Məhkəmə qərarları › İş №2(060)-2362/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-2362/2021

19.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-2362/2021 19.04.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “pul tələbinə” dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, İddiaçı ASC-nin xeyrinə Cavabdeh 3049 manat əsas borc, 449.70 manat faiz borcu və 118.56 manat dəbbə pulu olmaqla, cəmi 3617.26 manat məbləğində kredit borcunun və iddia ərizəsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin Sahil filialı ilə Cavabdeh arasında bağlanmış 22 May 2020-cu il tarixli, SHNPU-6781 saylı kredit müqaviləsinə əsasən illik 23 % dərəcəsi olmaqla 36 ay müddətinə 3049 manat məbləğində cavabdehə kredit verilmişdir. 22 May 2020-cu il tarixli, SHNPU-6781 saylı kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 22 May 2020-cu il tarixli, SHNPU-6781 saylı kredit müqaviləsinə görə, cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında, hər ayın 22-dan gec olmayaraq hər ay 118,03 manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 22 May 2020-cu il tarixli, SHNPU-6781 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 3049 manat, faiz borcuna görə 449,70 manat, dəbbə borcuna görə 118,56 manat, borcun cəmi məbləği 3617,26 manat təşkil edir. Qeyd olunanlara əsasən, kredit müqaviləsindən irəli gələn öhdəliyini vaxtında və lazımı qaydada icra etmədiyi üçün Cavabdehdan 22 May 2020-cu il tarixli, SHNPU-6781 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 3049 manat, faiz borcuna görə 449,70 manat, dəbbə borcuna görə 118,56 manat, cəmi 3617,26 manat, cəmi 3617,26 manat pul tutulmalıdır. Göstərilənlərə əsasən iddianın təmin olunması məhkəmədən xahiş edilir. Cavabdehin qeydiyyatda olduğu ünvanı üzrə məhkəmə bildirişi göndərilmiş, lakin onun faktiki olduğu yer məlum olmadığından məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan kredit müqaviləsindən görünür ki, İddiaçı ASC-nin Sahil filialı ilə Cavabdeh arasında bağlanmış 22 May 2020-cu il tarixli, SHNPU-6781 saylı kredit müqaviləsinə əsasən illik 23 % dərəcəsi olmaqla 36 ay müddətinə 3049 manat məbləğində cavabdehə kredit verilmişdir. İş materiallarında olan RB-02/PK-893 nömrəli, 28.01.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka 3049 manat əsas borc, 449.70 manat faiz borcu və 118.56 manat dəbbə pulu olmaqla, cəmi 3617.26 manat məbləğində kredit borcu vardır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. və 739.2. maddələrindən görünür ki, kredit müqaviləsinə əsasən borc verən pula mülkiyyət hüququnu borc alana keçirməyi, borc alan isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 425.1. maddəsində göstərilir ki, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3. maddəsində göstərilir ki, öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 428.4. və 743-cü maddələrinin tələbindən görünür ki, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Beləliklə, işin müəyyən edilən hallarına əsasən cavabdeh müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəllənin 448.1. və 448.2. maddələrində göstərilir ki, əgər qanunla və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. İddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda hesablanmış 118.56 manat məbləğində dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Beləki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 10 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Bundan başqa, iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməli və ondan alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 3049 manat əsas borc, 449.70 manat faiz borcu və 10 manat dəbbə pulu olmaqla, cəmi 3508.70 manat məbləğində kredit borcu və iddia ərizəsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulmalı və iddia tələbi qalan hissədə rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 3049 manat əsas borc, 449.70 manat faiz borcu və 10 manat dəbbə pulu olmaqla, cəmi 3508.70 manat məbləğində kredit borcu və iddia ərizəsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu İddiaçı ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar