Məhkəmə qərarları › İş №2(060)-227/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-227/2022

21.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-227/2022 21.01.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Qədirov İlqar Hümmət oğlunun iştirakı ilə, İddiaçı Aydabekova Svetlana Müzəffər qızının Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Aydabekova Svetlana Müzəffər qızı Cavabdeh qarşı «pul» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək Cavabdeh 4300 manat məbləğində pulun və dövlət rüsumu kimi ödənilmiş 30 (otuz) manatın alınaraq ona qaytarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, iddiaçı təxminən 6 ilə yaxındır ki, 74 saylı MİS-də fəhlə işləyir. 2018-ci ilin fevral may aylarında həmin MİS-də mühəndis vəzifəsində işləyən cavabdeh yaxın vaxtlarda onu MİS-nə rəis vəzifəsinə təyin edəcəklərini demiş, rəis təyin edildikdən sonra iddiaçını da MİS-də mühasib vəzifəsinə götürəcəyi barədə vəd vermiş və işdə yaranmış pozuntuları aradan qaldırmaq məqsədilə pula ehtiyacı olduğunu bildirmişdir. İddiaçı özünə məxsus qızıl zinət əşyalarını lombarda girov qoyaraq 500 manat pulu ilk dəfə 2018-ci ilin təxminən yanvar fevral aylarında, Kapitalbank ASC-dən götürdüyü 3800 manat krediti isə 2018-ci ilin həmin ərəfəsində Cavabdeh vermişdir. Lakin cavabdeh onu işə düzəltməmiş, pulunu da geri qaytarmamışdır. Cavabdeh AR CM-nin 178.2.2, 178.2.3, 178.2.,4, 312.2, 321.1-ci maddələri ilə məhkum edilmişdir. Suraxanı rayon Prokurorluğunun 21.06.2021-ci il tarixli qərarı ilə iddiaçının verdiyi şikayət üzrə cinayət işinin başlanması rədd olunmuşdur. Ona görə də iddiaçı məhkəməyə müraciət etməyi qərara almışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidmətin 6 saylı CÇM-də cəza çəkən Cavabdeh iddia tələbinə dair mülahizə göndərməsi bildirilsə də, cavabdeh tərəfindən məhkəməyə iddia ərizəsinə dair mülahizə təqdim edilməmişdir. Məhkəmə, iddiaçının nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını və işin hallarını hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi barədə 21.06.2021-ci il tarixli qərarın surətindən görünür ki, cavabdeh Həsənov X1 rayon prokurorluğunda dindirilərkən izahatında bildirmişdir ki, İddiaçı Suraxanı rayonu 74 nömrəli MİS-də mühəndis vəzifəsində işləyərkən tanımış, həmin qadın MİS-də fəhlə kimi işləmişdir. Onlar iş yoldaşı olmuş, İddiaçı ilə aralarında əmək kollektivinin üzvü kimi münasibət yaranmışdır. Cavabdeh barəsində aparılan cinayət işi üzrə zərər çəkmiş şəxslərə dəymiş maddi ziyanı ödəmək üçün S. Aydabekovadan borc istəmiş, o da kömək məqsədilə ona 2500 manat pulu borc vermişdir. Daha sonra barəsində olan cinayət işi məhkəməyə, özü isə cəzaçəkmə müəssisəsinə göndərildiyi üçün borcunu ödəvə bilməmişdir. Azadlığa çıxdıqdan sonra işləyib İddiaçı borcunu qaytaracaqdır. Onun borc pulu Svetlananı işə düzəltmək müqabilində alması barədə dedikləri böhtandır, çünki MİSdə mühəndis kimi işlədiyi vaxt onun belə bir səlahiyyəti olmamışdır və ümumiyyətlə ona işə düzəltmə barədə heç bir vəd verməmişdir. İddiaçı pulu borc kimi almışdır və gələcəkdə həmin borcu qaytaracaqdır. Cavabdehin izahatından da görünür ki, o iddiaçı Aydabekova Svetlana Müzəffər qızına borcu olduğunu və həmin məbləği qaytarmadığını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 184.2-ci maddəsinin mahiyyətindən görünür ki, işdə iştirak edən şəxslər iddia ərizəsinə dair rəy (etiraz) və ya əlavə sübutlar təqdim etmədikdə, hakim işdə olan mövcud materiallar əsasında işə baxmağa haqlıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbindən görünür ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehin verdiyi izahatla iddiaçıdan 2500 manat pulu borc alması öz təsdiqini tapdığından iddia tələbi qismən təmin edilməli, Cavabdeh 2500 (iki min beş yüz) manat məbləğində borc pul və 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı Aydabekova Svetlana Müzəffər qızına verilməli və iddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 2500 (iki min beş yüz) manat məbləğində pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq iddiaçı Aydabekova Svetlana Müzəffər qızına verilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildikdən sonra 1 (bir) ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar