Məhkəmə qərarları › İş №2(060)-2319/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2319/2025

11.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2319/2025 11.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər iddiaçını aldadaraq pulunu ələ keçiriblər. Belə ki, cavabdehlər iddiaçıdan uşaqlar üçün sürücülük məktəbi açacağını deyərək onlara pul lazım olacağını bildirdilər və iddiaçıdan hissə-hissə 68.915 manat pul aldılar. Daha sonra yenə pul lazım olacağını bildirib, iddiaçının qızıllarını girov qoyaraq 3210 manat da aldılar. Lakin uzun müddət keçməsinə baxmayaraq, onlar iddiaçının pulunu qaytarmadıqları üçün hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Araşdırma zamanı cavabdehlər barəsində cinayət işi başlanılmışdır, sonda isə yəni xx.xx.2018-ci il tarixdə ********* saylı cinayət işinin icraatına xitam verilmişdir. Həmin qərarda mülki qaydada həmin pulu tələb etmək hüququ iddiaçıya izah olundu. Cavabdehlərdən tələb etdiyi məbləği iddiaçını aldadaraq iddiaçıdan almaqları faktı cinayət işi materiallarında öz təsdiqini tapmışdır. Yəni cavabdehlər iddiaçını aldadaraq pulunu almış, qaytarmamış və iddiaçıya ümumilikdə 72.125 manat ziyan vurmuşlar. Göstərilənlərə əsasən cavabdehlərdən 72.125 manat məbləğində dəymiş ziyanın və 307 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

a) Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Əvvəlki məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Sonuncu məhkəmə iclası ilə əlaqədar İddiaçı vəkili X2 tərəfindən məhkəməyə ərizə təqdim edilərək mülki işin təxirə salınması məhkəmədən xahiş edilmişdir.

5. Məhkəmə MPM-in 188.3-cü maddəsini rəhbər tutaraq, işə iddiaçının vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddia tələbinə etiraz edərək, tələbin əsassız olduğundan təmin edilməməsini məhkəmədən xahiş etmişlər.

7. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

Əsaslandırıcı hissə: a) Mülki işin materialları:

8. Belə ki, iş materiallarında olan “cinayət işinin icraatına xitam verilməsi haqqında” xx.xx.2018-ci il tarixli qərarın surətindən görünür ki, Cavabdeh2 və Cavabdeh1 əməlində cinayət tərkibi olmadığı üçün barəsində başlanmış ********* saylı cinayət işi üzrə ixraata xitam verilməsi, İddiaçı zərərçəkmiş şəxs qismində fəaliyyətinə xitam verilməsi qərara alınmışdır.

9. Həmin qərardan görünür ki, İddiaçı istintaqa zərərçəkmiş şəxs qismində verdiyi ifadəsində bildirmişdir ki, o, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 52 a, mənzil 2-də ilk zamanlar qızı Olqa Cəfərova ilə birlikdə birlikdə yaşayırmış, sonradan isə o, 1999-cu ildə ailə həyalı qurduqdan sonra o, ayrı yaşamağa başlamış və özü isə tək yaşamağa başlamışdır. O. əvvəllər H.Z.Tağıyev qəsəbəsində olan “N'" saylı hərbi hissədə işləyirmiş, sonra pensiyaya çıxaraq pensiyası ilə dolanırmış, o, fala baxmaqlada məşğul olurmuş və yanına gələn şəxslərin falına baxdıqdan sonra onlar öz ciblərinə uyğun ona hörmət edirmişlər. Son iki ildə artıq o, bu işlədə məşğul olmadığını bildirmişdir. O, özü üçün tək qadın olduğundan 1996-cı ildən pul yığırmış, o, həmin pullarla qızına ev almaq istəyirmiş. 2013-cü il tarixdə artıq 40000 manata yaxın pulu yığıldığını bildirmişdir. Bu ərəfələrdə qızı Olqa onda pul olduğunu bilirmiş. 2013-cü ilin may ayında Cavabdeh1 onların ev telefonuna zəng edərək uşağı olmadığını və buna görədə onlara köməklik etmək lazım olduğunu bildirmişdir. Ona həmin ərəfələrdə kişilərin falına baxmadığını bildirdikdə bir qadın ona zəng edərək Mətanət olduğunu və Nadirin həyat yoldaşı olduğunu bildirmişdir. O, olanlar haqqında yəni onların uşaqları olmadığı haqda bildirərək onların falına baxmalarını bildirmişdir. O, Nadiri və Mətanəti yanına çağırmış, onun falına baxıb onlara uşaqları olacağını bildirmişdir. Bundan sonra o, bir - neçə dəfə təqribən 4-5 dəfə onun yanma gəlmiş və onların falına baxmış. Sonradan onlar yaxınlıq eləməyə başlamış və o, Nadirin və Mətanətin namaz, qılan, təmiz və sal adamlar olduğunu görmüşdür. Bu söhbətlər ərəfəsində Nadir ona analoqu olmayaq uşaq sürücülük məktəbi açacağını bu məqsədlə onlar həmin məktəbi "Ziya” firmasının adına sənədləşdirəcəklərini bildirmişdir. Bu məqsədlə onlar ilk dəfə 2013-cü ilin iyun ayında ondan 500 manat borc pul alaraq tez bir zamanda qaytarmış, bundan sonra 1000 manat pul almış və biznes plan üçün sənədləşdirməyə pul lazım olduğunu bildirmişdir. Bundan sonra onlar onun ev telefonuna zəng edərək yenidən 1000 manat pul lazım olduğunu bildirmiş və o, onlara yenidən 1000 manatı vermiş, sonra onlar özləri üçün 300 manat sonra 65 manat sonra 150 manat vermiş, bundan sonra Nadir ondan 260 manat pul istəmiş, o, həmin pulu öz kreditlərinə verməli oluğunu bildirərək ondan aldığını bildirmişdir Bundan sonra onlar özlərinə pul lazım olduğu üçün ondan 2013-cü il ərzində 21000 manat, 2014-cü ildə isə özlərinə pul lazım olduğunu bildirərək ondan 19990 manat pul almış, 2013-2014-cü illər ərzində onlar 40990 manat pul almış olduqlarını bildirmişdir. Bu ərəfələrdə X1 2500 manatı və rəfiqəsi və qonşusu olan Xasməmmədiova Güllü isə özündə olan pullara ev alacağını düşünüb ilkin vaxtlarda 5000 və 100 manat alıb Nadirə və Mətanətə vermiş. 2014-2015-ci ildə isə müxtəlif vaxtlarda 9000 manata qədər pul alıb onlara vermiş, bu ərəfələrdə o, Sevda adlı tanışından da 2000 manat alıb onlara vermiş, 2015-ci il tarixdə isə Bank of Bakudan 1500 ABŞ dolları götürüb Sevdaya olan borcunu bağlamış, bu ərəfələrdə o, Nadirin yoldaşı Cavabdeh2 adına öz qızıllarını 2013-2014-cü illərdə 9 dəfə Mərkəzi bazarda yerləşən “TİQ Lombard” da girov qoyaraq 2910 manat pul sonra isə qızılarının bir qismini 2015-ci ilin əvvəllərində başqa bir Mərkəz Bazarın yanında olan lombarda qoyaraq 300 manat pul çıxartdığını bildirmişdir. Ümumilikdə lombardlara qoyulan qızıllara görə 3210 manat pul çıxarıldığını bildirmişdir. Bundan sonra o, qızıllarını batmaması üçün Mətanətdən lombardlarda olan qızılları hər birini onun adından özünün adına keçirilməsi üçün xahiş elmiş, bundan sonra lombardda olan qızılların girovda qalmaq şərti ilə öz adına keçirdiyini bildirmişdir. Bu səbəbdən də Mətanətə və Nadirə 3 dəfə lombarad qızıl qoymağa görə borcu bağlamaq üçün 130 manat, 220 manat, 130 manat 40 manat verərək "HQ" lombarddan qızıllarının bir hissəsini Mətanətin adına pul ödəyib çıxartdığını, bir dəfədə 300 manat Mətanətlə birlikdə Bazarın yanında olan adını bilmədiyi Lombarad verərək qızıllarının bir hissəsini də çıxarmış, qalan 6 dəfə girova görə 350 manat, 150 manat, 710 manat, 600 manat, 270 manat ödəyərək qalan qızıllarını Mətanətdən etibarnamə alaraq özü çıxartdığını bildirmişdir. Bu minvallar onun olaraq nəğd olaraq 3210 manat lombard borclarına, özlərinə isə 65705 manat ümumilikdə pul vermiş və ümumilikdə o, 68915 manat pul Mətanətə və Nadirə verdiyini bildirmişdir.

10. Həmin qərara əsasən Cavabdeh1 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Mətanətlə 2006-cı ildən ailə həyatı qurmuş və uşaqları olmadığını bildirmişdir. 2012-ci ildə özünə "xxxx" MMC açaraq Gürcüstandan işlənmiş təkərlər gəlirib satmaq fikrinə gəlmiş, lakin bankdan pul götürə bilmədiyi üçün firma fəaliyyətsiz qaldığını bildirmişdir. Bu ərəfələrdə Mətanət Sumqayıt şəhəri, 9-cu mikrorayonda bir Svetlana adlı qadınla tanış olduğunu və həmin qadının falçı olduğunu tezliklə onların uşaqları olduğunu bildirdiyində Mətanət tez-tez onun yanına getmiş və ona müxtəlif vaxtlarda 3-4 dəfə ona 100 manat pul vermiş, o, fala baxdığını və onlara uşağı olacağını və müxtəlif işlər görməli olduğunu bildirmişdir. Sonra onlara pul lazım olduğu üçün bankdan pul götürmək istəmiş, o, bundan xəbər tutaraq özünün təklifi ilə 1000 manat pul vermiş və o, Mətanətlə birlikdə həmin pulla İran İslam respublikasına getmiş, orada pulun 300 manatı xərcləmiş, qalanı isə özünə xərcləmiş, bundan 7-8 gündən sonra o, "Bank of Baku”-dan 1000 manat götürüb onun borcunu qaytarmış, sonra o, yenidən Mətanətin falına baxmış və ondan bu minvalla 1200 manat 100 ABŞ dolları pul almış, sonra o, onlarla telefonla danışarkən bankda pul götürməsini istəmiş, Mətanət həmin ərəfələrdə özünə 2000 manat pul götürərkən 1000 manatını ona vermiş, o da onlarla bərabər həmin pulu banka ödəyirmiş, bu minvalla təqribən 3-4 dəfə öz adıma bankdan pul götürərkən ona da pul götürürmüş və o, həmin pulu banka vaxtlı-vaxtında ödəyirmiş, sonra o, Mətanətdən xahiş etmişdir ki, onun qızıllarını lombarda qoyub həmin pulları ona vermiş, Mətanətdə onun qızıllarını təqribən 10 dəfəyə banka qoyub ona 3210 manat pul vermiş, lombardda olan qızılların pulunu Mətanət onun evinə çağıraraq ona verirmiş və o da həmin pulları lombarda ödəyirmiş, o, öz adına pul götürüb ona verdiyi pulların da kredit faizini onun evinə gedərək ondan götürüb banka ödəyirmiş, həmin ərəfələrdə Svetlana, onlara zəng edib onun qızı ondan ev almasını yaşadığı həyat yoldaşı kimi təqdim eldiyi Adil adlı kişi isə ondan maşın almasını istədiyini bildirmişdir. Onlar Svetlanaya səbr etməsini bildirirmiş, bu ərəfələrdə оnlara Svetlana ilə danışarkən Mətanət ona bankdan 1000 manat pul götürmək istədiyini, lakin bank ona kredit vermədiyini bildirmişdir. Bank of Bakudan Bol kart vasitəsi ilə 7500 manat pul verə biləcəkləri barədə ona sms gəldiyini bildirmişdir. Mətanət onun yanında ev telefonu ilə onunla danışarkən onu az yəni 1000 manat lazım olduğunu və buna görə də oradan pul götürməyəcəyini bildirmiş, bu zaman Svetlana Mətanətə həmin 7500 manatı götürəcəyi halda pulun 6500 manatını ona verəcəyini bildirmiş və onlar razılaşmış. O, Cavabdeh2 adına xx.xx.2015-ci il tarixdə 7500 manat Bol kart vasitəsi ilə pul götürərək həmin pulun 6500 manatını ona verdiyini bildirmişdir. Svetlana həmin pulları öz öhdəsinə götürmüş, lakin kredit ödənişinin vaxtı gələndə o, pulu olmadığını bildirərək pulu ödəməkdən boyun qaçırmağa başlamış, bir neçə ay o, pulu ödəmədiyi üçün o, yarı yarımçıq pulu ödəməyə məcbur qalmış, bundan sonra ona zəng edərək edərək hədə qorxu gələrək pulunu istəmiş, Svetlana isə yavaş-yavaş pulu verəcəyini bildirmişdir. Ondan krediti ödəyə bilmədiyi üçün pulu tələb etdikdə o, pulu verməyəcəyini bildirərək bundan boyun qaçırmış, sonra onu BMCMİ idarəsindən Ramin adlı müstəntiq çağırmış və onların Svetlanadan 56000 manat pul aldığını bildirmişdir, o, ifadəsində göstərmişdir ki, ümumiyyətlə İddiaçı pul almayıb.

11. Həmin qərara əsasən Cavabdeh2 Cavabdeh1 ilə eyni məzmunlu ifadə verərək ifadəsini təsdiqləmişdir.

b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:

12. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

13. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 onu aldadaraq 72.125 manat maddi ziyan vurulmasını bildirməsinə baxmayaraq, tələbinin əsasını təşkil edən halları sübuta yetirə bilməmişdir.

14. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).

15. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.

16. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).

17. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).

18. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.

19. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.

20. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

21. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2021-ci il tarixli qərarında göstərmişdir ki, «Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz».

22. Məhkəmə Konsitusiya Məhkəməsinin mövqeyini rəhbər tutaraq, hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş səs yazısı sübut qismində dəyərləndirilə bilər. Lakin məhkəmə tərəfindən iddiaçı və cavabdehlərə aid səs yazısı olan flaşkart dinlənilmiş, dinləmə zamanı və həmin səs yazısı ilə borcun mövcudluğu müəyyən edilməmişdir.

23. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbi"nə iddia ərizəsi təmin edilməməlidir.

24. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Həmin Məcəllənin 76.1-ci və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

26. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

27. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Nəticə hissəsi:

29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “pul tələbi"nə dair iddia tələbi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Şəbnəm Həxiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar