Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2340/2021 04.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Məmmədov Rəsul Yasər oğlunun katibliyi, iddiaçının nümayəndəsi, vəkil X1, cavabdehin nümayəndəsi, bacısı X4 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək iddiaçının Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 30-da yerləşən 1 saylı mənzilə azyaşlı uşaqları ilə birlikdə istifadə hüququnun tanınması və həmin mənzilə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə 06.10.2006-cı il tarixdə ailə həyatı qurmuşlar. Birgə nikahdan 27.10.2006-cı il təvəllüdlü X9, 20.05.2010-cu il təvəllüdlü X10 və 10.12.2011-ci il təvəllüdlü X28 olmaqla üç övladları dünyaya gəlmişdir. Cavabdehlə təxminən 15 ildir ki, birlikdə yaşayırlar. Onun uşaqları həmin mənzildə qeydiyyatdadırlar. Onlar həmin mənzilin iki otağından istifadə edirlər. İki il bundan əvvəl mənzili öz vəsaiti hesabına təmir etdirmişdir. İddiaçı mənzilə qeydiyyata düşmək üçün cavbdehlə razılığa gələ bilmədiyi üçün məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən məhkəməyə etiraz ərizəsi daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, o iddiaçı ilə 06.10.2006-cı il tarixdə ailə həyatı qurmuş və 7 ay kirayədə yaşamışlar. Sonradan Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 30-da yerləşən 1 saylı mənzildə yaşamışlar. Lakin, sonradan iddiaçı ilə münasibətləri pozulmuş, 30.12.2020-ci il tarixdə mənzildə olan şəxsi və geyim əmlaklarını götürərək mənzili tərk etmişdir. 14.01.2021-ci il tarixdə mənzilə gələrək mənzildə olan bütün əmlakları, hətta birgə nikah dövründə aldıqları əmlakları da götürərək mənzildən köçmüş və indiyədək ünvan 1 ünvanında yaşayır. Mübahisəli mənzil onun atasının mənzili olmuş və Sumqayıt Şəhər Məhkəməsinin 17 iyun 2009-cu il tarixli qətnaməsinə əsasən mənzilə sonradan bacı-qardaşlarının və onların ailə üzvlərinin istifadə hüquqları tanınmış və qeydiyyata alınmışdır. Həmin qətnamə ilə 3 otaqlı mənzil faktiki olaraq vərəsələr arasında bölünmüşdür. Mənzildə ailə üzvlərindən başqa bacısı X11, X18, X12 və X13 yaşayırlar. Bu mənzildə təmir işləri orada yaşayan şəxslər tərəfindən aparılmış və ümumi istifadədə olmuşdur. İddiaçı mübahisəli mənzildən qovulmamışdır. İddiaçı dövlətdən ünvanlı sosial yardım alan şəxsin mənzili yeni üslubda təmir etdirməsi məntiqə uyğun deyildir. Mənzili cavabdehə atası hədiyyə etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddia ərizəsi ilə oxşar məzmunlu izahat verdi və həmçinin bildirdi ki, tərəflər arasında nikah artıq məhkəmə qətnaməsinə əsasən pozulmuşdur. Buna baxmayaraq iddiaçı 2006-cı ildə Sumqayıt şəhəri, 8-ci mikrorayon, ev 30-da yerləşən 1 saylı mənzilə köçərək yaşamışdır. Bununla da onun mənzilə istifadə hüququ yaranmışdır. Lakin, cavabdeh iddiaçının mənzildən istifadə etməsinə imkan vermir. Qeyd edilənlərə əsasən nümayəndə iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında etiraz ərizəsinə uyğun izahat verdi və həmçinin bildirdi ki, iddiaçı ilə nikahları pozulduğundan iddiaçının mənzilə hər hansı hüququ yoxdur. Mənzil məhkəmə qətnaməsinə əsasən onun və bacılarının arasında bölünüb. Qeyd edilənlərə əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. İşdən görünür ki, iddiaçı xx.xx.1983-cü ildə anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatdadır. Cavabdeh isə 24.07.1975-ci ildə anadan olmuş, ünvan 4 ünvanında (bundan sonra – mübahisəli mənzil) qeydiyyatdadır. Nkah akt qeydindən çıxarışa əsasən iddiaçı və cavabdeh arasında nikahın bağlanması 06.10.2006-cı il tarixli, 1488 saylı akt ilə qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə Əliyev, arvada Əliyeva soyadları verilmişdir. Doğum akt qeydlərindən çıxarışlara əsasən X9 27.10.2006-cı ildə, X10 20.05.2010cu ildə və X32 10.12.2011-ci ildə anadan olmuşdur. İddiaçı və cavbdeh hər üç uşağın valideynləridirlər. Sumqayıt Şəhər Məhkəməsinin 26.02.2021-ci il tarixli, 2(060)-2098/2021 saylı qətnaməsi ilə iddiaçı ilə cavabdeh arasında nikahın pozulması, tərəflərin birgə nikahlarından olan 27.10.2006-cı il təvəllüdlü X5, 20.05.2010-cu il təvəllüdlü X6 və 10.12.2011-ci il təvəllüdlü X19 iddiaçının yanında qalmaları və yetkinlik yaşına çatmayan uşaqların yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 120 manat olmaqla, ümumilikdə 360 manat sabit pul məbləğində alimentin cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı arayışdan görünür ki, mübahisəli mənzildə cavabdehlə yanaşı X11, X14, X12, X18, X10, X9, X8 və X29 qeydiyyatdadırlar. Həmin fakt 8 saylı Mənzil Kommunal Sahəsinin 18.01.2021-ci il tarixli, 156 saylı arayışında da öz əksini tapmışdır. Sumqayıt şəhər Texniki inventarlaşdırma bürosu tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, mübahisəli mənzil 03.01.1995-ci il tarixində bağışlanma müqaviləsi əsasında cavabdehin adına qeydə alınmışdır. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mübahisəli mənzil 29.01.2021+-ci ildə cavabdehin adına xüsusi mülkiyyət hüququ əsasında qeydə alınmışdır. 8 saylı Mənzil Kommunal Sahəsinin 18.01.2021-ci il tarixli, 157 saylı ətraflı arayışında göstərilmişdir ki, mübahisəli mənzil 25.07.1979-cu il tarixində 2443 saylı order əsasında X15 verilmişdir. Arayışda cavabdehin ailə tərkibinin X3, X11, X14, X12, X18, X10, X9, X8 və X17 ibarət olduğu göstərilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 17.06.2009-cu il tarixli, 2(060)-1241/2009 saylı qətnaməsi ilə mübahisəli mənzilin sağ tərəfdə yerləşən sahəsi 17,06 m2, olan otaq X4, X12 və X7, girişdən sol tərəfdə yerləşən sahəsi 17,06 m2, olan olan otaq Cavabdeh ailəsinin, sahəsi 12,88 m2, olan otaq X2 ailəsinin istifadəsinə verilməsi, Cavabdeh ailə üzvlərinin yaşayış hüquqlarının tanınması və onların həmin mənzilə qeydiyyata alınmaları qət edilmişdir. Sumqayıt şəhər Təhsil şöbəsi 14 nömrəli və 29 nömrəli tam orta məktəbin 657, 55, 54 saylı arayışlarında göstərilmişdir ki, X28 14 nömrəli məktəbin 3R sinifində, X10 29 nömrəli məktəbin 5C sinifində, X9 29 nömrəli məktəbin 8A sinifində təhsil alır. İşdə olan mədaxil qəbzindən görünür ki, iddiaçı iddia ərizəsinin verilməsi üçün 10 manat dövlət rüsumu ödəmişdir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarında göstərilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. İşin müəyyən edilmiş hallarından göründüyü kimi mübahisəli mənzil 1995-ci ildən qeydiyyat vəsiqəsinə əsasən cavabdehin mülkiyyətinə verilmişdir. İddiaçı cavabdehlə 06.10.2006-cı il tarixdə rəsmi nikah münasibətlərinə daxil olaraq mübahisəli mənzilə köçmüşdür. Bu səbəbdən hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Mülki Məcəllədə göstərilmişdir ki, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın (228.1.). Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər (228.2.). Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır (228.5.). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27.05.2008-ci il tarixli Qərarında hüquqi mövqelərdən biri belə olmuşdur ki, mülkiyyətçinin ailə üzvlərinin vəziyyəti ilə bağlı MM-in 228.5-ci maddəsindəki qaydanın əks olunması Konstisiyanın 17-ci maddəsinin İİ hissəsindən və 34-cü maddəsinin İV və V hissələrindən, eləcə də Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.3-cü maddəsindən və MM-in 27.2-ci maddəsindən irəli gəlir. Göstərilən normaların müddəaları ilə digər məsələrlə yanaşı ər ilə arvadın hüquqlarının bərabər olması, uşaqlara qayğının göstərilməsinin, onların tərbiyə edilməsinin valideynlərin həm hüququ, həm də borcunun olması, valideynlərə hörmət edilməsinin, onların qayğısına qalmasının isə uşaqların borcunun olması, eləcə də ailə üzvlərinin ailə qarşısında qarşılıqlı yardım və məsuliyyəti, onların hüquqlarının maneəsiz həyata keçirilməsinin təmin olunması və bu hüquqların məhkəmədə müdafiəsi, on dörd yaşına çatmamış şəxslərin yaşayış yerinin valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yerinin olması təsbit olunmuşdur. Beləliklə, mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin yaşayış binasının tərkib hissəsindən onunla bərabər istifadə hüququ mülkiyyətçi ilə bağlanan müqavilədən deyil, yalnız onunla etibarlı ailə əlaqələri əsasında yaranır. Göründüyü kimi iddiaçı cavabdehlə 2006-cı ildə rəsmi nikaha daxil olaraq cavabdehin mülkiyyətində olan mənzilə onun ailə üzvü kimi köçmüş və bununla da mübahisəli mənzilə istifadə hüququ yaranmışdır. Hal-hazırda tərəflər arasında nikah pozulmuş olsa da Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən iddiaçının mübahisəli mənzilə istifadə hüququ saxlanmışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. İşdən göründüyü kimi iddiaçının yetkinlik yaşına çatmayan uşaqları 27.10.2006-cı il təvəllüdlü X9, 20.05.2010-cu il təvəllüdlü X10 və 10.12.2011-ci il təvəllüdlü X28 iddiaçı ilə birlikdə yaşayırlar. Eyni zamanda uşaqlar mübahisəli mənzildə qeydiyyatdadırlar. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının mübahisəli mənzilə istifadə hüququ tanınmalı və o, öz yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə mübahisəli mənzilə köçürülməlidir. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı Sumqayt şəhəri, 8-ci mikrorayon, ev 30-da yerləşən 1 nömrəli mənzilə istifadə hüququ tanınsın və o, yetkinlik yaşına çatmayan uşaqları 27.10.2006-cı il təvəllüdlü X9, 20.05.2010-cu il təvəllüdlü X10 və 10.12.2011-ci il təvəllüdlü X28 ilə birlikdə həmin mənzilə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-2340/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2340/2021
04.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver