Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2289/2022 27.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, İddiaçı, Cavabdeh Əliyeva (Məmmədova) Aygül Namik qızının iştirakları ilə, İddiaçı cavabdeh X2 qarşı «pul məbləğinin tutulması» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh X2 qarşı «pul məbləğinin tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Əliyeva (Məmmədova) Aygül Namik qızından 1500 manat və ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X4 ilə 24 fevral 2019-cu il tarixli rəsmi nikah bağlamışdır. Bundan sonra onlar birlikdə bir yerdə yaşasalar da, lakin ailə münasibətləri pozulmuş və münasibətlərinin yenidən bərpa edilib və bir yerdə yaşamaqları mümkünsüz olmuşdur, bu səbəbdən də, onların arasında bağlanmış nikah Sumaqayıt şəhər məhkəməsinin 2(060)-535/2021 saylı 16.02.2021 -ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. O, cavabdehlə rəsmi nikahda olduğu müddətdə və birlikdə bir ailə kimi yaşadıqları dövrdə, "xxxx" ASC-dən 25.11.2019-cu il tarixli kredit müqaviləsinə əsasən, 48 ay müddətinə illik 19 faiz hesablanmaqla 3000 manat məbləğində kredit götürmüşdür. Kredit borcunun ödənişləri hal-hazırda tərəfindən təmin edilir. Nikah dövründə birlikdə götürdükləri 3000 manat onların ailə ehtiyaclarının təmin edilməsi məqəsədi ilə götürülmüş və hal-hazırda rəsmi nikahlarının pozulduğuna görə həmin kredit borcunun ödənişləri tərəfindən təmin edildiyi üçün cavabdehdən 1500 manat məbləğində pul tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək ərizənin şərh olunan məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, qeyd olunan kreditin alınmasında əsas məqsəd birgə nikah dövründə alınan avtomobilin satın alınması ilə bağlı xərclər olmuşdur. Kredit vəsaiti avtomaşının sənədləşmə, gömrük rüsumu ödənişlərinə sərf edilmişdir. Həmin avtomaşın birgə nikah dövründə əldə edilmiş əmlak kimi cavabdehlə aralarında bölünmüş və o, cavabdehin payının dəyərini ödəmişdir. Bu səbəbdən hesab edir ki, avtomaşının əldə edilməsi üçün götürülmüş kredit borcu onun tərəfindən ödənildiyindən, həmin borcun yarısı cavabdehdən onun xeyrinə tutulmalıdır. Məhkəmə iclasında iştirak edən cavabdeh izahatında göstərdi ki, iddianı qəbul etmir. İddiaçı sözügedən krediti avtomobil almaq üçün götürməyib, qeyd olunan 3000 manat məbləği öz valideynlərinin pula ehtiyacları olduğu üçün onlara verib. Həmin məbləğ avtomobilin alınmasına sərf olunmayıb. İddiaçı ilə aralarında 2019-cu ilin fevral ayında nikah bağlanmış, kredit məbləği 2019-cu ilin noyabr ayında götürülmüş, həmin ərəfədə də cavabdeh birgə vəsaitləri hesabına avtomaşın almışdır. Avtomaşın Gürcüstan Respublikasından alınmışdır. Avtomaşının əldə edilməsi, sənədləşməsi və gömrük rüsumları ilə bağlı xərclər iddiaçı ilə birgə vəsaitləri hesabına olub. Həmin avtomaşın üzərində birgə payları müəyyən edilmişdir. Lakin götürülmüş kredit avtomaşının əldə edilməsinə sərf edilməyib. İddiaçının bu barədə göstərdikləri doğru deyildir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 25.11.2019-cü il tarixli, BPM**********73 saylı kredit müqaviləsinə əsasən kreditverən 48 ay müddətinə, illik 19 faiz ödəmək şərti ilə 3000 manat məbləğində kredit verməyi, iddiaçı isə öz növbəsində həmin kredit müqaviləsi üzrə borcu və ona əlavə olunmuş faizləri qaytarmağı öhdəsinə götürmüşdür. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-535/2021 saylı 16 fevral 2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə X3 arasında 24 fevral 2019-cu ildə Sumqayıt şəhər “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 444 nömrə ilə qeyd olunmuş nikahın pozulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4672/2022 saylı 27.05.2021-ci il tarixli Qətnaməsindən görünür ki, iddiaçı X1 cavabdeh İddiaçı qarşı “ər-arvad arasında əmlak mübahisələri” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 11.02.2021-ci il tarixli, 2(011)-811/2021 nömrəli qətnaməsi ləğv edilmiş, “Opel Astra” markalı **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobilə iddiaçı X1 ½ hissədə pay hüququ müəyyən edilmişdir. “Opel Astra” markalı **-UV-*** dövlət qeydiyyat nişanlı avtomobilin açıq hərracdan satılması və əldə edilmiş vəsaitin ½ hissəsi iddiaçıya, ½ hissəsi isə cavabdehə verilməsi qət olunmuşdur. Beləliklə, işin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi tərəflər arasında hüquq münasibətləri 24.02.2019-cu il tarixdə nikah bağlamaqla yaranmışdır. Birgə nikahda olduqları müddətdə, 25.11.2019-cu il tarixdə kredit müqaviləsi bağlayaraq iddiaçı 3000 manat məbləğində kredit götürmüşdür. O, cümlədən hər iki tərəfin izahatından və iş üzrə toplanmış sübutlardan göründüyü kimi birgə nikah dövründə, 2019-cu ilin dekabr ayında “Opel Astra” markalı avtomaşın alınmış, məhkəmə qətnaməsinə əsasən həmin avtomaşın üzərində tərəflərin ½ hissədə payları müəyyən edilmişdir. İddiaçı birgə nikah dövründə əldə edilmiş kredit borcunun tərəflərin ümumi borcu olduğunu və həmin kreditin ümumi birgə əmlakları hesab edilən, qeyd olunan nəqliyyat vasitəsinin əldə edilməsi üçün sərf edildiyini iddia edir və kredit borcunun yarısının cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Məhkəmə ilk öncə qeyd edir ki, qanunvericilikdə birgə mülkiyyət rejiminin yaranmasını şərtləndirən əsaslardan biri nikahdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.4-cü maddəsinə əsasən nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. 9.4-cü maddəsinin tələbinə görə ər-arvadın hüquq və vəzifələri müvafiq icra hakimiyyəti orqanı tərəfindən nikahın bağlanmasının dövlət qeydiyyatı günündən yaranır. Ər-arvadın ümumi birgə mülkiyyətində olan əmlakın qanuni rejimi Mülki Məcəllənin 225-ci və Ailə Məcəlləsinin 31-37-ci maddələri ilə müəyyən edilmişdir. Qanunvericilik ərlə arvadın mülkiyyətinin iki hüquqi rejimdə mövcudluğunu tanımışdır: ər-arvadın ümumi birgə mülkiyyəti və onların hər birinin şəxsi mülkiyyəti. Ər-arvadın ümumi birgə mülkiyyətinin əldə edilməsinin əsas şərti kimi nikah münasibətləri çıxış edir. Ailə Məcəlləsinin: 32.1-ci maddəsi nikah müddətində ər-arvadın əldə etdikləri əmlakın onların məhz ümumi birgə mülkiyyəti olduğunu müəyyən edir. 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. 37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 36.2. Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ərarvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər. 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Göründüyü kimi, nikah dövründə ər-arvadın qazandıqları və əldə etdikləri əmlak qanunvericiliklə müəyyən edilmiş hallar (tərəflərin bu barədə qarşılıqlı razılaşması, habelə əşyanın əvəzsiz əqdlər üzrə əldə edilməsi) istisna olmaqla, onların ümumi birgə mülkiyyətini təşkil edir. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Qanunverici əmlakın ər-arvaddan kimin adına əldə olunmasından asılı olmayaraq nikah dövründə tərəflərin qazandığı əmlakın onların ümumi birgə mülkiyyətini təşkil etdiyini təsbit etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin Məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair 23 iyul 2021-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarından göstərilmişdir ki,:
1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü öhdəliklər ərarvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır.
2. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36-cı maddəsində nəzərdə tutulmuş ər-arvadın ümumi əmlakının bölgüsü müddəası onların mülkiyyət paylarının, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərinin bölünməsini ehtiva edir.
3. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 37.3-cü maddəsinə müvafiq olaraq, ərarvadın bir-birinə qarşı əmlak bölgüsü haqqında iddiasına baxılarkən ümumi öhdəliklər üzrə borclar ər-arvadın hər birinin mülkiyyət payına mütənasib olaraq bölünür. Şərh olunan hüquq normalarının məzmunundan göründüyü kimi Qanunverici mülki hüquqi bərabərlik prinsipindən çıxış edərək ümumi əmlakın bölünməsi zamanı bir qayda olaraq ər-arvadın ümumi öhdəliklərinin bərabər bölgüsünü təsbit etmişdir. Eyni zamanda ümumi öhdəliklərin məhz icra edilməmiş hissəsi üzrə borclar ümumi əmlakın bölgüsü halında ər-arvad arasında onların mülkiyyət paylarına uyğun olaraq bölünür. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında qeyd etmişdir ki, qanunverici ailə institutunu ər-arvadın şəxsi münasibətlərindən yaranan birgəliyi ilə yanaşı, həm də təsərrüfat birliyi kimi nəzərdən keçirdiyindən onların nikah dövründə əldə etdikləri əmlakın da ər-arvadın birgə təsərrüfat fəaliyyətlərinin nəticəsi olaraq ümumi birgə mülkiyyətlərini təşkil etdiyini qəbul etmişdir. Bu baxımdan ər-arvadın məhz birgə təsərrüfat fəaliyyətinin nəticəsi olaraq əldə etdiyi hüquqlar və öhdəliklər onların ümumi əmlakının dairəsinə daxil olur. Məhkəmə işin faktiki hallarına şərh olunan hüquq normalarına əsasən qiymət verərək, ər-arvadın birgə nikah dövründə qazandığı əmlakın ümumiliyi prezumpsiyasından çıxış edərək hesab edir ki, araşdırılan mübahisə üzrə ər-arvadın birgə nikah dövründə yaranmış borc ümumi mülkiyyətin hüquqi rejiminə aid olmaqla ümumi əmlakın dairəsinə daxildir. Bu baxımdan məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinə münasibətdə müvafiq subyektiv hüquqa malikdir. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında formalaşdırdığı hüquqi mövqeyə görə ər-arvadın bir-birinə qarşı ümumi öhdəliklər üzrə borcun bölünməsi tələbi ilə bağlı işlərə baxılarkən tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir. İşin hallarından göründüyü kimi araşdırma predmeti olan kredit məbləğinin tərəflərin birgə nikah dövründə götürülməsi mübahisəsiz haldır. Cavabdeh iddiaya etiraz edərək kredit məbləğinin iddiaçının valideynlərinə verildiyini göstərsə də etirazı əsaslandığı hallarla bağlı, borcun ailə məqsədləri üçün istifadə olunmadığını göstərən heç bir sübut məhkəməyə təqdim etməmişdir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi kredit müqaviləsi üzrə öhdəliyin icrası 25.12.2019-cu il tarixdən başlamışdır. Tərəflər arasında nikah münasibətləri 16.02.2021-ci il tarixdə pozulmuşdur. Məhkəmə hesab edir ki, bu müddət (25.12.2019- 16.02.2021) birgə nikah dövrünə aid olmaqla, tərəflərin ümumi təsərrüfat apardıqları dövrdə edilmiş ödənişlər nəzərə alınmamalı, 2021-ci ilin fevral ayından kredit müqaviləsinin sonuna olan dövr üzrə (26.11.2023) qalıq borc (ödəniş cədvəlinə əsasən 33x89,8+82,73=3046,13) hesablanaraq tərəflər arasında bərabər bölünməlidir. Beləliklə, məhkəmə şərh olunanlara əsasən və hakimin işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarması ilə bağlı qanunvericiliyin göstərişlərini nəzərə alaraq bu nəticəyə gəlir ki, iddia təmin edilməli, Əliyeva (Məmmədova) Aygül Namik qızından 1500 manat və ödənimiş dövlət rüsumunun əvəzi olaraq 30 manat tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi:
İddia təmin edilsin. Əliyeva (Məmmədova) Aygül Namik qızından 1500 (bir min beş yüz) manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Almaz Süleymanova