Məhkəmə qərarları › İş №2(060)-2323/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2323/2024

11.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2323/2024 11.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Şirəliyeva Vəfa Zavrulla qızının sədrliyi, Hüseynzadə Gülçöhrə Kamal qızının katibliyi, İddiaçı, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yol və yazışma xərcləri 600 manat və dövlət rüsumu 100 manat pul vəsaitinin alınaraq ona verilməsinə” dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia qaldıraraq cavabdehlər - Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tikinti materiallarının - daş, çınqıl, qum, sement, boya və lambrin, nəqliyyat vasitəsinə çəkilən xərc, yeni dəmir darvaza, usta işləri və otaqların təmirinə alman dəmir borular, plastik qapı-pəncərə və sair ümumi dəyəri olan 4000 manat, digər Cavabdeh2 isə 2000 ABŞ dolları, Azərbaycan valyutası ekvivalentində - 3400 manat və 900 manat, yol və yazışma xərcləri 600 manat və dövlət rüsumu 100 manat, cəmi 9000 manat alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmənin 11 iyun 2024-cü il tarixli 2(060)-2323/2024 saylı qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “pul tələbi” üzrə mülki işin icraatına “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tikinti materiallarının - daş, çınqıl, qum, sement, boya və lambrin, nəqliyyat vasitəsinə çəkilən xərc, yeni dəmir darvaza, usta işləri və otaqların təmirinə alman dəmir borular, plastik qapı-pəncərə və sair ümumi dəyəri olan 4000 manat, digər Cavabdeh2 isə 2000 ABŞ dolları, Azərbaycan valyutası ekvivalentində - 3400 manat və 900 manat alınaraq İddiaçı verilməsi” hissəsində xitam verilməsi qərara alınmışdır.

İddia tələbinin əsaslandırıldığı hallar :

3. İddia onunla əsaslandırılmışdır ki, uzun illərdir ki, Sumqayıt şəhərində yaşayır. Əmək fəaliyyətinə də burada başlamış, uzun illər Sumqayıtın müxtəlif zavod və fabriklərində vicdanla çalışmışdır. Hələ sovetlər zamanı iş yerlərindən mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan işçilər ailənin sayına görə mənzil növbəsinə götürülmüş, növbəsi gəldikdə mənzillə təmin olunardılar. O da o kateqoriya işçilərdən olmuşdur. Azərbaycan müstəqillik əldə etdikdən sonra bu proseslər davam etsə də, zavodlar və fabriklər fəaliyyətlərini dayandırdığına görə mənzil növbələri də öz növbəsində ləğv edilmişdir. Yeni mənzillərin özəlləşdirilməsi barədə qanunlar qəbul edilmişdir. Heyif ki bu növbələrdən və qanunlardan yarana bilməmişdir. Hər kəs kimi o da ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün əlindən gələn bütün müvafiq imkanlardan istifadə etsə də, bəzən yataqxanada yerləşən otaqlarını özəlləşdirə bilməmiş və ya yeni mənzil əldə edə bilməmişdirlər. Beləliklə, 2014-cü il tarixində qeyd etdiyi kimi ailəsinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, övladlarının mənzillə təmin olunmasından ötrü yeyibiçməklərini biraz qısaraq, müəyyən qədər pul toplamışdır ki, bir həyət evi alsın, ev tiksin, uşaqlarını başıma toplasın. Ona görə də yaxın adamlardan, Sumqayıt şəhərinin Corat qəsəbəsi ərazisində, 538 nömrəli, içərisində dörd otaqdan ibarət yarıuçuq və təmirsiz vəziyyətdə olan fərdi evi olan torpaq sahəsi satıldığını eşidib həmin ünvana getmişdir. Evin sahibi X2 ilə görüşüb, əraziyə baxış keçirib, qiymətini öyrənmişdir. Evin sahibi ilə bir qədər söhbətdən sonra, evin qiymətinin 19500 manat olduğunu bildirmişdir. Öz növbəsində o da ailəsi ilə məsləhətləşərək evin qiymətinin münasib qiymət olduğu qənaətinə gəlmiş və ilkin məbləğ kimi evin sahibi X1 9000 ABŞ dolları nağd olaraq pul ödəmiş, qalan hissəsini isə sonradan bu işə daxil olan digər şəxslərlə və o cümlədən də hazırki mülki iş üzrə cavabdeh - Cavabdeh1 ilə birlikdə ödəyərək əldə etmişdirlər. Lakin sonradan cavabdeh və onun dostu bu alqı-satqıdan onu uzaqlaşdırdılar. Sumqayıt şəhərinin Corat qəsəbəsi, 538 nömrəli mübahisəli fərdi həyət evini almağı qərara aldıqdan sonra həyətyanı torpaq sahəsini hasara almaq üçün lazım olan avadanlıq və tikinti materiallarını şəxsən alaraq, həmin həyət evinə gətizdirərək, hasara aldırmış, evin otaqlarının təmir-bərpasına tikinti materialları alıb gətizdirmiş, həyətyanı zaborun darvazasını şəxsi vəsaiti hesabına alıb gətizdirib yerində ustalara quraşdırmış, əldə etdiyi və alıb gətizdirdiyi tikinti materiallarının qiymətləri hələ 2014-cü il üçün əlçatan idi. İndi bu mal-materialın dəyəri, öncəki ödənilmiş dəyərindən ən azı üç-dörd qat xeyli artmışdır. Həmin dövrdə dolların da dəyəri manata nisbətdə üç dəfəyə qədər artdığından, hər şeyin qiymətinə təsirini də buraxmışdır. Cavabdeh-Cavabdeh2 evin alqışına görə 2000 ABŞ dolları, 900 manat pul vermişdir. İndiyədək qaytarmadılar. Bunlar dostu cavabdeh-Cavabdeh1la birlikdə onu o evin alınmasından qəsdən kənarlaşdırdılar. Qeyd olunan mübahisəli fərdi həyət evi ilə bağlı məhkəmə araşdırması zamanı və sonrası, düşünmüşdür, çəkilən xərclərinin qaytarılacağını cavabdeh tərəf onu inandırdıqlarına görə mübahisələndirməmişdir, gözləmişdir ki, qaytararlar. Təəssüflər olsun ki belə olmamışdır. Odur ki, çəkilən hər malmaterialın dəyərinin geri qaytarılması barədə məhkəməyə müraciət etməyi qərara almışdır. Amma onların aralarında olan mübahisəsiz məsələ indiyədək verilən pul vəsaitinin qaytarılmaması, o cümlədən də tikinti-inşaat materiallarına çəkilən xərcin ödənilməməsidir. Cavabdehlər ona müştərək qaydada tikinti materiallarının - daş, çınqıl, qum, sement, boya və lambrin, nəqliyyat vasitəsinə çəkilən xərc, yeni dəmir darvaza, usta işləri və otaqların təmirinə alınan dəmir borular, plastik qapı-pəncər və sair ümumi dəyəri olan 4000 manat, digər Cavabdeh2 2000 ABŞ dolları və 900 manat və 100 manat dövlət rüsumu alınıb ona verilməlidir. Göstərilənlərdən başqa bu cavabdehlərin ucbatından 2014cü il tarixindən bu yana yazışmalara və yollara çəkilən xərclərini də 600 manat kimi qiymətləndirir.

Tərəflərin mövqeləri:

4. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirdi ki, 2014-cü ildən bu proses davam edir, pulunu ala bilmir. Övladları kirayə mənzildə yaşayır. 4 otaqlı ev almış, pulu çatmadığı üçün onu sıxmışdırlar. O, Cavabdeh1 tanımamış, onu Cavabdeh2 gətirmişdir. Ona 21000 manat məbləğində pul verəcəkləri təqdirdə evdən çıxacağını demişdir. Əvvəl də eyni mübahisə ilə bağlı məhkəmə prosesi olmuşdur. Hazırda məhkəmədən cavabdehlərdən tutulmasını tələb etdiyi məbləğ əvvəllər məhkəmədə iddia qaldırarkən tələb etdiyi 21000 manat məbləğində pul vəsaitinə daxildir. 2014-ci ildən həmin məbləğ ödənilmir. 2014-ci ildən həmin məbləğ ödənilmir. Sonda məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, sözügedən hadisə 10 il əvvəl olmuşdur. O, heç həmin vaxt bu ölkədə olmamış, başqa yerdə olmuşdur. Cibindən 10000 manat çıxarıb iddiaçıya vermiş, Canpolada verməmişdir. İddiaçı özü onu çağırmış, hasarı birlikdə çəkmişdirlər. Həmin torpaq sahəsində heç bir tikinti materialı olmamışdır. Bu mübahisə ilə bağlı məhkəmə prosesləri olmuş, yekun məhkəmə aktı çıxarılmışdır. Hal-hazırda tələb olunan məbləğin nə ilə əlaqədar olduğu barədə məlumatı yoxdur.

6. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, iddia tələbini qəbul etmir. Evi ona satmışdırlar. Torpaq sahəsi 0,2 ha-dır. Hətta heç tam 0,2 ha belə deyildir. Həmin yeri aldıqdan sonra cəmi 3 il qalmışdır. İddiaçı maklerdir, torpağı aldığı adam isə problemli adam olmuşdur. 3 il müddətinə torpağa yaxınlaşa bilməmişdir. Canpolad adlı şəxs iddiaçının ona 5000 manat məbləğində borcunun olduğunu deyirdi. Onu torpaq sahəsinə yaxın qoymadığı üçün 3000 manat məbləğində pul vermişdir. Hazırda Canpolad cəzaçəkmə müəssisəsindədir, 6 ay sonra azadlığa çıxacaqdır. İddiaçı isə onlardan əl çəkmir. Sözügedən torpaq sahəsində heç bir tikinti materialı olmamışdır. Ancaq toyuq hini, 150 manatlıq darvaza və hasar var idi. Başqa heçnə yox idi. 21000 manat məbləğində xərc çəkilməmişdir. Evi onun adına keçirmək üçün razılıq ərizəsi verilsə, o, hazırda evi 98000 manata başqa adama sata bilər. Evdə 5 nəfər qeydiyyatdadır, onların razılıq ərizəsi olmasa evini sata bilmir.

Tədqiq olunan sübutlar:

7. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2841/2024 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul və dəymiş zərərin ödənilməsi tələbinə dair iddia qismən təmin edilmiş, Cavabdeh1 7400 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

8. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 08 oktyabr 2021-ci il tarixli, 2(105)-2694/2021 saylı qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul və dəymiş zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-2841/2021 saylı, 29 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Cavabdeh1 İddiaçı xeyrinə 5000 manat pul tutulması qət edilmişdir.

Məhkəmə baxışının hədləri:

9. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

- 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. -1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). -1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. -1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

11. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək, iddiaçını dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi rədd edilməlidir.

12. Hazırki iş üzrə iddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 yol və yazışma xərcləri olaraq 600 manat və dövlət rüsumu qismində 100 manat pul vəsaitinin alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Lakin məhkəməyə yol və yazışma xərci olaraq 600 manat məbləğində xərc çəkdiyini təsdiq edən sənədləri, eyni zamanda iddia etdiyi xərcin cavabdehlərin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi ilə əlaqəli olmasını təsdiq edən sənədləri məhkəməyə təqdim etməmişdir.

14. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

15. Məhkəmə qeyd edir ki, iddia tələbli bilavasitə sübutetmə yükü ilə bağlıdır. Məhkəmə qətnaməsinin əsaslılığı və qanuniliyi baxımından bu institut xüsusi əhəmiyyət kəsb edir.

16. Sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

17. Nəzərə alınmalıdır ki, sübutetmə yükü qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcudluğuna (baş verməsinə) bağlanan hüquqi nəticədən xeyir görən tərəfə aidir.

18. Beləliklə iş materiallarına əlavə edilmiş sənədlərlə iddiaçı tərəfindən həmin məbləğdə yol və yazışma xərcinin çəkildiyi və belə xərclərin çəkildiyi halda həmin xərclərin cavabdehlərin qanunsuz hərəkətləri və ya hərəkətsizliyi nəticəsində yarandığını təsdiq edən hallar müəyyən edilmir. Buna görə də məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir.

19. Məhkəmə 100 manat məbləğində dövlət rüsumunun ödənilməsinə münasibətdə qeyd edir ki, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

Nəticə:

20. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yol və yazışma xərcləri 600 manat və dövlət rüsumu 100 manat pul vəsaitinin alınaraq ona verilməsinə” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vəfa Şirəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar