Məhkəmə qərarları › İş №2(060)-2293/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2293/2025

03.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2293/2025 03.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə və xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə dəyişiklik edilməsi barədə müqaviləyə xitam verilməsi, ona borclu olduğu 12500 (on iki min beş yüz) manat məbləğində borcun və həmin pula görə ödədiyi 128 manat dövlət rüsumunun alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən o, Cavabdeh 13000 (on üç min) manat məbləğində borc pul vermiş, cavabdeh xx.xx.2023-cü il tarixinədək hər ay 325 manat olmaqla borclu qaytarmağı öhdəsinə götürmüşdür. xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə dəyişiklik edilməsi barədə müqavilə ilə xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin 2-ci bəndi borcalanın götürdüyü öhdəliyin müddəti xx.xx.2019-cu il tarixli kredit müqaviləsinin 2-ci bəndi borcalanın götürdüyü öhdəliyin müddəti xx.xx.2029-cu il, öhdəliyin məbləği isə hər ay 200 (iki yüz) manat, ödənişin ödənilməsinə başlanılması tarixi xx.xx.2023-cü il olmaqla dəyişdirilmişdir. Lakin bu vaxta kimi cavabdeh borcdan cəmisi 500 (beş yüz) manat ödəniş etmişdir. Aralarında bağlanmış borc müqaviləsi cavabdeh tərəfindən icra olunmamış və nəticədə ona maddi ziyan dəymişdir. O, dəfələrlə bu borcu qaytarmağı cavabdehə təklif etmiş, lakin onun tərəfindən götürülmüş öhdəlik könüllü icra olunmamışdır. Buna görə də o, yazılı bildirişlə cavabdehə müraciət edərək həmin pulu məktubu aldığı vaxtdan 10 gün müddətində icra etməklə qaytarmasını, əks təqdirdə həmin borcun tələbi və onun tərəfindən çəkiləcək xərclərin ondan tutulması barədə məhkəməyə müraciət edəcəyini bildirmiş, lakin cavabdeh bu müraciətə məhəl qoymamışdır. Məhkəmə iclasında İddiaçı izahatında iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, (iddia ərizəsinin surəti göndərilmiş, SMS xəbərdarlıq edilmiş) o, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Borcverən İddiaçı ilə borcalan Cavabdeh arasında bağlanmış 24 sentyabr 2019-cu il tarixli kredit müqaviləsindən görünür ki, borcverən borcalana 1300 manat məbləğində pulu notariusun depozit hesabına qoyaraq "xxxx" ASC Sumqayıt 8 saylı şöbəsi vasitəsi ilə borc verir. Borc alan krediti xx.xx.2023-cü il tarixinədək hər ay 325 manat olmaqla borc verənə qaytarmağı öhdəsinə götürür. Tərəflər kreditin faizsiz verilməsini şərtləşdirirlər. Kredit müqaviləsindən irəli gələn öhdəliklər onun yarandığı yer üzrə icra edilməlidir. İddiaçı ilə cavabdeh arasında bağlanmış 24 sentyabr 2019-cu il tarixli, 3M-1833 saylı kredit müqaviləsinə dəyişiklik edilməsi barədə 18 dekabr 2022-ci il tarixli müqavilədən görünür ki, Sumqayıt şəhər 4 saylı notariat ofisində bağlanmış xx.xx.2019-cu il tarixli, 3M- 1833 reyestr ilə təsdiq edilmiş kredit müqaviləsinə əsasən borc verən İddiaçı, borcalan Cavabdeh arasında bağlanmış kredit müqaviləsinin 2-ci bəndi dəyişdirilərək aşağıdakı qaydada yeni redaksiyada verilsin. Tərəflər arasında kredit müqaviləsinin 2-ci bəndində göstərilən borcalanın götürdüyü öhdəliyin müddəti xx.xx.2029-cu il, öhdəliyin məbləği isə hər ay 200 manat, ödənişin ödənilməsinə başlanılması tarixi xx.xx.2023-cü il olmaqla dəyişdirilsin. xx.xx.2025-ci il tarixli dövlət rüsumunun qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 128 manat məbləğində rüsum ödəmişdir. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış pretenziya məktubundan görünür ki, 10 gün müddətində aldığı pulun geri qaytarılması, əks halda məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Göründüyü kimi İddiaçı ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmış, iddiaçı tərəfindən cavabdehə müqavilədə nəzərdə tutulmuş qaydada pul vəsaitinin verilməsinə baxmayaraq, cavabdeh tərəfindən müqavilənin şərtləri pozularaq nəzərdə tutulan həmin məbləğ ödənilməmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçıdan müqavilə üzrə cəmi 13000 (on üç min) manat məbləğində borc pul götürmüş, kredit müqaviləsi üzrə 500 manat ödəniş etmişdir. İddiaçı isə kredit müqaviləsi üzrə yerdə qalan məbləği tələb edir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən təqdim olunmuş sübutların iddianın əsasını sübuta yetirmək məqsədi daşıdığından, məhkəmə bu qənaətə gəlir ki, onların təqzibi ilə bağlı heç bir sübut məhkəməyə təqdim olunmamışdır. Cavabdeh tərəfindən iddia tələbinin əsaslı olmasını şübhə altına alan dəlillər məhkəmə tərəfindən müəyyən edilməyək, iddia tələbinin əsaslı olması qənaətinə gəlməsinə əsas vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsində göstərilir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. 739.1.-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. (740.1.) Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. (740.2.) Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında xüsusi qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. İşdən göründüyü kimi cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş və müqavilənin şərtlərini pozmuşdur. Bu səbəbdən tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli və xx.xx.2022-ci tarixli kredit müqaviləsi ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin edildiyindən ödənilmiş 128 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Beləliklə, məhkəmə işin məhkəmə iclasında tədqiq edilən sübutlarla müəyyən edilən hallarını qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilərək, xx.xx.2019-cu il tarixli və xx.xx.2022-ci tarixli kredit müqaviləsi ləğv edilməli, Cavabdeh 12500 manat məbləğində pul və 128 manat dövlət rüsumu alınıb İddiaçı ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli və xx.xx.2022-ci il tarixli kredit müqaviləsi ləğv edilsin. Cavabdeh 12500 (on iki min beş yüz) manat məbləğində pul və 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar