə dair tapşırıq müqaviləsi bağlamışdır. 0/31 nömrəli həmin tapşırıq müqaviləsini Sumqayıt şəhəri, 17-ci mikrorayon, binanın qarşısında bağlayaraq imzalamışlar. Cavabdeh2 digər cavabdeh – Cavabdeh1 Sumqayıt Şəhər Bələdiyyəsində, Sumqayıt şəhəri üzrə İcra İdarəsində, dövlət idarələrdə təmsil edir, danışıqlar aparır. Ona görə də qızına torpaq sahəsinin bölünməsində köməklik etməyi xahiş etmişdir. Cavabdeh – Cavabdeh2 tərəfindən ona xx.xx.2017-ci il tarixdə avans olaraq 2000 manat ödəmiş, qaydalara uyğun olaraq BƏÜ seriyalı, 212970 nömrəli kassa mədaxil orderin qəbzi yazmış, imzalamış və möhürlə təsdiq etmişdir. Razılaşdırılmış və imzalanmış tapşırıq müqaviləsinin şərtlərinə görə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-17458/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh1 uşaqları ilə birgə köçürüldüyü 76-cı məhəllədə istifadədə olan torpaq sahəsi İcra qaydasında bərabər bölünməli, torpaq sahəsinin mərzlənməsi təşkil edilməli, hər birinin ayrıca girişi-çıxışı təmin edilməlidir. Bütün hərəkətləri etmək üçün cavabdehlər ona notarial qaydada təsdiq edilmiş etibarnamə və müvafiq sənədləri təqdim etməli idi. Müqavilə bağlanan tarixə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi elan edilmiş, lakin icra edilməmişdir. Ona görə də qətnamənin icra edilməsi təmin edildikdən sonra tapşırıq müqaviləsi üzrə öhdəlikləri yerinə yetirməyə başlamışdır. Bu məqsədlə torpaq sahəsinin mülkiyyətçisi Sumqayıt Bələdiyyəsinə sorğular və ərizələr vermişlər. Torpağa tam yiyəliklənmiş borclu Novruzov Rövşən heç kimi sahəyə buraxmadığına, baxış və ölçülərin çıxarılmasına imkan vermədiyinə görə polisə müraciət etmişdir. Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci Polis Bölməsinin sahə rəisi və rəis müavinin müdaxiləsindən sonra Sumqayıt Şəhər Bələdiyyəsinin mütəxəssisləri qeyri-müəyyənliyi aradan qaldırmaq üçün torpağın ölçülərini çıxarmış, eksiz-planını tərtib etmişlər. Torpaq sahəsi bölünərək mərzlənmiş, hətta özül qazılmışdır. Lakin Cavabdeh2 şərtləri yenidən dəyişdiyinə görə işi yekunlaşdıra bilməmişdir. Bununla belə, tapşırıq müqaviləsində göstərildiyi kimi, İcra şöbəsində və Sumqayıt Bələdiyyəsində hərəkətlər etmək lazım gəldiyindən cavabdeh ona etibarnamə verməli olmuşdur. Ona görə də müqavilədə göstərilənlərə əsasən Cavabdeh2 qızının ona etibarnamə verməsini tələb etməyə başlamışdır. Əvvəlcə müxtəlif bəhanələr gətirsə də, sonradan məlum olmuşdur ki, etibarnamə verməkdən imtina edir, məsələni etibarnaməsiz həll etməyi tələb edir. Bu səbəbə görə bir neçə dəfə mübahisələri olsa da, etibarnamə verməkdən imtina etmişlər və işin həlli yubadılmışdır. Sonda isə həll etmək mümkün olmamışdır. Bu ərəfələrdə, Cavabdeh1 qızı Əfsanə Rövşən qızı Novruzovanın əri- Vüqar Məmmədov və onun valideynləri ilə ailə problemləri yaranmışdır. Cavabdehlər Əfsanə Novruzovanın yaşayış sahəsinə köçürülmə barədə Sumqayıt Şəhər Məhkəməsinə iddia ərizəsi yazmağını xahiş etmişlər. Bu məqsədlə sorğular verərək sənədləri toplamış və iddia ərizəsi yazaraq məhkəməyə təqdim etmişlər. Lakin iki gün sonra əri X5 döyüşlərdə şəhid olmuş, ona görə də ərizəni geri götürmüşlər. Xeyli vaxt və enerji itkisindən sonra işi yarımçıq saxlayıb 2017-ci ildə aldığı 2000 manatın 1700 manatını Cavabdeh2 qaytarmışdır. Cavabdeh 1700 manat pulu qaytarmağı barədə Sumqayıt Şəhər 1-ci Polis Bölməsinə yazdığı şikayət ərizəsində bildirilmişdir. Cavabdeh Sumqayıt 3 saylı xüsusi notarius da problemin həll ediləcəyini və ya başqası ilə müqavilə bağlayıb işini davam etdirəcəyini bildirmişdir. Bundan sonra onun cavabdehlər ilə heç bir əlaqəsi olmamışdır. Lakin təxminən 10 gün əvvəl Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci PB-dən onun mobil nömrəsinə zəng edərək bildirilmişdir ki, Cavabdeh2 şikayət edib ondan 300 manatı tələb edir. Bu səbəb və əsaslara görə həmin mübahisənin məhkəmədə həll edilməsi qərarına gəlmişdir. Qanunun tələblərinə uyğun olaraq xx.xx.2017-ci ildə müqaviləni imzalamış Cavabdeh1 ona notarial qaydada etibarnamə verməli olmuşdur. Bunu etməkdən imtina etdiyinə görə müqavilənin şərtləri pozulmuş və onun tərəfindən icra edilməsi mümkün olmamışdır. xx.xx.2017-ci ildə bağlanmış tapşırıq müqaviləsinin 3.3-cü bəndinə əsasən cavabdeh işin nəticəsindən asılı olmayaraq iş yekunlaşdıqdan sonra ona beş min manat ödəməyi öhdəsinə götürmüşdür. Heç bir halda birtərəfli qaydada nə avansı nə də ki, ödədiyi pulu geri tələb edə bilməz. Ona görə də qanun və qaydalara uyğun olaraq on gün ərzində cavabdehin ona ödəməli olduğu 5000 manatı ünvanına göndərilməsi barədə bildiriş göndərmişdir. Lakin ona cavab verilməmişdir. Qeyd olunanlara əsasən məhkəmədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2017-ci il tarixli hüquqi xidmətləri göstərilməsinə dair müqavilənin 3.3-cü bəndinə əsasən 5000 manat və əlavə işlərə görə 2000 manat ümumillikdə 7000 manat zəhmət haqqının müştərək qaydada alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmədən, tapşırıq müqaviləsini məhkəməyə təqdim edib işə əlavə edilməsini və işə iştirakı olmadan baxılıb qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh2 izahatında bildirdi ki, o, polis orqanlarına müraciət etmişdir. Ondan sonra iddia ərizəsi ilə müraciət olunmuşdur. İddia ərizəsində ondan 7000 manat pul istənilir. İddiaçı ilə 2017-ci ilin sentyabr ayında iş yoldaşı Rəsmiyyənin vasitəsilə tanış olmuş və ondan hüquqi yardıma görə 2000 manat pul istəmişdir. Bütün qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 vəkili X3 izahatında bildirdi ki, iddia müddəti ötürülmüşdür. İddia müddəti ötürülmüş bir işə baxılmasını əsassız hesab edir. Bütün qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qəbul etmədiyini və tələbin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə iş üzrə cavabdehlərin və Cavabdeh2 vəkili X1 izahatlarını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. İş materiallarında olan: 13 sentyabr 2022-ci il tarixli birinci tərəf Cavabdeh1, Novruzova Əfsanə Rövşən qızı, X6 olmaqla ikinci tərəf X2 arasında bağlanmış barışıq sazişindən görünür ki, Cavabdeh1, X6 və Novruzova Əfsanə Rövşən qızı Sumqayıt şəhəri, 76-cı məhəllə Sülh küçəsində yerləşən fərdi yaşayış evini on gün ərzində əşyaları ilə birgə tərk etməyi öz öhdəsinə götürürlər. X2 tərəfindən Sumqayıt Şəhər Bələdiyyəsinə ünvanlanmış ərizədən görünür ki, o, Sumqayıt şəhəri, 76-cı məhəllədə Sülh küçəsində yerləşən ümumi sahəsi 26 km olan evdə yaşayır. Ümumi sahəsi 1423 kvadrat kilometr olan torpaq sahəsi Sumqayıt şəhər Bələdiyyəsinin mülkiyyətidir. Torpağa görə müvafiq ödəmələr onun tərəfindən həyata keçirilir. Odur ki, istifadəsində olan Sumqayıt şəhəri, 76-cı məhəllə, Sülh küçəsində yerləşən ümumi sahəsi 14.2 sot olan torpaq sahəsini ½ hissədə bölüb bir hissəsini ona, digər hissəsini oğlu X4, qızı Novruzova Əfsanə Rövşən qızına və Cavabdeh1 arasında bölünməsi barədə müvafiq göstəriş verilməsini xahiş etmişdir. Cavabdeh1, Novruzova Əfsanə Rövşən qızı və X6 tərəfindən ünvanlanmış ərizədən görünür ki, uzun illər faktiki istifadədə olan Sumqayıt şəhəri, 76-cı məhəllə, Sülh küçəsində yerləşən torpaq sahəsinin ölçülərinin müəyyən edilməsi barədə müvafiq göstəriş verilməsini xahiş etmişdir. Cavabdeh1 tərəfindən ünvalanmış ərizədən görünür ki, istifadədə olan həmin torpaq sahəsinin iki hissəyə bölünməsiə və vergiyə cəlb edilməklə müqavilə bağlanması barədə müvafiq göstəriş verilməsini xahiş etmişdir. Cavabdeh1 tərəfindən ünvalanmış ərizədən görünür ki, mülki işə əlavə edilmiş sübularının sürətinin ona verilməsi barədə göstəriş verilməsini xahiş etmişdir. Cavabdeh1, Novruzova Əfsanə Rövşən qızı və X6 tərəfindən ünvanlanmış ərizədən görünür ki, Sumqayıt şəhəri, 76-cı məhəllə, Sülh küçəsində yerləşən ünvana köçməsi barədə müvafiq göstəriş verilməsini xahiş etmişdir. Novruzova Əfsanə Rövşən qızı tərəfindən ünvanlanmış ərizədən görünür ki, xx.xx.2017-ci il tarixli, 2(060)-17458/2017 saylı icra işi üzrə icraata xitam verilməsi barədə qərarının ləğv edilməsini xahiş etmişdir. Cavabdeh1 tərəfindən notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, uzun illər faktiki istifadəsində olan Sumqayıt şəhəri, 76-cı məhəllə, Sülh küçəsində yerləşən torpaq sahəsinin ölçülərinin müəyyən edilməsi barədə müvafiq göstəriş verilməsini xahiş etmişdir. İddiaçı tərəfindən Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış ərizədən görünür ki, hüquq xidmətlərinə görə ümumillikdə 7000 manat pulun üç gün ərzində poçt vasitəsi ilə onun yuxarıda göstərilən ünvanına göndərilməsini xahiş etmişdir. xx.xx.2017-ci il tarixli 0/31 nömrəli tapşırıq müqaviləsindən görünür ki, tapşırıq verən – Cavabdeh1 həmin iş yekunlaşdıqdan sonra 5000 manatı vəkalət alana ödəməyi öhdəsinə götürür. Cavabdeh2 ərizə ilə müraciət edərək məhkəmədən, işin obyektiv araşdırılması, ona məxsus 2000 manat məbləğində pulun nümayəndə Tahir adlı şəxsdən alınaraq ona verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə iddia tələbinin əsası kimi istinad olunan hallara əsaslanaraq hesab edir ki, iddiaçı müqavilə öhdəlikləri üzrə tapşırıq müqviləsinin həyata keçirilməsi üçün razılaşdırılmış məbləğin tapşırığın həyata keçirilməməsi səbəbindən geri qaytarmış, sadəcə 300 manat pul cavabdeh tərəfindən tələb olunduqdan sonra iddia tələbi ilə məhkəməyə müraciət etməsini polisə müraciət etdiyinə görə məhkəmə iclasında iştirak edərkən izahatında bildirmiş, işin mübahisə edilməyən halı olaraq bu hal işdə olan sübutlarla təsdiq olunmuşdur. Məhkəmə qeyd olunan xüsusatları nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin əsasları MPM-nin 77.1-ci maddəsinin tələbinə əsasən sübut olunmadığı üçün təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır (Mülki Məcəllənin 1091.1,1091.2,1092.1-ci maddələri). Həmin Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı 7000 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınması tələbinin əsası kimi istinad etdiyi halları Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, bu barədə müvafiq sübutları məhkəməyə təqdim etməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi öz təsdiqini tapmamışdır. Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Avropa Məhkəməsi “Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarında qeyd etmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsi Plenumunun X11 şikayəti üzrə 2017-ci il 26 may tarixli Qərarında mütənasiblik prinsipinə kifayət qədər aydınlıq gətirilmiş, məhdudiyyətlər tətbiq edilərkən nəzərə alınmalı olan qanunvericilik normaları açıqlanmış və belə məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır. Qərarda göstərilmişdir ki, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarına əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin həmin faktlara tətbiq edilən hüquqdan irəli gələn qəti nəticəsi şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Mülki Prosessual Məcəllənin 76, 77, 88 və 89-cu maddələrinə uyğun olaraq, məhkəmə, işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunvericilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinin tələbinə görə iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-2264/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2264/2023
22.05.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver