Məhkəmə qərarları › İş №2(060)-2353/2022

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2353/2022

02.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2353/2022 02.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əvəzinə ödəmiş olduğu ümumilikdə 3.030 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh Rüstəmov X1 Şahin Yaqub oğlundan borc müqaviləsi olmadan 19.10.2015-ci ildə 5.000 manat məbləğində borc almışdır. Həmin şəxslər aralarında sadə yazılı formada borc barədə qeydlər edib imzalamışdırlar. Həmin yazılı kağıza o, da imza atmışdır və o, həmin vaxt Cavabdeh X2 aldığı borc məbləğini geri qaytarmadığı halda həmin borcu özü ödəyəcəyi barədə öhdəlik götürmüşdür. Həmin kağıza əsasən cavabdeh X2 aldığı 5.000 manat pulu 2 ay ərzində geri qaytarmazsa, gecikdirdiyi hər aya 300 manat məbləğində pul ödəyəcəyi barədə qeyd etmişdir. Lakin cavabdeh həmin məbləği ödəmədiyi üçün X5 borcun qaytarılması üçün məhkəməyə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-15892/2017 saylı 04.01.2018-ci il tarixli qətnaməsinə əsasən X3 iddiası qismən təmin olunmuş və Cavabdeh və ondan müştərək qaydada 5.000 manat əsas borc və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 5.030 manat pul vəsaitinin tutularaq X4 ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Həmin qətnaməyə əsasən onun əmək haqqından 874 manat, daha sonra isə 2.155 manat, ümumilikdə 3.030 manat ondan pul vəsaiti tutulmuşdur. Onun məhkəməyə müraciət etməkdə məqsədi Cavabdeh əvəzinə ödəmiş olduğu ümumilikdə 3.030 manat pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsidir. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi iddianı müdafiə etdiklərini bildirərək, təmin olunmasını xahiş etdilər. Cavabdehə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının və onun nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-15892/2017 saylı 04.01.2018-ci il tarixli qətnaməsindən görünür ki, cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada 5.000 manat əsas borc və ödənilmiş 30 manat dövlət rüsumunun, cəmi 5.030 manat pul vəsaitinin tutularaq X4 ödənilməsi qət edilmişdir. - İcra vərəqəsindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-15892/2017 saylı 04.01.2018-ci il tarixli qətnaməsi 30 yanvar 2018-ci il tarixdə qanuni qüvvəsini almışdır və həmin tarixdə icraya yönəldilmişdir. - ünvan ünvanlanmış 31.10.2019-cu il tarixli məktubundan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 29.12.2017-ci il tarixli 2(060)-l5892/2017 saylı icra sənədinin icrası ilə əlaqədar borclu İddiaçı əmək haqqından hər ay 50% miqdarında pulun tutularaq X4 ödənilməsi bildirilmişdir. - ünvan ünvanlanmış 12.11.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı 874 manat pul tutularaq X4 ödənilmişdir. - “N” saylı hərbi hissənin 25.01.2022-ci il tarixli arayışının surətindən görünür ki, İddiaçı aylıq pul məvacibindən 2155.65 manat pul tutularaq tələbkar X3 hesabına köçürülmüşdür. - X3 Xətai rayon icra və probasiya şöbəsinə ünvanlanmış 11.11.2020-ci il tarixli ərizəsindən görünür ki, onun İddiaçı qarşı tələbi yoxdur, borc ödənilmişdir və icra hərəkətlərinə xitam verilməsi xahiş olunur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh kredit borcunu ödəmədiyi üçün Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-15892/2017 saylı 04.01.2018-ci il tarixli icra sənədinə əsasən İddiaçı əmək haqqından ümumilikdə 3029.65 manat məbləğində pul tutularaq tələbkar X4 ödənilmişdir. Hazırda da iddiaçı razılaşma üzrə cavabdehin əvəzinə X4 ödədiyi borcun reqres qaydada ona geri qaytarılmasını tələb edir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə əsasən dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 475.1-ci maddəsinə əsasən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Yəni zamin öhdəliyi icra etdikdən sonra ona dəymiş zərərin əvəzini reqres qaydasında borcludan tam həcmdə, borclu öldüyü halda isə vərəsələrdən onlara çatan miras payı həcmində ödənilməsini tələb edə bilər. Bu Məcəllənin 509.1-ci maddəsinə əsasən birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Bu Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdehin borcunun 3029.65 manatının zamin olaraq iddiaçı tərəfindən ödənilməsi işin faktiki halları və sənədlərlə sübuta yetirildiyindən, iddia həmin həcmdə əsaslıdır. Belə ki, cavabdeh borcunu ödəmədiyindən iddiaçı zamin kimi qeyd olunan məbləği ödəmiş və nəticədə ona həmin həcmdə ziyan dəymiş, Cavabdeh qarşı tələb hüququ yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 3029.65 manat pul İddiaçı xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 3029.65 manat pul tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar