Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2322/2023 20.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinin naturada bölünməsi tələbi"nə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinin naturada bölünməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2007-ci ildə Allahverdiyeva Lamiə Ələsgər ilə birgə ailə həyatı qurmuşdur. Nikah Sumqayıt şəhər Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2007-ci il tarixdə rəsmi qeydə alınmışdır. Ailə həyatı qurduqdan sonra həyat yoldaşı birlikdə atası Cavabdeh mülkiyyətində olan Sumqayıt şəhəri, 16-cı mikrorayon, ev 94 B-də yerləşən fərdi yaşayış evinə yoldaşının cehiz əşyaları ilə birgə yerləşmiş və təxminən 1 ay öncəyə qədər həmin mənzildə uşaqları birgə yaşayırmış. Birgə nikahdan olan övladları xx.xx.2011-ci il tarixli X4, xx.xx.2014-cü il tarixli X5 və xx.xx.2017ci il tarixli X6 dünyaya gəlmişdir. İddiaçı həyat yoldaşı və övladları ilə birlikdə qeyd olunan ünvana qeydiyyata düşməklə həmin mənzildən istifadə edirdilər. İddiaçı evlənərkən atasının razılığı ilə göstərilən mənzilə köçərək cavabdehlə birgə yaşamışlar. Təxminən il yarım bundan öncə atası ilə münasibətləri, anasının vəfatından sonra atasının evə başqa bir qadın gətirməsi səbəbindən gərginləşmişdir. Bunun nəticəsi olaraq iddiaçının atası Cavabdeh Allahverdiyeva Lamiə Ələsgər qızına, X2 və İddiaçı qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, X1 (uşaqları xx.xx.2020-ci il təvəllüdlü X3 və xx.xx.2005-ci il təvəllüdlü X7 ilə birlikdə) və İddiaçı (xx.xx.2011- ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəl X6 ilə birlikdə) ünvan 1 ünvanına istifadə hüquqlarına xitam verilməsi və həmin evdən çıxarılmaları, Allahverdiyeva Lamiə Ələsgər qızının əmlakları ilə birlikdə evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-678/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Allahverdiyeva Lamiə Ələsgər qızı Sumqayıt şəhəri, 16-cı mikrorayon, ev 94 B (yeni qaydalarla: AZ5009, ünvan 2 ünvanından öz əmlakları ilə birlikdə çıxarılması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Qeyd olunan qətnamə iddiaçının yoldaşının mənzildən çıxarılması üçün əsas olmuşdur. Bu qətnamə qanuni qüvvəsini almış və icra olunmuşdur. İddiaçı və övladları qeyd olunan ünvanda qeydiyyatda qalmaqla həmin mənzildən istifadə hüquqları da saxlanılmışdır. 2 ay əvvələ kimi iddiaçı və uşaqları evlənərkən 2 mərtəbəli fərdi yaşayış evində əvvəldən qaldıqları otaqdan istifadə etmişlər. Ötən müddət ərzində atası isə onların istifadə hüququna məhkəmə yolu ilə xitam verilmədiyindən mənzildən istifadələrinə süni maneələr yaratmağa başlamışdır. Lakin, cavabdeh hər dəfəsində düzəlməli olan və aradan qaldırılması mümkün əngəlləri həll etmiş və uşaqları ilə birgə mənzildən istifadələrini davam etdirmişlər. 2022-ci ilin noyabr ayının sonu iddiaçının atası fərdi yaşayış evinin 2-ci mərtəbəsinin onlar qalan hissəsinin qapısını və pəncərəsini sındırmış, soyuq qış aylarında uşaqları və onu qapısız və pəncərəsiz otaqda qoymuşdur Məqsəd onların evdən bu yolla çıxıb getməyi olmuşdur. Bununla bağlı İddiaçıt DİN-nin 02 qaynar xəttinə zəng vuraraq məlumat vermişdir. Bu iş üzrə 1-ci Polis Bölməsi tərəfindən müvafiq araşdırma aparılmamış, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin xx.xx.2022-ci il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar qəbul edilmiş və ona iş üzrə mülki mübahisə ilə bağlı məhkəmədə mülki qaydada iddia qaldırmaq hüququ izah edilmişdir. Hal-hazırda iddiaçının atası ilə arasında olan bu mübahisə uşaqlarının da psixoloji sarsıntı və qorxu keçirməsinə səbəb olmuşdur. Çünki iddiaçının atası tərəfindən qaldıqları otağın qapısı və pəncərələri sındırılarkən uşaqlar otaqda olmuşlar. Bütün bu baş verənlərin fonunda iddiaçının atasının təzyiqləri nəticəsində uşaqları ilə birlikdə evdən çıxarılmış və hazırda başqa ünvanda çətinliklə də olsa yaşayırlar. Bu səbəbdən iddiaçı övladlarının sakit və rahat yaşamaları üçün mənzildən istifadə hüququnun tanınan hissəsinin naturada bölünməsini istəyir. Belə bir vəziyyətdə iddiaçının atası ilə aralarında olan mübahisəsinin fiziki təmasa keçməsi minimuma endirilmiş olacaqdır. Göstərilənlərə əsasən Cavabdeh münasibətdə ünvan 3 ünvanında yerləşən mənzildən istifadə hüququnun tanınan hissəsinin təmin olunması üçün fərdi yaşayış evinin naturada bölünməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, bildirmişdir ki, sözügedən əmlak hal-hazırda atasının adınadır və hal-hazırda o, ailəsi ilə birlikdə qayınatasının özü üçün onun adına aldığı mənzildə yaşayır. Qayınatası Rusiya vətəndaşı olduğu üçün o, öz adına torpaq sahəsi ala bilmir və hal-hazırda onların yaşadıqları fərdi yaşayış evi qayınatasına məxsusdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, ünvan 4 ünvanında təmir işləri gedir və iddiaçının pəncərə və qapının dağıdılması barədə dedikləri həqiqəti əks etdirmir. Bundan əlavə, hal-hazırda İddiaçı ailəsi ilə birgə qaldıqları ev iddiaçının qaynatasına deyil, məhz özünə məxsusdur. Belə ki, evin tikintisində şəxsən özü iştirak etmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
6. İşin materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(060)-678/2021 saylı qətnaməsinə əsasən, iddia qismən təmin edilmiş, cavabdeh Allahverdiyeva Lamiə Ələsgər qızının Sumqayıt şəhəri, 16-cı mikrorayon, e 94B (yeni qaydalarla: AZ5009, ünvan 2 ünvanından öz əmlakları ilə birlikdə çıxarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis mayoru X14 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli «cinayət işinin başlanılmasının rədd edilməsi haqqında» Qərara əsasən toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır.
8. Həmin qərardan görünür ki, Cavabdeh izahatında göstərmişdir ki, oğlu Zəka ilə münasibətləri pis olmuşdur. xx.xx.2022-ci il tarixdə evdə olan zaman oğlu və onun ailəsi arasında mübahisə yaranmış, mübahisə zamanı oğlu onun ailəsinin üzərinə gəlmiş, sonra evdə olan şüşələri zədələmiş, sonra bu barədə polisə müraciət etmişdir.
9. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin məhkəmə sorğusuna cavab olaraq göndərdiyi xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, Sumqayıt şəhəri, 16-cı mikrorayon ərazisində yerləşən 94B saylı fərdi yaşayış evi Sumqayıt şəhər XDS İK tərəfindən verilmiş torpaq sahəsinin ayrılması barədə 31 saylı, xx.xx.1988-ci il tarixli protokolundan çıxarış əsasında Cavabdeh adına qeydiyyata alınaraq qeydiyyat vəsiqəsi verilmişdir. Cavabdeh idarəyə müraciəti əsasında 2001-ci ilədək qeydiyyata alınmış fərdi yaşayış evi yerləşdiyi torpaq sahəsi ilə birlikdə vahid daşınmaz əmlak kimi qeydiyyata alınaraq ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il tarixli dövlət reyestrindən çıxarış ilə texniki pasport verilmiş və hal-hazırda mülkiyyətindədir.
a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
10. Beləliklə də məhkəmə iclasında müəyyən olundu ki, Sumqayıt şəhəri, 16-cı mikrorayon ərazisində yerləşən 94B saylı fərdi yaşayış evi (yeni qaydalarla: AZ5009, ünvan 2 Cavabdeh xüsusi mülkiyyətindədir. Hazırda iddiaçı həmin fərdi yaşayış evinin naturada bölünməsini tələb edir. Halbuki o, bu iddia tələbi ilə çıxış etmək üçün subyektiv hüquqa malik deyildir.
b) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
11. Mülkiyyət hüququnun subyekti bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (nikahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı əsasında həyata keçirilə bilər.
12. Mülki Məcəllənin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 04 aprel 2014-cü il tarixli qərarına əsasən, mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər.
14. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir.
15. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
16. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
17. Qeyd edilən Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
18. Göründüyü kimi qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir.
19. İş materiallarından aydın olur ki, Sumqayıt şəhəri, 16-cı mikrorayon ərazisində yerləşən 94B saylı fərdi yaşayış evi (yeni qaydalarla: AZ5009, ünvan 2 Cavabdeh xüsusi mülkiyyətindədir, yəni İddiaçı sözügedən əmlakın nə birgə, nə də ki paylı mülkiyyətçisidir.
20. Belə olan halda, iddiaçının mübahisəli əmlakın naturada bölünməsini tələb etmək hüququ mövcud deyildir. Məhkəmənin zənnincə, iddiaçının qeyd olunan faktiki əsaslara istinad edə bilməsi üçün onun həmin mənzilə münasibətdə mülkiyyət hüquqlarına sahib olması zəruridir.
21. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, subyektiv mənada hüquq normativhüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir.
22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 30 iyul 2008-ci il tarixli qərarında subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, «subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz».
23. Məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsilə məcburi şəkildə həyata keçirilməsinin mümkünsüzlüyünü nəzərdə tutur. Buna görə məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğunu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
24. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinin naturada bölünməsi tələbi"nə dair iddia tələbi təmin edilməməlidir.
25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
27. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
28. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
29. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
30. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Nəticə hissəsi:
31. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı “fərdi yaşayış evinin naturada bölünməsi tələbi"nə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva